Filarmoniyada uşaqlar üçün konsert keçiriləcək

46 Baxış

1450793595usaqfilarmoniyasiDekabrın 23-də  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Xor Kapellası, Uşaq Xor Kapellası və Uşaq Filarmoniyasının “Şəms” uşaq xorunun Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş konserti keçiriləcək. Proqramda Azərbaycan və Qərbi Avropa Bəstəkarlarının əsərləri səslənəcək.

Uşaq Xor Kapellası 1997-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin “Qız qalası” xorunun məşhurlaşdığı zamandan yaranmışdır. Kapellanın bədii rəhbəri və baş dirijoru Dilarə Əliyevanın təşəbbüsü, gərgin əməyi sayəsində yaranmış bu xor uşaqların xor sənətinin incəliklərini həvəslə, böyük istəklə mənimsəməsinə gözəl imkan yaradır. Bu kollektiv müxtəlif illərdə dövlət əhəmiyyətli bir sıra tədbirlərdə uğurla iştirak etmişdir. Xüsusilə Uşaq Xor Kapellasının Avropa Şurası və Yuneskonun iqamətgahlarında, Strasburqda Katedral kilsəsində, Paris şəhərinin Pale de Konqres və Brüssel şəhərinin konsert zalında Azərbaycan və bir sıra Avropa bəstəkarlarının əsərlərindən ibarət geniş proqramla 2008-ci ildə baş tutan uğurlu çıxışlarını qeyd etmək lazımdır. Həmçinin bu kollektiv müxtəlif festivallarda dünya şöhrətli dirijorlarla birgə də çıxışlar etmişlər.

“Şəms” Uşaq Xoru 2012-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Bu kollektivə 4-10 yaş arası uşaqlar qəbul olunur. Hal-hazırda repertuara azərbaycan, rus, alman və ingilis dillərində mahnılar daxildir. Bundan əlavə, burada uşaqlar səhnə mədəniyyəti öyrənir, vokal imkanlarını genişləndirir.

Bölmə : Sənət xəbər