Filosofları küsdürən roman – Taleh Eminoğlu

55 Baxış

41525978_1539620526183069_3728817067957157888_n

Senet.az oxucularına “Ustad” jurnalının 20-ci sayından Taleh Eminoğlunun “Filosofları küsdürən roman” yazısını təqdim edir. 

Artur Köstlerin “Gözqamaşdırıcı zülmət” romanının bilinməyənləri

1956-cı ildə İngiltərədə yazarların konfransı təşkil edilmişdi. Konfransda ingilis şair Stefen Spender filosof Jan-Pol Sartrdan kommunist rejim tərəfindən haqsız yerə mühakimə edilib həbs olunsa nə cür hərəkət edəcəyini soruşmuşdu; dostlarının azad edilməsi üçün kommunizmin mövcud etibarını zədələyərək gələcəyini təklükəyə atacaq kampaniyaya başlayacaq, yoxsa siyasi rejimin rifahı üçün başına gələnləri və gələcəkləri qəbul edəcək? Sartr düşünüb kampaniyanı rədd edəcəyini, yaşadıqlarını qəbullanacağını demişdi, amma bu cavab Spenderi razı salmamışdı. O, cavabı bu cür gördüyünü demişdi: “Məncə, bu zaman atılacaq ən doğru addım həmişə keçərli olan günahsiz yerə həbs edilən insanın tərəfini saxlamaqdır.” Bu cavab isə Sartrı qane etməmişdi: “Amma məncə, müasir dünyada təkcə bir insana qarşı edilən haqsızlıq o qədərdə əhəmiyyətli deyil.”

Spenderin və Sartrın ətrafında müzakirə apardığı bu düşüncə macarıstanlı yazar və jurnalist Artur Köstlerin “Gözqamaşdırıcı zülmət” kitabındakı hadisələri xatırladır. Onun bu romanı ilk dəfə 1940-cı ildə ingiliscə, 1946-cı ildə də fransızca çap edilib. Lakin çap olunana qədər romanın alman dilində olan ilk əlyazması “Rubaşov” itir. Amma yaxşı ki, “Günorta çağı zülmət” adlı ingiliscəyə tərcümə olunmuş variant hazır idi və elə bu nüsxə də dərc edilir.

albert-camus-6

Romandakı hadisələr Sovet Sosialist Respublikalar İttifaqında (SSRİ) başlanmış repressiyalar zamanı 1938-ci ildə edam edilən SSRİ Elmlər Akademiyasının üzvü Nikolay Buxarinin faciəsindən yola çıxır. Köstler, Buxarin hadisəsinə istinad edərək, partiyaya son nəfəsinə qədər sadiq qalan, dövlətin rifahı üçün saxta izahatlara imza atmaqdan belə çəkinməyərək könüllü şəkildə ölümə gedən obraz yaradır. Lakin reallıqda Buxarin öz iradəsi ilə deyil, məcburi surətdə izahatları imzalamışdı. Buna baxmayaraq Artur Köstler intellektuallara üzərində mübahisə apara biləcəkləri mövzu verir: “Bir insan kommunizmi müdafiə etmək üçün nələr edə və nələrindən keçə bilər?” Köstler “Yoqi və komissar” adlı əsərində də ortaya oxşar sualı atır və uzaqdakı ideal naminə hər şey etməyə hazır olan Komissar obrazı ilə mövcud reallığa və həqiqətə bağlı olan “Yoqi” xarakterini müqayisə edir.

Məşhur fransız filosof Merlo Ponti Köstlerin bu əsərinə və hər kəsə ünvanladığı suala “Les temps modernes (Modern Times)” jurnalında dərc edilən iki hissəli “Yoqi və proletar” adlı tənqidi yazısı ilə cavab verir. O, Köstlerə qarşı çıxmaq üçün “nə deməli” kimi bilinən ritorik qəlibdən istifadə edir: “Deyək ki, SSRİ-də problemlər var idi, bəs qərbin bundan sui-istifadə etməsinə nə deməli?”

Köstler Pontinin bu tənqidi qarşısında özünü görməməzliyə vursa da, dostu Alber Kamü çox əsəbləşir. Fransız yazar, intellektual, ekzistensialist filosof və Jan-Pol Sartrın sevgilisi Simona de Bovuarın xatirələrində yazdığına görə, bir dəfə cazmen Boris Vianın evində verilən partiyə dəvətsiz təşrif buyuran Kamü əsəbi şəkildə içəri girmiş, Merlo Pontiyə təhqirlər yağdırmış və gəldiyi sürətlə də çıxıb getmişdi. Sartr da məclisi tərk edib Kamünün ardınca getmişdi. Bu hadisə qarşılıqlı ittihamlar və küskünlüklə nəticələndi. Hətta Sartr və Kamü Köstlerin bu əsərindən qaynaqlanan problemə görə bir müddət küsülü qalmışdı.

sartre_22

Sartr, Bovuar, Kamü və Köstler arasında bir zamanlar möhkəm dostluq əlaqələri vardı. Sərxoş olana qədər içdikləri gecələrdə ehtirasla siyasi müzakirələr aparırdılar. 1946-ci ildə bu cür gecələrin birində rus qaçqınların kafesində dostluq və siyasi sədaqət mövzusu haqqında söhbət edilirdi. Ortada cavabı axtarılan belə bir sual vardı: “Siyasi baxışlarınızın ayrı olduğu bir insanla dost olmaq mümkündürmü?” Kamü bu suala “hə” desə də, Köstler bunun mümkünsüzlüyünü vurğulayırdı. İçkinin təsirindən kövrələn Bovuar da Kamü ilə eyni fikirdə idi. O təxmini olaraq belə cavab vermişdi: “Bəli, mümkündür, hətta biz bunun sübutuyuq və aramızdakı fikir ayrılıqlarına baxmayaraq birlikdə olduğumuz üçün xoşbəxtik”. Simona de Bovuarın bu fikri onları məmnun etmiş və suala verilən ən yaxşı cavab kimi qəbul edilmişdi.

Dostluq və siyasi sədaqət mövzusu 1947-ci ildə içki məclisində yenidən açıldı, amma söhbətin sonu bu dəfə keçən dəfəki kimi yaxşı nəticələnmədi. Köstler xanımı ilə münasibətdə olduğunu bəhanə edərək Sartra stəkan atdı. Bu hadisə onların dostluğunun qırılma nöqtəsi oldu. Kamü Köstleri sakitləşdirməyə çalışsa da, cavabında yumruq zərbəsi aldı.

Bu qalmaqalın sonunda Sartr və Bovuar artıq Köstlerlə həmfikir idi: Siyasi baxışları fərqli olan insanlar dost ola və dost qala bilməzdi. Sartr buna gülürdü: “Necə olur ki, fərqli fikirlərə sahib insanlar birlikdə film izləməyə gedir?” Stefen Spenderin yazdıqlarına görə, Köstler 1950-ci ildə Sartra və Simona de Bovuara barışmağı, keçmişdəki dostluq əlaqələrini bərpa etmə təklif etsə də, onlar buna razı olmamışdı: “İllər əvvəl verdiyin sualın cavabı əslində “yox” idi”.

“Gözqamaşdırıcı zülmət” romanının SSRİ-də baş verən hadisələri, repressiyaları necə dilə gətirdiyini, reallığı nə qədər əks etdirdiyini demək çətin olsa da, bir şeyi çox yaxşı bilirik ki, bu kitab beş intellektualın dostluğunu parçaladı və Artur Köstler öz cəbhəsində tək qaldı.