“Girdiman. Tarixi və Tarixi-coğrafiyası” təqdim olundu – FOTO

71 Baxış

girdman4Kitabevim.az mağazasında professor Qafar Cəbiyevin “Elm və Təhsil” nəşriyyatinda çapdan çıxan “Girdiman. Tarixi və Tarixi-coğrafiyası” kitabının təqdimat mərasimi olub.

Kitabda erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında xüsusi yeri olan Girdiman vilayətinin tarixi və tarixi-coğrafiyasından bəhs olunur. Mərasimdə Azərbaycanın tanınmış tarixçi, arxeoloq, memar və sənətşünasları iştirak edib.

Əsərdə çoxsaylı mənbə məlumatları, zəngin arxeoloji material, təkzibolunmaz təbii-coğrafi və etnik reallıqlar əsasında Girdiman vilayətinin tarixi və tarixi-coğrafiyası dərindən və hərtərəfli surətdə araşdırılıb.

Tədbirdə MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli tanınmış alim və ziyalı Qafar Cəbiyev və onun kitabı haqqında danışıb. Qeyd edib ki, müəllifin son zamanlar silsilə şəklində nəşr etdirdiyi kitablar maraq doğurur.

Kitabın müəllifi Qafar Cəbiyev əsərin yazılma səbəbləri, son vaxtlara qədər Girdiman vilayətinin lokalizə olunmasındakı yanlışlıqlar, apardığı tədqiqatlar barədə məlumat verib.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, rəyçiləri AMEA-nın müxbir üzvləri Vəli Əliyev və Cəfər Qiyasidir. Vəli Əliyev çıxışında həmişə Girdiman vilayətinin ərazisi məsələsi ilə maraqlandığını, Girdiman çayı və Cavanşir qalasının bu vilayətin ərazisinin lokallaşdırılmasında əsas məqam olduğunu deyib. O, aparılan arxeoloji tədqiqatların da bu tarixi-coğrafi problemin həllində mühüm rol oynadığını bildirib.

Cəfər Qiyasi son zamanlar tarixə diletant baxışın artdığını, belə məqamda tarixçi alimlərin əsərlərinin nəşrinin zəruri olduğunu qeyd edib. Kitabdakı bölmələrdən birinin “Uydurmalar və reallıqlar” adlanması bu mənada əlamətdardır. O, Qafar Cəbiyevin Qafqaz Albaniyasının şəhər və qalalarını öyrənməyə üstünlük verməsini təqdir edib.

Professor Kübra Əliyeva Qafqaz Albaniyasını araşdıran alimlərin bu əsəri mənbə kimi istifadə edəcəyinə inandığını deyib. Professor Qasım Hacıyev kitabın həm də Qafar Cəbiyevin doktorluq dissertasiyasının davamı olan fundamental tədqiqat əsəri kimi xarakterizə edib.

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10