Fuad Poladov – 70

220 Baxış

33032564_1787848271277910_372185270117728256_n

 

Əzbər qalmaq istəyirəm, kiminsə yadında

Bəyənilmək, sevilmək istəyirəm.

İstəyirəm dəlicəsinə

Şair kimi yox, yaddan çıxmayacaq şeir kimi…

Vaqif Səmədoğlu

Yaddaşımızda ən gözəl şeir kimi əzbər qalan böyük sənətkar, gözəl insan FUAD POLADOVun 70 illiyinə, əziz və işıqlı xatirəsinə…

Fuad Poladov haqqında keçmiş zamanda danışmaq olduqca ağırdır…

Hələ bir də, əgər onunla dostluq tellərin, bağın olubsa bu ikiqat dərd, ələmdir sənin və xatirəvi yaddaşın üçün.

Mən onu uşaqlığımdan həp televiziya tamaşalarından gördüm, tanıdım, sevdim. Yaratdığı müsbət obrazlarda onu sevdik, mənfi obrazlarda isə nifrət etdik. Əslində bu məhəbbət və nifrətin kökündə bir aktyor kimi Fuad Poladovun bütünləşmiş, qeyri-adi istedadına duyulan heyranlıq dayanır. Bu hər aktyora nəsib olan xoşbəxtlik deyil. Uşaqlığımda da, indi də Fuad Poladov mənim əlçatmazım idi… Onunla şəxsən tanış olacağımı, canlı söhbətlərində bulunacağımı isə heç ağlıma da gətirə bilməzdim…

Günlərin bir günündə bir möcüzə baş verdi. 2007-ci il 18-24 aprel tarixlərində Ukraynada dəyərli iş adamı və dostum, “Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu”nun prezidenti İlqar Abbasovun Kiyevdə təşkil etdiyi Ukrayna-Azərbaycan ictimai-mədəni əlaqlərinin möhkəmlənməsi adına keçirilən, olduqca yüksək səviyyəli silsilə tədbirləri sayəsində Fuad müəllimlə şəxsən tanış oldum.

Bu gözəl tanışlığa səbəb olan, vətənpərvər, bacarıqlı iş adamı İlqar Abbasova indi nə qədər təşəkkür etsəm azdır. Tədbirlərin təşkilat komitəsində mən də var idim.

Yazıçı Anar, Elçin Hüseyinbəyli, Rəşad Məcid, şair Vaqif Bəhmənli, Səlim Babullaoğlu, gözəl tərcüməçi Siyavuş Məmmədzadə, məşhur diktor Rafiq Həşimovo və FUAD POLADOV bu tədbirlərin ağırlıq mərkəzləri idi.

Fuad müəllimi “Kiyev” otelinin foyesində gəzişərkən gördüm və görüşmək üçün tələsik addımlarla ona yaxınlaşdım. Bu, bizim ilk görüşümüz olacaqdı. Çox səmimi görüşdü mənimlə. Qucaqlaşdıq, həyəcanlı idim, hiss etməmiş deyildi bunu. Sanki neçə illərin tanışıymış kimi görüşdü. Necə kibar, incə bir insandı, İlahi!..

Oturduq, söhbətləşdik və mən gerçəkdən ovsunlandım bu söhbətlərdən. Yaşım otuzu keçsə də uşaq kimi sevinirdim. Tədbir boyunca aramızda əməlli-başlı bağ yaranmışdı, bir həftə demək olar ki, hər gün görüşdük. Hərdən onu bezdirərəm kimi hisslərə qapılsam da, onun “Əzizim Mamed! (mənə həmişə bu cür müraciət edərdi ki düzü, bu səmimiyyətdən həzz alırdım -M.İ.) Mənimki səninlə tutur, yanımdan ayrlmayasan!” sözlərinə görə çox sevinmişdim. Mənəviyyatımı bu gözəl və dolu insanın etkiləyici səsi, karizmatik davranışları ilə doyurmaq üçün əlimə gözəl bir fürsət düşmüşdü. İçimdən gələn ən gözəl duyğularımı Fuad müəllimə bildirir, suallarımı verirdim. O da bu sualları yorulmadan, usanmadan cavablandırır, arada dalğın üz cizgilərinin və uzaqlara dikilən baxışlarının yaratdığı gözəl pauzalarıyla məni heyran edirdi…

Bir gün Fuad müəllimə məni çox düşündürən bir sual vermişdim: “Oynadığı ‘Fatehlərin divanı’ tamaşasında Əmir Teymur obrazını yaradarkən gerçək Əmir Teymurun yuxusuna gələrək ya da xəyali olaraq ona pıçıldadıqları bir şeylər olmuşdumu?” Çünki bunsuz o cür Əmir Teymur oynamaq əsla mümkün deyildi. Fuad bəyin cavabı sadə olmuş, “Yaratdığın obrazların özü olacaqsansa bu alınacaq. Mənim üçün əlbəttə çətin idi, çünki o rolun məndən öncə Yusif Vəliyev, Hamlet Xanızadə kimi böyük ifaçıları var… Qalanı artıq tamaşaçının təqdiridir…” söyləmişdi. Hətta bu tamaşa ilk dəfə TV ekranına çıxanda gecənin yarısında heç tanımadığı bir hərbçi polkovnikin necə böyük həyəcanla evinə telefon etməsini, tamaşadan və özəlliklə də Əmir Teymur rolundan necə dərindən etkiləndiyini anlatmışdı. Fuad müəllimin unutmadığı o polkovnik torpalarımızı azad etmək üçün ruhumuzu özümüzə qaytarmağın tək yolunun bu cür milli tamaşa və ifalar olacağını da vurğulamışdı. Fuad Poladov sənətin böyük təsir gücündən yararlanmağımıza ehtiyac olduğunu söyləyən belə həssas tamaşaçı-vətəndaşların varlığından mutlu olduğunu o söhbətimizdə mənə demişdi.

Moskvada teatr səhnəsindəböyük rus yazıçısı, Nobel mükafatçısı İ. A. Bunini canlandıran o möhtəşəm rolundan, oyunun sonunda rus tamaşıçılarının ayağa qalxıb alqışlamasından, “Bunin obrazı məhz bu cür oynanır!” heyranlığını dilə gətirən rus teatrşünaslığı ve teatr tənqidindən, bizdəkindən fərqli olaraq ağzınacan dolu olan rus teatr tamaşa zallarından danışan Fuad Poladovun bu doyumsuz söhbətlərinin sehrində adətən ovsunlanmışdım…

… Geniş tədbirimiz “Kiyev” otelinin salonunda bədii-musiqili tərtibatda məşhur diktorumuz Rafiq Həşimovun aparıcılığıyla baş tutdu. Bu tədbirdə kimlər yox idi ki, Ukrayna Yazıçılar İttifaqının sədri İvan Draçdan tutmuşAzərbaycanı bizim qədər sevən yazıçı,ədəbiiyatşünas Dmitro Stusadək bütün mədəniyyət və incəsənət xadimləri, dövlət erkanı orada idi. Tədbir boyunca diqqətimi ən çox çəkən məqam isə Ukrayna mədəniyyətinin bütün görkəmli adamlarının Fuad Poladova olan inanılmaz ilgisiydi. Ukraynalılar bu karizmatik sənətkarımızı dövrəyə alıb onun sənət və həqiqət dolu maraqlı söhbətlərindən doymurdular. Fuad müəllimin mükəmməl rusçası bu söbətlərə ayrı bir rəng qatırdı. Bu ziyalı insanın yüksək teatral səs tonu, intellektual potensialı, heyrətamiz fəlsəfi dünyagörüşü dinləyicilərini ovsunlayırdı. Adını unutduğum çox gözəl bir Ukrayna aktrisasının böyük bir heyranlıqla ona “Fuadçik, ya vas obajayu!” sözlərini öz qulaqlarımla eşidəndə gözlərim dolmuş, Fuad Poladov kimi bir dahinin fərqində olmayan Azərbaycanlı soydaşlarıma təəssüf etmişdim. Ukraynalı aktrisanın gözlərindəki qadın və məsləkdaş heyranlığını görməmək imkansızdı. Bu xanımın sənətkarımıza duyduğu pərəstişin gur işığını -istəsəm belə- heç zaman unutmayacağam… Tədbirin təşkilatçısı olan Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu, onun prezidenti İlqar Abbasov və vitse-prezidenti Azər Abbasovun təsis etdikləri ən yüksək “Nizami Gəncəvi Mükafatı”na layiq görülənlərdən biri də Azərbaycanın Xalq Artisti Fuad Poladov olmuşdu.

Tədbir zamanı dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Sənsiz” romansını dinləyərkən Fuad Poladovun qulağıma pıçıldadığı “Mamed, əzizim, bu əsər məhz böyük Nizami ilə dahi Üzeyirin sənət vəhdətindən yarandığı üçün belə gözəl musiqi harmoniyasına hakimdir.” sözlərini unutmaq olarmı?! Bu gün haqq dünyasında olan Fuad Poladovla keçirdiyimiz o gecə tək sözlə möhtəşəmdi… Heç unudulmayacaq və xatirəsi yaddaşımda çox dərin izlər buraxan bir gecə…

Növbəti gün Kiyevin məşhur kinoteatrlarının birində Fuad Poladovun da rol aldığı “Əlvida, Cənub şəhəri!” filminin Ukrayna dilində prezentasiyası oldu. Bu film hər kəs, xüsusilə də Ukraynalı tamaşaçılar tərəfindən olduqca geniş bir maraqla qarşılandı.

Bir həftə davam edən bu görüşlər zamanı Fuad müəllimlə olan bu tanışlıq gözəl dostluq münasibətlərinə çevrildi ki, bunu da ömrümün ən mənalı səhifələrindən hesab edirəm. Bakıya döndükdən sonra onun bir televiziya efirində verilişindəki iştirakından çox təsirlənmişdim. Həmən telefon etmiş, xoş həyəcanımı “Efirdə heç bir siyasətçinin deyə bilmədiklərini Siz intellektual olaraq ən üst səviyyədə nümayiş etdirdiniz, sənətinizi əsl ziyalı şəxsiyyətinizlə bütünləşdirdiniz!” sözlərimlə bildirmişdim. Fuad müəllim mütəvazi və doğma səs tonuyla mənə “Mamed can, mən nə etdim ki, sadəcə adi həqiqətləri dedim, vəssalam!” cavabını vermişdi…

Fuad Poladov alçaqkönüllülük edib belə desə də biz toplum olaraq heç bir zaman həqiqətləri onun kimi deyə bilmədik. Onun kimi cəsarətli ola bilmədik nə yazıq ki… Bu isə kütlə ilə FUAD POLADOV arasındaki ən böyük fərqdi… Məsləkdaşları ilə Fuad Poladov arasındakı Sənətkar fərqi, vətəndaşları ilə Fuad Poladov arasındakı Şəxsiyyət fərqi…

Hər doğum günündə onu təbrik etməyin planlarını qurardım uşaq sevinciylə. Söhbətlərimiz çox səmimi keçirdi. Olduqca həssas və diqqətcil idi. Balaca oğullarım Atabəy və Alpərtunqanı həmişə xüsusi soruşar, “öp onları mən əvəzdən!” deyərdi… Və Fuad Poladovun 70-ci doğum günündə bütün bunların bir daha ola bilməyəcəyini düşünəndə böyük bir kədərə qərq olur, boğuluram. Elə ölümlər var ki, onlarla barışmaq olmur ki olmur – Fuad Poladovun ölümü kimi… Şəxsən mən bu ölümlə barışmayacağam… Hər dəfə Fuad müəllimə zəng edəndə telefonun o başından hamımıza doğma olan məşhur səs tonuyla “Ooo Mamed, sənsən əzizim?! Necəsən?”lə başlayan telefon söhbətimizin bir daha olmayacağını qəbul edə bilməyim üçün uzun bir zamana ehtiyac olacaq… Çünki,

AZƏRBAYCAN SƏHNƏSİNDƏ, İCTİMAİ-MƏDƏNİ HƏYATINDA ŞƏXSİYYƏTİNƏ, ƏXLAQINA VƏ DAVRANIŞLARINA MƏFTUN OLDUĞUMUZ İKİNCİ BİR FUAD POLADOV OLMAYACAQ…

Bu doğum günündə bir şeirin misralarındakı kimi əli qoynunda lal qalacaq telefon, mərhum Vaqif Səmədoğlunun bir şeirində olduğu kimi:

Telefon nömrələri

Oxşamaz bir-birinə;

amma hamısında

insan səsi… 

Günlər

oxşamaz bir-birinə:

biri yaxşı,

biri pis.

Pis günlər

oxşamaz bir-birinə:

birində özün susarsan,

birində telefon…

 

Hazırladı: Məhəmməd İsrafiloğlu

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10