Gənc aktyorlara tövsiyə

11 Baxış

Hacağa Abasov

Senet.az “XAN” xatirə ədəbiyyatı silsiləsindən “Xatirələrim” kitabından bir hissəni təqdim edir.

“Xatirələrim” adlı bu kitabda görkəmli teatr xadimi, Azərbaycanın ilk xalq artisti Hacağa Abasov böyük ömrü-nün ən qaynar çağlarını xatırlamışdır. 1906-34-cü illərdən bəhs edən bu xatirələr Azərbaycan incəsənətinin həmin dövrü ilə yaxından tanış olmaq istəyən hər bir oxucu üçün qiymətli məlumat mənbəyidir. Qocaman incəsənət xadiminin xatirələri arasında “Gənc aktyorlara tövsiyyə” də yer alıb. 

Hacağa Abasov

Gənc aktyorlara tövsiyə

Aktyor birinci növbədə dərin biliyə, geniş dünya görüşünə malik olmalı, öz rolunun mənasını dərk etməlidir. O, əsərin hansı dövrdə və nə məqsədlə yazıldığını bilməli, həmin dövrdə yaşayanların geyimi ilə tanış olmalı, adət və ənənələrini öyrənməlidir ki, müəllifin ayrı-ayrı obrazlar vasitəsi ilə ifa etdiyi arzusunu həqiqi sənətkarlıqla tamaşaçıya çatdıra bilsin. Əsərin əsil müvəffəqiyyəti aktyorun ifasından asılıdır. Odur ki, müəlliflər çox zaman aktyorlarla sıx yaradıcılıq əlaqəsi saxlayaraq əsərin daha canlı, dinamik olmasına çalışırlar. Biz bilirik ki, bir zaman Maksim Qorki MBAT-da “Həyatın dibində” hazırlanarkən özü məşqlərə gələr, məşhur teatr ustası Stanislavski və Aleksandr Tairobla söhbət aparar, öz rəyini onlara bildirərmiş.
Həqiqi sənətkar öz yaradıcılığına ciddi yanaşmalıdır. Şalyapinin mənə danışdığına görə o, “Faust” operasında Mefistofel rolunu oynamaq üçün üç ay müxtəlif teatrlarda keçirilən məşqlərə gedib, həmin rolda çıxış edən bir neçə aktyorun oyununa tamaşa etdikdən sonra Mefistofeli özünəməxsus ifa etməyə nail olmuşdur.
Azərbaycan səhnəsinin görkəmli ustaları həqiqi mənada rol aşiqləri olmuşlar. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla böyük sənətkarlıq məharəti ilə rol üzərində çalışır, onu teatrda məşq zamanı, küçədə, evdə, hətta yataqda da yaddan çıxarmırdılar. Onlar öz rollarını sadəcə olaraq əzbərləməklə kifayətlənmirdilər. Bu sənətkarlar yaradacaqları obrazla yaşayır, onunla bir nəfəs alırdılar. Gürcü artistləri Sandro Axmeteli, Marcanişvili və Abaşidze öz rollarını layiqincə ifa etmək üçün böyük səy göstərirdilər.
Yaxşı yadımdadır, 1917-ci ildə mən Şeyx Nəsrullah, Mirzağa Əliyev isə kefli İskəndər rollarını oynayırdıq. O zaman əsərin müəllifi Mirzə Cəlil Mirzağa Əliyevlə məni özü ilə Naxçıvana aparmışdı. O, Şeyx Nəsrullahın kim olduğunu, o vaxtın adətini, “Ölülər”i nə məqsədlə yazdığını bizə nəql edirdi. O bizə və bizimlə bərabər orada olan məşhur rəssam Fabriyə Naxçıvan qəbiristanını göstərmişdi.
“Nadir şah” dramını oynamaq üçün məşqlər aparılan zaman əsərin müəllifi Nəriman Nərimanov həmişə H.Ərəblinskiyə və mənə Nadir şah və Mirzə Mehdi xan barəsində uzun-uzadı söhbətlər edər, bu obrazlar haqqında geniş məlumat verərdi. Ərəblinski, Mirzağa Əliyev və mən o vaxt mədrəsəyə gedib saatlarla mollaların söhbətlərinə qulaq asardıq.
1928-ci ildə “Həyatın dibində” əsəri oynananda tamaşa qurtardıqdan sonra Baqram Papazyan Satin rolunu oynayan Abbas Mirzə Şərifzadəni qucaqlayıb demişdi:
– Var ol əziz qardaşım Abbas Mirzə! Bu gün sənin oyunun məni heyran etdi. Mən arzu edirəm ki, bir gün səninlə ikimiz bir səhnədə erməni və Azərbaycan dillərində oynayaq, tamaşaçılar baxıb hər ikimizə qiymət versinlər.

 

H. Abasov, Əliağa Vahid və Xan Şuşinski ilə birlikdə. Bakı, 1964-cü il

Bizim gənc artistlərimiz bilməlidir ki, yalnız “mən artistəm” deməklə şöhrətlənmək, səhnə xadimi kimi yüksək ad qazanmaq olmaz. Sənətin zirvələrinə qalxmaq, bu yolda yüksəlmək üçün yalnız arzu etmək deyil, ciddi səy göstərmək, yorulmadan çalışmaq, həqiqi mənada zəhmət çəkmək lazımdır. Sənətin yüksək texnikasına yiyələnən, onu bütün varlığı ilə sevən, obrazın daxili aləmini dərk edən, onunla yaşayan artist həqiqi aktyor ola bilər. Bunun üçün həm Azərbaycan, həm rus, həm də Avropa müəlliflərinin əsərlərini oxuyan, onların mənalarını hərtərəfli, layiqincə başa düşərək öz mənəvi aləmini zənginləşdirən sənətkar tamaşaçısını razı sala bilər.
Yadımdadır ki, Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində bir çoxları incəsənətə “həvəs” göstərərək, musiqi çalmaqla teatr və klublarımızda özlərinə yer etməyə çalışırdılar. Belə “həvəskarların” işi düzələn kimi teatrdan üz döndərir, hətta tamaşa üçün belə teatra gəlmirdilər. Əlbəttə, belələrindən heç vaxt səhnə xadimi çıxmaz. Ərəblər belə adamlara “ibnül-vəqt”, yəni “bu günün oğlu” deyərlər. Belə adamlar sənətin başqa sahələrində də tapılırdı. Onlar üçün vaxtilə şair yaxşı demişdir:
Hər əlif be oxuyan qareyi-quran olmaz,
Hər ağac gər boy ata, sərvi-xuraman olmaz.
Edəsən tutiyə təlimi-ədayi-kəlamət
Nitqi insan olar, amma özü insan olmaz.