Frans Kafka muzeyindən reportaj – FOTO

87 Baxış

11933060_896837987032691_776100714_n

Fatimə Kərimli:

Həmişə düşünmüşəm ki, ölüləri sevmək diriləri sevməkdən qat-qat asandır. Heç bir ölünün səni incitmək ehtimalı yoxdur, amma hər diri bu baxımdan potensial qəddardır. Və dirini fiziki olaraq torpağa basdırmaq ondan küsməkdən, onu unutmaqdan, ondan xilas olmaqdan qat-qat asan başa gəlir. Deyirlər ha, Kafkanı niyə sevirsən? Bax bir səbəb də budur; o, ən gözəl ölüdür. Bir ölü ancaq onun qədər həm sənin digər bir parçan, həm də səni ən yaxşı başa düşən insan ola bilər. Amma bütün bunlar mənim Kafkanı görməyə can atmaq, onunla söhbət etmək arzumu dəyişə bilmir. Bu arzuma yaxınlaşmağın yeganə yolu isə Praqaya getməkdir. Kafkanı tanıyandan sonra Praqa mənim üçün onunla eyniləşib. Bəlkə də bu gözəl şəhərə haqsızlıq etmişəm, amma o da Kafkanı doğub-böyüdən şəhərdir, məni anlamalıdır.

Praqaya uçuş biletini internet vasitəsilə almışdıq, mail adreslərimizə biletimizin alındığına dair təsdiq və biletin barkodu gəlməli idi. Dünyada neçə bilet, neçə barkod adamı həyəcanlandıra və yaşamaq həvəsini artıra bilər? Hansı səbəblər adamı hər saniyədən ehtiyat etdirər ki, arzuma bu qədər yaxınlaşmışkən hələ yaşayım, hələ ölməyim. Praqa on günlük səyahətin sonuncu dayanacağı idi və mən Praqaya çatana qədər getdiyim şəhərləri qismən məhv etməkdə idim. Çünki gəzdiyim hər yerdə ancaq heyrətlənir və bəyənirdim, Praqada isə sadəcə və sadəcə xoşbəxt olacaqdım. Oldum da. Güzgüyə baxmadan gözündəki parıltını görə bilmək xoşbəxtliyin sübutudur. Günləri sayıb Praqaya çatdım, indi muzeyə getmək üçün saatları, dəqiqələri sayırdım. Əlimdə xəritə, beynimdə ingiliscə qurmalı olduğum cümlələr düşdüm yola. Bilmirəm içimdəki əminlik hissi ilə bağlıdır, yoxsa nədir, şəhərdə öz doğma küçələrimdə gəzirmiş kimi arxayın, itmə qorxusu olmadan və tanıyırmış kimi gəzirdim. Bu şəhəri mənə ən çox sevdirən hər addımda Kafkaya aid nə isə tapa bilməyim oldu. Ölü olmaq belədir. Ölürsən və bütün dünyaya yayılırsan. Hər yerdə bir parçan, hər yerdə bir izin var. Hər parçadan təzədən doğulursan. Muzeyə yol axtaranda Kafka kafesini görmək və Kafkaya aid gördüyüm hər yerdə “Aa Kafka!” deyib qışqırmaq adama bütün dünyanı unutdurur.

Amma kafeni geridə qoyub irəliləmək lazımdır, çayın o tərəfində, körpünün o biri başında Kafka muzeyi var. Muzeyin bir hissəsi Vltava çayının düz sahilinə düşür, divarında “Franz Kafka Museum” yazılmış böyük bir poster də var. Gözəl mənzərədir. Muzeyin qabaq hissəsinə keçib bilet alıram. Düşünürəm ki, o an biletin qiymətinin 200 yox, 1000 kron və hətta daha çox olduğunu desələr, bir saniyə belə düşünməzdim. Sonradan fikirləşəndə deyirəm ki, yaxşı ki, muzeyin içində mənlə tanıdığım adamlardan heç kim gəlmədi. Qaranlıqda, məni heç birinin tanımadığı adamların arasında Kafka sevgimlə tək qalmaq və utanıb çəkinmədən sevinmək imkanım oldu. Və bu sevincdən əllərimin ayaqlarımın əsməyinə heç kim şahid olmadı, heç kim təəccüblənmədi. Muzeydə hər addımda, hər eksponatın qarşısında “Çevril”dim. Birinci dəfə çevrilib Kafkanın ailəsinə daxil oldum, ölən qardaşlarının, əsir düşərgəsində həlak olan bacılarının yanına baş çəkdim. Başqa bir otaqda XX əsrin əvvəllərindəki Praqaya düşdüm. Kafkanın gəzdiyi küçələrə baş çəkdim. O birində Yozef K.-ya çevrilib saysız-hesabsız adların yazıldığı, içində dosyelər olan otaqda itdim. Bu həm də Karl Rossmanla birlikdə “Amerika”da itmək, daha sonra da Yerölçən K. kimi “Qəsr”ə dönmüş bu otaqda özünə yer, getməyə də çıxış yolu tapa bilməmək idi. Kafkanın çəkdiyi əzabların bəhrəsini – rəsmlərini oyadıb animasiya düzəltmək… Çox kafkavaridir.

11908266_896838047032685_2086069711_nBu, sözün hər iki mənasında onun çəkdiklərini anlamaqdır. Görüntülərə baxdıqca dayandığım yerə yapışıb, tərpənmədən saatlarla izləmək istəyirəm, amma muzeyin qalan hissəsində nələrin olduğuna olan marağımı da boğa bilmirəm. Hamısını gəzib bitirirəm, son otaqda, cəmi bircə yerdə, məhz burada açıq pəncərə var. O da torludur və bayaq sahilində dayandığım çaya açılır. Düşünürəm ki, görəsən Kafka da Praqanı belə torlu görürdü? Ona görə sevmirdi bu şəhəri? Gedəcəyim növbəti yer Kafkanın məzarıdır. Axtarışım yolu səhv salmaqla başladı. Mənə demişdilər ki, şəhərin mərkəzi meydanı Stare Mestoya yaxındır. Olmadı, metroya getməli oldum. Bir dəfə də metroda stansiyasnı səhv salandan sonra nəhayət ki, Yeni Yəhudi Məzarlığını tapa bildim. Dediyim kimi ölünün heç bir üstünlüyü mənim onu görmək arzumu boğa bilmir. Heç qəbirstanlıqda da adam görmək olmur, amma yenə də bu, sevimli ölünə maksimum yaxınlaşa bilmək üçün yeganə yerdir. Ancaq nə etmək olar ki, Praqa xoşbəxtliyi, Kafka sevinci mənə təqvimi unutdurmuşdu. Yəhudilərin şənbə günü heç bir iş görmədiyini hamı bilir, amma mən bununla yanaşı məzarlığa getdiyim günün də şənbəyə təsadüf etdiyini bilməli idim. Sağ olsunlar ki, məzarlığa hər 50-100 metrdən bir böyük darvazalar qoyublar və nə gözəl təsadüfdür ki, Kafkanın məzarı qəbirstanlığın içəri hissəsində yox, nisbətən kənardadır, yəni darvazadan baxanda görünür. 10-15 addım irəli qaçsan əlin çatacaq, amma arada 10 dəfə səndən böyük darvaza var… Eybi yoxdur…

Darvaza olmasa belə onsuz da mənim Kafkanın gözlərinə baxıb “Sən məni anlayan yeganə insansan” demək şansım yoxdur. Bir az da məzarlığa, oradakı səliqə-sahman, yaşıllıq və ölüm səssizliyinə tamaşa edib yenə metroya qayıdıram. Oradan da şəhərin mərkəzinə… Qayıdanda cəmi bir tini səhv dönməyim məni Kafka Cəmiyyətinin binası qarşısına gətirdi. Onu axtarmaq üçün əlavə vaxt itirmədim. Onun düz yanında da Kafka mağazası. Kafkanı sevən adam üçün bura cənnət kimi bir yerdir. Çoxdan almağı planlaşdırdığım, Kafkanın görüntüsü olan çantanı alıb çıxıram. Budur qarşımda kafkanın heykəli… Onda yol həfərəkəti qaydaları unudulur. Qırmızı işıqdır, yoxsa yaşıl? Bilmirəm, əsas odur ki, məni vura biləcək məsafədə maşın yoxdur. Əsas odur ki, mən ancaq şəkillərdə baxdığım hər yeri canlı görürəm, yanındayam və ömrümdə heç olmadığım qədər xoşbəxtəm.

İnsan nə əl-ayağının salamat olmağına, nə həyat şəraitinin başqalarından yaxşı olmağına, nə də nizam-intizamlı yaşamına baxıb şükür etməklə xoşbəxt ola bilməz, bu, çox sünidir. Sevdiyin adamların yanında, sevdiyin yerdə hər şeyi unudursansa, hansı əl-ayaq, hansı maaş, hansı iş xoşbəxtlik səbəbi ola bilər ki?

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10