Filoloq Şəmil Sadiqin əsəri dil və üslub baxımından tənqid edildi

370 Baxış

Məhbubə UğursoyyMəhbubə Uğursoy

Şəmil Sadiq ismi gələndə beynimə tələbəlikdən əvvəl və sonrası gəlir. Yaşıl bir kitab idi, arxa hissəsində Şəmil müəllimin şəkli və haqqında məlumat vardı. Onda öz özümə demişdim ki, gör necə şanslı adamdır, bütün şagirdlər onun kitabını oxuyub, tələbə adını qazanırlar. Universitetə daxil oldum. Gördüm ki, burada da onu oxuyurlar. Hətta, bir dəfə ona dərs deyən müəllim zarafatyana deyib ki, mənim tələbəmin yazdıqlarını onun müəlliminəmi qaytarırsınız?

Aylar keçdi, illər dolaşdı. Şəmil müəllimi tanıdım. Özünəməxsus bir danışıq tərzi var. Yurduna bağlıdır. Fürsət olduqca eli, obası ilə bağlı xatirələrini danışır. Mən onun anlatdığı şanlı Nehrəmi virtual olaraq dəfələrlə gedib, gəzib görmüşəm.

Və il 2016… mart… Ceyran sobamızın yanında oturub yenə Şəmil Sadiqin kitabını oxudum. Yox, bu dəfə Azərbaycan dilinin qrammatikası deyildi. Bu dəfə “Yuxu maşını” idi. Onun roman kimi hekayəsi…

Hadisələr 2050-ci ili canlandırır. Yazarın təxəyyülündə illər sonrası maraqlı və qəribə idi. Əslinə qalarsa əsas mövzu arxasında onun ideologiyasıdır. Böyük Turan, Dinlərdə azadlıq. Post insanların anlaşıqlı yaşadığı bir cəmiyyət. Və təsəvvüf görüşləri də açıq-aşkar bilinir. Miltikultural, yüksək inkisafda olan dünya  hakimdir. O qədər inkişaf ki, yuxu maşını belə icad olunub. Onu tarixə yazan bu ixtira sonra onun sonuna gətirib çıxarır. Bilgə adlı bir bəy Yağmur adlı kübar bir qız görür. İlk gördüyü gündə evlənmə təklif edir. Hər sözünə can deyən bu xanımın adını da dəyişdirərək Aycan qoyur. Mehriban yaşayırlar. Amma bir gün o mehribanlığın yerinə tərəddüd dolu həyat başlayır.

Bilgənin görüşdüyü bir evli qadın daxil olur həyatına. Təbii ki, onun ərini aldadaraq hər dəfə görüşməsi və eşqbazlığı bir kişi beynində böyük bir dəlik yaradırdı.

O etdiyinin xəyanət olub-olmadığına qərar verərkən hər gecə tərli-tərli oyanır yuxularından. Onun görüşdüyü qadın timsalında qalan bütün qadınlara qarşı etibarsızlaşır. Və öz həyat yoldaşına belə şübhə ilə yanaşır.

Uşaqlıqdan yuxu görə bilməyən dünya şöhrətli Bilgə görə bilmədiyi, ancaq başqalarının dilindən eşitdiyi yuxunu ölçəni ixtira edir. “Ərgənəkon prodakşn”ı yuxunu film halında lentə yazır. Elə ixtirasının da qurbanı olur. O qədər xəyanət haqqında düşünür ki, yuxuda həyat yoldaşı Aycanın dostu Elcanla sevgi munasibətində olduğunu görür. Bu laboratoriyada işləyən Rəna adlı bir xanım isə bəyin sevgisindən yanıb-yaxılır, sevgisinin qarşılığını görməyəndə qisas almaq üçün Bilgənin stoluna öz yuxusunu qoyur. Şübhələri yuxularına, yuxusu isə lentə  köçən Bilgə o videonu görüb tərəddüd etmədən inanır. Heç kimə heç nə demədən Meksikanın internetsiz, yeni texnika ilə heç bir əlaqəsi olmayan bir əyalətinə gedir. Amma yazıçı Anar demişkən, insan nə qədər uzaqlara gedirsə getsin öz fikirlərini özü ilə aparır.

Hekayəyə Orxan adlı 3-cü şəxsin daxil olması, bulanıq suları aydınlaşdırması elə hər bir məsələnin bir vasitəçi olmasına, həyatın bu qədər dolaşıq olduğu halda ətrafımıza bu,  va digər şəkildə kömək edəcəyimizə əlamətdir. Orxan Meksiyaya gedir və uzaqdan “Apardı sellər Saranı” mahnısının zümzüməsini eşidən kimi, bunu oxuyanın Bilgə olduğunu anlayır. Burada yazar bir dərd adamının necə bir kədər içində alışıb-yandığını göstərir.

Elə mən də kitabı oxuduqca qulaqlarıma Qədir Qızılsəsin ifası gəldi. Konkret bir fabula anladım bu yazıdan. Odakı insan etdiyi şeyin düşkünü olur: xəyanətkarlar xəyanəti adiləşdirir, oğrular oğurluğu, qatillər də ölümü. Adiləşən dəyərlər də hamının edə biləcəyi vəziyyətə gəlib çıxır. Adi həyatımızdan götürək, yerə zibil atan hər kəs bunu digərlərindən gözləyir. Elə xəyanət də onun kimi…

Əlbəttə ki, oxucu kimi bəyənmədiyim tərəflər oldu.

Əsərin dil-üslüb xüsusuiyyəti heç xoşa gələn deyil, məncə. Elə bir bənd gördüm ki, hər cümləsində yuxu kəlməsi vardı. Bu da ağırlıq yaradırdı.

BU cümləni “İki uşağımız var, amma bu gün də onunla günlərlə yaxınlığımız olmur” başqa sözlə əvəz edə bilərdi. Və yaxud, işlətdiyi gizəmli, ənginlikli sözlərini daha yaxın sinonimlərlə əvəz edə bilərdi.

Hekayənin mövzusuna uyğun deyil adı. Bir oturuma oxuyub bitirdimsə, deməli marağı hansısa şəkildə çəkdi.

Və hekayədən sevdiyim cümlə ilə bitirirəm.

Arzularımı yuxuya, yuxularımı arzuya çevirirdim…