Gənc Tamaşaçılar Teatrı – Permdə

5 Baxış

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti RF-in Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin MakDonax Teatr Festivalında iştirak edəcək. Kollektiv bu dəfə ölkəmizi adıçəkilən müəllifin “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə təmsil edəcək.

Teatrın mətbuat xidmətindən Senet.az saytına verilən xəbərə əsasən oktyabr ayının 1-dən – 7-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Hersoqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak edəcəklər. Dövlət Gənc Tamaşaçılar Teatrının çıxışı oktyabr ayının 4-ə nəzərdə tutlub. Tamaşadan sonra Festivalın Beynəlxalq səviyyəli münsiflər heyəti və tənqidçilər qrupu tamaşanı müzakirə edəcəklər. Festival çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış xarici ölkə teatr mütəxəssislərinin iştirakı ilə baş tutacaq ustad dərslərinə və treninqlərə də qatılacaqlar.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Əməkdar Artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandıracaqlar.

Festivalda iştirak edəcək qrupa teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov rəhbərlik edəcək. ADGTT-nın rəhbəri eyni zamanda Festival çərçivəsində Beynəlxalq ASSİTEJ-ə üzv olan iştirakçı ölkələrin ASSİTEJ rəhbərləri və Perm Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə də görüşəcək.

Bölmə : Teatr