Frans Kafkanın vəsiyyət fırıldağı

195 Baxış

kafkaesas

Fatimə Kərimli 

 

“Bütün yazdıqlarımdan yalnız bu kitablar etibarlıdır: “Hökm”, “Ocaqçı”, “Çevrilmə”, “İslah koloniyasında”, “Kənd həkimi” və “Qolodar” novellası. (“Müşahidə”nin mövcud olan bir neçə nüsxəsi qoy qalsın, onları məhv etmək üçün heç kəsə artıq əziyyət vermək istəmirəm, ancaq onların içərisindən heç nə yenidən çap olunmamalıdır).

… Yazdığım qalan bütün şeylər (qəzetdə çap olunanlar, əlyazmaları, yaxud məktublar) tam istisnasız olaraq yandırılmalıdır.

Kafkanın ən yaxın dostu Maks Broda göndərdiyi bu vəsiyyət məktubu onu, həmçinin dostu Maksı daha da məşhurlaşdırdı. Öz yazdıqlarını yandırmağı vəsiyyət etmək çox nadir rast gəlinən və buna görə də hamının marağına səbəb olan hərəkətdir. Yoxsa, fırıldaq?

Niyə fırldaq? Bu suala cavab tapmağa çalışacağam?

1.Kafka Felisaya 500-dən çox məktub yazıb. Bəs bu məktubların cavabı hanı? Jurnalist sevgilisi Mileana ilə 3 il ərzində yazışıb, amma biz  bu gün ancaq Kafkanın yazdıqlarını oxuyuruq. Bəs Milenanın cavabları hanı? Onların hər ikisinin cavablarını Kafka məhv edib.  Öz yazdığı əsər olmasa belə Kafka saxlamaq istəmədiyi heç nəyi saxlamırdı. Bununla yanaşı onun yeniyetmə yaşda yazdığı gündəliklərinin olduğu, amma həmin qeydlərin də sonradan məhv edildiyi məlumdur.  Buna baxmayaraq bir qism məktubun və gündəliyin əlimizə çatmamağını fırıldaq səbəbi kimi əsaslandırmaq olmaz.

2.Yazıçı çexiyalı musiqi Qustav Yanouxla söhbətlərində deyir:

“Başda Maks Brod olmaqla mənim bütün dostlarım nəyin bahasına olursa-olsun bu şeylərdən (yazdığı əsərləri nəzərdə tutur – red. F.K.)  ədəbiyyat düzəltmək istəyirlər, mənimsə tənhalığımın şəhadətnaməsi olan bu şeyləri məhv etməyə gücüm yoxdur…

kafka1Bu dediklərim əlbəttə ki, mübaliğədir və dostlarıma qarşı kəsərsiz bir hücumdur. Həqiqətdə isə mən o qədər pozğun bir həyasızam ki, bu şeyləri nəşr etməkdə onlara kömək də göstərirəm. Şəxsi miskinliyimə bəraət qazandırmaq üçün mən yan-yörəmi əslində olduğundan qat-qat güclü təsvir edirəm. Əlbəttə ki, bu, yalandır. Mən axı hüquqşünasam. Elə ona görə də şərdən qaça bilmirəm”.

Frans Kafka niyə onun yazdıqlarını məcburən çap etdirməyə çalışan dostuna həmin əsərləri yandırmağı vəsiyyət edir? Bəlkə əslində onların yandırılmağını istəmirdi?! Axı əslində insan yandırmaq, məhv etmək istədiyi heç bir qeydi, yazını, gündəliyi heç kimə, ən yaxın dostuna belə həvalə etmir. Şəxsən özü yoxa edir.

3.Kafkanın tənqidçisi, alman ədibi Roland Reuss vəsiyyətnamənin makinada yox, məhz qara qələmlə yazılmasını belə Kafkanın yazdıqlarının həyata keçirilməməsini istəməyi ilə əlaqələndirir. Çünki qara qələm vaxt keçdikcə korlana və o cümlələr istənilən formada yanlış anlaşıla bilərdi:

“Kafka şeytani oyun oynayırdı. Maks Brod da bunu onsuz da bilirdi, çünki Kafka Maksa bu əmri dostu yazıları yandırmadığına görə vermişdi. Yəni, Maks Kafka belə bir vəsiyyət yazmadan əvvəl də etiraz edib, çox böyük ehtimalla əsərləri yandırmayacağını bildirib. Necə də Kafkavaridir: Bir şəxsə əmr verilir, amma bu əmr elə formada deyilir ki, onun reallaşmağı qətiyyən mümkün deyil. İkinci vəsiyyətnamə şübhələri daha da artırır. Bir insanın son vəsiyyətnaməsinin iki ədəd ola bilərmi?”

4. Rolan Reussusun fikirlərini Kafka tədqiqatçılarından Ceyms Haves də təsdiqləyir və “Həyatınızı puç etməzdən əvvəl niyə Kafka oxumalısız?” kitabında yazır:

“Kafka vəsiyyətindəki heç bir cümləni ciddi yazmayıb. Hər iki vəsiyyətdə əsas fel “yandılırsın” sözünə qədər cümləni gülünc formada uzadır və bununla da ipucu verir. Kafka vəkil idi. Etibarlı rəsmi sənədin necə olduğunu və bu iki vəsiyyətnaməni hər ikisinin əslində etibarlı olmadığını bilirdi. Maks Brod ilk vəsiyyətnamədən sonra Kafkaya açıq şəkildə etiraz edib və bu əmri yerinə yetirməyəcəyini deyib. Bundan əlavə Kafka bilirdi ki, Maks Brod “ögey yazıçı” kimi əsərlərini ələ ala biləcək”. Yəni, lazımi düzəlişləri tamamlayıb o əsərləri çap edə biləcək. Bir sözlə, Kafka bu vəsiyyətlə əsələrini məhv yox, müdafiə edirdi.
Bu fırıldaq nəyə lazım idi? Yazının məqsədi, yaxud da belə addım atmaqda səbəbi nə idi?

Ağla ilk gələn versiya Kafkanın öz yazdıqlarından utanması idi. Onun əsərlərinin əksəriyyətində şəxsi həyatının, ailəsinin təsiri, onların prototipləri var idi. Nəzərə alsaq ki, “Qəsr”dəki Frida obrazı Milenaya, “Hökm” öz ailəsi və nişanlısı Felisaya həsr olunub,  onda düşünmək olar ki, Kafka bunlardan xilas olmaq istəyib, amma cəsarəti çatmayıb. Yanouxla söhbətlərindən daha bir misal:

“Maks Brod, Feliks Velç və başqa dostlarım bu yazıları məndən zorla qoparırlar, sonra da hazır nəşriyyat müqaviləsi ilə məni çıxılmaz vəziyyətdə qoyurlar. Mən onların kefinə soğan doğramaq istəmirəm və iş axırda mənim son dərəcə şəxsi olan qeydlərimin, ya da belə deyək ki, şəxsi əyləncələrimin nəşrinə gəlib dirənir. Mənim bir insan kimi, bir fərd kimi acizliyimin şəxsi dəlil-sübutları çap olunur və hətta satılır da…”

Yazıçının bu addımı ilə bağlı həqiqətə ən yaxın, ən məntiqli izahı isə yenə Ceyms Haves verir. “Həyatınızı puç etməzdən əvvəl niyə Kafka oxumalısız?” kitabında yazır:

“Kafka bu vəsiyyətini yazanda həyatının hər sahəsində necə edirdisə, elə davranırdı: O, ciddi niyyəti olmayan, başqalarının istəklərinin oyuncağına çevrilmiş adam idi. Bu da o deməkdir ki, nəticələrin məsuliyyətini heç vaxt o özü daşımayacaq. Öz hekayəsini davam etdirmək üçün ən vacib qərarı başqasının öhdəsinə buraxırdı”.

Kafkanın vəsiyyəti, əsərlərini yandırmağı tapşırmağı ona az qala elə yazdığı əsərlər qədər maraq qazandıran detaldır. Onu daha da sirrli, əlçatmaz edən bu vəsiyyət əslində Kafkanın öz qərarsızlığı,özünə əminsizliyinin təzahüründən başqa bir şey deyildi. Çünki o çox yaxşı bilirdi ki, Brod o yazıları heç vaxt yandırmayacaq.

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10