Gəncə… Və Fikrət Əmirov… – Pərvin yazır

22 Baxış

115603_17a7im9eff

Əslən Gəncədən olan, amma taleyin qəribə və qəliz gedişi ilə ömrünün yarıdan çoxunu doğulduğu torpağın həsrətiylə yaşayan bir həkimin gözlərindəki ifadəni heç unutmuram. 

Uşaqlığından Türkiyədə yaşayan, müstəqillikdən, sərhədlər açılandan sonra ilk dəfə Gəncəyə gələn adam Nizami türbəsinin qarşısında maşından enib baxırmış. Məhz bu nöqtədən üzü içərilərə doğru, şəhərin mərkəzinə, ordan da təbiətin qoynuna tərəf xatirələr başlayırmış… Amma öz xatirələri yox, atasının, anasının danışdıqları, daha doğrusu, həsrəti.

“Gəncə torpağına ayağım dəyəndə qanadlanıb uçdum” – deyirdi həkim və mən genlərin necə böyük gücə, hətta mistik qüvvəyə malik olduğunu düşünürdüm. Amma müasir “böyük vətən”, “dünyavi insan”, “multikultural məkan” anlayışları belə “romantik” düşüncələri inkar edir. Gərək yaşadığın planetin hər nöqtəsini vətən biləsən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hamını “qohum-əqrəba” sayasan. Çağdaş dünyanın bu düşüncələrində riyakarlıq çaları var… Heç şübhəsiz, yerlipərəstlik yaxşı xüsusiyyət deyil. İnsanı fərd olaraq qəbul etmək və doğulduğu məkana görə yox, şəxsi keyfiyyətlərinə görə dəyərləndirmək lazımdı. Amma mühitin, ən bəsit şəkildə desək, pəncərəni açanda gördüyün mənzərənin, udduğun hava və içdiyin suyun xarakterə təsiri danılmazdır axı. Ömrü boyu başqa dildə danışan, təhsil alan, yazan-oxuyan adam Azərbaycanca danışmağa başlayan kimi ləhcə duyulursa, bunu necə izah edəsən?! Bütün bunları birmənalı şərh etmək çətindir.

Elə həmin həkimlə söhbətimdə bu barədə sualıma aldığım cavab çox təsirliydi. Gəncənin məişətini, tarixini, Azərbaycanın dövlətçiliyində, ədəbiyyatında, musiqisində, ümumiyyətlə, mədəniyyətində yerini öyrəndikcə kövrəlirmiş, qürurlanırmış adam… Danışdıqca gözündən yaş axırdı – təsəvvür edirsiz, mənim ulu babam Cavad xan olub, atam Nizami ilə eyni torpaqda dünyaya göz açıb – deyirdi və mən bu aşırı sentimentallığın aparıb çıxaracağı məqamdan çəkinirdim, ona görə yarızarafat bir sual verdim: bütün bu fikirlər başqalarına yuxarıdan aşağı baxmağa vadar eləmir ki sizi? Həmsöhbətim bir an belə düşünmədən – yox, axı mən Mirzə Cəlili də, Sabiri də oxumuşam, onların da yerliləri mənə üstdən baxa bilər – dedi.

Son günlərdə Fikrət Əmirovu dinlədikcə həkimin cavabını çək-çevir edirəm beynimdə. Bu, bəlkə də ən dəqiq formuldu, bir bölgənin ayrı-ayrı insanlara görə, daha doğrusu, o yerin təbiətini, insanlarını, məişətini, yaşam qaydalarını, adətlərini əbədiləşdirən, sənətə çevirən sənətkarlara görə seçmək, sevmək… Bu mənada bütövlükdə xalqdan gələn, xəlqiliklə yoğrulan Fikrət Əmirov musiqisi insanı Gəncə haqqında (əslində, bütöv Azərbaycan haqqında!) düşünməyə sövq edir… Yaxud ümumiyyətlə heç nə fikirləşməyib dinləməyə, sadəcə susub qulaq asmağa, ruhu, ağrını, əzabları, həsrəti və gözləntiləri bu əsrarəngiz musiqinin ixtiyarına buraxmağa vadar edir…


Adın nədir? – FİKRƏT

Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov məşhur tarzən idi, Şuşada anadan olmuşdu və klassik musiqi dərslərini Mir Mövsüm Nəvvabdan almışdı. Tarzən kimi xeyli məşhurlaşandan sonra isə o, 1907-ci ildə həmin dövrdə Qafqazın ən böyük mədəni mərkəzlərindən biri olan Gəncə şəhərinə köçür. Məşədi Cəmil Gəncə məclislərində Məşədi Məhəmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, sonralar isə Bülbülü və Seyid Şuşinskini müşayiət edir. Fikrət Əmirov gözünü bu cür adamların arasında, onların musiqisini eşidərək açır dünyaya, amma altı yaşında olanda atasını itirir. Xalq şairi Rəsul Rza bəstəkara həsr etdiyi məqaləsində yazır:

“Məşədi Cəmilin ölümündən sonra Fikrət atasının gedişini musiqi lallığı – sükutu kimi qəbul edir. Təxminən onun ölümündən bir il keçəndən sonra balaca Fikrət bir az da ehtiyatla toz basmış tarı əlinə alır və simlərinə toxunur. Naləyə oxşayan bir səs gəlir tardan. Həmin anda gələcəyin bəstəkarının qarşısında böyük bir dünya açılır”.

Böyük şairin özünəməxsus həssaslıqla, obrazlı şəkildə təsvir etdiyi bu hadisə  Fikrət Əmirovun taleyində xüsusi məqamdır. Nədənsə məhz “Lay-lay”ını dinləyəndə bu fakt təsirləndirir insanı. Uşaqlığından tarın səsini lay-lay kimi eşitmiş bəstəkar təkrarsız bir “Lay-lay” bəstələyib. Bu musiqidə təkcə başlanğıc, beşik, körpəlik yox, həm də son var. Sonun gətirdiyi hüzur, rahatlıq var…

Milli Konservatoriyada dahi Üzeyir bəy Hacıbəylidən, Boris Zeydmandan dərs alan Fikrət Əmirov xalq musiqisini “tükənməz ilham mənbəyi, sənətkara qüvvət verən dirilik çeşməsi” – adlandırırdı, “musiqinin əsl yaradıcısı xalqdır, musiqinin əbədi mənbəyi xalqın ürəyi, arzusu, həyat eşqidir. Xalq musiqisinin qaynar çeşməsindən içmədən bu xalqın ürəyinə yol tapmaq, onun doğma sənətkarı olmaq mümkün deyil” – deyirdi. Ayrı-ayrı müsahibələrində, çıxışlarında, məqalələrində xalq musiqisindən ilhamlanmasını, ondan güc almasını dönə-dönə təkrar edən bəstəkar əslində, elə bəstələdiyi musiqiləri ilə də hər şeyi deyir. Məhz Üzeyir bəy məktəbinin davamçısı kimi Fikrət Əmirov Azərbaycan musiqisinin inkişafını xalq musiqisini təməl olaraq qəbul etməkdə görürdü. Heç şübhəsiz, əsərlərinin xalqa bu qədər yaxın olması onun taleyində xüsusi rol oynadı və bəstəkar lap erkən yaşlarından, yeni-yeni yaradıcılığa gələndən millətin sevgisini qazandı.

Fikrət Əmirov 1953-cü ildə Cəfər Cabbarlının pyesi əsasında “Sevil” operasını yazdı və bu əsərin məşhurlaşması ilə çağdaş terminlə desək, qeyri-adi bir “bum” yaşadı Gəncə. Yeni doğulan körpələrinə bəstəkarın şərəfinə Fikrət adını verirdi çoxları və qısa zamanda toylarda, məclislərdə ona heyranlıqla baxan adaşlarıyla dostlaşırdı Fikrət Əmirov. Həm də belə uşaqları, yeniyetmələri görəndə, üzündəki ifadədən tanıyırdı, adını soruşurdu…

İllərlə eyni dialoq təkrarlanırdı bəstəkarın gündəlik həyatında: Adın nədir? – Fikrət! Bax bu qısa dialoq “Sevil” operasının, “Min bir gecə”, “Nəsimi dastanı”, baletlərinin, “Şur”, “Kürd-Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamlarının, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Muğam-poema”sının, unudulmaz romansların uğuru idi!


KAPRİÇÇİO – KAPRİZ

Skylife jurnalının iyul sayının üz qabığında Şah Abbas məscidinin rəsmini görəndə hüdudsuz bir qürur hissi keçirdim. Melike Barranco Gəncə səfərinə aid təəsüratlarını “Gəncə – zümrüd rəngli hüzur” essesində bölüşüb. Uçuşu mənalandırmaq üçün gözəl fürsətdi. Yazı müəllifinin Gəncə təbiətinə, insanlarına, yeməklərinə, tarixi abidələrinə heyranlığı sonsuzdur. “Gəncəyə çatdığım andan ciyərlərim bayram edir” – deyə başlayır yazısına və buranın göllərindən tutmuş qaymağına kimi hər şeydən böyük sevgiylə danışır. Təndir çörəyinin qoxusunu, dadını dünyanın heç bir yerində duymadığı ləzzət kimi şərh edir. Xan bağının çinarlarını, səs-səsə verən quşlarını təbiətin möcüzəsi adlandırır.

Qəribə bir təzad var Gəncənin varlığında… Bir yandan “bakirə” təbiət, amma həm də bu ibtidailiyin içərisindəki şəhər mədəniyyəti. Bir tərəfdə din, məscid, imamzadə, amma həm də tam bunların əksi olan sərbəstlik, çərçivəsizlik. Fikrət Əmirovun Azərbaycan kapriççiosunu dinləyəndə də məhz bu təzadlar düşündürür insanı. Məsələn, Gəncənin mərkəzindəki Şah Abbas məscidinin lap yaxınlığında yerlilərin “Avara bağı” adlandırdığı park yerləşir. Burayla bağlı çoxlu gülməli əhvalatlar, hadisələr var gəncəlilərin dilində. Deyirlər bir vaxt Gəncə bəyləri burda bir-biri ilə zarafatlaşarlarmış, hətta deyilənlərin içərisində yazmağa belə cəsarət etmədiyim sərt söhbətlər də olub. Hər halda Üzeyir bəyin Məşədi İbadının “papağımı belə qoysam” – deyə “məşvərətində”n çıxan nəticə də budur ki, Məşədi Gəncə qumarbazlarına oxşamaqdan yaman çəkinir.

Kapriççio – italyan sözü olub “kapriz” – şıltaqlıq, dəcəllik anlamına gəlir. Musiqidə bu üslubun özünün tələbləri olsa da, kapriççio sərbəst janr hesab olunur. Və məhz Azərbaycan mövzusunda bəstəkarın kapriççio bəstələməsi təsadüfi deyil. Başlanğıcda elə bir coşqu ki, adama elə gəlir bu sel alıb aparacaq səni, amma birdən sakitlik, həzinlik, sonra yenə coşqu… Sonra sükut, sonra pıçıltı, rahatlıq və lap sonda yeni, təptəzə coşqu – gələcəyə ümid, güc! Qəribədi ki, bu sıralama Azərbaycanın tarixini də şərti olaraq ifadə edir. Eyni zamanda, Gəncənin varlığındakı, xarakterindəki təzadları; yuxarıda sadaladığım kimi, bir yanda imamzadə, bir yanda ədəbiyyat, bir yanda da bütün bunlardan bixəbər Avara bağı!


DƏLİ BİR EŞQ

Gəncəyə aid ən böyük “təzad” Məhsəti Gəncəvidir. Axı necə ola bilər ki, XX əsrdə çadranı atmaqdan ötrü mübarizə aparan Sevilin əcdadı, ulu nənəsi hələ XII yüzillikdə o cür şeirlər yazsın? “Yun əyirən oğlan mənim canımdı”, “Sən qəssabsan, mənsə qurbanınam, bax”, “Görüşdə şəftəli bir bəhanədir”, yaxud “Onun dodağından busə ver, Allah”… Bəlkə əslində, Fikrət Əmirovun əsərlərindəki qeyri-adi sevginin də, azad qadının bir səbəbi elə Nizami poemalarındakı sevgi, Məhsəti rübailərindəki cəsarətdir. “Sevil” operasında buxovlarla mübarizə aparan Sevil, “Min bir gecə” baletində ağlı, gözəlliyi, cəsarəti ilə Şəhriyarı ram edən Şəhrizad.

Müsahibələrindən birində “Min bir gecə” mövzusuna müraciətini bəstəkar belə izah edir: “Orta əsr ərəb ədəbiyyatının bu görkəmli abidəsinin fəlsəfi müdrikliyi, humanist fikirləri, xəlqiliyi məni balet yaratmağa ruhlandırmışdır. Tamaşa qadına, onun müdrikliyinə, mənəvi gözəlliyinə mədhiyyə kimi düşünülmüşdür. Əlbəttə, “Min bir gecə” nağıllarındakı bütün rəvayətləri bir əsərə sığışdırmaq mümkün deyildir.

… Tamaşada musiqinin və plastikanın dili ilə bu nağıllar xəzinəsinin ən qiymətli inciləri, qadınların zəkasını, xeyrxahlığını, məhəbbətdə sədaqətini əks etdirən incilər cilvələnmişdir”.

Dünyanın nüfuzlu salonlarında səslənən bu əsrarəngiz musiqi, mükəmməl səhnə əsəri insanda yalnız və yalnız qürur hissi doğurur. Tamaşanın rəssamı Toğrul Nərimanbəyovun verdiyi tərtibat, parlaq rəng effektləri, dolğun boyalar mövzunu və musiqini tamamlayır. Şübhəsiz ki, bu əsərin məziyyətləri haqqında professional musiqişünaslar xeyli yazıblar. Mənimsə niyyətim sadəcə bəstəkarın müraciət etdiyi mövzulara diqqəti çəkməkdir.

Özünün də müsahibəsində dediyi kimi, Fikrət Əmirovu hisslərin azadlığı, amma həm də ilahi bir eşq təsirləndirir. Hətta “Nəsimi dastanı” baletində də Nəsimini sadəcə bir sufi şair, ilahi eşq carçısı kimi yox, həm də real qəhrəman olaraq göstərir. Libretto müəllifi Anar olan baletdə Nəsiminin sevgilisi ilə duetləri, Qızların Nəsimi və sevgilisi ilə rəqsləri son dərəcə müasir səslənir – görünür. Anar bəstəkar haqqında düşüncələrini “Sadəliyin dərki” essesində bölüşür və “Nəsimi dastanı” baletinin Moskvada “Bolşoy teatr” səhnəsində qazandığı parlaq uğurdan söz açır:

“Balet “Bolşoy teatr”da da Bakıdakı kimi böyük uğur qazandı. Yadımdadı, səhnə arxasında bir az sonra çıxış edəcək Müslüm Maqomayevi görəndə məni təbrik elədi, amma həm də bunları dedi: “Heç vaxt görməmişəm ki, baleti bu cür heyranlıqla qarşılasınlar, bundan sonra hətta bir az da ehtiyat edirəm, çıxışım necə qarşılanar”.

Şübhəsiz ki, Fikrət Əmirov sənətinin ən başlıca uğuru bəstəkarın fitri istedadı, intellekti, xalq musiqisinə bağlılığıdır. Amma elə bu məqamda yenilikçi olmasını və eksperimentlərdən çəkinməməsini, həmçinin, müasirliyini xüsusi qeyd etmək istərdim. Muğamı dərindən mənimsəyən bəstəkar bu janrın professional musiqidə inkişafı üçün yeni yollar axtarırdı. Nəticədə nəinki Şərqdə, ümumiyyətlə dünya simfonizmində heç bir analoqu olmayan simfonik muğam janrını yaradan bəstəkar “Şur” və “Kürd Ovşarı” əsərlərini bəstələdi. Bununla da musiqimizdə yeni bir yolun təməlini qoymuş oldu.

İndi, müasir dövrdə, muğamın da, milli musiqinin də yetərincə təbliğ olunduğu zamanda Fikrət Əmirovun simfonik muğamlarına, yaxud elə şairin yubileyinə həsr etdiyi “Nizami” simfoniyasına qulaq asanda başa düşürsən ki, sənətkar xalqın anladığı “dildə” danışmağa çalışır. Bu, həm də öz sənətinə böyük sevgidən irəli gəlir. Beləliklə, bu musiqilər Şəhrizadın gözəlliyinin, Nizaminin, Nəsiminin şeirlərinin ifadə etdiyi sevgidən başqa, həm də bəstəkarın şəxsi duyğularını, dəli bir eşqini əks etdirir. Eşqin ən böyük təcəssümü isə romanslardır…

P.S. GÜLÜM…

Bakının mərkəzi küçələrindən biri Fikrət Əmirovun adını daşıyır. Və bu küçə Nizami Gəncəvi küçəsi ilə kəsişir. Gəncədə doğulmuş iki dahi müasir meqapolisin küçələrində “görüşürlər”. Amma onların daha möhtəşəm “görüş yerləri” ölməz Rəşid Behbudovun ifa etdiyi “Gülüm” romansıdır.

Liftə minib 19-cu düyməni sıxıram… Bəli, bu iki küçənin kəsişməsində hündür bir göydələn tikilib, yuxarı mərtəbəsindən Bakıya baxmaq, terrasda qəhvə içib düşünmək olar. Tələbəlik illərindən sevərdik bu yeri, həm də elə bil hər kəsin unutduğu bir məkan kimi görünürdü bizə. Bakının müasir qalabalıq kafelərindən seçilirdi. İndi də səssizlikdən, kimsəsizlikdən qulaq tutulur burda, addım səslərim öz başıma düşür, elə bil beynimin içində yeriyirəm… Geniş eyvana çıxıb Bakıya üstdən aşağı baxıram. Budur, lap aşağıda balaca bir parkın içindəFikrət Əmirovun heykəli… Oturuşundan, əlinin hərəkətindən güc, əzəmət yağır. Dəfələrlə heykəlin önündən keçəndə bu oturuş, xarizma diqqətimi çəkib. Görünür, heykəlin müəllifi, rəssam Namiq Dadaşov bəstəkarın əsərlərindən duyulan o gücü, əyilməzliyi duyaraq onun abidəsini bu cür yaradıb.

Qəribədir ki, küçənin səsləri belə eşidilməzdir 19-cu mərtəbədə. Amma müasir texnikanın yaratdığı imkanlar yerin və göyün görüşdüyü 19-cu mərtəbədə belə istədiyin melodiyaya qulaq asmaq imkanı verir. Telefonun sensor ekranına toxunuram və Rəşid Behbudovun təkrarsız səsi çox şeyi unutdurur. Nizami Gəncəvinin sözlərinə  yazılmış “Gülüm” romansı adamı riqqətə gətirir.

Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?

Romansın əvvəlindən sonuna kimi hər sözü həqiqətdir. Bu “həqiqət” sözü qəribə görünə bilər. Amma ona görə həqiqətdir ki, Nizaminin XII əsrdə, Fikrət Əmirovun XX əsrdə yazdığı duyğular, indi, burada XXI əsrdə – sensor ekran və internet zəmanəsində də aktualdır…

Fikrət Əmirovun romanslarına ardıcıl qulaq asdıqca seçdiyi sözlərin zərifliyindən təsirlənirsən, amma həm də mahnıların ümumi ovqatındakı üsyana təəccüblənirsən. Sözləri Tələt Eyyubova aid olan “Mən səni araram”da ən təsirlisi məhz bu məqamdı:

Göz yaşım sel olar, ah sənsiz…
Bülbüləm neyləyim, çəmənsiz?
Bəs hanı, hanı yar, o sevda?
Gör nələr, nələr var başımda…

Gülağa Əliyevin ifasında bu mahnı insanın iliyinə işləyir. Axı həmişə sevən insan uduzmuş insandı. Axı heç vaxt sevgi qalib gəlməyib və elə bu məğlubiyyəti ilə də hər şeydən ucada dayanıb. Bunları xırdaladıqca “amerikano” kofenin acıdan acı tamı belə eyninə olmur. Telefonun siyahısı yenidən “Gülüm” mahnısına qayıdanda bir məqam diqqətimi çəkir. Rəşid Behbudov yana-yana oxuyur bu misraları:

Sənə dost olmağıma cümlə şəhər düşmən olub,
Məni əfv eylə, baxıb bir belə düşmənə, gülüm.
Harda görsəm səni, zülfündən öpüb yalvararam,
Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm!

Hamının, hər şeyin müzakirə olunduğu, sevgidən bixəbər bədbəxtlərin insanların şəxsi həyatını “açar deşiyindən” güddüyü bir dövrdə bu misralar doğrudan da ağrıdır insanı. Görəsən, nə zamana kimi “cümlə-şəhər düşmən olacaq”? Yəqin ki, həmişə, hər yerdə… Bəşəriyyət nə qədər inkişaf eləsə də, heç nə dəyişilməyəcək. Qanadlandığını, göylərə uçduğunu görüncə əndişələnən, ayağından tutub dartan tapılacaq, adi bir toyuq kimi isti suya salıb qanadlarını yolmaqdan zövq alacaq bomboz kütlə… Hər şeyi bağışlaya bilər – yalan danış, rüşvət al, riyakarlıq elə, baş kəs, bircə sevmə, sevinmə, xoşbəxt olma… Bunu bağışlamaz.

“Şeyx Sənan”da “Kor ərəbin mahnısı”nda bütün bunların “təbii” sonluğunu görürük. Hüseyn Cavidin sözlərinə bəstələnmiş mahnı dəqiq ifadə edir ovqatı. Zillətdən, zülmətdən qaçmaq mümkünsüzdürsə, heç o səadət də olmayaydı…

Nə nur olaydı, nə zülmət,
nə böylə xilqət olaydı!
Tükəndi taqəti-səbrim,
ədalət et, ədalət!
Nə öncə öylə səadət,
nə böylə zillət olaydı!

Fikrət Əmirov musiqisinin qeyri-adiliyi həm də ondadır ki, bütün bu ağrılı mövzular belə onun melodiyasının təsiri ilə rahat qəbul olunur, ruh oxşayır. Həm də axı bəstəkar mütləq bir işıq yeri göstərir. Kədərli mövzuları da bədbin melodiya ilə təqdim etmir dinləyicisinə… Və yenə sensora bircə dəfə toxunub Bülbülün ifasını dinləyirəm… “Gülərəm gülsən” – deyir. Məmməd Səid Ordubadi yazıb sözlərini… Çox sadə, adidən-adi ifadələrlə dərin fəlsəfələrdən danışıb müəlliflər:

Sevirəm, səninəm, qorxma heç kəsdən,
Gəl, səni qurtarım qara məhbəsdən,
İnan sözlərimə, qorxma bir kəsdən,
Gəl, səni qurtarım qara məhbəsdən,
Ağlasan, ağlaram, gülərəm, gülsən,
Ömrümün yazında təzə bir gülsən.

Bülbülün şipşirin, bal kimi səsi müasir meqapolisdən, başı buludlara çatan göydələnin uca mərtəbəsindən alıb aparır məni… Harasa uzaqlara, Nizaminin, Məhsətinin zəmanəsinə, Şəhrizadın nağıllarının içərisinə, Fikrət Əmirovun notlar dünyasına düşürəm… Həm də burdakı “QORXMA” sözü formul kimi, dəyişilməz resept kimi səslənir qulaqlarımda… Doğrudan da məhz cəsarət, qorxmazlıq, inam, özünə güvən uğurun – həm qəlb həyatında, həm də sənətdə ÖZÜN olmağın əsasını təşkil edir. Heç şübhəsiz ki, Fikrət Əmirov sənətinin də qayəsi, mayası budur.

Elə bu düşüncələrlə Fikrət Əmirov küçəsinə çıxıram, qulağımda Rəşid Behbudov səsi,  “Yetməyir əl sənə, yox səbr hicranə gülüm”… Bu əsrarəngiz sənət varsa, göylərə ucalmaq üçün göydələnlərə ehtiyac da qalmır…