Gənc şair Aylan Kürdiyə şeir həsr etdi

100 Baxış

rahibogluElməddin RAHİBOĞLU

 

 

Dərd

Mənim dünya qədər dərdim var sandım.
Dünya dərdlərimin yarısı boyda
Düşündüm yəqinki, candan usandım.
Can məndən usanmış, öldüm çifayda

Beşikdən dərd mənim həmdəmim oldu
Büründü bələklə körpəliyimə
Bəzən şüuraltı məlhəmim oldu
Bəzəndə vuruldu sadəliyimə

Məni ağrılarla çəkdi sınağa
Yaralı qəlbimə o, köz basaraq
Xoş gün görməyimə qoydu qadağa
Ağrımla, acımla ayaqlaşaraq

Artıq haqq verirəm sədaqətinə
Məni onun qədər sevmədi heç kim
Heyranlıq duyuram cəsarətinə
Onunla başqadır, eyşi-işrətim.

Siz heç dərdinizlə dərdləşdinizmi?
Sanıram bu sual, gülüncdür sizə.
Siz heç dərdinizə dərd dedinizmi?
Bu mənim bəxtimlə doğan möcüzə.

Anadan olanda dərdimlə əkiz.
İkimiz dünyaya addım atmışıq.
Hər gün dərdləşirik dərdimizlə biz.
Bir yedə durmuşuq, birgə yatmışıq.

Dünyada yeganə sirdaşımdı dərd
Ən gizlin sirrimi dərdlə bölürəm.
Həmdəmim, həmkarım, yoldaşımdı dərd
Onunla hər saat , hər gün ölürəm.

Heç kimə bu eşgi bilmirəm rəva
Dərdlər mənim olsun, qəm mənim olsun.

Siz dərdsiz yaşayın. Dərdsiz bir dünya!

Qoy mənim yeganə düşmənim olsun.

 

 

Yağışın qəmi

Bir zaman sevinərdim, qara, yağışa.
İndi hər damcısı kədərlə dolu.
Payız xəzəlləri , dönəndə qışa.
Qısılır nəfəsim, edam üsulu.

Qapqara buludlar göyü örtəndə
Soyuqdan evimiz zindana dönür.
Tavandan üstümə su süzüləndə
Ömrümün közərmiş çırağı sönür.

Yenə uşaq olmaq istəyirəm mən.
Yağışın altında sevinmək üçün.
Heç nə düşünmədən, kədərlənmədən.
İslansın əynimdə, paltar büstbütün.

Təbiət ağ örpək örtəndə başa
Özüylə bərabər hüzün gətirir
İşsizlik qəlbimi salır təlaşa.
Ömrümdən günləri, çalır, bitirir.

Birdə insanlığın ötə yanı var.
Orda uşaqlar ac, uşaqlar öksüz
Özünə zillətdən, bütdə qururlar.
Onlar tanrısına çeviribdir üz.

 

 

 Aylana

Bir uşaq uzanıb, sahildə səssiz.

Üzünü tanrıdan  çevirmişmi, nə.

Sevgidən xəbərsiz, qəmdən xəbərsiz.

Dəniz sahilini, sevirmişmi, nə?

 

Həzz alır, dalğanın toxunuşundan,

Bəlkə də günəşdən enerji alır,

Paltarı soyunmaq çıxıb huşundan?

Axı o, paltarla birgə uzanıb.

 

İlahi, o ölüb. O, nəfəssizdir.

Suriya zülmündən qaçmaq istəyib.

Bu dünya, bu zülmə niyə səssizdir?

Bəlkə səssizliyi pozmaq istəyib.

 

Sahildə bir uşaq cənazəsi var,

Buna nə ad verim, ruh inciməsin?

Görəsən Allahın möcüzəsi var?!

O cansız bədənə, nəfəs göndərsin?

 

Axı müharibədən uzaqlaşırdı.

Bir gün daha artıq yaşamaq üçün.

O, dağı, dərəni niyə aşırdı?

Əgər bilsəydi ki, öləcək bu gün.

 

Bu gün xoşbəxtliyə edirdi səfər,

Bir çadır, bəlkə də , soyuq bir vaqon,

Yuva olacaqdı ona sərasər.

 

Dünən ayrıldığı, daşlar , qayalar.

Mərmiylə sayrışan o göy səmalar

Yas tutub Aylana – Dəhşətə bir bax!

 

Bunu hansı misra, söz ilə yazaq?

Ölüm bu qədərmi, yaxındır bizə?

Üç yaşlı uşaqla gəlir göz-gözə.

 

Yaşamaq ehtimal, ölüm həqiqət.

Həqiqətdən qaçmaq olmazdı əlbət..!!!

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10