Gedənlərə, unudanlara və pişiyimizə…YENİ ŞEİR

178 Baxış

pishikCəlil Cavanşirdən yeni şeir

Sən gedəli,

gözlərimin nəmini
Nə istilər, nə küləklər qurutmur.
Nə çətinmiş sənsizliyi yaşamaq
Ağlayanda bu bədheybət “uşağı”
Heç kəs, heç kəs sənin kimi ovutmur…

Sən gedəli
Bayramları əlim boş.
Uzanıram yatağıma. Gülürəm…
Ya xəstəhal, ya ağrılı, ya sərxoş
Yaşadığın o küçədən tək keçib
Pəncərənə baxıb, baxıb gülürəm…

Sən gedəli
Günlərimin düzümü.
Qarışıb eee, bir-birinə qarışıb.
Sən gedəli hey söyürəm özümü.
Yəqin kimsə eşidibsə,
-danışıb…

Sən gedəli
Bir az sərsəm kimiyəm.
Şirin gəlmir daha sabah yuxusu.
Hərdən yemək bişirəndə, yatıram.
Ayılanda diksinirəm. İlahi,
Hardan gəlir yanıq yemək qoxusu?

Sən gedəli,
Hər şey bir az başqadı
Sabahlar da darıxmaqdı, gecələr də darıxmaq
Sən getdiyin uzaqlardan küsmüşəm
Nə çətinmiş uzaqlardan qayıtmaq…

…Noolar, dön gəl, vallah olmur unutmaq….

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10