“Gök Börü”nün işığında – Dilqəm ƏHMƏD

22 Baxış

dilgam

Sonuncu sayı Azərbaycan Cümhuriyyətinə həsr olunan jurnal

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Türkiyəyə sığınan siyasətçilərimiz, şairlərimiz, fikir adamlarımız qardaş ölkənin mətbuatı ilə yaxından əməkdaşlıq ediblər. Məhəmmədsadıq Aran, Mirzəbala Məhəmmədzadənin timsalında bəzi mühacirlərimiz müxtəlif qəzetlərin əməkdaşı olub, bəziləri isə məktublar vasitəsilə mətbuatla əlaqə qurublar.

Mühacirlərin özləri də kifayət qədər dönəminə görə səviyyəli, zəngin materiallar dolu jurnallar, qəzetlər çap etsələr də, öz dünyagörüşlərinə yaxın bildikləri, onların mübarizələrini öz davaları kimi qəbul edən mətbuatda da məqalələr, şeirlər, xatirələrlə çıxış ediblər.

Ötən yazılarımızın birində Türkiyədə 1940-cı illərdə çap olunan “Çınaraltı” dərgisində azərbaycanlı müəlliflərin yazdıqları və Azərbaycanla bağlı yazıların kataloqunu hazırlamışdıq. Bu dəfəsə Reha Oğuz Türkkanın nəşr etdiyi “Gök Börü” dərgisi ilə bağlı araşdırmamızı sizlərə təqdim edirik.

***

Reha Oğuz Türkkan kimdir?

Tarixçi, psixoloq, futuroloq, jurnalist kimi Türkiyə tarixində iz qoymuş R.O.Türkkan 12 oktyabr 1920-ci ildə İstanbulda doğulub. İlk təhsilinə İstanbulda Kadıköydə fransız məktəbində başlayıb, daha sonra Kabataş liseyində davam edib. Uşaqlığında Mustafa Kamalla bağlı xatirəsi var. Belə ki, 1934-cü ildə Atatürk qonağı İran şahı Rza Pəhləvi ilə Böyük adada olarkən onların evlərinin önündə keçib, onu faytonuna götürərək türklük məsələləri ətrafında söhbət edib. Xatirələrində türkçülüklə bağlı fikirlərinin elə həmin dövrdən başladığını qeyd edib.

Türkkan təhsilinə daha sonra Türkiyədə elita üzvlərinin övladlarının oxuduğu Qalatasaray, 1937-ci ildəsə atasının Ankaraya təyini çıxdığı üçün Qazi liseyində davam etdirib. Burada ona dönəmin məşhur müəllimləri, fikir adamları olan Enver Behnan Şapolyo, Fevziye Abdullah Tansel və Saffet Engin kimi şəxslər dərs deyiblər.

Bu illərdə Türkiyədə türkçülük hərəkatı geniş yayılmağa başladığı üçün Türkkan da bundan təsirlənib, liseyi bitirməsi ərəfəsində 8-9 dostu ilə birlikdə ilk adı “Gürem”, sonrakı adısa “Bozqurd Gürem” olan gizli təşkilat qurub. Təşkilatın gerbi kimi bir yay, üç ox qəbul edilib.

1938-ci il noyabrın 10-da dostları ilə pul toplayaraq “Ergenekon” adlı jurnal çap ediblər. Mərkəzi Ankarada olan jurnalın yazı işləri müdiri Fevziye Abdullah Tansel olub.

Türkkan liseyi bitirdikdən sonra 1938-ci ildə Fransada Sarbonne Universitetinin Fiziki Antropologiya bölməsinə daxil olub. 1940-cı ildə almanlar Fransaya hücum etdiyinə görə Türkiyəyə dönüb, Ankara Universitetinin hüquq bölməsindən məzun olub. Daha sonra İstanbul Universitetində magistr təhsili alıb, eləcə də, Sarbonne, Kolumbiya Universitetlərində ixtisaslaşıb. 1947-ci ildə Amerikaya gedib, bir müddət orada çalışıb. Amerikada olarkən Türkiyədəki “Cümhuriyyət” qəzetinə yazılar göndərib, türk xalqını yeniliklərdən xəbərdar edib.

Türkiyəli tədqiqatçı Ömər Özcan yazır ki, Türkkanın gənclik illərindəki ən önəmli fəaliyyətlərindən biri Kitab Sevənlər Qurumunu yaratmasıdır. Ankarada qurulan bu təşkilat 1939-cu il oktyabrın 11-də yaradılıb, ilk sədr özü, fəxri sədrisə ölkənin tanınmış siyasətçilərindən, hüquqşünas Əli Fəthi Okyar olub. Qurumun Türkkandan sonrakı ikinci sədri azərbaycanlı mühacir, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Məhəmmədsadıq Aran olub. Təşkilatın idarə heyəti və üzvləri arasındasa dönəmin tanınmış türkçüləri, fikir adamları olan Nihal Atsız, Besim Atalay, Remzi Oğuz Arık, Dr. Şerif Korkut, Hıfzı Oğuz Beketa, Yusuf Hikmet Bayur, Nebil Buharalı, Hüseyin Namık Orkun, Hüseyin Emir Erkilet kimi şəxslər yer alıb. Bu qurumun ilk işi Ziya Gökalpın “Türkçülüyün əsasları” kitabını latın qrafikası ilə nəşr etmək olub. Türkiyənin 1928-ci ildə yeni əlifbaya keçməsinə baxmayaraq, bu əsər hələ də nəşr olunmamışdı.

Lakin qurumun mövcudluğu tezliklə hökuməti narahat edir və təşkilat məcbur olaraq 1940-cı ildə o zamanlar mövcud olan “Xalq Evləri”nə birləşir.

1944-cü ildə “millətçilik hadisəsi” olaraq tarixə keçmiş dönəmdə hökumət II Dünya Müharibəsində artıq söz sahibinə çevrilmiş Sovet İttifaqının təzyiqinə dözməyərək başda Zəki Vəlidi Toğan olmaqla türkçüləri həbs edir, bəzilərinə işgəncə verir. Həbs edilənlər arasında Türkkan da olur.

Türkkan 25 mart 1947-ci ildə azad edilir. Bu dönəmlə bağlı xatirələrini sonralar “Tabutluqdan gün işığına” adlı kitabında yazır.

Bir çox kitabların müəllifi olan Türkkan 2010-cu ilin yanvarın 17-də vəfat edir, Zincirlikuyu məzarlığında dəfn edilir.

 

“Ergenekon”dan “Gök Börü”yə

Türkkan türkçülüyün geniş yayıldığı 1940-cı illərdə “Ergenekon”, “Bozqurd”, “Gök Börü” kimi dərgilər yayımlayır. Bu dərgilərdən ilk ikisini hələ ki əldə edə bilmədiyimiz üçün o jurnallarla azərbaycanlı mühacirlərdən kimlərin əməkdaşlıq etdiyini bilmirik. Biz əlimizdə olan “Gök Börü” dərgisinin çap olunan 13 sayını nəzərdən keçirəcəyik.

Sahibinin və yazı işləri müdirinin R.O.Türkkanın olduğu jurnalın ilk sayı 5 noyabr 1942-ci ildə yayımlanıb. Jurnalın adının üzərində “Hər irqin üstündə Türk irqi!” şüarı qeyd olunub. Jurnalın üstündə ay-ulduzun içərisində bozqurd olan emblem təsviri verilib, “Gök Börü – Bozqurd türklüyün qurtuluş, birlik və zəfər rəmzidir!” yazılıb.

Dərginin sonuncu – 13-cü sayı isə 20 may 1943-cü ildə yayımlanıb.

Dərgi türkçü fikirləri özündə əks etdirdiyi üçün işğal edilmiş türk yurdlarından gələn mühacirlərin də istiqlal mübarizəsinə yer verib. Bu baxımdan dərgidə Azərbaycanla bağlı yazılar və azərbaycanlı mühacirlərin məqalələrinə, xatirələrinə rast gəlinir.

 

“Gök Börü”də yazan azərbaycanlılar

 

I Say – Altunbayın “Vətən və istiqlal” fədailəri sərlövhəsi ilə təqdim olunan “Rusiyadan necə qaçdım?” adlı xatirəsi dərginin 8 və 13-cü saylarını çıxmaqla bütün saylarında yayımlanıb. Altunbay müəllif kimi belə təqdim olunub:

“Azərbaycanlı mültəcilərdən təyyarəçi İ.M.Altunbay”.

Yazının sağ küncündə isə mühacir Məhəmmədsadıq Aranın “Sənan” imzası ilə bir misrası yayımlanıb. İlk sayda Aranın həmçinin “Azərbaycanıma” ithafla “Mənim şərqim” adlı şeiri var. “Türklər” sərlövhəsi altında yayımlanan “Azərbaycan” adlı məqalənin də sonunda “S.A” imzası qoyulub. Böyük ehtimalla bu yazının müəllifi Məhəmmədsadıq Arandır. Bu yazıda Azərbaycanın ərazisi, əhalisi, coğrafi mövqeyi və indiki durumu haqqında bilgilər verilir: “Bu ölkə 1918-ci il mayın sonlarında ilk Türk-İslam Cümhuriyyətini qurmaq şərəfini qazanıb”.

 

II Say – 24.11.1942-ci ildə çap olunan ikinci sayda Almas İldırımın “Nə olardı?” şeiri, Altunbayın xatirələrinin davamı yayımlanıb. Bu sayda İsmayıl Zühdünün məşhur “Hilal artıq öldü deyə…” misrası ilə başlayan “Azərbaycan” şeiri də yer alıb. Şeirin başlığında belə bir qeyd verilib:

““Bozqurd”un ikinci sayında bir hissəsi nəşr olunan bu marşın tamamını Nurəddin Xəzər tapıb və bizə göndərib. Ona təşəkkür edirik”.

İkinci sayda “Azərbaycan” başlıqlı yazının davamı verilib, amma “G.T” imzası ilə.

 

III Say - 15.12.1942-ci ildə yayımlanan bu sayda Sənanın “Gül və bülbül” şeiri, Almas İldırımın “Qurbanın ola bilsəm”, Altunbayın xatirələrinin davamı (bu dəfə müəllifin fotosu ilə) yayımlanıb. İlk saydan davam edən “Azərbaycan” adlı məqalə bu dəfə yenidən “S.A” imzası ilə verilib, yazının başlığındakı açıqlamada göstərilir ki, S.A səyahətdə olduğuna görə yazının ikinci hissəsini “G.T” Z.V.Toğanın əsərinə və İslam Ensiklopediyasına əsaslanaraq hazırlayıb, S.A isə o məqalədə yanlışlar təsbit edib, bununla bağlı tənqidini yazacaq.

 

IV Say -  Bu sayda Almas İldırımın “Neyləyim” şeiri, Altunbayın xatirələrinin davamı yayımlanıb. Eyni zamanda, “Bayraq marşı” başlığı ilə Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeiri dərc olunub, amma yanlış olaraq Hüseyn Cavid imzası ilə verilib, belə bir qeyd də yazılıb:

“Böyük savaşda türk ordusu Bakıya girdiyi zaman xilaskar ordunun şərəfinə Mayılov teatrında təşkil edilən yarışmada özünün yazdığı və bəstələdiyi bu marşı Azərbaycan müəllimlərindən Hüseyn Cavid bəy bir qız tələbəsinə lojadan söyləmişdir”.

 

V Say - 15.01.1943-cü ildə yayımlanan bu sayda Almas İldırımın “Özləyənlər var orda…”, Sənanın “İstərəm!” şeirləri, Altunbayın xatirələrinin davamı yayımlanıb.

 

VI Say – 01.02.1943-cü ildə yayımlanan bu sayda Altunbayın xatirələrinin davamı verilib.

VII Say - 15.02.1943-cü ildə çıxan bu sayda Almas İldırımın “Son dilək” şeiri, Altunbayın xatirələrinin davamı yayımlanıb.

 

VIII Say – 01.03.1943-cü ildə yayımlanan bu sayda Almas İldırımın “Sənə varacağam” şeiri dərc olunub. Bu sayda maraqlı bir qeyd də var. “Oxucularla baş-başa” rubrikasında azərbaycanlı mühacir şair Əli Taşkentə bir cavab verilib. Cavabdan görünür ki, Əli Taşkent şeirlərinin çap olunması üçün məktub göndərib, həmçinin, mühacir Məhəmmədsadıq Aranın adresini soruşub. Taşkentə verilən cavab bu cürdür:

“Gözəl şeirləriniz gəldi. Təbii ki, mümkün olduğu qədər çap edəcəyik. Məhəmmədsadıq Aranın adresi budur: Cihangir, Sormagir, 111, Aras binası, üçüncü mərtəbə, İstanbul”.

 

IX Say – 25.03.1943-cü ildə yayımlanan bu sayda Almas İldırımın “Birləşən iki nəhr” şeiri, Altunbayın xatirələrinin davamı verilib.

 

X Say – 08.04.1943-cü il tarixli bu sayda Altunbayın xatirələrinin davamı, Almas İldırımın “Gəl” şeiri yayımlanıb.

 

XI Say – 22.04.1943 tarixli bu sayda Altunbayın xatirələrinin davamı, Almas İldırımın “Burax atım şahlansın” şeiri yayımlanıb. Həmçinin, Fahir Topaloğlu adlı şairin Almas İldırıma ithaf etdiyi “Ümid” adlı şeir verilib. Bu sayda jurnalın sonunda “Türkçülərin oxuyacağı kitablar” başlıqlı siyahıdakı 25 kitabın içində Məhəmmədsadıq Aranın “Ergenekon yolları” və “İran türkləri” kitabları, Əhməd Cəfəroğlunun “Azərbaycan” kitabı da var.

 

XII Say – 06.05.1943 tarixli bu sayda Almas İldırımın “O gözələ” şeiri, Altunbayın xatirələrinin davamı yayımlanıb. Bu nömrəmin son səhifəsində “Gələcək sayımızda” başlığı ilə kiçik bir qeyd verilib:

“Qardaş Azərbaycanın istiqlal (28 May) və istiqlalını itirməsinin (27 aprel) ildönümlərini qeyd edəcəyik”.

Bu sayda həmçinin Almas İldırımın müəllim həmkarı Ramiz Ardanın Almasa ithaf etdiyi “Gözəl…” adlı şeiri var.

 

XIII Say – 20.05.1943 tarixli sonuncu sayının girişində bunlar qeyd olunub: “Bu sayımızda qardaş Azərbaycanın istiqlalını elan etməsi (28 may, 1918) və istiqlalını itirməsi (27 aprel, 1920) tarixlərinin ildönümünü anırıq”. Bu ifadənin altında isə dağ rəsmi verilib və “Azərbaycanın qarlı, ulu dağları” cümləsi yazılıb.

Sonuncu sayda Almas İldırımın “Yoldaşım Zivərə” ithafı ilə “Qürbətdə”, Sənanın “Könül, könül…”, mühacir şair Əli Taşkentin “Türk yavrusunun nənnisi” şeirləri, Mehmet Altunbayın “Azərbaycan Cümhuriyyətindən bir səhnə” məqaləsi yayımlanıb. Altunbayın yazısında Azərbaycan hərb məktəbinin tələbələrinin fotosu verilib.

 Həmçinin “Azəri ədəbiyyatından parçalar” başlığı altında Əhməd Cavadın “Olacaq” , “Yazıq”, Sənanın “İntiqam”, Hüseyn Cavidin “Türk əcdadı” şeirləri, G.T imzası ilə “Azərbaycan” adlı məqalə yayımlanıb. Səhifələrin birində qollarını büküb üzüntülü çöhrə alan bir kişi və əlini onun çiyninə qoyub sual soruşan başqa bir kişi təsvir edilib və belə dialoq verilib:

- Nəyə ağlayırsan? Qalın meşədə qətlə yetirilən 10 min polşalıyamı? Güllələnən amerikalı təyyarəçilərəmi? Yoxsa, Fransada edam edilən yüzlərlə fransızamı?

- Azərbaycanıma!..

Bu sayın son səhifəsində “Türkçülərin oxuyacağı kitablar” başlığı altında verilmiş siyahıdakı 10 kitab arasında Məhəmmədsadıq Aranın “Ergenekon yolları” və “İran türkləri” kitabları yer alıb. Həmçinin, “İran türkləri” kitabının reklamı verilib.

Jurnalda növbəti sayın 15 iyunda çıxacağı qeyd olunsa da, nəşr olunmayıb.

KÖŞƏ YAZARLARI
TOP 10