Gənc Tamaşaçılar Teatrında premyera – “Don Kixot”

9 Baxış

kixot

Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel de Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, yeni quruluşda təqdim olunacaq səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bərham Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə əsərinin plastik həlli Ceyhun Dadaşova aiddir.

Tragikomediya janrında qurulan tamaşada dahi bəstəkar Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən, həmçinin Qiya Kançelinin və digər bəstəkarların musiqilərindən istifadə olunub.

Don Kixot rolunu Xalq artisti Qurban İsmayılov, Sanço Pansanı Əməkdar artist Şövqi Hüseynov canlandırırlar. Həmçinin tamaşada Əməkdar artist Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Rövşən Abbasov, İlham Əsədov, İradə Rəşidova, Könül Əbilova, Elgün Yəhyayev, Bəhram Həsənov, Xaliq Bəkirov və Tahir İsmayılov rol alıblar.

Əsrlər öncə yazılmasına baxmayaraq bu gün üçün də aktual olan əsərin vasitəsilə yaradıcı heyət insana xas olan mərhəmət, sevgi, saflıq kimi duyğuları ifadə etməyə çalışacaq.

Bölmə : Sənət xəbər