“Füyuzat”ın iki yazarı haqqında qeydlər

21 Baxış

1

Azərbaycanın tanınmış alimi və ictimai xadimi, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyevin müəllifliyi ilə 2017-ci ildə ictimaiyyətin diqqətinə daha yeni və sanballı elmi töhfə çatdırıldı. 

Yeni fakt və sənədlər əsasında qələmə alınmış professor Vilayət Quliyevin “Füyuzat”ın iki yazarı” adlı monoqrafiyasının ön sözünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmlidir. Zəngin arxiv mənbələrinə istinad olunan monoqrafiyada “Füyuzat”ın fəal yazarlarından olan Krım türkü Asan Səbri Ayvazov (1878-1938) və Anadolu türkü Əhməd Kamal Akünalın (1873-1942) həyatı və fəaliyyəti haqqındadır. Aka-demik İsa Həbbibəyli “Füyuzat”ın iki yazarı” adlı monoqrafiyasını yazdığı ön sözdə yüksək qiymətləndirir: “Tədqiqatçı-səfirin haqqında bəhs etdiyi şəxsiyyətlərə dair Azərbaycanla yanaşı, xarici ölkələrdəki arxivlərdə və kitabxanalarda saxlanan nadir sənədləri, naməlum dövri mətbuat materiallarını, əlyazmalarını, epistolyar irsi üzə çıxarması, sistemləşdirməsi, təhlildən keçirərək ayrı-ayrı talelərin bütöv obrazını yaratması elmdə, ictimai fikrimizin inkişafına da, son nəticədə ölkələrarası münasibətlərin möhkəmləndirilməsinə də sanballı xidmətdir”.

Kitabda professor Asif Rüstəmlinin redaktorluq zəhməti də özünü göstərmişdir. Belə ki, kitabın üslubunda kənara çıxmalara rast gəlinmir, əksinə araşdırmanın elmi üslubunda, nəticələrində fikir aydınlığı özünü dəqiq şəkildə bildirir. Monoqrafiyadakı tarixi faktlar və sənədlər müəllifin çoxillik axtarışlarının, o cümlədən, Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetinin professoru kimi çalışdığı illərdə əldə etdiyi materialları əsasındadır. O, monoqrafiyada konkret arqumentlərə əsaslanaraq Krım türkü Asan Səbri Ayvazov və Anadolu türkü Əhməd Kamal Akünalın “Füyuzat” jurnalındakı fəaliyyətlərindəki ziddiyyətlərə, paradoks doğuran məqamlara ilk dəfə aydınlıq gətirmişdir.

Müəllif hər iki yazarın yaradıcılığından əvvəl onun həyatı haqqında oxucuya məlumat verir. Bununla da yazarın ümumi real portretini oxucu təfəkküründə canlandırır. Monoqrafiyada ən çox diqqəti çəkən məqam müəllifin araşdırmalardakı dərin analitik-müqayisəli təhlilləridir. Mənim nəzərimdə, professor V.Quliyev malik olduğu titullar, tutduğu vəzifə və statuslardan başqa özünəməxsus analitik sistemli təhlillər müəllifi olan demokratik araşdırmaçıdır. Onun demokrat kimi səciyyələndirən cəhət hadisələrə birtərəfli mövqedən yanaşmamasıdır. O, heç vaxt mənfi və müsbət rəylər qarşıdurmasında oxucuda çaşqınlıq hissi oyatmağa imkan vermir. Konkret arqumentlərlə, arxiv materialları, mətbu nümunələri fakt kimi göstərərək doğru nəticə çıxarmaq uğrunda analizlər aparır.

Asan Səbri Ayvazovun publisistikasında yer alan ictimai gerilik, azadlıq ruhu, emanisipasiya məsələsi, passivlik dönəmlərinə aydınlıq gətirir. Professor V.Quliyev A.Səbrinin “Nədən bu hala qaldıq” pyesi dramaturji strukturu baxımından zəif adlandırır. Eser partiyasının sıralarına daxil olmuş, Stolıpin irticası zamanı 1907-ci ildə həbs olunan A.Səbri Tareya quberniyasına sürgün olunmuş, sonra Qahirəyə gəlib təhsilini davam etdirmişdir. Professor V.Quliyev A.Səbrinin Misirə təhsilini davam etdirmək məqsədi ilə deyil, məhz İsmayıl Qaspıralının xahişi ilə getdiyi fikrini irəli sürür.

Professor V.Quliyevin monoqrafiyada ən çox dayandığı məsələ onun Krımda Milli Direktoriyada fəaliyyət göstərən zaman Asan Səbrinin həbs olunan zaman Yusif Vəzirlə münasibətini təkzib etməsi, hətta onu Atatürk casusu adlandırmasıdır. Asan Səbri “Krımda milli hərəkatın tarixi” kitabının “Azərbaycan nümayəndələri Krımda” bölümündə, xüsusilə bu mövzuya toxunmuşdur. O, Yusif Vəziri “proletar yazıçı”, fransız agenti adlandırmaqdan da çəkinmir.

Professor V.Quliyev bu məsələyə də demokratik prizmadan yanaşmış, faktlara müraciət etmişdir. Çünki NKVD zindanında donos janrının aktual hesab edən müəllif öz mübarizə yoldaşını qamçılamasına analitik müstəvidən yanaşır. Y.Vəzirov İstanbulda (1919) diplomatik səfir işləyən zaman çap olunan “Millət” qəzetində A.Səbrinin yazılarında araşdırır. Belə qənaətə gəlir ki, o zamanlar Asan Səbri Y.Vəziri ifşa etməmişdir. Professor V.Quliyevin fikrincə Asan Səbrinin donosları Y.Vəzirlə kifayətlənməmiş, hətta professor Bəkir Çobanzadəyə ünvanlanmışdır.

Asan Səbrinin siyasi əqidəsinin dəyişərək SSR-nin tərəfinə keçməsi onun aqibətini 1938-ci ilin Krım tatar mədəniyyətini milli ziyalılarından olan Hüseyn Bodanalı, Abdulla Lətifzadə, İlyas Tarkan və başqalarının siyahısına daxil edildi. Müəllifin fikrincə, zamanın siyasi təsirinin çaşdırıcı burulğanına düşən Asan Səbri Krım türklərinin lideri kimi üzüağ dünyadan köçən Cəfər Seyidəhmədin doğru məsləhətinə qulaq assaydı, onun həyat amalı, düşüncə tərzində xaos yaranmazdı.

Professor V.Quliyev Əhməd Kamalın xatirələrini bəzən əsassız sayır, Osman Erginin tədqiqatlarına istinad edir. Əli bəy Hüseynzadə 1906-cı ildə Bolqarıstanda böyük sıxıntılar yaşayan Ə.Kamalı qələm həmrəy yoldaşı bilib Bakıya dəvət edir. Ə.Kamalın “Füyuzat” yazarlığında davam edən 5 aylıq təkəbbürlü fəaliyyəti müəllifin nəzərində Azərbaycan ədəbi fikrində ciddi təsiri olmamışdır.

Əslində, Əhməd Kamal “Füyuzat” jurnalının həyatında müsbət rol oynamadı. Professor V.Quliyevin fikrincə, əksinə Ə. Kamalın publisistik fəaliyyəti jurnalın qapanmasını surətləndirdi. Jurnalın fəaliyyətinə son qoyan digər səbəb də vardı. Belə ki, Bakı milyonçusu H.Z.Tağıyev şiə və süni məzhəbi arasındakı qarşıdurmanı aradan qaldırmaq məqsədi ilə dörd min altun qiyməti olan daş-qaşla bəzədilmiş “Quran” kitabını Sultan Əbdülhəmidə hədiyyə etmişdi. Sultan Əbdülhəmidin Tağıyevin “Füyuzat”da ona sataşdığını qeyd edir. Sultan Əbdülhəmidi hiddətləndirən onun qatı düşmənləri Midhət Paşa, Əli bəy Abdulla Cövdət, Namiq Kamal, Əli Süavi, Racizadə Mahmud Əkrəmin, Tofiq Fikrətin portretlərini “Füyuzat”ın üz qabığında verilməsi idi. Sultanı təhqir edən Əhməd Kamalın fəal iştirakı sultanın səbr kasasını daşdırdı. Beləliklə də, 32 nömrəsi çıxan “Füyuzat” Tağıyev tərəfindən maliyyələşdirilmədiyindən bağlanır. Sonralar Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olan Ə.Kamalın təhsilə gətirdiyi yeniliklərini professor V.Quliyev qəzetçilik yaradıcılığından üstün görür. Ə.Kamal həbsdə olan zaman realizm poeziyasına keçid etmiş və yaradıcılığında dili sadələşmişdi. Ə.Kamal ömrünün sonlarına yaxın Türkiyədə kiçik məmur kimi çalışmış, həyatdan küsmüş, əsərlərində Azərbaycanla bağlı səhnələr yer verməmiş, azərbaycanlı mühacirlərlə əlaqə saxlamamışdı.

Ancaq professor V.Quliyev yenə demokratik mövqedən yanaşaraq Ə.Kamalın “Füyuzat”dakı ədəbi tənqidi yaradıcılığını zəif qiymətləndirsə də, poeziyaya gətirdiyi yenilikləri, Şekspirin təsiri ilə Sonetin ilk nümunəsini yaratdığını qeyd etmişdir. Müəllif Ə.Kamalın tənqidi yaradıcılığında dövrün ədəbi mühitinin əhatəli əksini tapmadığını vurğulayır. Professor V.Quliyev Ə.Kamalın Avropada 46 günlük bir səyahət məqaləsinə (“Avropalılarla anlaşalım” məqaləsi) istinad edərkən onun millətin qısa intibahında mətbuatın rolunu yüksək dəyərləndirməsini alqışlayır. Müəllifin demokratik mövqeyi Əhməd Kamal və İbrahim Tahir Musayevlə olan münasibətində göstərir. Ə.Kamal Qarabağın məşhur şairi İbrahim Tahirə qərəzli münasibət bəsləmişdi. Professor V.Quliyev ilk öncə İbrahim Tahirin yaradıcılığını tədqiq edir, mənfi və müsbət tərəfləri göstərir. Belə qənaətə gəlir ki, İbrahim Tahir Musayev ona etikadan kənar yazılar yazan Əhməd Kamala ədəb və mərifət dairəsində davranmışdı.

Professor V.Quliyev yeri gəldikcə müəyyən faktlara aydınlıq gətirmək məqsədi ilə həmin dövrün digər mətbuat nümunələrinə də müraciət edir. O, Asan Səbri ilə  bağlı araşdırma aparan zaman Metin Kayahan Özgülün araşdırmalarına, “Millət” qəzetinə, Əhməd Kamalla bağlı isə 1906-cı ildə çap olunan “İctihad”, “Doğru söz” mətbu orqanlarına istinad edir.

XX əsrdə “Füyuzat” jurnalı türkçülük ideyalarına əsaslanaraq aktual problemlərə təmas göstərir, Əli bəy Hüseynzadənin irəli sürdüyü ortaq türk dil siyasəti ilə Şərqin elitar Osmanlı türkcəsinin inkişafı üçün gərgin və ardıcıl mübarizə aparırdı. Jurnalın baş redaktoru Ə. Hüseynzadə ilə Asan Səbri və Əhməd Kamalı bir araya gətirən ortaq mübarizə də bu idi.

Ümumiyyətlə, professor V.Quliyevin “Füyuzat”ın iki yazarı” adlı monoqrafiyası gələcək ədəbiyyatşünaslar, mətbuat tarixi araşdırmaçıları və türkoloqlar üçün əhəmiyyətli elmi mənbədir.

Aynurə Paşayeva

KÖŞƏ YAZARLARI
TOP 10