Gənc poeziyamızın gənclərsiz müzakirəsi

125 Baxış

10885307_806032362779972_2398870869679699173_n

Emin Piri

“Azərbaycan” jurnalında Əsəd Cahangirin moderatorluğu, Vaqif Bəhmənli, Əjdər Ol, İlqar Fəhmi, Fərqanə Mehdiyeva və İlham Qəhrəmanın iştirakı ilə keçirilən çağdaş Azərbaycan poeziyası ilə bağlı müzakirəni diqqətlə oxudum və indi bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əvvəla onu deyim ki bu jurnalda keçirilən ilk müzakirə deyil, indiyəcən roman, dramaturgiya və sair məsələlərlə də bağlı belə müzakirələr keçirilib. Bu müzakirələr ədəbi camiədə canlanma yaradır və bu işdə bir moderator kimi Əsəd Cahangirin xidməti xüsusi vurğulanmalıdır. Bu müzakirədə də poeziya ilə bağlı bir çox məsələlər qabardılıb: məsələn, çağdaş Azərbaycan şairinin toxunduğu bir sıra yasaqlanmış mövzular, sərbəst şeirin hecanı üstələməsi, intellektin ilhamı sıxışdırması, şeirlə nəsrin yaxınlaşması, şairlərin maddi problemləri və sair. Bu məsələlər ətrafında etdikləri maraqlı söhbətlərə görə müzakirənin bütün iştirakçılarına minnətdarlığımı bilidirirəm. Bununla yanaşı bir sıra məsələlərdə müzakirə iştirakçıları ilə polemikaya girmək arzumu da cilovlaya bilmədim. Bu yazını da məhz bu üzdən yazdım. Məsələn, istedadına hörmətlə yanaşdığım Fərqanə Mehdiyeva gənc şairlərin adını çəkir, sağ olsun. Amma əvvəla bu siyahıya bəzi vacib imzaları salmır nədənsə. İkincisi isə sadəcə adları sadalamaqla kifayətlənir, onların hər birinin özünəməxsusluğunu açıqlamır. Elə bil ki mümkün qədər çox adamın adını çəkməklə mümkün qədər çox adamı özündən razı salmaq istəyir. Özü də o adlardan bir çoxu Fərqanə xanımın dediyini əksinə olaraq, xüsusi istedadları ilə seçilmirlər.

İlham Qəhrəmanı da müasir dövrün ən istedadlı şairlərindən biri sayıram. Amma onun poeziya ilə bağlı mülahizələrini oxuyanda elə bildim ki hələ də gənc İlham şeirlərini götürüb redaksiyaya gəlir, hələ də Vaqif Bayatlı onun şeirlərinin dərcindən imtina edir, “get partiyaya dair şeir yaz gətir” deyir, bir sözlə sovet dövrü hələ də davam edir. Fikir verin, İlham Qəhrəmana görə çağdaş şeirin ən böyük problemi ondan ibarət imiş ki, gərək Şüvəlandakı Yaradıcılıq evi bərpa edilməliymiş. Guya o bərpa edilsə, hamıya birdən-birə dahilik istedadı veriləcəkmiş. İlham Qəhrəmanın çıxışları ümumən subyektivliyi ilə seçilir. Vaqif Bayatlını ona görə tənqid edir ki, onun şeirlərini dərc etməyib, yaxud İradə Musayevanı ona görə tərif edir ki, onun haqqında yazı yazıb. Vaqif Bəhmənliyə də, Əjdər Ola da böyük sayğım var. Amma onlar moderatorun qoyduğu suallardan daha çox, elə bil ki, qabaqcadan hazırlaşdığı sxemlər üzrə danışırlar, hətta dönə-dönə verilən suallar belə onları əvvəlcədən müəyyənləşdirilmiş fikirlərindən qopara bilmir. Nəticədə, qəribə bir yayğınlıq yaranır – moderator konkret sual verir, içtirakçılar isə ümumi,nəzəri, mücərrəd cavablara meyl edirlər. İştirakçılar arasında İlqar Fəhminin fikirləri mənə daha maraqlı gəldi. Xüsusən də “gəlin gəncliyin üstünə çox da getməyək, onları başa düşməyə çalışaq” fikri. Bununla belə, İlqar Fəhmini də bəzi fikirləri ilə polemika etmək olar. Məsələn, İlqar Fəhmiyə görə şeirdə Ilham faktının o qədər də əhəmiyyəti yoxdur. Məncə, belə münasibət mahiyyətcə istedadlı ilə istedadsızın fərqi yoxdur deməkdir. Əgər şairi qiymətləndirməkdə istedadın əhəmiyyəti yoxdursa, bəs onda görəsən, ölçü nədir? Bütün tənqidi tərəfləri ilə birlikdə poeziya ilə bağlı müzakirənin, ümumən bu tipli müzakirələrin keçiriləməsinin əhəmiyyətini vurğulamaq lazımdır. Müzakirə iştirakçıları mənə və bir sıra gənc şairlərə qarşı o qədər obyektiv olmasalar da, mən onlara qarşı mümkün qədər obyektiv olmağa çalışdım. Buna nə qədər nail olldum, qoy bunu oxucular desinlər.

Digər təqnidi fikrim isə müzakirənin çağdaş poeziyadan getməsinə baxmayaraq, bir nəfər belə çağdaş, gənc istedadlı şairin polemikada iştirak etməməsidir.

Əgər müasir gəncliyin poeziyası qəbul olunmursa bu qədər ədəbi qurumlar, ədəbi gənclik jurnalların fəaliyyəti nə üçündür?

Görəsən, Əsəd Cahangir ədəbi gəncliyin müxtəlif nümayəndələri haqda yazılar yazanda haqlı idi, yoxsa poeziya ilə bağlı dəyirmi masaya bir nəfər belə gənci dəvət etməyəndə?

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10