Gilənar rənginə boyanan ovuclar… – Nargis

18 Baxış

author_42

Senet.az oxucularına “Ustad” jurnalının 17-ci sayından yazıçı Nargisin “Gilənar rənginə boyanan ovuclar…” yazısını təqdim edir. 

Atamın xəstə olduğunu öyrənəndə səkkiz yaşım vardı. Əslində, o zamanlar atamla bağlı elə çox xatirəm yox idi – anamın danışdıqlarından savayı, anam da az şey danışardı, çox az.

Yadımda qalan bəzi xatirələri sizə danışmaq istəyirəm. Düşünəndə köhnə film kadrı kimi gözlərimin önündə canlanan xatirələrimi.

O vaxtlar şimalda bir şəhərdə yaşayırdıq. Çox gözəl şəhər idi. İndi yaşadığım yerlə təzadlı bir şəhər… Dağların arasında yerləşən, meşələrin yaşıl-zümrüdü rənginə boyanan şəhər…

Bizim qaldığımız yer çay və dağın arasında yerləşirdi. Təbiəti qoxlayıb yuxudan oyanmağın ləzzəti bir başqa idi.

Bambuk ağaclarının aşağı əyilən budaqlarından tutaraq dağa dırmaşmağa çalışmaq, ağacın iti yarpaqlarının qanatdığı ovuclar… Palıdın iri gövdəsinin arxasında gizlənmək, küknarların dümdüz qamətinə tamaşa etmək, yazda çıxan bənövşələri dərmək üçün dağın ən tənha yerlərini gəzmək ayrı zövq verirdi bizə.

Dağın ətəyində yerləşən həyətimizi nərgiz gülləri bəzəyirdi. Bu gülləri atam əkmişdi.

Ancaq atama dair ilk xatirəmdə mən balacayam, o, məni qucağında əzizləyir, mənə qırmızı (çəhrayı da ola bilər) peryanniklər alıb. Qeyd edim ki, mən peryanikkləri hələ də çox xoşlayıram…

İkinci xatirəmdə atama anam telefon vasitəsiylə xəbər verirdi ki, “qızımız birinci sinifə gedəcək”, bu zaman göydən bir hörümçək sallanırdı, mən anamı dinləyə-dinləyə qonşuların “evdən hörümçək sallanırsa qonaq gələcək, onu öldürmək olmaz ha” sözlərini düşünərək sevinir, hörümçəkdən atamı diləyirdim.

O gəldi, doğrusu, bu qədər erkən gələcəyini bilmirdim. Məni məktəbə apardı, hətta mənə pambıq şəkəri də almışdı. Qeyd edim ki, pambıq şəkərlərini indi də çox sevirəm…

Məni məktəbə apardı, məktəb evimizə çox uzaq idi, anam məni şəhərdəki yeganə Azərbaycan məktəbinə qoymaq üçün çox çalışmışdı. Məktəbə ilk dəfəydi atamla girirdim. Üzümdə qürurlu təbəssüm vardı, sanki hamıya baxıb qışqırırdım: “Mənim də atam var!”

Sonra məni öpdü, onu qucaqlaya bilmirdim, necə qucaqlayım axı, atanı necə qucaqlayacağımı bilmirdim. “Evdə olmayıb, qonşudan gəlməyib” misalı…

O gözdən itənədək ardınca baxdım, o da məktəbin hasarının yanında dayanıb mənə baxdı. Ona qarşı elə dərin hislər içindəydim ki, görəsən o da məni elə sevirdimi?

Bilmirəm…

Amma anam deyir ki, atan səni başqa cür sevirdi: ən gözəl şeyləri səninçün alar, sənə yedirdərdi. O sənin güclü böyüməyin üçün hər şeyi edərdi.

Sonra bir gün o gəldi. Çox gümrah görünürdü. Yəqin, xəstəliyin sonuncu əlamətləri imiş bu gümrahlıq. Atama dair sonuncu xatirəm budur. Mən istəyirdim ki, o sağalsın.

Xatirimdədir, ağacımızdakı son gilənarları toplayıb ona yedirtdim. O, gilənarları yedikcə ağlayırdı. Düşünürdüm ki, onu sağalda bilərəm, ya da möcüzə baş verər.

Gözlərindən axan yaşları gilənar rənginə boyanmış ovuclarımla silirdim. Amma heç soruşmurdum bunun səbəbini, düşünürdüm, yəqin, harasısa ağrıyır, ya da qorxur, ona görə ağlayır. Uşaq ağlı…

Əslində, onun peşman olduğunu yaxşı bilirdim… Bizimlə keçməyən saatları üçün peşman idi.

Atam xəstə döşəyində yatdığı vaxtlar mənə çoxlu vədlər vermişdi, çoxlu sözlər… nədənsə bunun reallaşmayacağını hiss edirdim. İndi belə xatırladıqca birtəhər oluram. Dostu onun rentgen cavablarını gətirəndəsə atamın artıq öldüyünü ona dedim. Kişi yerə əyilib ağladı. Ayaqlarıma əyilib ağlayan adama baxırdım sadəcə. Əsəbi idim, atamdan küsmüşdüm. Atamı evin ortasına qoyub ağlayırdılar – qonşular və anam. Onun heç kimi yox idi onsuz da. Məni də yoxuydu artıq. Məni də itirmişdi, verdiyi vədləri tutmadan gedirdi. Bəlkə də, verdiyim vədləri tutmamağı ondan öyrəndim, kim bilir.

Sonra onu el adətincə yuyub, kəfənləyib, torpağa tapşırdılar. Nədənsə doymaq bilmir bu torpaq. Onun arxasınca sadəcə bir dəfə baxdım.

Görünür, onunla hələ də barışmamışam, ondan sonra bir daha ata sözünü tələffüz etmədim. Uşaqlar atalarından danışanda ya susdum, ya qaçdım… Özümdən qaçdım.

İçimdəki o boşluğu görmələrindən, mənə gülmələrindən qorxdum, bəlkə də…

Nə bilim, uşaqlıqda insan çox məsum duyğular yaşayır. Uşaqlığın sevinci də başqadır, kədəri də.

Artıq 2018-ci ili qeyd edirik. Ətrafıma baxıram, hər şey yerindədi, çox şeyə sahibəm. Şükr etdiyim vaxtlarım da az olmur. Nədənsə içimdəki “o” böyük boşluğu hələ də doldura bilməmişəm. Görünür, “İnsanların içimizdə yaratdığı boşluqları adamlar doldura bilmir”. Və görünür, il yeni, mənsə həmişə köhnəyəm…