Ginnesin rekordlar kitabına düşməyə namizəd olan bu həkimlər….

20 Baxış

formaa

 Səma FUADQIZI

 Ağ

Rəngim ağ olsa da, məni geyinənlər heç də həmişə üzümü ağ etmir. Ağsaqqal Hippokrata and içən bu dırnaqarası üzağardanlar onlara pənah gətirən camaatın gününü qarabasmaya çevirir.  Hər dəfə ciblərimin qapısını döyən yaşıl kağızları içəri ötürəndə xəcalətdan az qala üzüm qızarır.  Sahibimin iradəsinə tabe olmasaydım bu qapıları kiltləyər bir daha açmazdım. Bəzən olur ki, bu yaşıl kağızlarla söhbətləşirəm, soraqlaşıram ki, görüm necə olub buralara gəliblər. Dünən biri mənə bunları dedi: “ Sahibim məni xahiş-minnətlə dostundan borc alıb bura gətirib ki, həkim onun körpəsini sağaltsın. Özünə heç gün ağlaya bilmir.  Məni əllərində tutanda əlindəki titrəyişi, həyəcanı hiss etdim. Zəhmətdən qubar olmuş bu əllər sanki ilk dəfə idi mənə toxunurdu. Bu titrəyişdə ümid var idi. Bu əllərdən heç ayrılmaq istəmirdim”.  Onun bu sözlərini eşidəndə qanım qaraldı. Bir anlıq “həkim”in əynindən çıxıb həmin atanı qucaqlamaq istədim. Həkimə pul vermək üçün uzanan əli dayandırmaq keçdi ürəyimdən.

Xəstəxanada onlarla yoldaşım hər dəfə bu vəziyyətlə üz-üzə olmağa məcbur olur. İmkanımız olsa burdan qaçarıq.  Amma sən saydığını say, gör fələk nə sayır. “Hər oxuyan Molla Pənah olmaz”. Bu cümləni keçən dəfə deyinə-deyinə otaqdan çıxan xəstədən eşitdim. Mən isə deyirəm, hər əyninə məni geyinən həkim, həkim deyil.  Bu fani dünyada gərək adamın adamı olsun. Amma nə edək ki, bəzi adamın adamı olanlar işə yaramayan, insanları mənəvi və maddi cəhətdən şikəst edənlər olur.  Xəstəliyi sağaltmaq əvəzinə qoyduqları səhv diaqnozdan, təyinatı səhv yazılmış dərmanlardan yeni xəstəlik yaradan bu həkimlərlə üz-üzə, iç-içə olduğuma görə hər dəfə xəcalətdən bilmirəm hansı daşın altında gizlənim. Ginnesin rekordlar kitabına düşməyə namizəd olan bu həkimlər ildə neçə-neçə insanda mövcud olmayan xəstəliyi “kəşf” edirlər. Bəzən bu kəşfin sonu ölümlə bitir. Sanki mən bu zaman ağ xalatdan ağ kəfənə çevrilirəm.  Düzdür, ölüm haqdır. Hər insan vaxtı yetişəndə fani dünyanı tərk edəcək. Amma mən bu ölümü tezləşdirən həkimin geyimi olmaq istəmirəm…

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10