Hədəf Karyera Mərkəzi, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi ilə keçirilən seminar-treninqlər çərçivəsində gənc jurnalistlər bu dəfə APA TV-nin əməkdaşı Fərid Azəri ilə görüşüblər. Görüşdə əsas müzakirə mövzusu “İnternet televiziya” olub. Fərid Azəri bir gənc jurnalist kimi öz təcrübələrini həmkarları ilə bölüşüb. Çəkilmiş reportajlara baxılıb və həmin materiallarla bağlı müzakirələr aparılıb. Jurnalistlər Azərbaycan televiziyalarında xəbər buraxılışları, aparıcılar, hazırlanan sujetlərə münasibətlərini ifadə ediblər, televiziyalarda çalışan jurnalistlərin mənfi və müsbət keyfiyyətləri barədə danışılıb. Gənc jurnalistlər gələcək fəaliyyətləri üçün aparılan bu və digər müzakirələrin müsbət təsirlərini xüsusi vurğulayıblar.
Qeyd edək ki, 3 ay davam edən seminar-treninqlərə növbəti həftələrdə yekun vurulacaq. Təlimlərdə fərqlənən jurnalistlərin isə xüsusi mükafatlandırılması nəzərdə tutulur.