Gecikmiş rekviyem

93 Baxış

Mushfiq XANMüşfiq XAN

 

Hekayə

 

sarılmaq istədiyi an hiss edir insan –

əslində qollarının nə qədər qısa olduğunu…

 

 

 

Tərkedilmiş yetimxana kimiyəm. Bax burda – ürəyimin başında heç kimi hiss etmirəm. Gedən gedənədi… Aylardı təknəfərlik, kimsəsiz dünyamla əlləşirəm. Özümə, canımı qoymağa yer tapa bilmirəm. Mənnən “necəsən? haralardasan?” – soruşurlar. Nə cavab verəcəyimi bilmirəm. Heç indi harda olduğumu bilmirəm. Amma görürəm ki, özümdə deyiləm…

Elə bil məni görən hər kəsin yadına alimnümalıq eləmək düşür. Hamı məsləhət verir. Yanında rahat ola biləcəyim kimsə yoxdu ki, “danış ürəyini boşalt” – təsəllisini versin. Mən nə günə varam? – desin. Günlərdi niyə fikirli gəzib-dolaşırsan? – soruşsun.

Mən də özümlə danışmaq qərarına gəldim. Çoxdandı görünmür…

Bir dəfə ən yaxın dostuma özümlə dil tapa bilmədiyimi deyəndə qayıdıb söz atdı:

– Deyirsən, yəni, səndən sənə şikayətim var?

– Şair onu yarçün deyib, mənimlə heç bir ilgisi yoxdu. Mən kimsəsiz adamam.

– Haqsızlıq etmə, sənin eşq səhnələrində həmişə anşlaq olub.

Bunu deyib pis-pis hırıldadı. Öz aləmində yaranan gərginliyi yumşaltmağa çalışdı. Amma insanlar məni elə bu qədər başa düşürlər. Vəssalam. Hərçənd ki, danışmağa, dərdimi deməyə ehtiyacım var idi. Həmin gün çarəsiz qalıb illərdi saxladığım sirrimi dostumla bölüşmək istədim:

– Sənə bir sirr açacam. Amma söz ver ki, sözümü kəsməyəcəksən.

Bu dəfə “sirr” sözünü eşidəndə ciddi görkəm alan dostumun reaksiyası məni ürəkləndirdi. Zorla qımışmaqdan gərilən üz ifadəmdən əsər-əlamət qalmamışdı. Sanki sirrin sehrindən dolayı indidən həyəcana bürümüşdü. Mənə elə gəldi ki, o bir anlıq yaddaşında sürətli axtarmağa çalışırdı – amma ağlına heç nə gəlmirdi. Bu qədər vaxtdan sonra mənim ondan nəyi gizlədə biləcəyim dostumu heyrətləndirmişdi. Adətən nəfəs dərmədən dalbadal suallar verən dostumun bu dəfə təkcə sualları yox, düşüncələri də susmuşdu. Tərəddüdlər burulğanına düşəcəkdi ki, hannan-han boğazını arıtlayıb ehtiyatla dedi:

– Sual verməyəcəm, söz verirəm…

 

Və mən indi sizə danışacağım bu sirri dostuma açdım. Bir də anladım ki,

 

tənhalıqdan daha dəhşətli hiss –
kənardan baxanlarçün tənha görünməməkdi…

 

Bu hadisə lap çoxdan olub. Üstünnən bəlkə min il keçib. İndi yadıma düşəndə beynimin içi alax-bulax olur. Tərs kimi də hər səfər bu barədə düşünmək istəyəndə nəsə bir iş peyda olur, fikirlərimi toplayıb axıra qədər yadıma sala bilmirəm…

 

O vaxta qədər – həmin hadisəyə qədər mənə elə gəlirdi ki, dünyada hamıdan çox özümü istəyirəm. Hətta bu halda belə öz qayğıma hamıdan daha az qalırdım. Ən böyük arzum Qarabağda döyüşüb erməni öldürmək idi. Bu haqda xatirələrimi “Dayanacaq” hekayəmdə yazmışam. Həmin günə qədər mən nənəm demiş “Sonqulu” kimi hər işdən çıxmışdım. Dərslərimi az oxusam da, müəllimlərim heç vaxt narazılıq etməzlərdi. Mənim oyunlarım başqa uşaqlardakına çox bənzəməzdi – futbol desən, bacarmazdım. Nəinki bunu, kart oynamağı, üzməyi qətiyyən bacarmırdım. Bilyardda “ki”ni tutmaq indinin özündə də mənimçün əlçatmaz bacarıqdı.

O günə qədər himayədarlarsız yaşamağı sevirdim. Əslində elə indi də belədir. Sadəcə çox sonralar anladım ki, bu uşaqlıqdanqalma axmaq vərdişdi. Amma yaxamı qıynağınnan heç cürə aralaşdıra bilmədim.

Hələ on səkkiz yaşım olmamışdı. Mahirəylə iki ilə yaxınıydı ki, bir-birimizi sevirdik. İndi onu doğru-dürüst xatırlaya da bilmirəm. Bəlkə də daha çox xatırlamamaq istəyidi bu – tam dəqiq bilmirəm. Təkcə sınıq-salxaq velisopedimin tərkinə alıb rayon parkında gəzdirdiyim günlər yadımdadı. Və bir də məni həbs edənnən dörd il sonra yanıma gəldiyi günü xatırlayıram. Bu o gün idi ki, qurmağa çalışdığım dünyam təzədən başıma yıxılmışdı. Universitetin filologiyasının diplomunu aldığı günün səhəri gəlmişdi. Çox dayanmamışdı. Günahkar baxışlarıyla gətirdiyi məktubu verib getmişdi. Əslində ağlaya-ağlaya qaçıb aralaşmışdı mənnən həmin gün…

Mahirə mənnən bircə sinif aşağı oxuyurdu. O illər planımızı çoxdan qurmuşduq. Məktəbi onnan bir il tez bitirdiyimə görə birinci il “kəsiləcəkdim”. Növbəti ilsə ikimiz də sənədlərimizi eyni ali məktəbə verib Bakıya gələcəkdik. O deyirlər ha – bir adamın suçu sübuta yetirilənə qədər o adam suçsuzdu, – bu məsələdə mənim şansım gətirmədi. Uçastkovı (sahə polisi – red.) İbrahimov məni qamarladığı kimi də içəri atdı. Gözümü açanda hər şeyi “həll eləmişdilər”. Uqalovnı rozıskın (cinayət-axtarış şöbəsi – red.) həngaməsinə, nəyisə araşdırmasına ehtiyac da qalmamışdı. Sağ olsun yoldaş İbrahimov – işini təmiz görmüşdü.

Baxmayın ki, çox oyunnan bixəbərəm. Elə o vaxtdan – atamın babasının qoşalüləsini əlimə aldığım günnən silahdan ötrü sino gedirəm. Hər kəsin ən azı bircə zəif tərəfi olur də, mən də uşaqlıqdan silah düşkünüydüm. Daha doğrusu bu sevda əvvəl-əvvəl evimizdəki “Tir” tüfəngiylə başlamışdı. Sərçə, sığırçın, indi mən deyim, siz təsəvvür edin – yüngül qurğuşun seçmə nəyi havada saxladısa, onnan – allahverənnən vurub fantaziyama uyğun nəsə yemək hazırlamaqda ustaydım – qızartmasınnan, kababınnan, hətta bozbaşınnan belə. Bu qurğuşun seçmələr hərdən çöl göyərçinini də saxlayırdı. Amma gərək qanadınnan vuraydın. Elə ki, havada səndələdi, deməli qonşuların həyətinə qədər uçacaq yolu var, sonra mütləq düşməlidi. Xırda ovlarım hava məkanını pozduqca mən də Dürüş xaladan icazəsiz sərhəddi pozub, neytral zonanı – qonşumuzla aramızdakı hasarı keçib qaçıb onu yaxalayırdım. Aradabir sağsağan saldığım da olurdu – həyətimizdəki Eva adlı itimizçün. Bununçün gərək başını nişan almağı bacaraydın. Çünki sağsağan çox sayıq quşdur və xeyli də iridi. Bir dəfə qaçırtdınsa, çətin ki, təkrar yaxalaya biləsən. Həm də əti yeməli deyil. Açığı, bir dəfə qanadını qızardıb dadına baxmışdım. Yalannan deyəm ki, o biri quşların əti ilə nəsə fərqi var – yox idi, niyə sizi aldadım ki.

Məndə silaha qarşı məhəbbət nədən qaynaqlanırdı özümçün də məchuldu. Bircə bunu bilirəm ki, həbsdə olanda da, sonrakı illərdə hərbi xidmətdə zampolit (siyasi işlər üzrə müavin – red.) işləyəndə də bu aludəçiliyim səngimədi. Başıma nə gəldisə də, bu vərdişim ucbatınnan gəldi. Xeyli sonralar – hərbi xidmətdə olarkən başa düşdüm ki, dünyada insanın qoşalülədən daha müdhiş icadları var. Həə, dediyim kimi, bunu çox sonralar – yanıma əsgər alıb qrup silahları ilə dövlət sərhəd nişanına qədər yeddi-səkkiz dəfə gedənnən sonra hiss eləmişdim. Buna qədər artıq başım daşdan-daşa dəymişdi. Həm də elə bircə günün içində – hadisə baş verən günüsü. Və o vaxtdan başa düşmüşdüm ki, həyatımızda baş verən heç nə təsadüfi deyil. Axan qan damarda dayanmaz, – deyirlər, – ölməlisənsə öləcəksən, öldürməlisənsə öldürəcəksən…

94-ün payızıydı – hardasa oktyabrın sonları. Açığı həmin hadisəni unutmağa çalışdığımçün dəqiq günü yazmıram… Məmi kişinin saqqızını birtəhər oğurlayıb meşəyə ova aparmışdım. Yekəxanalıq kimi görünməsin deyə, balaca bir arayış verim. Məmi kişi heç – onu yəqin tanıyırsız, üç-dörd dəfə ayrı-ayrı vaxtlarda haqqında sizə danışmışam. Kar idi – heç eşitmirdi. Rayon camahatının da onu “Kar Məmi”, – deyə çağırması bu üzdəniydi. Amma rəhmətlik sərras atıcıydı. Mənə nişan almağın, qundaq tutmağın, nə zaman atəş açmağın çəmini-çümünü də o öyrətmişdi. Atamın babasını desəz, o heç – fərsizin biriydi. Ömür boyu heç nə vurmamışdı. Daha doğrusu özünün dediyinə görə vururdu – amma düşmürdülər. Onun təkcə qoşalüləsi vardı. Vəssalam – yəni bu qədər ovçuydu. Həə, əslində mən Məmi kişini yox, o məni aparmışdı ova. Həm də mənim üçgünlük acizanə xahişlərimnən sonra. Babamın rizasını da almışdım. O gün meşəyə ikinci gedişimdi. Əlidolu qayıtmalıydım – bu barədə başqa heç nə düşünə bilmirdim. Və mən həmin gün sözümün üstündə dayandım – “əlidolu” qayıtdım. Adam vurmuşdum! Bilməyərəkdən. Sizin dediyiniz kimi – təsadüfən. Xəbərim də olmamışdı. Bunu axşamüstü kor-peşman – evə qənimətsiz qayıdanda İbrahimov muştuluqlamışdı. Meşənin sıx yerində tələsib atdığım güllə birini öldürmüşdü. Babamın yanına qayıdanda bütün qonşular haray-həşir içində didik-didik mənim axtarırdılar. Silahın ballistik rəyi-filan, hər şey hazır idi. Onsuz da rayonda üç-dörd köhnə kişidənqalma qoşalülə vardı o vaxtlar. Biri də mənim atamın babasında olan qoşalüləydi. Vurduğum oğlanın qabırğalarında ilişib qalan güllə mənim, daha doğrusu atamın babasının adına qeydiyyatda olan qoşalülədən açılmışdı. Yaz zəlzələdən, ya vəlvələdən – artıq qatil idim! Rəşidi vurmuşdum – Mahirənin sinif yoldaşını. Oğlanın cəsədi gözlərimin qabağınnan getmir – alqana boyanmışdı. Başı da yarılmışdı.  Amma güllə köksünə saplanmışdı. O vaxt bunun sirrini çözümləyə biləcək durumda, qafada deyildim. Hadisə günü və daha dörd il sonra mənimçün müəmmalı qalan təkcə həmin gün – biz ora ova gedəndə Mahirəni meşə yolunda görməyimiz idi. Daha doğrusu mənim diqqətimi çəkmişdi. Məmi kişi onu tanımadığına görə heç nədən şübhələnməmişdi də. Qulaqları eşitməyən bu yaşlı ağsaqqalı qınamaq da olmazdı, çünki Mahirdən və bizdən savayı həmin gün meşə yolunun kənarınnan giləmeyvə yığmaqçün gələn və heç birini tanımadığım daha bir neçə qadın-uşaq vardı. Mahirənin həmin gün meşə yolunda olmasının səbəbini mən yalnız dörd il sonra – həbsxanaya yanıma gələrkən verdiyi məktubu oxuyanda öyrənə bildim. İş-işdən keçmişdi, həbsdən çıxmağıma cəmi-cümlətani ikicə il qalırdı. Çünki Rəşidi qəsddən öldürməmişdim. Məhkəmə də bunu “nəzərə” almışdı.

 

Mən bunları danışdıqca hiss edirdim ki, dostumun mat-mutu quruyub. Əli ağzında qalmışdı, nə deyəcəyini bilmirdi. Kinayəli baxışlarından anladım ki, həbsxanada günahsız yerə altı il cəza çəkdiyimi gec də olsa başa düşüb…

 

Mahirə məktubunda həmin gün – hadisə baş verən günü Rəşidi görüşmək adı ilə aldadıb meşəyə apardığını, sonra başını odunla yarıb boğduğunu yazmışdı. Yəni mənim atdığım güllə Rəşidə dəyməmişdən əvvəl o artıq ölübmüş…

 

Hadisə baş verən gün Mahirəni meşə yolunda görəndə ona niyə yaxınlaşmadığımı, orda nə gəzdiyini soruşmadığıma görə məni nə vaxtsa suçlayacaqsınız, bilirəm. Amma biz həmin vaxt Mahirə ilə çoxdan ayrılmışdıq. Rəşid adlı o gorbagorun Mahirəni zorlamasından sonra üz-üzə gələ bilməmişdik, cürətimiz çatmamışdı, ürək eləməmişdik. Və hər şeyə bircə saniyənin içində belə nöqtə qoymuşduq.

 

Amma qələmi tutan barmaqlar bizim deyildi…