Füzuli qəzəlləri “Qurani-Kərim”in işığında – Akif Məmmədov

177 Baxış

Məmmədov_Akif

“Qurani-Kərim” təkcə Azərbaycan klassik ədəbiyyatına deyil, bütün dünya ədəbiyyatına, bədii fikir tarixinə dərin təsir etmişdir. Saysız-hesabsız ədəbi nümunələrdə Müqəddəs kitabın motivləri bu və digər dərəcədə öz əksini tapmışdır. Təkcə bir faktı qeyd edək ki, “Yusuf” surəsinin təsiri ilə onlarla epik əsərlər yaradılmış, lirik nümunələrdə bu surədəki Yusif və Züleyxa obrazlarından simvol kimi istifadə edilmişdir.

M. Füzuli  öz dövrünün səviyyəsində yüksək dini və elmi biliyə sahib olmuşdur.  Ədibin Mövlana və ya Molla adlandırılması da məhz bununla əlaqədardır. “Mətləüd-etiqad”, “Hədiqətüs-süəda”, “Həft cam”, “Rindü Zahid” kimi əsərlərində şair  dini-fəlsəfi görüşlərini ifadə etmiş, biliyin vacibliyi, növləri, üsulları, dünyanın mənşəyi, insan və onun yaranışı və mahiyyəti, İslam tarixi haqqında fikirlərini ustalıqla ifadə etmişdir. Heç şübhəsiz, M. Füzuli İslami dəyərlərə dərindən bələd olan biri və həm də bu dəyərləri  yayan şəxs idi. Nəinki fəlsəfi əsərlərində, epik-bəddii yaradıcılığında, lirikasında da biz bunun dönə-dönə şahidi oluruq. Şairin lirik əsərlərində “Qurani-Kərim”in ayələrindən bəhrələnmək bir neçə istiqamətdədir:

Sözün təsirini artırmaq, yüksək obrazlılığa nail olmaq üçün böyük sənətkarlıqla bədii təsvir və ya ifadə vasitələri yaradılır. Aşağıdakı beyt  Müqəddəs kitabdakı “Ta ha” və “Şuəra” surələrində Musa peyğəmbərin əsası ilə dənizi yarması hadisəsinə işarə edir: “Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru yol aç. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!”(– deyə) vəhy etdik” (“Ta ha” surəsi, 77-ci ayə); “Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu (“Şuəra” surəsi, 63-cü ayə).

Navəkin gör kim, yarub əşkim, tutar göz pərdəsin,

Ey deyən Musa əsası qəti-dərya etmədi

Şair yaşla dolu gözlərini dəryaya  bənzətməklə həm təşbeh, həm də mübaliğə yarada bilmişdir. Gözəlin kirpikləri (navək) Musa peyğəmbərin əsası kimi sanki dəryanı yarıb aşiqin göz pərdəsin tutur. İkinci misradakı “Ey deyən Musa əsassı qəti-dərya etmədi” (Ey Musa peyğəmbərin əsasının dəryanı yarmadı deyən) müraciəti də Qurandakı məlum hadisəni nəzərdə tutur.

Dil ki bir dilbərə sərmənzil idi, ahimilə

Yelə verdim, adını təxti-Süleyman etdim.

Beytdəki Süleyman peyğəmbərin adı “Qurani-Kərim”in “Bəqərə”, “Nisa”, “Ənam”, “Ənbiya”, “Nəml”, “Səba” və “Sad” surələrində çəkilir. Allah-təalanın peyğəmbərliklə yanaşı, sələtənət, hökmranlıq  bəxş etdiyi insanlardan biri də Hz. Süleymandır və Azərbaycan ədəbiyyatında “təxti-Süleyman”, “Süleyman mülkü”, “Süleymana qalmayan dünya” kimi ifadələr də bu adla bağlıdır: “Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) tərifləmələri üçün (ona) ram etdik. Bunları Biz etdik” (“Ənbiya” surəsi,79-cu ayə)

Şair sevgilisinə “sərmənzil” etdiyi ürəyini Süleyman taxtına bənzədir və deyir ki, həmin taxtı ahimilə yelə verdim. Göründüyü kimi, burada da M. Füzuli ayədən bəhrələnərək həm mükəmməl təşbeh, həm də mübaliğə yarada bilmişdir.

Muri-mühəqqərəm ki, sərasimə çox gəzib,

Nagah bargahi-Süleymana yetmişəm

Beytin məzmunu: “Təhqir olunmuş, həqir qarışqayam ki, özbaşına çox gəzib təsadüfən Süleymanın sarayına rast gəlmişəm”. Nümunə aşağıdakı ayə və həmin ayənin təsiri ilə yaranmış dini rəvayətlə bağlıdır: “Nəhayət, onlar (Süleyman peyğəmbərin qoşunu – A. M.) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər” (“Nəml” surəsi, 18-ci ayə). Bu beytdə mühüm tərbiyəvi əhəmiyyəti olan aşağıdakı hədisin də təsirini görmək olur: Bir gün Süleyman peyğəmbər qarışqadan soruşur ki, bir ildə neçə buğda dənəsi yeyirsən. “Bir”, – cavabını alır. Hz. Süleyman bunu yoxlamaq üçün qarışqanı ağzı yarımçıq bağlanmış şüşə qaba salır və bir ildən sonra gedib görür ki, qarışqa buğda dənəsinin yarısını yemişdir. Səbəbini soruşduqda aşağıdakı cavabı alar: “Əvvəllər mənim ruzimi uca Allah verirdi. Mən də ona güvənərək buğda dənəsini bütöv yeyirdim. Ona görə arxayın idim ki, Allah-təala məni heç vaxt unutmaz və çarəsiz qoymazdı. Amma bu işi sənin elədiyini görəndə fikirləşdim ki, insandır, ola bilər, məni unudar və mən azuqəsiz qalaram. Bu səbəbdən buğdanın yarısını ehtiyat üçün saxladım”  Füzuli beytdə özünü qarışqaya, gözəli Süleyman peyğəmbərə bənzətməklə həm təşbeh, həm də litota yaratmışdır.

Bu qəmlər kim mənim vardır, bəirin başına qoysan,

Çaxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar

Beytin məzmunu: “Məndə olan qəmləri dəvənin (bəirin) başına qoysan, cəhənnəmdə olan kafirlər oradan çıxar, cəhənnəm əzabına düçar olmuş bu insanlar (əhli-əzab) sevindiklərindən oynar”. İlk baxışda birinci misra ilə (qəmlərin dəvənin başına qoyulması) ikinci misra arasında əlaqə yoxdur. Lakin M. Füzuli Müqəddəs kitabın bu ayəsinə isnad etməklə güclü mübaliğə yarada bilmişdir: “Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq” (“Əraf” surəsi, 40-cı ayə). Şair ayəədəki fikri öz bədii məqsədinə uyğunlaşdıraraq demək istəyir ki, məndə olan qəmlər o qədər ağırdır ki, onları dəvənin başına qoysalar, dəvə belə onu daşımaqda çətinlik çəkər, arıqlayar, nazilər, incələr və sap kimi iynənin gözündən keçər və onda da Allahın qoyduğu şərtə görə (dəvə iynənin gözündən keçməyincə) cəhənnəm əhli əzabdan xilas olar.

 Şair bu ya digər ayəyə isnad edərək, ondan bəhrələrək islami dəyərlərin mahiyyətini daha təsirli şəkildə oxucularına çatdırır. M. Füzuli insanları dünya malına aludə olmamağa, sadə keçinməyə, yaxşını pisdən ayırmağa, xeyir əməllərlə yaşamağa səsləyir və fikirlərində  Müqəddəs kitaba əsaslanır:

Ayırsın yaxşını pisdən bəni-adəm, – deyə xaliq

Nəsihətnamə şəklində bizə göndərdi fürqanı

(Fürqan – “Qurani-Kərim”in ikinci adıdır, hərfi mənası “ayıran”, “fərq qoyan” deməkdir). Bu fikrində mövlana Füzuli “Quran”ın aşağıdakı ayələrinə isnad edir: “Həqiqətən, biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz” (“Yusuf” surəsi, 2-ci ayə); “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir”(“Bəqərə” surəsi, 185-ci ayə); “Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu) mömin camaaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun” (“Nəhl” surəsi, 64-cü ayə)

Rəhimdən başlamış əqlə dolunca, hər bir insanın

Yetər ruzisi haqdan, lazım olmaz səyü tavanı

Nəsihətamiz məzmunu ilə diqqəti cəlb edən bu beyt isə “Qurqani-Kərim”in aşağıdakı ayələrindən qidalanır: “De: “Rəbbimizin nəyi haram etdiyini sizə oxuyum: ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatınan uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin gizlisinə də, aşkarına da yaxınlaşmayın” (“Ənam” surəsi, 151-ci ayə); “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin”(“Hud” surəsi, 6-cı ayə).

Şair “Quran” ayələrinə əsaslanaraq hər şeyin ötəri, keçici, insan övladının qəzavüqədər qarşısında aciz olduğunu,yalnız Allahın əbədiliyini deyir:

Xudadan qeyri acizdir hamı, fərz et Süleymandan,

O torpaq uddu kim, ona car idi fərmanı

Beytdə örnək üçün adı çəkilən hz. Süleymanın, yuxarıda qeyd etdiyimiz kimi, bir neçə ayədə adı çəkilir, vaxtilə onun fərmanında olan torpağın Süleymanı udmasından ibrət götürməyi məsləhət bilir. “Qurani-Kərim”də həşəmətli Süleymanın ölüm anı belə verilir: “(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü (cinlərə) ancaq onun əsasını yeyən bir ağacqurdu göstəri. (Süleyman ) yerəm yıxıldıqda cinlərə bəlli oldu…” (“Səba” surəsi, 14-cü ayə)

M. Füzuli “Qurani-Kərim”in aşağıdakı ayəsinə işarə edərək, insan övladını ayıq olmağa, düşmənin hiyləsinə aldanmamağa səsləyir: “Ey Adəm oğulları! Şeytan əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartığı kimi, sizi də aldatmasın” (“Əraf” surəsi, 27-ci ayə)

Əgər aqilsən, olma hiyləsindən qafil düşmənin,

Unutma Adəmi yoldan çıxardan məkri-şeytanı

Məlumdur ki, Adəm və Həvvanın Allah tərəfindən onlara qadağan edilmiş ağacın meyvəsindən yedikləri üçün Cənnətdən qovulmaları simvolik səciyyə daşıyır və əslində insanın nəfsinə qalib gəlməyi bacarması, nəfsinə qul olmamağı anlamındadır. Yuxarıdakı beytdə də “şeytan”, “düşmən” deyəndə  nəfs, tamah nəzərdə tutulur.

Aşağıdakı beyt də ibrətamizdir:

Çıxarsa qarşına hər şey, onu iynə kimi deş, keç

Ki, iynə saxlamış yoldan göyə qalxan

“Məsiha”  – “dirildən”, “həyat bəxş edən” deməkdir, hz. İsa nəzərdə tutulur. Beytin zahiri məzmunu belədir: Qarşına nə çıxsa, onu iynə kimi deş keç. Ona görə ki, iynə göyə qalxan İsa Məsihanı yoldan saxlamışdır. “Qurani-Kərim”ə görə İsa peyğəmbər Allah tərəfindən göylərə qaldırılmışdır: “O vaxt Allah dedi: Ey İsa!  Mən sənin həyatına son qoyub özümə tərəf qaldıracağam” (“Ali İmran” surəsi, 55-ci ayə). Bu və bu məzmunlu ayələrin təsiri ilə bir neçə dini rəvayət yaranmışdır. Haqqında söhbət gedən beyt məhz aşağıdakı hədislə bağlı izah edilmlədir: Goyə yüksələcəyi gün Hz. İsanın bir tası, bir darağı və bir iynəsi olur. Bir nəfərin əli ilə su içdiyini görür, tası ona verir. Sonra saçını əli ilə darayan adama rast gəlir, darağını da ona bağışlayır. Göyə yüksələn zaman dünya malından özü ilə yalnız cübbəsinə sancdığı iynəni aparır. Allahın əmri ilə mələklər onu axtararkən iynəni tapırlar. Bu səbəbdən (özü ilə dünya malı gətirdiyindən) cəza olaraq göyün yeddinci qatına yüksəldilmir, dördüncü (bəzi rəvayətə görə, üçüncü) qatında qalmalı olur. Beytin mənası odur ki, qarşına çıxan dünya malından (hər şeydən) qaç, onu iynə kimi deşib keç, özünü ona bulaşdırma. Çünki dünya malı olan adi bir iynə belə İsa-Məsihanın göylərə ucalmasına mane oldu.

Aşağıdakı beytlər Müqəddəs kitabdakı “Yusif” surəsində nəql olunan hadisələrə əsaslanır.

Zəmanə əhlinə bel bağlama hüsnü camalınla

Ki, Yusif hüsnünə qıldı həsəd namərd ixvanı

Şair var-dövlətinə, cah-cəlalına, zahiri gözəlliyinə aldanaraq təşəxxüs göstərənlərə müraciət edir ki, onlara çox güvənmə, çünki Yusifi də onun gözəlliyinə paxıllıq edən qardaşları (ixvan – qardaşlar) quyuya saldı.

Bir qul oğlanı könül mülkünə sultan etdim,

Misr idi, padişəhin Yusifi-Kənan etdim

Beytin məzmunu: Bir qul oğlanı (Yusifi) könül mülkünə sultan (hökmdar) etdim. Yusifi-Kənanı (“Kənan” – ərəbcə “quyu” deməkdir. Qardaşları tərəfindən quyuya salınmasına görə bu ad verilmişdir ) Yusifi Misirin padşahı elədim”. Burada şair könül mülkünü Misirə, sevdiyini Yusifə bənzədir. Quran ayəsi: “Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik” (“Yusuf” surəsi, 56-cı ayə).

M. Füzulinin qəzəllərindən seçilmiş aşağıdakı beytlərdə də fikrin daha təsirli və obrazlı çatdırılması üçün Müqəddəs kitabdakı bu və ya digər ayəyə istinad edilir.

Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,

Çün Məsihi-vəqtsən, can vermək asandır sana

(Aşiqə şövqünlə can vermək sənin üçün çətin deyil. Çünki zəmanənin Məsihisən, can vermək sənin üçün asandır).

“Qurani-Kərim”in bir neçə surəsində adı keçən İsa-Məsih peyğəmbər Allahın izni ilə ölüləri dirildir, xəstələrə şəfa verir:“İsrail övladlarının peyğəmbəri edər onu və o da belə söyləyər: “Açaram korların gözlərini, sağaldaram cüzamlıları. Allah-ın izniylə dirildərəm ölüləri.” (“Ali İmran” surəsi, 49-cu ayə)

Şair gözəlin İsa-Məsih kimi can bəxş etdiyini deməklə mübaliğə yaratmışdır.

Aşağıdakı beytlər də məhz bu ayələrlə bağlıdır:

Hər dəmindən min Məsiha zindeyi-cavid olur,

Sən edən izhari-əcazi Məsiha etmədi

Şair burada yuxarıdakı ayəyə isnad edərək mübaliğə yaratmışdır: Əgər İsa peyğəmbər ölülərə can verirsə, sənin hər anından min Məsihinin özü əbədi olaraq dirilir (zindeyi-cavid olur), sənin göstərdiyin möcüzələri İsa beyğəmbər belə göstərə bilmədi.

Can bağışlardı ləbin izhari-gövhər eyləyib,

Vurmadan İsa ləbi-canbəxşlikdən dəm hənuz

(Hələ İsa peyğəmbər can bəxş eləməkdən danışmayanda sənin dodaqların gövhərlər zahirə çıxarmaqla can bağışlardı)

Aşağıdakı beytdə isə Müqəddəs kitabın “Ali İmran” və “Maidə” surələrində İsa peyğəmbərin palçıqdan quş düzəldərək ona həyat verməsi hadisəsinə işarə edilmişdir:  “Allah demişdi: “Ey Məryəm oğlu İsa! Gildən quş şəklində bir şey düzəltmişdin. Mənim iznimlə üfləmişdin onu, iznimlə quş olmuşdu o.” (“Maidə” surəsi, 110-cu ayə)

Verər əmvatə ehya badə, guya kim, çıxıb hər gün

Salır feyzi-Məsiha badəyə xumxanə xəffası

(Badə ölülərə (əmvatə) həyat verər (ehya), elə bil ki, Məsih (İsa peyğəmbər) yarasanı (xəffas) diriltmək üçün şərab küplərinin saxlandığı yerdə (xumxanə) badəyə salır).

Dadlar qılmağa ol kafər əlindən, gecələr

Çıxar ahim göyə ta tuta Məsiha ətəyin

Yuxarıda qeyd etdiyimiz kimi, Müqəddəs kitabda Allah tərəfindən göylərə qaldırıldığından bəhs olunur “Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir” (“Nisa” surəsi, 158-ci ayə)

Şair deyir ki, ahımgecələr kafirlərin əlindən  göylərə yüksəlir ki, kömək üçün İsa-Məsihin ətəyindən yapışa.

Bu beyt də həmin ayədəki əhvalata işarədir:

Çox yetirmə göylərə əfğanım, ey kafir, saqın,

İncinər nagah Məsiha eşidib əfğanımı

Müqəddəs kitaba görə, insanlar bu dünyadakı əməllərinə görə Qiyamət günü (Həmin gün Şərq ədəbiyyatında “cəza günü” , “haqq-hesab günü”, “hesab günü” və ya “məhşər günü” də adlandırılır) cavab verəcəklər. Həmin gün günahkar bəndələrdən heç nə soruşulmaz və onlar üzücü əzaba düçar olarlar:  “Həqiqətən də, Allah ilə olan əhdlərini ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmaycaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır.Onlar üçün üzücü bir əzab vardır”(“Ali İmran”, 77-ci ayə); “Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır”(“Bəqərə” surəsi, 174-cü ayə). Aşağıdakı beytdə məhz bu ayədəki fikrə (Allah onları daçışdırmaz) işarə edilir:

Cəza günündə sorulmaz xətalar eylədiyin,

Yetər fəğan ilə mən verdiyim əzab sana

Beytin mənası budur ki, Qiyamət günü xəta əhlindən söz soruşulmadığı kimi, məşuqə də aşiqindən hansı xətalar etdiyini soruşmaz və ona əzab verər.

Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan

Kim, ol can döndərər cismə, bu, cismi ayırar candan

M. Füzuli “Qurani-Kərim”də ölülərin Qiyamət günü dirildiləcəyini xəbər verən  ayələrə işarə edərək hicran günü ilə məhşər gününü müqayisə edir və qiyamət gününün ölüyə can bəxş etdiyini (“can döndərər cismə”), ayrılıq (“hicran”) gününün isə can aldığını (“cismi ayırar candan”) söyləməklə bədii təzad yaratmışdır. Həmin ayələr bunlardır: “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.” (“Bəqərə” surəsi, 28-ci ayə); “Allahın həqiqi vədi kimi hamınızın dönüşü Onadır. O, məxluqu ilk dəfə yaradır, sonra onu (Qiyamət günü) yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın” (“Yunus” surəsi, 4-cü ayə); “De: “(Allaha) qoşduğunuz şəriklərdən eləsi varmı ki, (hər hansı bir) məxluqu ilk dəfə yaratsın, (öldükdən) sonra onu yenidən diriltsin?” De: “Məxluqu ilk dəfə Allah yaradır, sonra onu (Qiyamət günü) yenidən dirildir” (“Yunus” surəsi, 34-cu ayə) və s.

Səcdəgah etmişdi eşq əhli qaşın mehrabın,

Qılmadan xeyli məlaik səcdeyi-Adəm hənuz

Beytdə gözəlin qaşları mehraba bənzədilir. (Mehrab – məscidlərdə qiblə cəhətdəki divarda qayrılmış və pişnamazın önündə durub namaz qıldığı oyuq”. Beytin məzmunu: Hələ mələklər Adəmə səcdə etməzdən əvvəl eşq əhli sənin qaşlarını səcdəgah etmişdi. “Qurani-Kərim”in aşağıdakı ayələrində Allah-təalanın insanı yaratdığı və mələklərdən ona səcdə etmələri tələbi öz əksini tapmışdır: “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi” (“Bəqərə” surəsi, 34-cü ayə); “Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik” (“Əraf” surəsi,11-ci ayə); “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik” (“Kəhf” surəsi, 50-ci ayə)

Adəm idim, qürbi-dərgahında bulmuşdum qəbul,

Mənzilim cənnət, meyim kövsər, ənisim hur idi

Şair gözələ yaxın olarkən (“qürbi-dərgahında bilmuşdum qəbul”) özünü Adəmə, məskənini cənnətə, meyini Cənnətdəki bulağa (“kövsər”), dostlarını isə huriyə bənzədir. Beytdəki “kövsər” sözü müqəddəs kitabda bircə yerdə işlənir: “Həqiqətən, biz kövsəri sənə bağışladıq” (“Kovsər” surəsi, 1-ci ayə). Hur isə Cənnətdəki xidmətçilərdir və Müqəddəs kitabda tez-tez işlədilir. Beytin qaynaqlandığı “Quran” ayələrinə nəzər salaq: “Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız” (“Bəqərə” surəsi, 35); “Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız” (“Əraf” surəsi,19-cu ayə)

Yetmək olmaz ləfzi-canbəxşinlə ağzın sirrinə,

Vəhydir guya bu kim, mütləq ağız yox, var ləfz

Beytin məzmunu: can bəxş edən sözlərinlə (ləfzi-canbəxşinlə) ağzın sirrinə yetmək olmaz. Guya vəhydir ki, ağız yox, ləfz (kəlam, söz) var”. M. Füzulinin nəzərdə tutduğu vəhylər isə bunlardır: “Biz bir şeyi (yaratmaq) istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur” (“Nəhl” surəsi, 40); “O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar” (“Məryəm” surəsi, 35-ci ayə). Digər müqəddəs kitablarda da belə bir fikir var ki, Allah kainatı kəlamla, sözlə (“Ol” – “yaran”) yaratmışdır.

Hiç kim bilmədi təhqiq ilə ağzın sirrini,

Sirri-ğeybi nə bilir kimsə, xudadan ğeyri

“Qurani-Kərim”in bir neçə ayəsində buyurulur ki, bütün gizlinlər (qeyblər) və sirlər yalnız Allaha (Xudaya) agahdır. Nümunədə də məhz buna işarə edilmişdir:

 “Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir” (“Ta ha” surəsi, 7-ci ayə); “Göylərin və yerin qeybi Allaha aiddir” (“Hud” surəsi, 123-cü ayə)

Qəzəllərinin birində şair sözünü əvvəldən axıra kimi səbaya (meh, külək) müraciət edərək deyir :

Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin,

Təni-məhzunə candan, canə canandan xəbər verdin

Aşağıdakı beytdə isə səbanın “sözü” Allah tərəfindən nazil olan vəhy kimi dəyərləndirilir:

Sözünü vəhyi-nazil gər desəm, hiç küfr olmaz,

Cəhanı tutmuş ikən küfr, imandan xəbər verdin

Həmin qəzəlin  bu beytində isə səbanın Süleyman peyğəmbərin dənizdə hökmünün sona çatmasını (xatəmi-hökmü-Sülüeyman) xəbər verdiyi göstərilir:

Süleyman məsnədindən divi-gümrah rəğbətin kəsdin,

Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin

(Beytin məzmunu: Süleymanın taxtından azğın divin (cinin) rəğbətin kəsdin, dənizdə Süleyman hökmünün qurtarmasından xəbər verdin). Birinci misra Müqəddəs kitabdakı aşağıdakı ayə ilə bağlıdır: “…Rəbbinin izni ilə  cinlərin bir qismi onun qabağında işləyirdi. Onlardan kim ki, (Süleymana itaət etməyib) əmrimizdən çıxdısa, onu Cəhənnəm oduna düçar edirdik” (“Səba” surəsi,12-ci ayə) “Süleymanın taxtından (“Süleyman məsnədindən”) divin (cinin) rəğbətin kəsdin” deyəndə şair Süleymana tabe olmayan cinlərə işarə edir. Div sözü klassik ədəbiyyatda “heybətli və insanabənzər heyvan” və “insanlara pislik edən nəhəng cin” mənalarında işlənir “gümrah”  isə əslinə uyğun olaraq “azmış, yolunu itirmiş, azğın” mənasındadır.

“Ümumiyyətlə, Füzuli sənəti bütövlükdə özünün bədii ecazlarına görə Quran-a borcludur ki, bu məsələdə yeni araşdırmaların yaranacağı şəksizdir”

KÖŞƏ YAZARLARI
TOP 10