Feriköydə bir məzar – Dilqəm Əhməd

81 Baxış

Без названия

Senet.az oxucularına “Ustad” jurnalından Dilqəm Əhmədin “Tariximizdə rolu olan şəxsiyyətlərin son mənzili… Feriköydə bir məzar” adlı yazısını təqdim edir.

“Atam çox doğru-düzgün adam idi. Tanıyanlar, bilənlər ona böyük rəğbət və ehtiramla yanaşırdılar. Ədalətsizliyi heç sevməzdi. Hətta küçədə mübahisə edən iki nəfərə rast gələndə onları barışdırar, məsləhət verərdi… Azərbaycan haqqında danışmağı çox sevərdi. Həmişə deyirdi və bizi də inandırırdı ki, məmləkətimiz yenidən müstəqil olacaq, mən görməsəm də, nəvələrim dalğalanan bayrağımızın şahidi olacaqlar. Vətəninə ürəkdən bağlı idi. Cümhuriyyət günlərini yada salanda gözləri fərəhlə parlayardı. Hamımıza xatırladardı ki, Azərbaycana və Azərbaycan xalqına məxsusluğumuzla fəxr etməliyik və millətimizin şərəfini ucaltmaq üçün əlimizdən gələni əsirgəməməliyik”.

Qızı Adilə xanım atası Nağı bəy Şeyxzamanlı (Keykurun) haqqında belə danışırdı. Biz də Azərbaycan tarixində mühüm rol oynamış bu şəxsin məzarını ziyarət etmək üçün fevralın 18-də İstanbulda yerləşən Feriköy məzarlığına yollandıq.

Bu gün bizim üçün Azərbaycanda Fəxri Xiyaban nə qədər önəmlidirsə, İstanbuldakı Feriköy məzarlığı da o qədər əhəmiyyətlidir. Bura tariximizdə rol oynamış bir çox şəxsiyyətə son mənzil olub. Əhməd bəy Ağaoğlu və ailəsi, Xəlil bəy Xasməhəmmədli, Xosrov bəy Sultanzadə, Şəfi bəy Rüstəmbəyli, Miryaqub Mirmehdiyev, Məhəmmədsadıq Aran, Əmircanlar, Kazımbəylilər və digər şəxslər burada dəfn olunublar.

Bu şəxslərin hər biri haqqında silsilə yazılarla sizlərə məlumat verəcəyik.

İlk yazımızda Nağı bəy Şeyxzamanlının məzarının fotolarını və onun haqqında bilgiləri təqdim edirik.

Difai dövrü

Nağı bəy 1883-cü ildə Gəncədə doğulub. Gənc yaşlarından siyasətə atılıb, digər xalqlar kimi Azərbaycan türklərinin də Çar Rusiyasına qarşı başlatdığı hərəkatlarda yer alıb. Başda Əhməd bəy Ağayev (sonralar Ağaoğlu) olmaqla dönəmin ziyalı və tanınmış şəxslərinin qurduğu Difai hərəkatında yer alıb.

Sonralar xatirələrində Nağı bəy o illəri belə xatırlayacaqdı:

“… Əhməd Ağaoğlu Gəncəyə gəlmişdi. O vaxt gizli təşkilatımız ilhamını məmləkətin öndə gələn millətpərvərlərindən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməhəmmədlilər, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağaoğlu dururdu. Bu böyüklərimiz Əhməd Ağaoğlunu axşam yeməyinə dəvət edib bir xeyli söhbət etdilər. Azərbaycan xalqının gələcəyinin qaranlıq olduğu və qarşılarında dayanan rusların, ermənilərin əli ilə hər cür pisliyi edə biləcəkləri üçün xalqı birləşdirmək, rus idarəçiliyi ilə mücadilə aparmaq üçün gizli bir təşkilat qurmağı və bu təşkilata Difai adını verməyi qərara aldılar”.

Nağı bəy 1964-cü ildə İstanbulda çap etdirdiyi “Azərbaycan İstiqlal Mücadiləsinin Xatirələri” adlı kitabında Difai hərəkatının gördüyü işlər, xüsusilə, onun gizli möhürü ilə bağlı maraqlı bilgilər verir.

Difai hərəkatı 1909-cu ildə Əhməd bəyin Türkiyəyə mühacirət etməsinə qədər davam edir. Bu illər ərzində Difai tərəfindən türklərə zülm edən bir neçə çar məmuru öldürülür.

Sultanla görüş

1917-ci ildə Azərbaycanda mühüm bir tarixi hadisə baş verir. 1913-cü ildə qurulan, Məhəmmədəmin Rəsulzadənin sədri olduğu Müsavat Partiyası ilə Nəsib bəy Yusifbəylinin rəhbəri olduğu Türk Ədəmi Mərkəziyyət Firqəsi birləşir, Türk Federalist Müsavat Firqəsi yaradılır. Nağı bəy Şeyxzamanlı birləşmiş firqədə yer alır.

1917-ci il rus inqilabından sonra Cənubi Qafqazda vəziyyət dəyişildiyi üçün bölgədə yaşayan xalqların hərbi gücə ehtiyacı vardı. Çar dönəmində Azərbaycan türkləri hərbi xidmətə aparılmadıqlarından əsgəri güc üçün Osmanlıdan yardım istənilir. Qafqazdakı vəziyyəti izah etmək, sultandan dəstək almaq üçün Nağı bəy 1918-ci ilin yanvarında Türkiyəyə göndərilir.

Nağı bəy İstanbulda Ənvər paşa və sultanla görüşür, Qafqazdakı və Rusiyadakı türklərin durumu ilə bağlı ona məlumat verir. Xatirələrində Nağı bəy yazır:

“… Sultan Ənvər paşaya məni göstərərək: “Bu, kimdir?” – deyə soruşdu. Ənvər paşa: “Qafqaz mürəxxəsi Nağı bəydir”, – cavabını verir. Sultan türkcə bilib-bilmədiyimi soruşur… Sultan məni gözləri ilə süzdü və “Demək, türkcə bilirsən:” dedi. Mən də: “Bəli, sultanım, mən türkəm”, – dedim.

Sonralar Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın Bakını bolşeviklərdən və ermənilərdən azad etməsində bu görüşün də rolu olub.

Mühüm vəzifə

1918-ci il mayın 28-də Tiflisdə İstiqlal Bəyannaməsinin elanı ilə Azərbaycan Cümhuriyyəti yaradılır. İyunun 16-da hökumət Tiflisdən Gəncəyə köçür. 17 iyunda Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət qurulur. Gənc dövlətin daxili və xarici təhlükəsizliyi üçün milli təhlükəsizlik xidmətinə ehtiyac vardı. 11 iyun 1919-cu ildə Azərbaycan Parlamenti Əks-inqilab ilə Mübarizə Təşkilatının qurulmasını təsdiqləyir. Təşkilatın ilk rəhbəri Nağı bəyin qardaşı Məhəmmədbağır Şeyxzamanlı olur. 20 avqust 1919-cu ildə isə Nağı bəy quruma rəhbər təyin edilir.

Nağı bəy 6 mart 1920-ci ilə qədər bu mühüm vəzifəni daşıyır. Xatirələrində yazır: “Cümhuriyyətin ilk ilində çar generalı Denikinin mütəmadi olaraq bizi təhdid etməsi, tez-tez hüdudlarımızı pozmağa cəhd etməsi və müxtəlif hadisələri törətməsi Əks-inqilab ilə Mübarizə Təşkilatının qurulmasının vacibliyini doğurmuşdu”.

Nağı bəy kitabında rəhbəri olduğu təşkilatın quruluşu barədə xeyli məlumat verir, sonralar SSRİ-də mühüm vəzifəyə yüksələn Beriyanın bu təşkilatda işlədiyi dönəmlə bağlı maraqlı bilgilər təqdim edir.

İstanbula mühacirət

1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal edildikdən sonra ölkədə yeni hökumət qurulur. Bu hökumət bütün anlaşmaları pozaraq ilk gündən qətliamlara, qarətə başlayır. Öldürülən cümhuriyyət üzvləri arasında Məhəmmədbağır Şeyxzamanlı da olur. Nağı bəy onu da qardaşının aqibətinin gözlədiyini görüb Bakıdan Gəncəyə, sonra da Gürcüstan üzərindən Trabzona yollanır. Digər mühacir Əziz Alpoud “Həyatımın hekayətləri” adlı geniş həcmli kitabında Nağı bəyin Bakıdan necə çıxması ilə bağlı xeyli məlumatlar verib.

Trabzondan sonra Nağı bəy İstanbula gəlir. Burada “Azərbaycan Yurd Bilgisi”, “Azərbaycan” dərgilərində yazılar yazır. Gündəlik yaşamını isə antik əşyalar mağazası işlədərək qazanır.

Nağı bəyin qızı Adilə xanım atasının o dönəmki həyatı haqqında bildirir:

“Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən devrildikdən sonra atam Trabzona qaçmağa məcbur olur. Orada o, hamının hörmətini qazanır. Mən eşitdiyimə görə, o zaman Trabzonda topal Osman adlı birisi bir gün atamdan soruşur: “Sənin kimi yaxşı insanın xanımı və uşaqları yoxdurmu?” Atam da kədərlə cavab verir ki, onları Bakıda qoyub qaçmağa məcbur olub. Topal Osman atamı əmin edib ki, onu ailəsi ilə qovuşduracaq. Bakıya, anama xəbər göndərilir ki, uşağı ilə birlikdə Batuma gəlsin. Anam 1922-ci ildə qardaşımı da götürüb Batuma gəlir. Mənə danışırdı ki, onu həmişə təqib edirdilər. Anam onu təqib edən adamın nahara getməsini gözləyir, bir qayıqçı tutur və guya dəniz gəzintisinə çıxır. Məqamdan istifadə edərək qayığı türk gəmisinə tərəf sürdürür. Gəmidə artıq onu adamlar gözləyirdilər. Beləliklə, bizim ailə birləşir. Mən də 1923-cü ildə Trabzonda dünyaya gəlmişəm. 5-6 il orada qaldıqdan sonra biz İstanbula köçdük. Orada çoxlu azərbaycanlı yaşayırdı. Böyük icmamız var idi, məcmuə buraxırdılar. Atamın da yazıları çıxırdı. Xatırlayıram, qızğın mübahisələrlə dolu görüşlər olurdu. Azərbaycan haqqında ətraflı məlumatı mən elə bu müzakirələr zamanı alırdım. Təəssüf ki, 1944-cü ildə biz anamızı itirdik. O, cərrahiyyə əməliyyatından sonra vəfat etdi. Atam bizi anasız qoymaq istəmədi. Bir müddətdən sonra o, İrandan bizə qonaq gələn əmisi qızı Həmidə Şeyxzamanlı ilə nikah kəsdirdi… 1964-cü ildə biz Amerikaya köçdük. O vaxtlar buraya Türkiyədən çoxlu azərbaycanlı köçürdü. Mənim iki qardaşım artıq burada məskunlaşmışdı. Birləşmiş Ştatlar bolşeviklərin siyasətinin qurbanı olan bütün millətlərin nümayəndələrinə sığınacaq verirdi. Biz də mühacir kimi gəldik. Atam Türkiyədə xatirələrini kitab şəklində çap etdirdiyindən, bizdən bir qədər sonra gəldi. Lakin burada qala bilmədi, xəstələndi. 1967-ci ildə qardaşım onu Türkiyəyə qaytardı. Nağı bəy Şeyxzamanlı elə orada vəfat etdi”.

Qeyd edək ki, Nağı bəyin oğlu Saleh bəy 1956-cı ildə Amerikada Azərbaycanla bağlı təşkilat yaradıb. Hazırda Adilə xanımın qızı, Nağı bəyin nəvəsi Tomris Azəri Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidentidir.

Nağı bəyin qızı Adilə xanım Azərbaycana ilk dəfə 1970-ci ildə gəlib.

Feriköydəki məzarda Nağı bəylə yanaşı 2 nəfər də dəfn edilib. İlk xanımı Səlimə Keykurun (1902-1944) və oğlu Yavuz Keykurun (1927-1997).

Məzarın baş daşının arxasında “Azerbaycanlı” sözü yazılıb.

Nağı bəyin xatirə kitabı isə Türkiyədə 2 dəfə, Azərbaycanda isə bizim bildiyimiz qədərilə üç dəfə nəşr olunub. Ən son “XAN” nəşriyyatının xatirə ədəbiyyatı seriyasında çap edilib. Şəxsi kolleksiyamızda Türkiyədə çıxan ilk nəşrin imzalı nüsxəsi var. Keçən il İstanbulda-Taksimdə keçirilən kitab festivalında əldə etdiyim həmin kitabda Nağı bəy bu sözləri yazıb: “Faruk Azeri Türk Beye hürmetlerimle. 14.02.1964”.

 Mənbə: “Ustad” jurnalının 10-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10