Gəmiçi albatrosu niyə öldürdü? – Aybəniz Həsənova  

16 Baxış

“Qoca gəmiçinin rəvayəti” əsəri üçün çəkilmiş illüstrasiya

 

Samuel Teylor Koleriçin “Qoca gəmiçinin rəvayəti” əsəri haqqında düşüncələr

Bildiyimiz kimi, romantizm maarifçiliyə, onun məntiqə əsalanan quruluşuna qarşı formalaşan cərəyandır. Romantiklər maarifçilərin əksinə olaraq ağlı, məntiqi düşüncəni yox, hisləri ön plana çıxarırdılar. Bu cərəyan maarifçiliyə əks mövqedə olmasına baxmayaraq, təməlində onun rasional sisteminə sıx bağlıdır. Bunu əsas götürərək romantikləri maarifçilərin üsyankar uşaqları hesab etmək olar. Romantizmin əsas fəaliyyəti kitab nəşrinin artdığı dövrə təsadüf edir. Yəni, təxminən 1798-1832-ci illəri əhatə edir. Romantizmin nümayəndələri sadəliyin içində qeyri-adiliyi, əzabla həzzin harmoniyasını, təbii aləmin əbədiliyi və ucalığını tapmağa çalışırdılar. Ədəbiyyatda romantik əsərin tipik örnəyi – qəhrəmanın Ərafdan yola çıxaraq, adətən sehrli və ya ruhani təcrübələrdən keçməklə məsumluqdan kədərli müdrikliyə addımladığı yoldur. Romantiklərdən əvvəl əsərlərdə hadisələr hər şeyə yuxarıdan baxan didaktik hekayəçi tərəfindən nəql olunurdu, onlar isə əsərə hekayəçi qismində birinci şəxsi – “mən”i gətirdilər. Bununla da hekayəçinin şəxsi təcrübələri mahiyyət daşımağa başladı.

 

“Qoca gəmiçinin rəvayəti” əsəri üçün çəkilmiş illüstrasiya 4

Romantizmin ən görkəmli nümayəndələrindən biri ingilis şairi, filosof Samuel Teylor Koleriçdir. Haqqında danışacağım “Qoca gəmiçinin rəvayəti” (“The Rime of Ancient Mariner”) əsəri onun ən çox tanınan və haqqında daha çox danışılan əsəridir. Koleriç çətin uşaqlıq dövrü keçirib, bununla yanaşı, həyatının müəyyən dönəmində tiryək istifadəsinə başlayıb və bu, onda asılılığa çevrilib. Bu əsəri tiryəkin təsiri altında yazdığı da güman edilir. Həmin əsər 1798-ci ildə şairin dostu Vördsvorsla birlikdə yazdığı “Lirik balladalar”la birgə nəşr olunmuşdu. Koleriçin burada istifadə etdiyi arxaik dil romantizmin meyarlarına uyğun gəlmirdi, çünki romantiklər gündəlik danışıq dilindən istifadə tərəfdarı idilər. Lakin şair istifadə etdiyi bu dilin əsərinə arxaik əhval-ruhiyyə, müdriklik ab-havası gətirəcəyini müdafiə edirdi. Əsərin sonrakı nəşrlərində onun dilini sadələşdirən Koleriç 1817-ci ildə şeirin arxaik ruhunu qorumaq məqsədilə səhifənin sol tərəfinə izahedici bir sütun əlavə etdi.

Şeirin dili və qafiyə quruluşu romantizmin meyarlarına uyğun olmasa da, yaşlı gəmiçinin həyat təcrübəsindən çıxış etməsi, dünyəvi və fövqəlbəşər varlıqlarla ovsunlanma faktı bu cərəyanın əsas ünsürlərindən sayılır. Koleriç romantizmdə olduğu kimi, yenə də əsərində təbiətin ehtişamını, insanın təbii aləm qarşısında kiçikliyi və zəifliyini göstərmişdi. Qoca gəmiçini okeannın ortasında tək-tənha qoymaqla insanın təbiət qarşısında çarəsizliyini dilə gətirmişdi.

“Qoca gəmiçinin rəvayəti” əsəri üçün çəkilmiş illüstrasiya 3

Albatrosu öldürməyin cəzası olaraq qoca gəmiçi diri-diri ölümə məhkum edilir. Əslində, bu cür ölüm bir növ Ərafda olmaqdır. Qoca gəmiçi bu lənətin gətirdiyi əzabdan müvəqqəti də olsa, qurtulmaq üçün öz hekayəsini dayanmadan əvvəldən-axıra kimi insanlara danışmağa məcburdur. Çünki artıq ölümsüz olan bədəni onun həbsxanasına çevrilib.

Qoca gəmiçinin albatrosu öldürməsini “Tövrat” və “İncil”dəki “Adəm və Həvva”, “Habil və Qabil” hekayələrində rastlaşdığımız xəyanət mövzusuna bənzədirlər. O da Adəm və Həvva kimi Tanrının qayda-qanunlarına hörmətsizlik edərək, anlamalı olmadığı şeyləri başa düşməyə cəhd etməklə günah işlətmiş olur. Qabil kimi Tanrının yaratdığı bir varlığı öldürərək, onu qəzəbləndirir.

Qoca gəmiçini Yəhudanın arxetipi hesab edənlər də var. Gəmiçi də onun kimi müqəddəs bir varlığı öldürüb. Əksər oxucular ən çox sevilən varlıq olduğuna görə albatrosu İsa Məsihə bənzədirlər.

“Qoca gəmiçinin rəvayəti” əsəri üçün çəkilmiş illüstrasiya 4

Albatros, günahının simvolu kimi gəmiçinin boynundan asılır. Yalnız təbii aləmin gücünü və dəyərini dərk etdiyi zaman gəmiçi yenidən dua edə bilmək qabiliyyətinə qovuşur və albatros boynundan düşür. Artıq çarmıxını boynunda gəzdirmək məcburiyyətində qalmır.

“Qoca gəmiçinin rəvayəti”ni bir çox cəhətdən məhbusluq, yalnızlıq və əzab hekayəsi hesab etmək olar. Əsərin sonunda gəmidəki məhbusluğundan qurtulan gəmiçi öz bədəninin içindəki əbədi həbsə məhkum olur.

Koleriçin əsərində oxucunu cəzb edən bir qüvvə var: oxucu sətirlərin cazibəsinə qapılaraq macəranın içinə düşür. Bəlkə, oxucunu cəlb edən də, gəmiçi toya gedən qonağı tutub saxlayanda onu cəzb edən, hekayəni dinləməyə məcbur edən həmin qüvvədir?!

Şair Samuel Teylor Koleriç

Əsəri bitirdiyin zaman bir çox şeyin fərqinə varırsan. Anlayırsan ki, bu, sadəcə qoca gəmiçinin deyil, dünyanın gerçəklərini az da olsa, anlayan və anlamağa cəhd edən hər kəsin hekayəsidir. Ətrafında nə qədər çox insan olsa da, bütün dünyanı gəzsə də, həmişə tənhalıq yükü altında əzilən gəmiçinin əbədi yalnızlığı bütün anlayanların və bilənlərin ortaq lənətidir. Hətta eyni Tanrıya inanıb birlikdə ibadət etmək belə, bu tənhalığa çarə deyil…

Lakin oxucunun cavab tapmadığı bir sual açıq qalır: “Gəmiçi albatrosu niyə öldürdü?” Orhan Pamuk bir məqaləsində, Koleriçin özünün belə, bunu bilmədiyini deyir. Bəlkə də, oxucunu cəzb edən də elə bu bilinməzlikdir?! Həqiqətən, görəsən, gəmiçi albatrosu niyə öldürdü?

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10