Gənc bəstəkar Arzu Abbasovanın “Qütb ulduzu” əsəri Dünya Premyerasında – FOTOLAR

31 Baxış

ada deb (5)

27-28 may tarixlərində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbinin bəstəkarlıq ixtisası üzrə məzunu Arzu Abbasova Kraquyevaçda 14-cü Beynəlxalq “Donne in Musica” (Qadınlar musiqidə) müsabiqəsində iştirak edib. Bu barədə, Serbiyada keçirilən “Gənclik sülh və ədalət yolunda” layihəsinin təşkil etdiyi “Donne in Musica” cəmiyyətinin mətbuat xülasəsində deyilir. “Qadınlar Musiqidə” Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə gənc musiqiçilər, musiqi məktəblərinin şagirdləri və incəsənət fakültəsinin tələbələri iştirak ediblər. Müsabiqənin məqsədi qadınların bəstəkarlıq və musiqi istedadlarının təsdiqini tapmasıdır. 

Gənc Azərbaycanlı bəstəkar Arzu Abbasovanın “Qütb ulduzu” adlı kompozisiyasının Dünya Premyerası müsabiqənin diqqət mərkəzində idi. Əsəri professor Vladimir Koxun rəhbərliyi altında Mitroviç incəsənət fakültəsinin tələbələri – skripkaçılar Ana Radosavlyeviç və Miliçsa Mladenoviç ifa ediblər. Bu cəmiyyət, Adkins Fondu tərəfindən mailiyyələşdirilir, fəaliyyəti YUNESKO və Avropa Parlamenti tərəfindən qiymətləndirilən İtaliyadakı Donne in Musica təşkilatının himayəsi altında fəaliyyət göstərir. Müsabiqənin ideya müəllifi və təşkilatçısı bəstəkar, professor Voyna Nesiçdir. 

Gənc və istedadlı bəstəkar tərəfindən bəstələnmiş “Qütb ulduzu” əsəri 2016-cı il noyabr ayında ABŞ-ın Nyu York şəhərində keçirilən “MuSE”(Multicultual Sonic Evalution) gənc bəstəkarların IV beynəlxalq müsabiqəsində 1-ci yer tutaraq qalib olmuşdur və Nyu York şəhərində “Sounds of Arts Festival” daxilində Secret Theatre in Long Island City-də tanınmış musiqiçilər tərəfindən səsləndirilib.

Xatırladaq ki, Donna in Musica qadın bəstəkarların XII beynəlxalq müsabiqəsinə Arzu Abbasova 2015-ci il iyul ayında qatılmış və böyük uğurlara imza atıb. Serbiyada keçirilən və 100 dən çox ölkənin iştirak etdiyi müsabiqədə, müəllif müxtəlif nominasiyalar üzrə 3 əsəri ilə qalib olmuşdur. Sözü gedən müsabiqədə bəstəkar, “Cənnət lövhələri” adlı proqramlı süitasına görə müsabiqənin “Gənc və perspektivli bəstəkarı” adını qazanıb.

Bu yaxınlarda, 2017-ci ilin mart ayında Lüksemburq krallığında keçirilən “Artistes en Herbe” bəstəkarların IV beynəlxalq müsabiqəsində gənc bəstəkar öz növbəti uğuruna imza atıb. Bəstəkarın “Ötəri anlar” əsəri 242 bəstə içərisindən seçilərək 16-19 yaş kateqoriyasında 3-cü yerə layiq görülmüş və yarışmanın laureatı adını qazanıb. Qalib əsər Lüksemburq Konservatoriyasında səslənəcək. 

Arzu Abbasova ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin 1-ci kurs tələbəsidir. Təhsilə başladığı ilk günlərdən ADA Universitetinin nəzdində fəaliyyət göstərən Music Club-in rəhbəri seçilib və il ərzində ADA kollektivi qarşısında maraqlı konsert proqramları ilə çıxış edib. Eyni zamanda, “Gənclərə dəstək layihəsi” çərçivəsində keçirilən konsert proqramlarında dəfələrlə öz bəstələdiyi musiqi əsərləri ilə Azərbaycanın tanınmış konsert zallarında çıxış edib. Arzu Abbasova bəstəkarlıq təhsilini isə Bakı Şəhər G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbində alıb və 2016-cı ildə bəstəkarlıq fakültəsinin məzunu olub. Musiqi məktəbində təhsil aldığı dövrdə, 2014-2016-cı illərdə gənc bəstəkar dəfələrlə respublika və beynəlxalq müsabiqələr laureatı olmuşdur.
2014-cü ildə Arzu Abbasova Rusiya Federasiyası “İstedadlı Gənclər və Uşaqlar” Dövlət Fondu tərəfindən keçirilən gənc bəstəkarların 17-ci beynəlxalq müsabiqəsində “Nağıllar aləmində”(fleyta və fortepiano üçün) əsəri ilə qalib olmuşdur.

2015-ci ilin mart ayında “Dalğaların rəqsi” əsəri ABŞ-ın Nyu York şəhərində keçirilən “İtaka gənc qadın bəstəkarlarının” beynəlxalq müsabiqəsinin birinci yer tutaraq diplomla və pul mükafatı ilə təltif olunmuşdur.
2015-ci il iyun ayında ABŞ-ın Nyu York şəhərində keçirilən “Samadis” bəstəkarların beynəlxalq yarışmasında fərqlənərək “Mövzu və variasiyalar” əsəri konsert proqramına salınıb.

2015-ci il 25 may tarixində Qazaxıstan Respublikasında keçirilən “XXI əsrin istedadları” beynəlxalq musiqi yarışmasının “gənc bəstəkarlar” nominasiyasında müsabiqənin qalibi olmuşdur.

Eyni zamanda, Azərbaycanda keçirilən Respublika müsabiqələrində (“Üzeyir Hacıbəylinin Milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı, Harmoni 4-cü millətlərarası festivalı və “Rodniki duşi” festival müsabiqəsində) birinci yer tutmuş və laureat adını qazanmışdır. Qeyd etmək lazımdır ki, müəllif tərəfindən bəstələnmiş bir sıra musiqi əsərləri dünyanın bir sıra ölkələrində o cümlədən, (ABŞ, Rusiya Federasiyası, Türkiyə, Serbiya, Qazaxıstan, Lüksemburq krallığı, Gürcüstan və s. ölkələrdə) konsert proqramına daxil edilmiş və tanınmış ifaçılar tərəfindən səsləndirilib. Qeyd edək ki, Azunun müəllimi bəstəkar Pikə Axundovadır.

KÖŞƏ YAZARLARI
TOP 10