“Gəl gör, məni eşq neylədi…” – FOTOLAR

12 Baxış

showpic_el100 (1)

Eşq nədir? Əminəm, bu sualı kimə ünvanlasaq, hərə öz düşüncəsinə, mənəviyyatına uyğun, fərqli cavablar verəcək. 

Mən isə dünəndən sonra bu sual qarşısında sadəcə susmağı üstün tuturam. Çünki dünən bir qrup aktyor Azərbaycan Musiqili Teatrın səhnəsində bu sualı nəinki sözlə cavablandırdılar, hətta o cavabı göstərdilər də…

Söhbət böyük mütəfəkkir, humanizm carçısı, Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, ilahi eşq yolunda özünü axtaran mənəviyyat memarı Yunus Əmrənin həyatından bəhs edən “Yunus Emre – Aşka yolculuk” tamaşasından gedir. Bakı Yunus Əmrə İnstitutunun təşəbbüsü və ssenarisi ilə hazırlanan tamaşada institutun teatr klubunun üzvləri və azərbaycanlı professional aktyorlar rol alıblar.

Bu zamana qədər getdiyim teatrlar, tamaşalar içərisində ilki idi ki, əyləşməyə yer tapa bilmirdim. Halbuki gecikməmişdim. Teatrdakı izdiham artıq bir neçə dəqiqə sonra bizim bu səhnədə nələrlə qarşılaşacağımızın bir xəbərçisi idi. Tamaşaçıların böyük əksəriyyətini isə gənclər təşkil edirdi. Yunus Əmrə kimi bir şəxsiyyətə gənclərin marağı, sevgisi ayrıca sevindirici bir haldır.

İzdihamı birtəhər yarıb əyləşməyə yer tapıram və elə həmin an səhnədəki balaca bir araba diqqətimi çəkir. Araba sanki dil açıb pıçıldayır: “Mənimlə birgə 700 il öncəyə dönməyə – zamanda yolculuğa hazırsanmı?” Özümdən ixtiyarsız diqqət kəsilirəm və işıqlar sönür… Yunus Əmrə ilə birgə səfərimiz başlayır. Son ünvanımız isə bəllidir: EŞQ!

İlk səfərimiz Ərənlər kəndinədir. Camaatının əli işdən ayrılmayan bu böyük kəndin bir dənə də olsun qəbristanlığı yoxdur. Kəndin cavanlarından öyrənirik ki, burada insanlar ölüm deyə bir şeyi qəbul etməzlər, doğularlar, yaşayarlar və zamanı çatanda dönüşü olmayan bir səfərə çıxarlar. Onların yerinə isə başqaları doğular. Burada insanlar pislik, şər, qorxu, yalan nə olduğunu bilməzlər. Ancaq onların bilmədiyi o şər bir gün onları da haqlayar və bütün kənd faciə nəticəsində məhv olar.

Səfərimiz boyunca bizə bələdçilik edən Yunus Əmrə ilahiləri ecazkar bir aləm yaradır. Getdikcə bu ilahilər nəticəsində səhnə ilə zal arasındakı məsafə gözümüzün önündəcə yox olur. Artıq tamaşaçılar da bu səfərin bir yolçusuna çevrilir.

Gəlib çıxdıq Yunus Əmrənin mürşidi Tapdıq Əmrənin dərgahına. Artıq sorağında olduğumuz o eşqin qoxusunu bu mübarək insanın söhbətlərində duyuruq. “Könül dediyin bir ayna…Sevənlər özlərini orda görərlər…”- deyilən dərgahda Yunus Əmrə özünü tapır.

Tapdıq Əmrə deyir: “Leyladan keçmədən Mövlaya çatmaq olmaz”. Yunus Əmrə də burada Leylasını tapır- mürşidinin qızı Bacım Sultana aşiq olur. Tamaşa boyunca bu eşq nəticəsində onun təmizlənməsinin, saflaşmasının şahidi oluruq.

Səfərimiz uzandıqca uzanır – müxtəlif məkanlar, müxtəlif insanlar və nəhayət, illər sonra yenidən Tapdıq Əmrənin dərgahı. Ancaq bu dəfə ruhən daha saf, daha təmiz…

Tamaşa boyunca diqqətimi çəkən bir başqa nüans isə uşaqların oyunu olur. Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca aktyorları bu ağır, mənəvi cəhətdən insanı sarsıdan tamaşaya bir şirinlik, saflıq qatmışdılar. Hər bir uşaq öz rolunu elə dəqiqliklə, şövqlə oynayırdı ki, heyrətlənməmək mümkün deyildi.

Saat yarımlıq tamaşanın möhürü isə sonda Yunusla Bacım Sultanın kəbin səhnəsilə qoyulur. Sanki bu kəbin uzun, məşəqqətli, əzablı yolculuğdan sonra Yunus Əmrənin İlahiyə qovuşmasının simvolik göstəricisidir.

Beləcə, eşqə yolculuğumuz tamamlanır,

 işıqlar yanır və bizi o sirli-sehrli dünyadan real həyata dönmək məcburiyyətində qoyur. İnsanlara baxıram, hər kəsin çöhrəsində bir huzur, bir məmnunluq var, sanki özlərinin aşa bilmədikləri 700 illik bir məsafəni davamlı alqış sədaları ilə yarmağa çalışırlar. Hər alqış bir inamdır: bəlkə heç olmasa səsin sürəti ilə bu eşq yolçusuna yetmək olar deyə.

Öz təəssüratımı elə oradaca bir neçə nəfərlə bölüşür və həmsöhbətlərimin fikirlərini öyrənirəm.

Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım tamaşa haqqında deyir: “Belə bir tamaşa hazırlamaq,hər şeydən öncə, bizim borcumuzdur. Adı ilə dünyada tanındığımız, 48 ölkədə sayılıb öyündüyümüz böyük şəxsiyyətə minnətdarlığımızın ifadəsidir. Yunus Əmrə, 700 ildən bəridir ki, səlis, rəvan türkcəsi ilə hələ də oxunan, insanların beynində, ürəyində yer alan böyük şairimizdir. Bizim bu gün etdiyimiz onun xidmətləri qarşısında zərrə belə deyil. Amma biz yenə də bacardığımız qədər əlimizdən gələni etməyə çalışdıq. Bu tamaşada əsas məqsədimiz Yunus Əmrə fəlsəfəsini, onun qardaşlıq mesajlarını gənclərimizə, cəmiyyətimizə aşılamaqdır. Elə tamaşa boyunca da onun şeirləri, ilahiləri səsləndirildi. İnsanların marağı, sevgisi çox gözəl idi. Ümid edirəm ki, bu tamaşa bu səhnədə hələ çox oynanılacaq”.

Yunus Əmrənin mürşidi şeyx Tapdıq Əmrəni canlandıran Əməkdar artist Pərviz Məmmədrzayevin gözlərində elə bir işıq parıldayır ki, sanki canlandırdığı obraz çöhrəsində iz salıb: “Bugünkü tamaşa elə insanlardan bəhs edir ki, onların səviyyəsinə çatmaq hər kəsə nəsib olmaz. Mənim bu rola təyin olunmağım sənətimə çox böyük bir qiymətdir. Hətta deyərdim ki, bu mənə, lazım olandan da artıq dəyər verilməsidir. Düzdür, əslində, çox plastik hərəkətlər etmədik, çalışdıq ki, niyyətimizi, fikrimizi Allahın ilk yaratdığı nemətlə – Sözlə çatdıraq. Bacardığımız qədər öhdəsindən gəlməyə çalışdıq. Nə qədər alındı, onu artıq tamaşaçı deyə bilər. Mən təkcə bunu deyim ki, sonsuz zövq aldım”.

Tamaşaçılar arasında aktrisa Ülviyyə Əliyeva diqqətimi çəkir və onun qənaətini dinləyirəm: “Hələ tamaşanın təsirindən çıxa bilməmişəm. Uzun müddət idi, zaldan tamaşa izləmirdim, işimlə əlaqədar həmişə səhnədə oluruq və bizi izləyirlər. Bu gün bu tamaşa ilə bütün stressim, yorğunluğum sanki uçub getdi, ruhum dincəldi. Rejissor və aktyor işi, hamısı mükəmməl idi. Xüsusən, sonuncu səhnə çox təsirli alınıb. Saat yarım ərzində yaşadığım hissləri sözlə dilə gətirmək mümkün deyil. Bütövlükdə yaradıcı komanda bu çətin işin öhdəsindən çox yüksək səviyyədə gəlib”.

Beləcə, “Aşka yolculuk” xəttilə hüdudsuz mənəviyyat aləminə səfərimiz yekunlaşır və mən çıxış qapısında böyük səbrsizliklə aktyorları gözləyən izdihamı yarıb özümü sərin may gecəsinin qoynuna atıram. Həm də bu dəfə ruhən daha saf, daha təmiz…

Şahanə MÜŞFİQ

525.az

KÖŞƏ YAZARLARI
TOP 10