Füyuzat jurnalı Senet.az səhifələrində

44 Baxış

1461995_729898583689625_1037264937_n

Əziz oxucular! Senet.az saytı bu il “Füyuzat” jurnalının nəşr olunmasının 100-cü ildönümü münasibətilə jurnalın səhifələrində çap olunan yazıları dəyərli oxucu auditoriyasına çatdırmağı özünə borc bilir. “Füyuzat” jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub.”Füyuzat” jurnalı bir il ərzində 32 sayı işıq üzü görüb.  Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru  Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur.

Azərbaycan Xaq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

“Füyuzat” jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı. Çar Rsiyasının monarxizmi və müstəmləkəçilik əleyhinə mübarizə aparan “Füyuzat”çılar rus inqilabçı-demokratları, türk tənzimatçıları, İran məşrutəçiləri və başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə islahatların-reformaların aparılmasını məqsəd bilirdi. Bu mənada “Füyuzat” və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə belə təsnif etmək olar: türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək), azərbaycançılıq; demokratik axtarışlar; neoromantik ədəbiyyatın yaradılması; füyuzatçı jurnalistika məktəbinin təsisi; dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması. “İttihad və tərəqqi” ideyasını yürütmək və Turançılığı təbliğ etmək, ictimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması, yenilikçilik hərəkatını gücləndirmək, söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və s.

“Füyuzat” və füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri sırasında qeyd etmək vacibdir ki, onlar ənənəvi epiqon-birtipli düşüncə tipindən imtina edir, yalnız “köhnə müsəlman” (M.Ə. Sabir) olaraq qalmır, Şərq və Qərb elmi-nəzəri fikri, ədəbiyyat və mədəniyyətləri arasında sərhədlər çəkmir, əksinə, onların dialoquna meydan açırdılar. Bu və digər səbəblərdəndir ki. Ə. Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir.