Feyzi Ersoyun “Bir kitaba tutuldum” romanı haqqında qeydlər – Elçin İbrahimov yazır…

17 Baxış

12a

“Divanü lüğat-it-türk” Türk dünyasının ilk ensiklopedik əsəri olub XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir.

“Divanü lüğat-it-türk” həm XI əsrdə türk dilinin söz xəzinəsinin zənginliyini nümayiş etdirir, həm də o dövrdə insan və cəmiyyət həyatı, türklərin maddi və mənəvi mədəniyyəti ilə əlaqədar maraqlı qeydləri özündə cəmləyir. Bu baxımdan təxminən min il əvvəl yazılan “Divanü lüğat-it-türk” türk dilinin ilk lüğəti olmaqla yanaşı, bir çox araşdırmaçının da qeyd etdiyi kimi, tarixi və mədəni qaynaqlarımızın da ilklərindəndir. Bir xalqın həyat tərzi, dünyagörüşü o xalqın dilində də özünü göstərir. “Divanü lüğat-it-türk” təxminən bir əsrdir ki, Türklük elminin başlıca araşdırma mövzularından biri olmuşdur. Bu əsər dilçilik və ədəbiyyat baxımından əhəmiyyətli olduğu qədər o dövrün mədəniyyətini əks etdirməsi baxımından da qiymətlidir. Türk dili və türk mədəniyyəti, folkloru, etnoqrafiyası və coğrafiyası prizmasında qiymətli bir əsərdir. Türk dilinin bizə məlum olan ən qədim lüğətidir, dəyərli və əhəmiyyətli topludur.

Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Lüğət şəklində tərtib edilmişdir. Lakin hikmətli sözlər, atalar sözləri, şeir, nəsr və s. nümunələrlə zəngindir. Səkkiz bölmədən (əsərdə “kitab”) ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır.

Orijinalı bilinməyən əsərin bizə məlum ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbul-Fəth tərəfindən üzü köçürülən və hal-hazırda İstanbul Millət Kitabxanasında saxlanılan yeganə nüsxəsidir.

Mahmud Kaşğarinin bu ölməz mirası XX əsrin əvvəllərində bir təsadüf nəticəsində Əli Əmiri əfəndinin əlinə keçməklə bəlkə də, məhv olmaqdan xilas olmuşdur. “Divanü lüğat-it-türk” əsərinin türk dünyası üçün əvəzolunmazlığı və onun əhəmiyyəti danılmaz faktdır. Onu əbəs yerə türkologiya elminin  ilk əsəri, Türk dünyasının ilk lüğəti, lüğətçilik elminin ilk mənbəyi adlandırmırlar.

“Divanü lüğət-it türk”ün yeganə nüsxəsi tapılıb işıq üzü görənədək maraqlı yol keçmişdir. Türkiyəli alim professor Feyzi Ersoyun bu dəyərli abidənin keçdiyi yola dair yazdığı roman – “Bir kitaba tutuldum” əsəri o dövrün hadisələrinə bir çox yöndən işıq salır. Professor Feyzi Ersoy Qazi Universitetinin professoru, böyük dilçi alim Əhməd Bican Ərcilasunun doktorantı olmuş, Türkiyədə türk-monqol dil əlaqələri və çuvaş dili sahələrində sanballı tədqiqatları ilə tanınmış alimlərdəndir. Bu gün həm də Türk Dil Qurumu sədrinin müavini vəzifəsində çalışır.

Əlbəttə, “Divanü lüğat-it-türk” bugünə qədər geniş və hərtərəfli səkildə araşdırılıb. Ancaq professor Feyzi Ersoyun romanı “Divanü lüğat-it-türk” əsərinə fərqli və orijinal yanaşmanın məhsuludur. Əsərin ən maraqlı xüsusiyyətlərindən biri də əsərdəki tarixi paralellikdir. Müəllif bir tərəfdən XX əsrin əvvəlinə “Divan”ın Əli Əmiri əfəndi və Kilisli Rüfət tərəfindən tapılması, nəşri və s. hadisələri, digər tərəfdən də müasir dövrdə “Divan”ın Türkiyə Milli Kitabxanasından oğurlanaraq Şərqi Türküstanda -  Uyğurustanda uyğurların məruz qaldığı haqsızlıqlara diqqət çəkmək cəhdini işıqlandırır. İki paralel hadisədən birincisi İstanbulda (1905), ikincisi Ankarada (2017) cərəyan edir.

Ankarada cərəyan edən hadisələr isə kitabın 22 sentyabr 2017-ci ildə “Milli Kitabxanada soyğun” (səh. 3) xəbəri ilə başlayır. Ankaradakı  hadisələrin əsas qəhrəmanı Aykut xoca və Ertunc xocadır. Müəllif əsərdə Aykut və Ertunc hoca vasitəsi ilə qurduğu dialoqlarla türkologiyanın bir çox aktual məsələlərinə də səyahət edir.

Müəllif oxucusunu gah 1905-ci illərə – kitabın ortaya çıxdığı dövrə aparır, gah da 2017-ci ildə yeganə əlyazmanın Milli Kitabxanadan oğurlanması ilə Türk dünyasında baş verən proseslərdən danışır. “Divan”ın Milli Kitabxanadan oğurlanması ilə Aykut xoca və Ertunc xoca arasında başlayan dialoqlar fonunda Türk dünyasında və türkologiyada baş verən bir çox mühüm hadisələr və qarşılıqlı müzakirələr şəklində oxucuya çatdırılır.

İstanbuldakı hadisələr isə Əhmət Nazif paşa ilə başlayır. Xəndan xanım, Əli Əmiri əfəndi, Kilisli Rüfət və Ziya Göyalpla davam edir. “Divanü lüğat-it-türk”ün əlyazması isə 1905-ci ildə İstanbulda Vaniköydə ortaya çıxır.

Vaniköydə yaşayan, eyni zamanda, Osmanlının Maliyyə Naziri vəzifəsində çalışan Əhməd Nazif Paşa ağır xəstəlikdən əziyyət cəkdiyi üçün qardaşı qızı Xəndanı yanına çağırır və ona verdiyi əmanəti – kitabı qorumağı vəsiyyət edir: “Bu kitaba gözün kimi bax. Xəndan, bu kitabı yaxşı saxla. Kitab artıq sənindir. Əgər gələcəkdə maddi çətinliklə üzləşsən, apar kitabçılara sat. Kitabdan başı çıxan adam mütləq bunun dəyərini biləcək. Otuz  qızıl sikkədən ucuza satma ha! Lazım olsa, ehtiyaclarını bunu satmaqla təmin edə bilərsən” (səh.11). Türk dünyasının qiymətli abidəsi – “Divanü lüğat-it-türk” məhz bundan sonra sonra ortaya çıxır.

İstanbul, Bəyazit meydanı. 1922-ci ilin fevralı.

“Divanü lüğat-it-türk”  hələ də Xəndan xanımın evində bir sandığın içində saxlanılırdı (səh.24). Nazif Paşa rəhmətə gedəndən sonra Xəndan xanımın səhhəti ilə yanaşı, maddi vəziyyəti də pisləşmişdi. O, kitabı satmağı, qalan ömrünü kitabın pulu ilə keçirməyi düşünürdü. Ancaq bir müddət kitabı satmaqda tərəddüd elədi. Çünki əmisi əlyazmanın çox qiymətli olduğunu demişdi. Ancaq ehtiyacı olduğu təqdirdə kitabı satmağı vəsiyyət etmişdi. Onu məhz maddi ehtiyacı kitabı satmağa vadar edirdi. Xəndan xanım bu qarışıq fikirlərlə kitabı sandıqdan götürüb Bəyazit meydanındakı məşhur kitab dükanlarına (sahaflara) aparır. Bir neçə mağazaya girdikdən sonra nəhayət ki, köhnə kitablar alan bir mağaza tapır. Burhan adlı adama əlyazmanı göstərib 30 qızıl sikkədən aşağı satmayacağını söyləyir.

Uzun müddətdir kitab işi ilə  məşğul olan Burhan əfəndi təbii ki, əlyazmanın çox qiymətli olduğunu bilir və Xəndan xanıma xahiş edir ki, əsəri bir neçə günlüyə ona versin. Məqsədi əlyazmanı zər qədrini bilən zərgərə -  çoxdan tanıdığı Əli Əmiri əfəndiyə göstərmək idi. Əlbəttə ki, kitabı alacaq adam – Əli Əmiri əfəndi ola bilərdi.

Doqquz yaşından bəri bircə şeyə marağı var idi – kitab oxumaq (səh.40). Nə tapsa, oxuyardı. Uşaq vaxtı dostları oyun oynayanda belə, o, həmişə bir kənarda oturub gözlərini kitaba zilləyərdi. Xüsusilə Osmanlı sultanlarının həyat hekayələrini oxumağı xoşlayırdı.

Əli Əmiri əfəndi otuz il müxtəlif vəzifələrdə işləmişdi. Təqaüdə çıxdıqdan sonra İstanbulda yasayırdı. O, yalnız oxumaqla kifayətlənmir, əlinə keçən pulun çoxunu kitablara xərcləyirdi. Həftədə ən azı 3-4 kitab dükanına gedib təzə kitablar alırdı.  Kitablara o qədər düşkün idi ki, bəzən maraqlı və yeni bir kitab üçün günlərlə yol getməli olurdu.

Əli Əmiri əfəndi çox vaxt axşam namazından sonra Bəyazit meydanının yaxınlığında yerləşən Diyarbəkir qiraətxanasına gedir, oradakı qohumları ilə ədəbiyyat və tarixdən söhbət edir, ölkə məsələlərindən danışırdılar. Həmin vaxtlar “Türk yurdu” və “Gənc qələmlər” kimi məşhur jurnallarda dərc olunan yazılar ciddi və qızğın müzakirə edilirdi.

Yuxarıda da qeyd etdiyimiz kimi, əsər iki dövrü əhatə edir və müəllif hadisələri paralel şəkildə verir. Əsərin ən maraqlı tərəflərindən biri də Aykut hocanın əsər boyu bir-birindən maraqlı fikirləri və təbii ki, Ertunc hoca ilə muzakirələridir. 27 sentyabr 2017-ci ildə Ankarada cərəyən edən bir dialoqdan bir fikri olduğu kimi qeyd etmək istərdim.

“Kitab nədir? Bəzilərinə görə bir dost, bəzilərinə görə bir sirdaş, bəzilərinə görə də bir yol yoldaşı. Fərqli dünyalara açılan böyük bir qapı. Keçmişi bu günə və gələcəyə daşıyan böyük bir dəyər. Kitablar olmadan, görəsən, insan necə yaşayıb?” (s. 46)

“Bir kitaba tutuldum” romanında “Divanü lüğat-it-türk” toplu hekayəsindən xüsusi  bəhs edilməsi əsərin özünəməxsus cəhətlərindəndir. Romanın 92-ci səhifəsində görürük ki, 1912-ci ildə İstanbulda Divanyolundakı kitabxanada kitabxanaçı Burhan əfəndi ilə Əli Əmiri əfəndinin lüğət barədə danışıqları bu lüğətin taleyində dönüş nöqtəsi olur. Məhz bu sövdələşmədən sonra Burhan əfəndi “Divanü lüğat-it-türk”ün əlyazmasını 30 qızıl sikkəyə Əli Əmiri əfəndiyə satır.

Əsərdə gənc tədqiqatçılar  – Turqut, Bilgə, Çingiz də xüsusi süjet xəttinin obrazlarıdır. Aykut hocanın yetirmələri olan bu gənclər istər araşdırmaları ilə, istərsə də ədəb-ərkanları ilə yadda qalırlar.

Əsərin 84-cü səhifəsində 1912-ci ilin aprelində İstanbulda Kadirpaşada Əli Əmiri əfəndi ilə Kilisli müəllim Rüfət arasında keçən dialoq da maraqlıdır. “Divanü lüğat-it-türk”  kitabının Əli Əmiri əfəndinin aldığını bilən Kilisli Rüfət onu görmək üçün Əli Əmir əfəndinin evinə gəlir. Lüğəti ilk dəfə görən Kilisli Rüfət daha sonra onun nəşr edilməsi və paylanması üçün Əli Əmiri əfəndidən xahiş edir. Əli Əmiri əfəndi də lüğətin ancaq Kilisli Rüfət tərəfindən düzgün şəkildə çap edilə biləcəyini düşünür və onun bu təklifini qəbul edir.

12 avqust 1913-cü ildə İstanbulda Ziya Göyalpla Kilisli müəllim Rüfət arasında olan dialoqlarda da çox mətləblərə toxunulur:

Kilisli Müəllim Rüfət:

- Türkçülük nədir?

Ziya bəy:

- Məncə, türkçülüyün ən qısa izahı: türk millətini yüksəltməkdir.

- Türkçülüyün ideyaları nədir? Bu haqda nə söyləyə bilərsən, Ziya?

- Məncə, türkçülükdə yaxın idealımız Oğuz birliyi, uzaq idealımız Turan olmalıdır (s. 96).

- Bəs Vətən deyəndə nə başa düşməliyik?

- Vətən dini, əxlaqi, estetik gözəlliklərin bir muzeyidir, bir sərgisidir. Vətən, uğrunda həyatlar fəda olan müqəddəs bir ölkə deməkdir. “Türk millətinin vətəni haradır?” desən, buna cavab olaraq “Turandır!” deyərəm (s.97).

Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən, böyük və əbədi bir ölkədir: Turan (s.98). 

Kilisli Rüfət Ziya Göyalpın şeir deməyini çox bəyənmişdi.

- Ziya, lisanımızın  hazırkı vəziyyəti haqda nə düşünürsən? Yeni dil normasına necə baxırsan?

- Əlbəttə, bu mənada çox yaxşı baxıram və  dəstəkləyirəm. Başqa dillərə baxanda millətlərin özlərinə aid dilləri olduqlarını görürük. Başqa paytaxtların hamısında danışılan dillə yazılan dil eynidir.

- Bizdə elə deyil, təəssüf ki..

- Deyil, əlbəttə! İstanbulda gördüyümüz bu ikidillilik bir xəstəlikdir. Ancaq hər xəstəlik kimi bu da müalicə oluna bilər.

Kilisli müəllim Rüfət maraqla soruşdu:

- Müalicə necə olmalıdır?

Ziya Göyalp:

-  Ya yazı dilini danışıq dilinə gətirmək, ya da danışıq dilini eyni zamanda yazı dilinə gətirmək lazımdır. Bu iki cavabdan biri mümkün deyil. Çünki İstanbulda yazılan dil təbii bir dil deyil, esperanto kimi süni bir dildir (s.98).

Həmin dövrdə İstanbulda “Divanü lüğat-it-türk” əsəri haqqında söhbətlər gəzirdi. Kilisli Rüfətlə Ziya Göyalp da söz lüğətdən düşmüşkən onun haqqında da  geniş danışdılar.

Ziya Göyalp:

- Sən “Divanü lüğat-it-türk”ü gördün?

Kilisli müəllim Rüfət:

- Həm gördüm, həm də oxudum.

- Ax Rüfət, mən eşq nədir bilməzdim: indi bu kitabın eşqinə düşdüm. Leylisini axtaran Qeysə döndüm. İnan gecələri gözümə yuxu da girmir. Onu ağlımdan çıxara bilmirəm. Bu xəzinənin açarı səndədir, Rüfət. Yalvarıram aç bu qapını.

- Açarı məndədir?

- Əlbəttə, səndədir. Kömək et, bu kitabı nəşr edək. Bütün türklərə, türkçülüyə ərmağan olsun.

- Ziya, inan, bunu mən də istəyirəm (səh.99).

Müəllif əsərdə bu dialoqları geniş şəkildə verməklə türkçülüyün və türk dünyasının ən böyük xəzinələrindən olan “Divanü lüğat-it-türk” sözlüyünün ortaya çıxma hekayətini  də vermiş olur. Əsərdə daha sonra Kilisli Rüfətin Əli Əmiri əfəndidən lüğətin alması və nəşr etməsi də ətraflı təsvir olunur.

Professor Feyzi Ersoy “Bir kitaba tutuldum” romanında həm “Divanü lüğat-it-türk”ün tapılmasını, həm də nəşrini gözəl üslub və təhkiyə ilə oxucusuna çatdırır, o dövrün hadisələrini orijinal təsvirləri ilə göz önündə canlandırır.

Romanda maraqlı məqamlardan biri əlyazmanın qeyd etdiyimiz kimi, Türkiyə Milli Kitabxanasından oğurlanması və oğurlayanların bu əməlləri ilə Türk dünyasında, Çində uyğurların məruz qaldığı ayrı-seçkiliyə və işgəncələrə diqqət çəkmək istəmələridir. Bu da təsadüf deyil. Kaşğarlı Mahmudun elində türklərə qarşı edilən haqsızlıqlara bütün Türk dünyasının diqqətini məhz onun əsərini oğurlamaqla çəkmək olardı.

Romanda bir çox vacib məsələləri dialoqları ilə dilə gətirən əsərin qəhrəmanlarından Aykut hoca Türk dünyasının tanınmış türkoloqlarından professor Əhməd Bican Ərculasun, Ertunc hoca isə türkologiyanın görkəmli alimlərindən professor Tuncer Gülənsoydur. Müəllif bu məqamda böyük alimlər arasında qurduğu dialoqlarla əsərə xüsusi bir dəyər qatır. Xüsusilə Aykut və Ertunc hocanın yetirmələri ilə birlikdə Qazi Universitetində təşkil etdikləri “Çərşənbə iclasları” (Perşembe oturumları) da əsərdə təsvir olunan maraqlı hadisələrdəndir.

Əlbəttə, “Divanü lüğat-it-türk” əsəri müxtəlif aspektlərdən araşdırılıb, ancaq bu roman onun tapılmasına və nəşr edilməsinə həsr edilmiş ilk bədii əsərdir.

Professor Feyzi Ersoy türkologiya üçün son dərəcə əhəmiyyətli bir əsər ortaya qoyub. Müəllifi bu orijinal  romana görə təbrik edir, türkologiya sahəsində apardığı tədqiqatlarda uğurlar diləyirik.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10