“Gəliş” filminin təhlili – Xülya Cəfərova

12 Baxış

16466027_10211737024319731_16639287_o

“Əgər bütün həyatını əvvəldən sona qədər öncədən görə bilsəydin, nəyisə dəyişdirərdinmi?”

“Gəliş” (Arrival) filmi 2016-cı ildə fransız-kanadalı rejissor Deni Vilnöv tərəfindən ərsəyə gətirilib. Çin əsilli yazıçı Ted Çanın 1998-ci ildə qələmə aldığı “Sənin həyat hekayən” adlı qısa hekayə əsasında çəkilən filmin ssenari müəllifi Erik Haysserer, icraçı prodüsseri isə Şon Levidir. Daha öncə “Yanğın” (Incendies), “Məhbuslar” (Prisoners), “Tətikçi” (Sicario) kimi filmlərilə şöhrət qazanan Vilnöv “Gəliş” filmi ilə bu il ən yaxşı rejissor işinə görə “Oskar” mükafatına namizəddir. “Gəliş” “ən yaxşı film” və “ən yaxşı uyğunlaşdırılmış ssenari” də daxil olmaqla, 89-cu Oskar Mükafatları üçün 8 kateqoriyada namizəddir. Bir sıra başqa mükafatlara da namizəd olan film Amerika Film İnstitutu tərəfindən ilin ən yaxşı 10 filmindən biri seçilib.

Elmi-fantastik janrda olan 116 dəqiqəlik film dram ünsürlərilə də zəngindir. Əgər “Yadplanetli” (Alien), “5-ci element” (The fifth element) ya da “Prometey” (Premetheus) tipli bir film axtarışındasınızsa, “Gəliş” gözləntilərinizi qarşılamayacaq. Lakin yadplanetlilərlə bağlı fərqli, şablon olmayan, maraqlı gedişatlarla zəngin, eyni zamanda hər an sizi kövrəldə biləcək bir film istəyirsinizsə, doğru ünvandasınız.

Filmin IMDB xalı 8.2, “Rotten Tomatoes” isə 94 %-dir.

Süjet

Film ilk olaraq keçmişlə bağlı hadisələrin qısa şəkildə təqdimatı ilə başlayır. İxtisasca linqvist olan Luiza Benks körpə qızının qayğısına qalır. Lakin tezliklə övladını xərçəng xəstəliyindən itirir.

Sonra film indiki zamandakı hadisələrlə davam edir. Luiza universitetdə tələbələrə mühazirə oxuyur. Elə bu vaxt hamıya xəbər çatır ki, 12 ədəd yadplanetli gəmisi planetin müxtəlif yerlərinə enib. Polkovnik Veber öz sahəsində ən yaxşı mütəxəssislərdən biri olduğuna görə Luizanı və astrofizik İen Donnellini yadplanetlilərin dilinin şifrini açmaq və onların Yer kürəsinə nə məqsədlə gəldiklərini müəyyən etmək üçün yaradılmış xüsusi komandaya qoşulmağa dəvət edir. Komanda heyəti Montana yaxınlığında enmiş gəmilərdən birinin yanında yerləşdirilir. Luiza və İen burada gəminin giriş hissəsində iki ədəd yeddiayaqlı yadplanetli ilə ilk təması qurur. Onlar yadplanetlilərə “yeddiayaqlı” mənasını daşıyan “heptapod” adını verirlər. Tanış olduqları iki təmsilçini isə şərti olaraq “Ebbott” və “Kostello” adlandırırlar. Luiza tezliklə anlayır ki, onların qarışıq dairəvi simvollardan ibarət olan yazı qaydaları var. Vaxt keçdikcə, həmin simvolları bəsit sözlərdən ibarət olan lüğətə uyğunlaşdırmaq üçün bir sistem ərsəyə gətirir. Bu istiqamətdə müvəffəqiyyətlə davam etdikcə, parallel olaraq qızı ilə bağlı gerçəklikdən seçilməyən yuxular və xəyallar görməyə başlayır.

Nəhayət Luiza yadplanetlilərin məqsədini soruşmağa nail olur. Onlar “silah təklif etmək” deyə cavab verirlər. Digər gəmilərdən birində isə tamam başqa heyət “silah istifadə etmək” cavabını aldığını bildirir. Yadplanetlilər tərəfindən hücum təhlükəsi ilə qarşı-qarşıya gəlmək digər ölkələrdə təşviş doğurur və əlaqəni kəsərək layihədən bir-bir uzaqlaşırlar. Çin başda olmaqda, bir neçə ölkə ordunu hücuma hazırlamağa başlayır. Luiza isə “silah” sözünün “vasitə” və ya “texnologiya” kimi başqa bir məna daşıdığını ehtimal edir.

Əsgərlər gəmiyə partlayıcılar yerləşdirirlər. Bundan xəbərsiz olan Luiza və İen Ebbott  və Kostello ilə yenidən əlaqə yarada bilmək üçün gəminin giriş hissəsinə daxil olurlar. Bu dəfə yadplanetlilər onlara daha uzun və qarışıq bir mesaj verir. Gözlənilmədən partlayış baş verir. Bu zaman Ebbott Luiza ilə İeni gəmidən uzağa tolazlayır. Hər ikisi huşunu itirir. Özlərinə gələndən sonra ordunun təxliyəyə hazırlaşdığını görürlər. Elə bu vaxt gəmi yerdən bir qədər havaya qalxır.

İen çoxlu sayda simvollardan ibarət olan sonuncu mesajın “zaman” anlayışı ilə əlaqədar olduğunu müəyyən edir. Məlum olur ki, bu gəmi bütöv “hədiyə”nin 12 hissəsindən biridir. Beləliklə, yadplanetlilərin hansısa yolla onlarla əməkdaşlıq etmək istədikləri qənaətinə gəlirlər.

Paralel olaraq, Çin gəmiyə hücuma hazırlaşdığını bütün dünyaya elan edir. Luiza cəld gəmiyə tərəf qaçır. Havada dayanmış gəmi xüsusi bir məkik göndərərək, Luizanı gəmiyə gətirir. Luiza Kostellonu görür. Ondan öyrənir ki, Ebbott ölmək üzrədir. Luiza Kostellodan tez-tez yuxularına və xəyallarına daxil olan balaca qızın kim olduğunu soruşur. Kostello ona gələcəyi gördüyünü izah edir. Məlum olur ki, filmin əvvəlində verilən görüntülər keçmişlə deyil, gələcəklə bağlı imiş. Kostello həmçinin bildirir ki, onlar yer planetinə yardım etmək məqsədilə gəliblər. Bunun üçün isə onların “vasitə”ləri dilləridir. Çünki bu dil şüurun zamanı qavrayışını tamamilə dəyişdirməyə qadirdir. Onlar gələcəyi öncədən görmək qabiliyyətinə malik imişlər. Bu yardımın qarşılığında, yadplanetlilər də 3000 il sonra yer planetindən kömək istəyəcəklər. Kostello Luizanı öz “vasitə”sindən – gələcəyi görmə bacarığından istifadə etməyə çağırır.

Düşərgə tamamilə təxliyə edilmək üzrə olan bir vaxtda Luiza geri qayıdır. Elə bu vaxt  gələcəklə bağlı bir görüntü şüuruna daxil olur. Görür ki, BMT-nin yüksək səviyyəli tədbirlərindən birində iştirak edir. Çin ordusunun generalı Şan onu hücumun qarşısını almağa razı saldığına görə Luizaya təşəkkür etdiyini bildirir. O, Luizanın onun şəxsi nömrəsinə zəng vurduğunu deyir. Luiza Şana onun mobil nömrəsini bilmədiyini deyir. Şan ona öz nömrəsini göstərir və deyir ki, bu hərəkəti nəyə görə etdiyini özü də anlamır. İndiki zamanda isə Luiza bir telefon oğurlayaraq Şana zəng edir, amma nə deyəcəyini bilmir. Yenidən gələcəyə qayıdır. Şan bildirir ki, Luiza ona həyat yoldaşının çin dilində dediyi son sözləri təkrarlayıb və bununla da onu razı sala bilib. Beləliklə, Çin hücumdan imtina edib, digər dövlətlərlə əlaqə bərpa olunub, gəmi isə Yer kürəsini tərk eləyib.

İen düşərgəni tərk etməyə hazırlaşarkən, Luizaya sevgisini elan edir. Onlar həyatdakı seçimləri və əgər gələcəyi bilsəydilər, onu dəyişdirib dəyişdirməyəcəklərini müzakirə edirlər. Luiza gələcəyi gördüyü üçün artıq bilir ki, İen onun qızı Annanın atası olacaq və qızlarının öləcəyini o heç doğulmadan bildiyi hala, demədiyinə görə Luizanı tərk edəcək. Luiza İenin sevgisinə qarşılıq verir. Hər şeyə rəğmən, İen ondan övladlarının olmasını istəyib istəmədiyini soruşanda, Luiza razılıq verir.

 Filmdəki çatışmazlıqlar

 

  • Filmdə yadplanetlilərin insanları məhz hansı təhlükədən qorumaq üçün gəldikləri naməlum olaraq qalır. Eyni zamanda, 3000 il sonra məhz hansı formada insanlardan kömək istəyəcəklərini də sona qədər öyrənə bilmirik. Bu təfərrüatlar əsərdə də bəlli olmur. Lakin fikrimcə, film üçün müəyyən əlavələr edilə bilərdi.
  • Luizanın general Şanı fikrindən daşındırmaq üçün onun həyat yoldaşının son nəfəsində dediyi sözləri təkrar etdiyini bilirik. Həmin sözlər çin dilindədir. Lakin o sözləri öyrənə bilmirik. Fikrimcə, qadının ölüm ayağında dediyi sözlər dəqiq formada göstərilməli idi. Üstəlik, hansısa formada yadplanetlilərin gətirdiyi gələcəyi görmə anlayışı ilə bağlı olsaydı, filmdə daha bir qeyri-adi gediş kimi yadda qalardı.

 Film və əsər arasındakı fərqlər

 Ssenarist Erik Haysserer əsərə mümkün qədər sadiq qalınıb. Əlbəttə filmə uyğunlaşdırılan bir çox ssenarilərdə olduğu kimi, burada da xeyli qısaltmalar var. Heptapodların yazı texnikası və onlarla kommunikasiya mərhələləri ilə bağlı məlumatlarda, habelə Luizanın Anna ilə bağlı gözünün qabağına gələn görüntülərin sayında və təfərrüatlarında xeyli azaltmalar olub. Ümumilikdə, gedişatda elə də mühüm rol oynamayan bir neçə fərqə aşağıdakıları aid etmək olar:

 

  • Filmdə yalnız giriş hissədə Luiza qızı ilə danışır. Əsərdə isə sona qədər bütün hekayəni Luiza nəql edir.
  • Filmdəki İen Donnelinin əsərdəki adı Geri Donnelidir.
  • Əsərdə Luiza ilə Gerinin iki ildir ki, evil olduqları məlumdur. Filmdə bu barədə məlumat yoxdur.
  • Filmdə Luiza heptapodlardan gəliş səbəblərini onları xeyli hazırlayandan sonra soruşur və “silah təklif etmək” cavabını alır. Əsərdə isə sualı onlara müntəzəm olaraq ünvanlayır. Bu sual bəzən “görmək”, “müşahidə etmək” kimi fellərlə, bəzən isə sadəcə qarşı tərəfin susması ilə başa çatır.
  • Əsərdə insanlar heptapodların nəyə görə getdiklərini başa düşmürlər. Filmdə isə axıra yaxın hər şey bəllidir.
  • Filmdə elə əvvəldən Annanın xərçəng xəstəliyindən öldüyü bəllidir. Əsərdə isə əvvəldə onun öləcəyi bəlli deyil. Sonda da onun nə səbəbdən öldüyü bilinmir.

Obrazların təhlili

•        Luiza Benks – Filmin baş rolunu “Şübhə” (Doubt), “Döyüşçü” (The Fighter), “Usta” (The Master), “Amerikalı kələkbaz” (American Hustle), “İri gözlər” (Big Eyes) kimi filmlərlə şöhrət qazanmış, 5 dəfə Oskar mükafatına namizəd olmuş Emi Adams canlandırır. Fikrimcə, Adams rol aldığı digər filmlərdə qayğıkeşliyi, isti təbəssümü, həlim siması ilə ana rolunun öhdəsindən layiqincə gəlməyi bacarıb. Lakin yadplanetlilərlə bağlı kinolarda adətən Siqurni Uiver, Milla Yovoviç və s. kimi atletik və sərt görünüşlü qadın qəhrəmanları görməyə öyrəşdiyim üçün, filmə baxmazdan öncə Adamsın ifasına şübhə ilə yanaşırdım. Lakin “Gəliş” fərqli bir yadplanetli filmi olduğu kimi, Emi Adams da özünəməxsus bir baş rol ifaçısıdır. Fikrimcə, film Ceremi Renner də daxil olmaqla, digər aktyor heyətinin də xeyli zəhmət çəkməsinə rəğmən, sanki Adamsın monoloqudur. Ona görə də, Emi Adams bu filmi öz çiyinlərində təkbaşına daşıyır.

Luiza Benks sakit təbiətli, həyatın ona bəxş etdiyi mükafatlara qane, əzablara təslim olan bir qadındır. Onun incə, məlahətli səsi, dərin baxışları, təmkinli və müdrik davranışları film boyu insanı ekrana kilidləyir. Kino boyunca Luiza özünə qapalı və kədərli görünür. Tamaşaçı bunu onun övladını itirməsi ilə əlaqələndirir. Əslində belə olmadığı məlum olandan sonra isə Luizanın şəxsi keyfiyyətləri və xarakteri adamı daha çox düşünməyə vadar edir. O, sanki bütün həyatı boyu özünü seçilmiş şəxs olmağa hazırlayırmış kimi bir abu-hava ilə ömrünü keçirir. Hələ gələcək barəsində heç bir təsəvvürü olmadığı səhnələrdə (Məsələn, polkovnik Veberlə ilk tanışlıq səhnəsində) belə bir qədər sönük, həyata qarşı etinasız, lakin eyni zamanda məqsədlidir.

Luiza həvəssis və küskün kimi görünə bilər, lakin əsla soyuq təbiətli deyil. Övladına bəslədiyi sevgini elə ilk dəqiqələrdən görürük. Sonda isə bütün baş verəcəkləri gözə alaraq, nəyin bahasına olursa olsun, hələ doğulmadan çox öncə tanıyıb sevdiyi qızına – Annaya qovuşmaq üçün etdiyi fədakarlıqlar insanı heyrətə gətirir. Luiza ana sevgisinin nələrə qadir ola biləcəyini ən ağlasığmaz bir yolla nümayiş etdirir. Onun gələcəyi dəyişdirməyə cəhd belə etməməsi, taleyinə razılaşaraq, anı yaşamağı qəbul etməsi insanda çarəsizlik və təəssüf hissləri doğurur. Luizanın sayəsində, filmin sonluğunun təsirindən uzun müddət çıxmaq olmur.

•        İen Donneli – Astrofizik İen Donneli obrazını “Qisasçılar” (The Avengers), “Ölümcül tələ” (The Hurt Locker), “Bornun Mirası” (The Bourne Legacy) kimi filmlərdə rol almış Ceremi Renner canlandırır. Fikrimcə, Renner filmdə bir qədər Adamsın kölgəsində qalıb. Lakin bunu onun aktyor kimi məharətsizliyinə yozmaq doğru olmazdı. Sadəcə əsərdə olduğu kimi, filmdə də Donneli obrazı geri plandadır. Onun daxili aləminə və şəxsi keyfiyyətlərinə az yer verilib.

İen Donneli öz sahəsində kifayət qədər bacarıqlı bir mütəxəssisdir. İlk səhnələrdə, adamda işdən başqa marağı yox imiş kimi təəssürat yaratsa da, tezliklə belə olmadığı meydana çıxır. Yadplanetlilərlə ünsiyyət prosesində onun Luizanı izləməsinə, ümumilikdə onun təməlini qoyduğu ideyaların ardınca getməsinə və Luizanı sonradan tərk eləməsinə əsasən İenin zəif xarakterli olduğunu demək olar.

Fikrimcə, filmdə Donneli ilə əlaqədar iki məqama daha geniş yer verilsəydi, “duyğusal mənzərə” daha dəqiq olardı:

  1. Film boyu İenlə Luiza arasında xüsusi münasibət olsa da, sevgi qığılcımlarının nə vaxt meydana çıxdığını görmək olmur. Adətən bütün sonluqlarda olduğu kimi, burada da oğlanla qızın sonda birləşməsini gözlədiyimizə görə, İenin sevgi etirafı bizi təəccübləndirmir. Amma tamaşaçı öz fərziyyələri ilə deyil, ssenari boyu əlavə olunan kiçik təfərrüatlar vasitəsilə bu sonluğa hazırlanmalı idi.
  2. Sonda öyrənirik ki, Luiza Annanın öləcəyini əvvəlcədən bildiyi halda, İenə demədiyinə görə, o, ailəsini tərk edib gedir. Lakin bir izləyici kimi, İenin Luizanı tərk etməsinə təəccüblənməsəm də, onun ölüm ayağındakı övladını qoyub getməsi məni heyrətləndirir və İen obrazına qarşı müsbət fikirlərimi alt-üst edir. Ona görə də, İen və Luizanın ayrılıq səbəblərinə və həmin məqamlara xüsusilə yer verilməli idi. Beləliklə, rejissorun həm kino boyunca bizə sevdirməyə çalışdığı İeni başa düşərdik, həm də bütün hissələri qarışıq olan və yalnız sonda mənzərəsi tamamlanan “puzzle”-ı xatırladan filmdə heç bir qaranlıq məqam qalmazdı.

Digər filmlərlə bənzərlikləri

 Kontakt (Contact) – 1997

“Gəliş” mənə ilk olaraq Robert Zemekisin “Kontakt” filmini xatırlatdı. Hər iki film elmi-fantastik janrdadır. “Kontakt” əsasən kosmosa səyahətdən, “Gəliş” isə yadplanetlilərdən bəhs edir. Bununla belə, iki filmdə də bu janra xas olmayan olduqca təsirli və dramatik məqamların olması müəyyən qədər oxşardır. “Gəliş”də Emi Adamsın, “Kontakt”da isə Codi Fosterin ifası yaddaqalan və uğurludur. Luizanın qızı ilə olan münasibətini “Kontakt”dakı Ellinin atası ilə olan münasibəti ilə müqayisə etmək olar. Hər iki film şablondan uzaqdır.

 Duman (The Mist) – 2007

Frenk Darabontun Stiven Kinqin eyniadlı əsəri əsasında çəkdiyi, çox sevdiyim “Duman” filmi ilə “Gəliş” arasında müəyyən bənzərliklər var. Hər iki film elmi-fantastik janrdadır və yadplanetlilərin Yer kürəsinə gəlişindən bəhs edir. “Duman”da yadplanetlilər düşmən, “Gəliş”də isə dost mövqeyindədirlər. Lakin hər iki filmdə insanların təşvişi, qorxusu özünü göstərir. İki filmdə də hadisələr yavaş irəliləyir və maraqlı gedişatlar var. Və ən önəmlisi, hər iki filmin sonluğu gözlənilməzdir. İzləyib qurtarandan sonra insanda sonsuz bir təəssüf hissi doğurur.

 Şey (The Thing) – 1982

Con Karpenterin “Şey” filmi də “Gəliş”i izləyərkən ağlıma gələn kinolardan biridir. Hər iki film elmi-fantastik janrdadır və yadplanetlilərin gəlişindən bəhs edir. Yadplanetlilərin xoşniyyətli olduğu“Gəliş”dən fərqli olaraq, “Şey” filmində onlar qorxunc varlıqlar, insanları xüsusi üsullarla qətlə yetirən düşmənlərdir. Amma hər iki filmin də özünəməxsus və bədbin bir aurası var ki, insanı kədərə və uzun müddət düşünməyə, təəssüflənməyə sövq edir.

 Ulduzlararası (Interstellar) – 2014

“Gəliş”i Kristofer Nolanın “Ulduzlararası” filminə bənzədənlər də var. Hər iki film elmi-fantastik janrdadır. Fikrimcə, “Ulduzlararası”nın çətin, qəliz gedişatı ilə “Gəliş”in süjet xətti tamamilə fərqlidir. Lakin iki filmdə də “zaman” anlayışı ilə bağlı gedişatlar var. Hər iki filmdə də dram ünsürləri daşıyan məqamlar var və həmin məqamlar məhz zaman məfhumu ilə bağlıdır. İki filmdə də yaradıcı heyətin insanların hisslərinə toxunmaq arzusu hiss olunur.

 Filmin verdiyi mesajlar

 Film insanı öz mövcudluğunu sorğulamağa sövq edir. Zaman və məkan məfhumuna sığdırdıqlarımızın əslində bizlərə məxsus olmadığını, hər şeyin ötəri, keçici olduğunu göstərir.

  • Filmdə bir müddət sonra yadplanetlilərlə təmasda olmaq belə heç kəsdə qorxu və ya narahatlıq yaratmır. Buradan anlayırıq ki, insan gec və ya tez istənilən vəziyyətə uyğunlaşa biləcək bir məxluqdur.
  • Luiza sayəsində anlayırıq ki, bəzən dərdini bütün dünyaya hayqırsan belə, heç bir mənası yoxdur. İnsan özü öz taleyi ilə üzləşməli və qərarını verməlidir.
  • Yenə Luiza sayəsində anlayırıq ki, analıq hissi dünyadakı bütün duyğulardan güclü və dəyərlidir. Bədəli nə olursa olsun, bu mükafata layiq görülmək üçün edilən bütün fədakarlıqlara dəyər.
  • “Gəliş” biz insanların təkcə yadplanetlilərə deyil, ümumilikdə yadlara qarşı olan mövqeyimizi nümayiş etdirir. İlk baxışda qorxuruq, onları təhlükə kimi görürük. Bizim üçün təhdid olub olmadıqlarını müəyyən etmək üçün onları tanımağa və başa düşməyə çalışırıq. Məqsədimizə çata bilməyəndə isə ən qəddar üsullara belə əl atmaqdan çəkinmirik.
  • Baş rol ifaçılarının bir-birlərinə sevgilərini elan etməsindən sonra xoşbəxt sonluqla başa çatan digər filmlərdən fərqli olaraq, burada həmin etirafdan sonra bədbəxt hadisələr bir-birini izləyir. Buradan anlayırıq ki, “başlanğıc” və “son” anlayışları nisbi xarakter daşıyır. Bu iki məfhumu insanın doğumu və ölümü ilə əlaqələndirmək sadəlövhlükdür. Çünki nə mütləq başlanğıc, nə də son barəsində heç bir təsəvvürümüz yoxdur. Biz insanlar sonsuzluğun içərisində bizə verilən kiçicik bir zərrəyə – həyata qane olaraq yaşayan balaca canlılarıq.

 “Bu səyahətin məni hara gətirib çıxaracağını bilsəm də, ona qucaq açıram və onun hər anından həzz alıram…”

 Təhlil etdi: Xülya Cəfərova

Bölmə : Kino, OxucuKlubu, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10