Gələcəkdən gələn məktub

190 Baxış

SƏMA FUADQIZISəma Fuadqızı

Gələcəkdən gələn məktub

Yer kürəsində yaşayışı məhv edib, başqa planetlərdə həyat axtaran insan övladına çağırış edən qısametrajlı filmdən danışacam sizə. Alman rejissoru Till Novakın 2005-ci ildə çəkdiyi “Çatdırılma” adlı animasiya filmi insanın əli ilə təbiətə vurduğu ziyan və bu ziyanı elə insanın öz əli ilə aradan qaldırmasından bəhs edir.

Animasiyada təsvir olunan dövr bir çox alimlərin gələcək nəsillərə vəd etdiyi uçan maşınların mövcud olduğu bir dövrdür. Zavod və fabriklərdən çıxan tüstü şəhəri dumana bürüyüb. Bu tüstünün fonunda təsvir edilən cansıxıcı şəhərin görüntüləri tamaşaçıya maraqsız görünə bilər, amma sonrakı 8 dəqiqəni izləməyə dəyər.

Boz rəngə bürünmüş şəhərdən kənarda bir qoca yaşayır. Filmin ilk kadrlarında biz onu eyvanındakı dibçəkdə yetişdirdiyi güllərinə su verərkən görürük. Lakin o suyu damcıtökənlə (pipet) verir. Bu kadrdan anlamaq olur ki, ekologiya o dərəcədə çirklənib ki, adi su da içilməli vəziyyətdə deyil və dibçəkdəki gülü yetişdirmək üçün xüsusi dərmandan istifadə olunur və yaxud da ekoloji çirklənmə nəticəsində içməli suyun miqdarı o qədər azalıb ki, hətta dibçəkdəki gül belə suyu damcılarla içir. (Burada rejissor diqqəti günü-gündən çoxalan ekoloji problemlərə yönəldir.) Sonrakı kadrlarda uçan maşınlardan biri qocanın evinə yaxınlaşıb poçt qutusuna o qədər də böyük olmayan yeşik göndərir. (Bunu gələcəkdən gələn bir mesaj kimi də anlamaq olar. Nə üçün belə dediyimi anladacam sizə.) Qoca poçt qutusunu yoxlayır və ora göndərilən yeşiyi açır və yeşiyin içindən  yüngül dəmir  qutunu çıxarır. Qutunu nəzərdən keçirən qoca onun yan tərəfində düymə görür və onu işə salır. Qutunun ağzı açılır. Qutunun içində nə olduğunu yoxlamaq üçün qoca cibindəki fonarı çıxarıb yandırır və onu qutuya tərəf yönəldir. Bu zaman qəribə hadisənin şahidi olur. Qoca işığı qutunun içinə yönəldəndə pəncərədən səmanın da işıqlandığını görür. Bundan təəccüblənən qoca baş verənləri anlamaq üçün bu hərəkəti  bir neçə dəfə təkrarlayır. Hətta əlinə kiçik bir şokalad alıb qutuya atır və eyni anda həmin şokalad daha böyük formada zavod və fabriklərin olduğu yerə düşür. Deməli qutunun içində olan elə onun yaşadığı dünyadır. O nə etməyi düşünür və birdən ağlına bir ideya gəlir.Eyvandakı dibçək üçün olan beli götürür və onu qutunun içinə salır və bel vasitəsilə zavod və fabrikləri götürüb dibçəkdəki torpağın üzərinə qoyur , əvəzində isə dibçəkdəki gülləri çıxarıb dəmir qutunun içərisinə yerləşdirir və qutunun ağzını bağlayır. Qoca eyvana yaxınlaşanda biz həmin tüstülü zavod və fabriklərin yerində dibçəkdəki gülləri görürük. Bu güllər dibçəkdəkindən fərqli olaraq nəhəngdirlər. Artıq səma da aydınlanıb, tüstu buludlarını bəmbəyaz buludlar əvəz edib və günəş öz şəfəqləri ilə dünyanı işıqlandırır. Bu işıq həm də ümiddir. Rejissorun gələcəyə olan ümidi. Sizə demişdim ki, o uçan maşın gələcəkdən gələn bir mesajdır. Gələcəkdən gələn mesaj (məktub) təkcə qocaya yox, bütün bəşəriyyətə göndərilir. Bu qutudakı dünya da bizim dünyamızdır. Qutudakı dünyanı xilas etmək və ya məhv etmək öz əlimizdədir. Məhv etsək nəinki özümüzü, gələcəyi də məhv etmiş olacağıq. Dünyanı xilas etmək üçün adi insanların  hansısa beynəlxalq ekoloji təşkilatlara, birliklərə qoşulması önəmli deyil. Hər kəs yaşadığı yeri təmiz saxlasa, ağaclarını qırmasa, suyunu çirkləndirməsə və s. elə dünyanı da xilas etmiş olacaq.

Film haqqında qısa bir qeyd etmək istəyirəm: Till Novakın bu animasiyası 2005-2007-ci illərdə 20-yə yaxın mükafat alıb. Filmdə “droste effekti”ndən istifadə olunub. Droste Effekti – holland terminidir və 1904-cü ildə “Droste” kakao markasının şərəfinə ilk dəfə istifadə olunub. “Droste effekti”ndə hansısa obyektin kiçildilmiş variantı eyni anda təsvir olunur. Animasiyada qutu dünyanın kiçildilmiş variantıdır.