Gizlinlər aşkara çıxanda… – Türkan Turan yazır

14 Baxış

164440_ac3h96sjpy

Fəlakət xəbərçiliyi kimi çıxmasın, amma boşanmaların sayı ciddi şəkildə artır. Təkcə ötən həftə dörd tanışım ayrılıq qərarı verib. Hətta artıq üçü evi tərk edib.

Bu günlərdə içlərindən biri ilə görüşdük. Soyuqqanlı şəkildə hər şeyin bitdiyini dedi. Bunu söyləyərkən gözündə zərrə qədər tərəddüd, səsində peşmançılıq hiss eləmədim. Heç hirsli də deyildi. Əslində, sevərək, böyük fədakarlıqlar edərək, illərlə mübarizə apararaq bu ailəni qurmağa nail olmuşdu. Bəlkə də, ən çox buna görə – indi o, gözümdə var gücü ilə sahilə çırpılıb bir göz qırpımında geri çəkilən dalğaya bənzəyirdi. Boşanma səbəbini soruşdum, “xəyanət” deyə cavab verdi. İşin ən maraqlı tərəfi odur ki, boşanan digər tanışlarımdan biri də eyni hadisəni yaşadığı üçün məhkəməyə müraciət edib. Deməli, biri xanım, digəri bəy olan həmin tanışlarım həyat yoldaşlarının Votsapındakı “QR kodu”nu yükləyiblər. Nəticədə, kimlərlə yazışdıqları paralel olaraq onların da telefonunda görünüb. Hər ikisinə də məlum olub ki, münasibətlərində üçüncü şəxs var. Qadın tanışım başına gələnləri mənə son dərəcə soyuqqanlı şəkildə, təmkinlə danışdı. Sanki üzərindəki ağır bir yükdən qurtulmuş kimi rahat idi. Amma kişi onun qədər güclü ola bilmədi, xeyli danışdıqdan sonra ağladı. Onu nə qədər sevdiyini, xəyanətə layiq olmadığını deyərək gözünün yaşını tökdü. Halbuki mən əksi olacağını düşünmüşdüm. Onsuz da bir tərəfdən pandemiya nəfəsimizi kəsmişdi. Digər tərəfdən texnologiyanın həyatımızı talaması da bir ayrı dərddir. Ona görə deyirlər də, dərd gələndə batmanla gəlir.

Hələ mart ayında ilk karantin elan edilən ərəfədə bir neçə aydan sonra boşanmaların artacağına dair yazı yazmışdım. Amma bu qədər çox olacağını təsəvvür etməmişdim. Qala kimi görünən münasibətlər uçub yerlə bir oldu. Qüsursuz görünən evliliklərin çirkin üzü açıldı. Ümumiyyətlə, bu virus hamımızı yerimizdən oynatdı. Dünənə qədər gözümüzdə böyütdüyümüz nə varsa, bir kənara atdıq, sağlamlığımızı, ailəmizi, sevdiklərimizi ön plana çəkdik. Bəziləri ailəli olduğunu xatırladı, bəziləri uşaqlarının maraqlı yönlərini kəşf etdi. Kimilərinin isə həyatı cəhənnəmə döndü, nə evə sığa bildilər, nə evliliklərinə. Sanki ailənin yükü bir anda üstlərinə çökdü. İşə getməyən, çölə çıxmayan, səhərdən axşama qədər birlikdə olan cütlüklər bir-birilərinin bu günə qədər görmədikləri tərəflərini görməyə başladılar. Sevginin gözü kordur deyimi yalan oldu. Elə bil birdən görməyən gözlərə işıq gəldi və geri dönüşü olmayan qərarlar verildi. Son günlərə diqqət yetirəndə baxırsan ki, boşanmalar ayaq açıb yeriyir. Bunun müxtəlif səbəbləri var. Məsələn, işsizlik, maddi problemlər, sədaqətsizlik və s. Amma bir çox insan üçün bütün bunlar bəhanə oldu. Tərəflərin bir-birinə dözüm göstərməməkləri, güzəştə getməməkləri çoxaldı. Səbr kasaları daşdı. Çoxları kəskin sirkə olub öz qabını çatlatdı. Dünənə qədər üstü örtülən çatlar qəflətən içinə düşüb yoxa çıxacaq qədər genişləndi. Görünməsin deyə xalçanın altına süpürülən zibil kimi bütün problemlər ortalığa dağıldı. İnsanların düşünəcək xeyli zamanı oldu. Dərdlərini, onları narahat edən problemlərini götür-qoy etdilər. Heç yerə gedə bilmədilər. İşə, dostları ilə görüşə, ticarət mərkəzlərinə, restoranlara və həmişə qaçdıqları yer haradırsa, oradan ayaqları kəsildi. Bu vaxt həqiqətlə üzləşməli oldular.

Hamımızın sosial, şəxsi və gizli həyatı var. Sosial həyatımız hər kəsin gözü önündə olandır. Adətən bu yönümüz maskalı, qrimli, hesablanmış şəkildə olur. Şəxsi həyatımız ailəmizin, doğmalarımızın, sevgilimizin gördükləridir. Gücümüz və gücsüzlüyümüzlə bu yönümüzün içindəyik. Bir də heç kimlə paylaşmadığımız, yalnız özümüzün bildiyi, gecə kimi qaranlıq gizli həyatımız var. Hə, pandemiya həmin gizlinləri aşkara çıxardı, həmin qaranlıqların üstünə işıq tutdu. Hələ ki boşanmaların, ayrılıqların başlanğıc mərhələsindəyik. Görünən odur ki, bu xəmir çox su aparacaq.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10