Filoloq Məhəmməd Xankişiyev Afaq Məsuda etiraz etdi

270 Baxış

 mehemmedTərcümə Mərkəzində “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin müzakirəsi zamanı səsləndirilən fikirlərə filoloq Məhəmməd Xankişiyev etiraz edib. O, müzakirədə müəyyən yanlışlığa yol verildiyini bildirib.

 

Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etdiyimdən lüğətlərlə iş fəaliyyətimin əsas hissələrindən biridir. Şagirdlərlə iş prosesi zamanı lüğətlərlə bağlı xeyli narahat məqamlarla rastlaşıram. Xüsusən də, sözlərin orfoqrafiyası və orfoepiyası baxımından çətinliklər çox olur. Bu sahədə  mükəmməl lüğətə həmişə ehtiyac duyulur. 2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” bu sahədə görülmüş təqdirəlayiq işlərdən biri idi. Əlbəttə, görülən işdə səhv olar, deyirlər. Bu kitabın da qüsurları yox deyildi. Bu qüsurlara dair müxtəlif məqalələr çap olunmuş, hətta  Dilçilik İnstitutu da rəyini bildirmişdi. Amma qüsuru tənqid etmək, hələ işin hamısı deyil. Kitabdakı yanlışlıqların növbəti nəşrdə düzəldiləcəyini gözləyirdik. Əvəzində isə yeni bir lüğət hazırlancağı xəbəri yayılır. Nəzərə alsaq ki, lüğətlərin sürətlə dəyişməsi orta məktəbdə təhsil alan şagirdlərin yazı savadına təsir edir, bu məsələ müəllimləri çox narahat edir.

Xəbərdən məlum olur ki, görkəmli dilçi alimlərimiz son  lüğəti müzakirə edir (əlbəttə, müzakirə etmək işin müsbət cəhətidir), lüğətin qüsurlu tərəflərini sadalayırlar. Alimlərimizin fikirlərinə hörmətlə yanaşıram. Deyilənlərin bir qismi ilə mən də razıyam, amma fikirlərin bəzilərində, sanki, qərəzlilik və aqressiya hiss olunur. Lüğətin “ab” sözü ilə başlaması müəllifin “siyasi səbatsızlığı” (!)  kimi yozulur, bu sözün dilimizdə işlənmədiyi vurğulanır. İndiyə qədər istidafə etdiyim, redaktorları fərqli dilçilər olan  hər üç lüğətdə (“Azərbaycan dilinin orfoqrafiya lüğəti” – 1975, 2004 və 2013-cü il nəşrləri) “ab”  sözü var və bu lüğətlərin üçü məhz eyni sözlə başlayır. Düşünürəm ki, bu məsələyə belə don geyindirilməsi müəllifə qarşı insafsızlıqdır. Hörmətli alimimiz İ.Məmmədov “abadan” sözünü ilk dəfə eşitdiyini söyləyir. Amma adıçəkilən lüğətlərdə bu söz verilib.  “Atalar sözü” kitabını vərəqləsək, elə ilk səhifələrdən birində “Abadan kənd tüstüsündən bəlli olar” deyiminə rast gələcəyik. Ola bilməz ki, İsmayıl müəllim bu atalar sözünə rast gəlməsin və yaxud heç vaxt lüğətdə “abadan” sözünü görməsin. Razıyam ki, bu söz dilin passiv leksikasına aiddir.  “Orfoqrafiya lüğəti” mahiyyət etibarilə sözlərin yazılış qaydaları haqqında məlumat vəsaiti olduğu üçün hətta nitqimizdə az təsadüf edilən sözlərin də verilməsini məqbul hesab edirəm. Professor Q.Məhərrəmli “tısbağa” sözünü “ı” sız yazıldığını qeyd etsə, də lüğətdə bu söz “ı” ilə yazılmışdır. O cümlədən, səs təqlidi ilə yaranan sözlərin lüğətdə əks olunmasına niyə etiraz edilir?!  Axı Dilçilik İnstitunun əməkdaşı, filologiya elmləri doktoru N.Seyidəliyev özü də qeyd edir ki, bu sözlər səs təqlidi ilə yaranmışdır. Söz yaranırsa, xüsusən də, təqlid yolu ilə yaranırsa, lüğət bizə düzgün olanınnı göstərməlidir. Əks halda, hər kəs təqlidi sözləri özü bildiyi kimi,  fərqli formalarda yazar.

“Məktəblinin orfoqrafiya lüğəti” kitabı bu gün yox səviyyəsindədir.  Abituriyentlər də, müəllimlər də məhz sözügedən lüğətdən istifadə etmək məcburiyyətindədirlər. Ali məktəblərə Qəbul İmtahanı zamanı  abituriyentlərdən bəzi ümumişlək olmayan sözlərin, əsasən də, terminlərin düzgün yazılışını bilmək tələb olunursa, demək, lüğətdə bu sözlər də əksini tapmalıdır. Hərçənd ki, lüğət  təkcə abituriyent və müəllimlər üçün deyil, daha böyük auditoriya üçün nəzərdə tutulur.

Lüğətlər, o cümlədən, orfoqrafiya lüğəti dövrün leksikasını özündə əks etdirir. Düşünürəm ki, əlavə bir lüğətin hazırlanması yenə fikir ziddiyyətləri, qarışıqlıq yaradacaq. Məncə, son orfoqrafiya lüğəti dilçi alimlərimizin köməyi ilə vahid prinsiplər əsasında təkmilləşdirilərək, yenidən hazırlanıb çap olunmalıdır. “İşlək orfoqrafiya lüğəti” hazırlanması  da müsbət bir haldır, amma yeni mübahisələrə və problemlərə yol açacağı təqdirdə bu kitab da etibarlılığını itirəcək.

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10