Fevral ayında çap olunan yeni kitablar

134 Baxış

fevral yeni kitablar“XAN” nəşriyyatı oxucularımıza fevral ayında çap etdiyi bədii kitablar haqqında məlumat verir.

Nəşriyyatın “Milli ədəbiyyat” silsiləsindən fevral ayında tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin 3 romanı işıq üzü görüb – “Bakı-1501”, “Gülüstandan öncə”“Bəla”.

Bakı 1501“Bakı-1501” – müəllifin ən məşhur romanlarından biridir. Əsərdə Şah İsmayıl Xətainin Şirvanşahlar üzərinə yürüşündən, qanlı döyüşlərdən, o dövrdə baş verən hadisələrdən danışılır. Kitabda oxucular həmçinin əsl adı Bibixanım olan sadə kəndli qızının necə Sultanım xanıma çevrildiyinin və qalanı qoruyarkən Şah İsmayılla üz-üzə gəldiyinin, onu yenməsinə baxmayaraq öldürmədiyinin şahidi olacaqlar. Bu maraqlı əsərlə Azərbaycan tarixinin əhəmiyyətli bir dövrünə səyahət etmək, bir çox hadisələrin xəyali iştirakçısına çevrilmək imkanınız olacaq.Gülüstandan öncə

“Gülüstandan öncə” – roman Sisianovun başçılığı ilə rus qoşunlarının Mustafa Xan Şirvaninin üzərinə hücumundan, onun məcburiyyət qarşısında Şirvanı tərk etməsindən, Cavad xanın həlakından bəhs edir. Bütün bu tarixi qırğınlar, əhəmiyyətli hadisələr fonunda yaşanan Teymuraz xanın böyük sevgisi gözəl hislərin şah-rəiyyət tanımadığını bir daha sübut etmiş olacaq.

Bəla

“Bəla” – roman Səfəvilər dövlətinin tarixinin bir mərhələsindən – Məhəmməd Xudabəndənin hakimiyyətə gətirilməsi və bu dövrdə baş verən hadisələrdən bəhs edir. Əsərdə I Təhmasibin böyük oğlu olan Xudabəndənin xarakteri, Allah adamı olması, döyüş və qan sevməməsi təsvir edilir. Şah o olsa da, hakimiyyəti əslində, xanımı – kişilər qədər cəsur Xeyrənisa bəyim idarə edir. Oxucular romanı oxuyarkən ölkədə davam edən sünni-şiə mübarizəsindən, bunun uğruna tökülən qanlardan, hətta böyük bir sevginin belə buna və siyasətə qurban verilməsindən xəbərdar olacaqlar.

Xatirələrim

Nəşriyyatın “Xatirə ədəbiyyatı” silsiləsindən isə fevral ayında silsilənin sayca 17-ci kitabı işıq üzü görüb. “Xatirələrim” adlı bu kitabda görkəmli teatr xadimi, Azərbaycanın ilk xalq artisti Hacağa Abasov böyük ömrünün ən qaynar çağlarından danışır. 1906-34-cü illərdən bəhs edən bu xatirələr Azərbaycan incəsənətinin həmin dövrü ilə yaxından tanış olmaq istəyən hər bir oxucu üçün qiymətli məlumat mənbəyidir.

Nəşriyyatın “Çağdaş ədəbiyyat” silsiləsindən isə fevral ayında 4 kitab işıq üzü görüb – Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanı, Şəmil Sadiqin “Yuxu maşını” povesti, Müşfiq XANın “5.45” hekayələr kitabı, Şəmil SadiqMüşfiq XANın həmmüəllifləri olduğu “Следами надежд” (“Ümidlərin izi ilə” rusca ilk nəşri) romanı çap olunub.

yuxu maşını

“Yuxu maşını” – müəllifin bu povesti fantastik janrda qələmə alınmışdır. Əsər yuxu ilə reallıq, yuxu ilə arzular və fantaziyalar arasındakı əlaqənin mövcudluğunu öz qəhrəmanının timsalında canlandırır.kuma manıç 1

“Kuma-Manıç çökəkliyi” – romanı ilə müəllifin bundan əvvəlki iki roman arasında müəyyən məzmun və süjet “qohumluğu” olsa da, bu yeni əsər hadisələrə nüfuz etmək, klassik romançılıqla modern roman məktəbinin sintezini verə bilmək baxımından daha maraqlıdır. “İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də itkin torpaqlarımızdan bəhs edən romanda hadisələr Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da əslində bir çox yoxluqlardan oxucunu hali edir. Yox ola-ola hara getdiyimizi anlatmağa çalışır.

5.45

“5.45” – kitabı müəllifin son illərdə qələmə aldığı 15 hekayədən ibarətdir. Əsasən detektiv janrda yazmağa üstünlük verən müəllifin bu kitabında yer alan əsərlərdə hadisələr xəfiyyə ədəbiyyatının hüdudlarından kənarda cərəyan edir. Kitabda Qarabağ, məhəbbət və ictimai mövzulu hekayələr toplanmışdır.

sledami nadejd

“Следами надежд” (“Ümidlərin izi ilə”) – həmmüəllif romanı azərbaycanca son illərdə 3 dəfə nəşr olunmasından sonra ilk dəfə rusdilli oxucular üçün nəşr edilib. Tarixi-sənədli detektiv romanda tarixi faktlara, əsir və girovluqda olan canlı şahid xatirələrinə, təhlükəsizlik orqanlarının arxiv materiallarına istinad edilmişdir. Roman iki gəncin nakam məhəbbətindən bəhs edir. Universitet tələbələri olmuş Aytəkin və Ramilin bir-birindən ayrı düşməsinin səbəbi azərbaycanlılara qarşı törədilən soyqırım – Xocalı facisədir. Roman iki müxtəlif süjetlə inkişaf etdirilib: Xocalıda əsir düşərək Fransaya qədər aparılan Aytəkinin hislərini, keçirdiyi acı günləri əks etdirən “Girov qadının xatirələri” və 20 il boyunca hər an keçmiş sevgilisi Aytəkinin xatirəsi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantıları. Məxfi şöbənin əməkdaşı mayor Mikayıl Qüdrətov 2011-ci ildə əlinə keçmiş gündəlik vasitəsilə Azərbaycana göndərilən casus qadının izinə düşür. Nəticədə erməni siyasi terrorunun, Böyük Ermənistan dövlətinin qurulması üçün məxfi bir sənədin yerini bilən şəxsin Azərbaycanda olmasının üstünü açır.

Oxucular yeni nəşrləri Kitabevim.az kitab marketindən əldə edə bilərlər.