Gəmiqaya mədəniyyəti: tədqiqi və vəzifələr

15 Baxış

AMEA Naxçıvan 2AMEA Naxçıvan Bölməsində “Gəmiqaya mədəniyyəti: tədqiqi və vəzifələr” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Gəmiqaya qayaüstü rəsmləri qədim Naxçıvanın tunc və ilk dəmir dövrü əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli tarixi mənbələrdir.  Qeyd edib ki, Qədim Naxçıvan əhalisi arasında mənəvi mədəniyyətin müxtəlif sahələri ilə yanaşı, incəsənət və piktoqrafik “yazı” mədəniyyəti də inkişaf etmişdir. Bu baxımdan Gəmiqaya petroqlifləri, qayaüstü təsvirləri və piktoqrafik “yazı” nümunələri qədim Naxçıvanın mədəniyyət tarixini öyrənmək üçün dəyərli qaynaqlardır.

Vurğulanıb ki, Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olub. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olub. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və sair) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr və s. təsvirlər həkk edilib.

Gəmiqaya təsvirlərinin 1968-ci ildən öyrənildiyini söyləyən akademik İ.Hacıyev bildirib ki, tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri və qayaüstü təsvirlər aşkar olunub. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini izləmək mümkündür.

Bölmə sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 26 aprel 2001-ci il tarixli “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” sərəncamını xatırladaraq, bu sərəncamın əhəmiyyətini xüsusi qeyd edib.

Konfransda  bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Professor Əjdər Fərzəli və Gəmiqaya mədəniyyətinin tədqiqi”, həmin institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Gəmiqaya yazı işarələrinin əksi Azərbaycan-türk əlifba sistemində təkrarı”, Tarix, Etnoqrafiya və  Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Gəmiqaya təsvirlərinin semantik məzmunu”, İncəsənət, Dil və Ədəbiyyat  İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadənin “Naxçıvan folklorunda Gəmiqaya əfsanəsi” və s. mövzusunda məruzələri dinlənilib.

Elmi konfransda, həmçinin musiqişünas Kənan Məmmədli Gəmiqayadan qaynaqlanan folklorumuzda yallı adları barədə çıxış edib.