Geri oxunan kəbin

27 Baxış

geri oxunan kəbinFəlsəfə doktoru, dosent Yusif Alı Afşar

El yaylaqdan  bala-bala geri dönürdü. Bu il aranda havalar quraq keçdiyindən arandakıların işi-gücü ancaq böyük çətinliklə otlaq sahələrini, taxıl zəmilərini suvarmaq olmuşdu. Ona görə də qışa hazırlıq işləri vaxtında görülməmişdi. Dam-daş tam hazır olmadığından payızın soyuq gecələrinə baxmayaraq, mal-qara hələ də çöldə kəsilmiş kərəskələrdə saxlanılırdı.

Hüseyn koxanın da köçü üç gün idi ki, geri dönmüşdü. İşlər çox olduğundan hələ nə barxana açılıb günə verilmişdi, nə də qış tədarükü anbarlara vurulmuşdu. Soyuqlar düşməmiş tövlə hazır olmalı idi ki, mal, heyvan soyuqdan götürüm düşməsin. Hüseyn koxanın mal-qaradan 30 baş camışı, 20 baş da inəyi vardı. Nökərlər qonşu Xoşkotan kəndindən gələn erməni usta Masropa kömək edərək tövlənin qapı-bacasını yeniləyib, qoj, pərdi və kərənlərini bərkidirdilər.

Hüseyn koxa kəndin kəndxudası olmamışdan öncə də kənddə nüfuzlu, imkanlı, varlı-hallı, qoçaq, ötkəm bir kişi kimi tanınırdı. Elə bu əlamətlərinə görə də kəndin hörmətli ağaları pristavdan xahiş edərək onu kəndə kəndxuda təyin etdirmişdilər. Hüseyn koxa həm də rəiyyətin, kəndçilərin də hörmət etdiyi, çox istədikləri kişi idi. O həmişə ağalarla rəiyyət arasında barışdırıcı mövqedə olardı. Əkin-biçinlə, suvarma ilə bağlı problemləri böyüməmiş həll edərdi.

Hüseyn koxanın başı təpəl, ayağı səkil, tökməsinə, uzun yalmanlı, qız kimi gözəl, sona kimi yaraşıqlı bir “Dəliboz” atı vardı ki, camaat yemədən, içmədən bu atın gözəlliyinə, yerişinə, qədd-qamətinə tamaşa edərdilər. Mahalın ən nüfuzlu, adlı-sanlı kişiləri Hüseyn koxaya çoxlu qızıl pul təklif etmişdilər ki, mahalda ad çıxaran bu yaraşıqlı atı onlara satsın. O isə sevimli atını heç bir var-dövlətə dəyişməzdi. Ata qulluq üçün ayrıca bir mehtər də tutmuşdu. Mehtər Hatəm ata olduqca yaxşı qulluq edirdi.

Hüseyn kişinin atının gözəlliyi mahalda oğurluğu ilə ad çıxarmış Oğru Qulama da çatmışdı. Oğru Qulam nəyin bahasına olursa olsun o atı oğurlamağa qərar vermişdi. Bir neçə dəfə yaylağa getsə də orada bu planını həyata keçirməyə imkan olmamışdı. Hüseyn koxanın köçü arana qayıdandan Oğru Qulam gecə-gündüz onun evinin həndəvərinə nəzarət edir, gizli, qısa qaçış yollarını bir-bir nəzərdən keçirirdi. Oğru Qulam iri bədənli, enli sinəli, polad biləkli bir pəhləvan idi. Gürcü tavatlarının, Borçalı, Qazax, Tovuz ağalarının, bəylərinin qənimi idi. İndiyə kimi bir dəfə də olsun onun oğurluğunun izinə düşülə bilinməmişdi. Oğru Qulam həmişə kasıb-kusuba, imkansıza əl tutar, oğurladığı mal-dövlətlə onlara həyan olardı.

Bütün təhlükəli yolları, ehtimalları dəqiqlikləşdirən Oğru Qulam qərar verir ki, bu gecə Hüseyn koxanın atını oğurlasın. Və payız günlərinin bir gecəsində tövlənin arxasını dağıdıb tövləyə düşüb atın ayaqlarına çidar, gözlərinə isə qırmızı kalağay bağlayır ki, hürküb kişnəməsin. Atı çölə çıxarmamışdan öncə özü tövlədən çıxıb gizlincə fırlanıb həyətə diqqət edir ki, birdən ins-cins kimsə olar. Amma Hüseyn koxanın həyətində yaylaqdan yenicə dönmüş 50-60 inək-camışdan və qarqarada o yan – bu yana hürüşən qurdbasan itlərdən başqa heç bir canlı yox idi. Gördüklərinə əmin olan Oğru Qulam sonra geriyə – tövləyə qayıdıb atı çiyninə alaraq qoj və pərdilərin arasından ehmalca yuxarı qaldırıb bayıra çıxartdı. Atı bir müddət gözübağlı yedəyində darta-darta apardı. Kürün sahilinə çatanda atın gözlərini açaraq bir göz qırpımında gözəl “Dəliboz”un belinə sıçrayan Oğru Qulam onu Kürün “girmə” yerindən salaraq o taya keçdi. Artıq təhlükə tam sovuşmuşdu. Tək qalan bircə şey isə atı möhkəm və etibarlı bir yerdə gizləmək idi. Ancaq ki ara sakitləşib, şübhələr çəkildikdən sonra atı aparıb uzaq bir yerdə satmaq olardı… Buna görə də Oğru Qulam birbaşa Qaraçöpə – dostu Çərçioğlu Hümbətin binəsinə çapdı…

Səhər tezdən ata dan arpasını verməyə gedən mehtər Hatəm tövlədən qışqırdı, Hüseyn koxa, Hüseyn koxa deyə-deyə evə yüyürdü:

- Hüseyn koxa, başımıza bəla gəlib, damın dalını yarıb atı aparıblar.

Eşitdiyi sözdən bərk qəzəblənərək tez yerindən qalxan Hüseyn koxa: “oğrunu yerin deşiyində də olsa tapıb gətirin, onu öz əllərimlə tikə-tikə doğrayıb öldürəcəyəm.”

Sözünü bitirər-bitirməz Hüseyn koxanın arvadı Gülsəfa xanım başı alovlu evə girdi: “Ay kişi, oğrular namusumuza da sataşıblar, gecə paltar sərgisindən gəlinin alt paltarını da oğurlayıblar”, – dedi. Bu xəbəri eşidən Hüseyn koxanın gözləri qan çanağı kimi qızardı. Əsəbi halda əlini xəncərinin gümüş dəstəyində düyünləyərək: “Əgər mənim malımı aparan mənim namusuma da sataşıbsa onun bütün nəslini, kökünü kəsəcəyəm. Gedin o alçağı hardan olur-olsun, axtarıb tapın”, – deyə yanındakılara əmr etdi. Güdükçülər, qarovulçular, qohum-əqraba Hüseyn koxanın ailəsinin şərəfinə sataşanları axtarmaqda idilər. Hər gün bu oğurluqda şübhələndikləri bir neçə günahsız insanı Hüseyn koxanın yanına aparırdılar. O da həmin “oğru”nu, şübhəlini o ki var döydürürdü ki, hadisəni boynuna alsın. Amma ölümcül döyülsələr də, sonda heç bir insan bu ağır şərləməni boynuna almırdı.

Bütün bu xəbərlər hamı kimi Oğru Qulama da çatırdı. Oğru Qulam onsuz da əmin idi ki, heç kim onun oğurluğundan xəbər tutub izinə düşə bilməyəcək. Hüseyn koxanın ailəsinin şərəfinin alçaldılmasına günü-gündən şam kimi əriyib getməsi və günahsız insanların döyülməsinə, şərlənməsinə dözməyən Oğru Qulamın mənliyi, kişiliyi onu çox narahat etdiyindən vicdanının səsinə qulaq asıb birbaşa Hüseyn koxanın evinə getdi.

Nökərləri səhər tezdən Hüseyn koxaya xəbər verdilər ki, qonşu kənddəki Oğru Qulam sənin yanına gəlib, səninlə görüşmək istəyir. Deyir ki, Hüseyn koxaya vacib sözüm var. On gün idi ki, saç- saqqalına ülgüc, daraq vurulmayan, dərd-qəmdən başı açılmayan Hüseyn koxanın sağ əli yaxasından asdığı xəncərin qəbzəsindəcə düyünlənib qalmışdı. Bu xəbəri eşidən Hüseyn koxa dodaqlarını çeynəyə-çeynəyə “buraxın gəlsin”, – deyə razılıq verdi.

İçəri girib ədəb-ərkanla salam verən Oğru Qulama əli ilə böyük dövrələmə mizin ətrafında oturmasını işarə etdi. Oğru Qulam göstərilən yerdə oturmayaraq, Hüseyn koxaya tərəf gəlib dilləndi:

- Hüseyn koxa, bir şərtlə oturacağam.

Sifətini turşaldıb, qaşlarını çataraq yanpörtü Oğru Qulama baxan Hüseyn koxa sərt halda:

- Aya, nə şərtin var? Bu saat qanım qan ağlayır. Dünya gözümdə bir yumağa dönüb. Mənə sataşan o biqeyrəti bu xəncərimlə doğramaq hayındayam. Sən nəyi qoyub, nəyi deyirsən?

Hüseyn koxanın qınından sıyırdığı almaz ağızlı xəncərin parıltısı Oğru Qulamın gözlərini qamaşdırdı. Lakin qandan qorxmayan, dağda-daşda dalaşaraq bədəninin müxtəlif yerlərindən xəncər, bıçaq yaraları almış Oğru Qulam düz Hüseyn koxanın qənşərinə gəlib dilləndi:

- Hüseyn koxa, əgər şərtimi deməyə razı deyilsənsə, çıxıb gedim. Başqa cür nəsə deməyəcəm.

Oğru Qulamın boşuna gəlmədiyini dəqiq bilən Hüseyn koxa bir az yumşalaraq ərkyana halda qapıya tərəf gedən Oğru Qulama:

- Aya, dayan görüm. Nə yaman əziz matah olmusan. Gəl de göröm şərtin nədir?

- Şərtim odur ki, mən sözümü tamama yetirənə kimi sən yerində oturub məni dinləyəcəksən.

Gözlənilməz gəliş və gözlənilməz şərtdə bir sirr olduğunu anlayan Hüseyn koxa Oğru Qulamın şərtinə razılıq verməyə məcbur oldu.

- Qulam, sən bilirsən ki, mənim başıma iş gəlib, mənə sataşıblar. Əgər sənin danışacağın şey mənə kar etməsə səni öldürəcəm. Artıq mən nağıllara qulaq asacaq halda deyiləm.

Oğru Qulam Hüseyn koxanın şərti ilə razı olduğunu başı ilə təsdiq edib dilləndi:

- Hüseyn koxa, indi gəl otur, mən hər şeyi danışım.

Hər ikisi də böyük mizin ətrafında qarşı-qarşıya oturdular. Oğru Qulam beynində söhbətə hardan başlamağı müəyyən etmək üçün azacıq düşündü və dilləndi:

- Sən bilirsən ki, bu el-obada mənə hamı Oğru Qulam deyir. Ancaq onu da bilirlər ki, mən heç vaxt kasıb-kusubdan bir çöp də olsun oğurlamamışam. Oğru olsam da mənliyimi, qeyrətimi, vicdanımı uca tutmuşam. Neçə gündür eşidirəm ki, ordan- burdan şübhələndiyin adamları tutub gətirdib döydürürsən ki, oğurluğu boynuna alsınlar.

Bayaqdan bəri onsuz da beyni qarmaqarışıq olan Hüseyn koxa əsəbi halda ayağa duraraq:

- Bura bax, Qulam sözü ortaya atma. Mənə ağıl verməyə gəlməmisən. Nə də sənin ağıl verməyinə ehtiyacım yoxdur. Açıq de görüm nə xəbərlə gəlmisən? Mənim üçün burada dərs qurma. Sən bilirsən ki, mən malımı oğurlayanı deyil, şərəfimə, namusuma toxunanı axtarıram və bunun üçün də hər şey edəcəm ki, o şərəfsizi tapıb onu bax bu xəncərimlə doğrayım, nəsli-kökü ilə birgə.

Oğru Qulam ayağa qalxaraq üzünü Hüseyn koxaya tutaraq dilləndi:

- Hüseyn koxa, mən səninlə şərt kəsdim. Sən də kişi kimi mənə söz verdin ki, şərtinlə razıyam. Məni axıra kimi dinləməsən söhbətimiz qanla bitəcək. Mən bura səninlə söz güləşdirməyə gəlməmişəm. Oğruların öz dünyası var, bilməmiş deyilsən. Ona görə də, verdiyin sözü sona kimi tut.

Dodaqlarını çeynəməkdən çat-çat edib qanadan Hüseyn koxa qıllı qaşları arasından bərələn gözlərini Oğru Qulama tutaraq dilləndi:

- Danış Oğru Qulam, danış! Deyəsən bu gün Allah ya sənə verəcək, ya da mənə.

“Qalveri” şalvarının yanından dartaraq balağını yuxarı çəkib yerində oturan Oğru Qulam sözünə davam etdi:

- Sənin atını mən oğurlamışam, Hüseyn koxa. Özü də tək oğurlamışam.

Eşitdiyi sözdən güllə kimi açılıb yerindən dik atılan Hüseyn koxa əlini gümüş qəbzəli xəncərinə apararaq Oğru Qulamın üstünə şığıyıb:

- Alçaq, demək mənim ailəmin namusuna, şərəfinə də sən toxunmusan. Bu saat səni gəbərdəcəyəm.

Oğru Qulam cəld yerindən qalxıb başı üzərinə endirilən xəncərdən yan qaçaraq Hüseyn koxanın biləyini göydə tutaraq ani hərəkətlə qolunu buraraq xəncəri birbaşa onun hülqumuna dirəyərək dilləndi:

- Bura bax Hüseyn koxa, özünü dəlioğlanlığa qoyma. Sənə sonuncu dəfə deyirəm, bir də mənim sözümü kəsib üstümə yerisən heç nədən xəbərdar olmadan gedəcəksən bu dünyadan. Get otur yerində, mən hər şeyi danışacam. Sənin şərəf və namusuna heç kim toxunmayıb.

Oğru Qulamın polad kimi bərk əllərindən qurtulan Hüseyn koxa sakitcə yerinə keçib oturdu. Sözünə davam edən Qulam əhvalatı qaldığı yerdən danışmağa başladı:

- Mən tövlənin arxa tərəfini uçurub oradan içəri düşdüm. Atı çiynimə alıb həmin yerdən çölə çıxartdım. Adətim üzrə həmişə ərazidən uzaqlaşmamış yan-yörəyə baxıram. Yenə də sinə-sinə tövlənin ön tərəfinə keçib, ətrafı dinşədim. Həyətdə qarqarada o yan – bu yana qaçışaraq hürüşən itlərdən və yerdə gövşəyən camış və inəklərdən başqa heç bir canlı yox idi. Amma ayaq üstə duran camışlardan hansısa sərgidən dartışdırıb qopardığı paltarı ağzında sallana-sallana çeynəyirdi. Mən orada çox qalmadım, geri qayıdıb atı çıdardan açdım və oradan uzaqlaşdım. Çox güman ki, elə həmin paltarı da camış çeynəyib udub.

Qaşlarını çataraq Oğru Qulamın danışdıqlarına qulaq asan Hüseyn koxa bundan sonra bir az sakitlik tapdı. Amma gəlinin paltarlarının gecə sərgidə qalması və Oğru Qulamın onun alt paltarını görməsi Hüseyn koxanın ürəyində yeni bir dərd, yeni bir ləkə yaratdı. Amma hələ də birinci məsələyə tam aydınlıq gəlməmişdi. Onu dəqiqləşdirmək lazım idi. Oturduğu yerdən ayağa duraraq Oğru Qulama yaxın gələn Hüseyn koxa sağ əlini onun çiyininə qoyub dedi:

- Qulam, vicdanlı oğrusan. Ağlabatan bir şey danışdın. Belədirsə gerçəkdən bu ağır ləkədən qurtulmuş olaram. Əgər sənin dediyin düz olarsa oğurlayıb apardığın atı ana südü kimi sənə halal edəcəm. Yox, əgər düz olmasa başını burada qoyub gedəcəksən.

Sözünü deyib qurtaran Hüseyn koxa baş sərkər Çopur Tapdığı yanına çağırıb dilləndi:

- A Tapdıq, get Məmməd ağanı, Annax bəyi, Qazı Mustafanı, Tomtuoğlu Əhmədi, Kar İsgəndəri, Abbaoğlu Mustafanı, Ayvaz koxanı, Umudoğlu Eyifi, Baytar Məsmalını çağır iki saata bura gəlsinlər, vacib işim var. Nökərlərdən birini də göndər getsin qəssablardan Sələ Əhmədi, qəssab Muradı, Hasanoğlu Abdullanı, Tölləş Məhəmmədi, Qnaçe Kərimi çağırsınlar bura. Bir də kənd camaatından da yığın gətirin. Evin qarşısında da iri bir mərəkə yeri hazırlayın.

Tapdıq “baş üstə!” deyib otaqdan çıxdı. Dodaqlarını çeynəyə-çeynəyə fikrə dalan Hüseyn koxanın beynində böyük qərarlar verdiyi üz-gözündən hiss edilirdi.

Hüseyn koxa iri otağının qabaq tərəfindəki böyük bir sahədə mərəkə yeri hazırlatmışdı. Sağ tərəfdə yerə kilim, xalça döşənmişdi. Burada ağalar, bəylər və hörmətli şəxslər oturacaqdı. Sol tərəfdə rəiyyətin, kəndlilərin oturacağı yerə isə qalın keçə döşənmişdi.

Hüseyn koxanın dediyi iki saat tamam olmuşdu, artıq dəvət etdiyi insanlar bir-bir ona yaxınlaşıb salam-əleyk etdikdən sonra onlar üçün ayrılmış yerə buyurub əyləşirdilər. Hamı yerində oturduqdan sonra Hüseyn koxa irəli gəlib üzünü camaata tutub dilləndi:

- Ay camaat, hamınız bilirsiniz ki, on gündür mənim ən sevimli atımı damdan oğurlayıblar. Bundan ən ağırı isə mənim şərəfimə sataşıb, paltar sərgisindən gəlinimin paltarını da oğurlayıblar. On gündür ki, bu hadisəni başıma gətirən insanları axtarıram. Hələ ki, şübhələndiyim heç kim bu hadisəni boynuna almayıb. Amma bu səhər bir adam öz ayağı ilə gəlib atı oğurlağını və alt paltarının necə yoxa çıxdığını gördüyünü deyir. İndi sizi buraya yığmaqda məqsədim odur ki, hadisəyə şahidlik edəsiz. Hələ ki, həmin insanın kim olduğunu gizlin saxlayıram. Həmin oğru hələlik mənim dustağımdır. Əgər dedikləri doğru olmasa hamınızın gözü qabağında onun başını bu xəncərlə kəsəcəyəm, yox əgər dedikləri doğru olarsa evimin ən dəyərli qonağı olacaq. Atımı da ana südü kimi ona halal edəcəyəm. Həmin oğrunun dediklərinə görə, əraziyə baxış keçirərkən camışlardan birinin sərgidən paltarı dartıb qopardaraq çeynədiyini görüb. İndi güman edirik ki, həmin paltarı da camış çeynəyib udub. İndi mən qəssablardan Sələ Əhmədi, Qəssab Muradı, Hasanoğlu Abdullanı, Qnaçe Kərimi çağırmışam ki, bir-bir camışları kəssinlər. Düzdür, bayaq Baytar Məsmalı mənə dedi ki, əgər bu paltarı camış çeynəyib udubsa həmin paltar onun “gəlinboğan”ının başında ilişib qalmalıdır. Dörd-beş gün də gözləyək, bu paltarı udmuş heyvan özü zəifləyib öləcək. Razı olmadım, tapşırmışam ki, sonuncu camış kəsilənə kimi hamısının “gəlinboğan”ına baxılacaq, yetər ki, ailəlikcə bu ağır ləkədən qurtulaq. Əgər həmin paltar camışın qarnından çıxsa camışların əti kənd camatına paylanacaq. Yox, əgər çıxmasa itlərə veriləcək.

Hüseyn koxa sözünü bitirən kimi əli ilə qəsablara işarə verdi ki, işə başlasınlar. Xal-xala salınmış qara camışlardan biri mərəkənin ayağına gətirildi. Ayaqlarına kəndir dolanarq yerə yıxılıb başı kəsildi. Dərisi yarıya kimi soyularaq qarını yarıldı. Qarın-bağırsağını aralayıb birbaşa “gəlinboğan”ı yarıb içinə baxdılar. Heç nə yox idi. Bu kəsilmiş camışı kənd cavanları sürüyüb apardılar kənara. İkinci camışı gətirib kəsdilər. Yenə də camışın dərisini yarıya kimi soyub qarınını açıb “gəlinboğan”ına baxdılar. Burada da heç nə yox idi… Beləliklə növbə on səkkisinci camışa çatdı. Mərəkənin ayaq tərəfi qan gölünə dönmüşdü. Ətrafda on yeddi camış başı, qarını yarılmış, dərisi tam soyulmamış on yeddi camış cəmdəyi, qan gölü üzərində uçan milçək, yerdə gəzişən cücü-mücü insanda dəhşətli vahimə yaradırdı…

On səkkizinci camışın qarnını yaran Hasanoğlu Abdulla əli ilə “gəlinboğan”ı dartanda “gəlinboğan”ın baş hissəində əlinə iri bir loğalaq dəydi. Tez bıçaqla yarıb üyüdülmüş qida içərisindən dolaşıq paltarı çıxardıb Hüseyn koxanı yanına çağırdı.

Hüseyn koxa mərəkənin ayağına gəlib camışın qarnından çıxan paltara baxdı və arvadını yanına çağırtdırdı. Bu paltarın elə həmin itən paltar olduğunu arvadı Gülsəfa xanım da təsdiq etdi.

Hüseyn koxa bu arxayınlıqdan sonra evdə oturub hadisənin sonunu gözləyən Oğru Qulamı yanına çağırtdırdı. Hamının gözü qabağında onun əllərini sıxaraq “Oğru Qulam, qızıl pullara dəyişmədiyim, vəfalı dostum, atım ana südün kimi halalın olsun” – deyib Oğru Qulamı qucaqlayıb yola saldı.

Oğru Qulamı yola salandan sonra Hüseyn koxa üzünü camaata tutub dilləndi:

- Ay camaat, özünüz gördünüz ki, bu ləkədən mal-dövlətimlə qurtuldum. Amma bundan da ağır ləkə mənim gəlnimin sərgidəki paltarını Oğru Qulamın görməsi olub. Dədə-babadan bilirik ki, qadının paltarı gecə çöldə, sərgidə qalmaz. Ona görə də Qazı Mustafanı çağırmışam ki, şəriət qaydası ilə özü bu məsələni hamınızın gözü qarşısında həll etsin. Mən də Qazının verəcəyi qərarla razılaşacağam.

Qazı Mustafa təkgöz eynəyini gözünə keçirib ayağa qalxaraq qoltuğunda gətirdiyi meşin cildli, köhnəlmiş, vərəqləri qopub cırılmış kitabı açıb vərəqləyərək nəsə axtarırdı. Birdən hansısa səhifəyə daha diqqətlə baxdı. Baxdığı səhifəyə barmağını qoyaraq kitabı örtüb üzünü mərəkədəkilərə tutub dilləndi:

- Camaat, İnnəllahə yə-ləmu ğəybəs-səmavati vəl-ərzi vəllahu bəsirun-bima tə-məlun. Yəni Allah göylərin və yerin sirlərini bilir. Allah siz bəndələrin etdiklərindən agahdır. Ona görə də bu məsələni bilərəkdən gizlətmək olmaz. Çünki gizlədənin cəzası daha ağırdır. Buna görə də uca Allah buyurur ki, fə-ətəv ən əmri rəbbihim fə-əxəzət-humus-sa iqətu və hum yənzurun. Yəni onlar öz Pərvərdigaranın əmrinə təkəbbür göstərmiş və onları gözləri ilə müşahidə edə-edə ildırım vurdu. İndi də bu agah məsələni gizlətsək bizim hamımızı cəhənnəm odu gözləyir. Allahın qəzəbinə tuş gələrik. Buna görə də Hüseyn koxanın oğlunun və gəlninin kəbnini geri oxuyuruq. Onları uca Allah ancaq bu halla bağışlaya bilər. Onlar öz həyatlarını gələcəkdə daha uğurlu və səhvsiz quracaqlar. Çünki Allah buyurub ki, və yənsurəkəllahu nəsrən əziza. Yəni Allah sənə yenilməz kərəmətli qələbə verəcək. İndi isə xahiş edirəm hər iki tərəfdən iki şahid gəlsin və onların şəhadəti ilə kəbini geri oxuyum.

Qazı Mustafa Hüseyn koxanın oğlunun kəbnini geri oxuyub qızın atasını yanına çağırıb ona bu haqda agah duası oxudu.

Bu ağır namus ləkələrindən xilas olan Hüseyn koxa bundan sonra sanki üzərindən böyük dağ götürülmüş kimi rahat nəfəs almağa başladı.

 

Bölmə : Nəsr, Ədəbiyyat