Gör neynirsən, İlahi… Sabir Yusifoğlu

28 Baxış

 sabir yusif

Senet.az oxucularına Ustad jurnalının “Şeir guşəsi” rubrikasından Sabir Yusifoğlunun şeirlərini təqdim edir.

 

GÖR NEYNİRSƏN, İLAHİ…

SƏN o boyda göydən niyə görmürsən,

hamı Yerdən SƏNə baxır, İlahi.

Dil tapıb, qoşulub mələklərinə,

şeytan da əlini sıxır, İlahi.

Bu tula payına tullananları,

bu yağlı sümüyə yalmananları,

haqqını yeyənə yalvaranları

Sən niyə yaratdın axı, İlahi?!

Göy üzü yenə də endi, neyləyək,

Dünyanın təkəri döndü, neyləyək?!

Bu gələn işıq da söndü, neyləyək,

bax gör neyləyirsən axır, İlahi…

 

DƏNİZ

Bu dənizə gözüm düşüb,

Qaladan bir qızım düşüb,

canım düşüb, izim düşüb,

bu dənizin, o bayrağın

qarşısında dizim düşüb.

Gedək düşək bu dənizi

quyu dibindən çıxardaq.

Suyun dibində olmasa,

kimin cibindən çıxardaq?!

Bu dənizdən heç SƏNin də

xəbərin olmayıb yəqin.

Xəbər tutsaydın diz çöküb,

göyə qalxardı əllərin.

Yerin üstündən götürək,
endiyi göyə qaytaraq.

Bu MƏLƏK dənizi, ALLAH,

adam əlindən qurtaraq!

 

YERİM ALLAHIN YANINDA

İ.Nəsimiyə

 

Yarı canım yerə düşüb,

Yarım Allahın yanında.

Təkdi, təklikdən darıxar,

Durum Allahın yanında.

Hamı ölümə sürünür,

Başsız, başçısız sürümü?

Adamlar necə görünür,

Görüm Allahın yanında?!

Nəyi varsa “gəl-gəl” deyir,

Bulanıb, təzə-tər deyil,

Bura qalası yer deyil,–

Yerim Allahın yanında.

 

ÜMİDLƏRDƏ BATDI GÜN

Gəl dərdi rüşvət verək, bəxti güldürmək üçün.

Neyləyək, ayrı heç nə yoxdu, güldürmək üçün.

Hardaydıq? – yerdən uzaq, eşqdən, kədərdən uzaq.

Bu dünya yolumuza çıxdı öldürmək üçün?!

Ümidlərdə batdı gün, nə çox çəkdi bu sürgün.

Bəsdi daha süründün vaxtı öldürmək üçün.

 

RAMİZ QUSARÇAYLIYA

Min illərdi çörəyimiz daşdan, daş kömürdən çıxır.

Mən bir az da uzağ getdim, – çörəyim dəmirdən çıxır.

Nəsə… nəsə xoş gələndə, bəxtimizə tuş gələndə…

Başımıza iş gələndə göydən düşür, yerdən çıxır.

Nə dərddi?! – yiyəsi çıxmır, necəsi, niyəsi çıxmır.

Bu millətin səsi çıxmır…– Çıxanda da birdən çıxır!..

 

ƏLLƏRİMİ QALDIRIRAM

Deməyə bir sözüm yoxdu,

– bu hər şeyi bilənlərə.

Bu dünyadan gedənlərə,

o dünyadan gələnlərə.

 

“Sözə”, heç nəyə baxmayıb,

ümidi sona saxlayıb,

qapı dalında ağlayıb

gələn dərdə gülənlərə.

 

Bu dərdnən sonacan varam,

nə qədər sınasa, varam!

Əllərimi qaldırıram

mənim kimi ölənlərə…

 

DOSTA MƏKTUB

Hə, bəri başdan deyim ki,

Bizdə də həyat olacaq.

Bu vicdanı donqarları

Yonan bir xarrat olacaq.

 

Hər adamın öz yeri var,

Düzlərin də düz yeri var.

Bir az küncə sıxacaqlar,

Bir az qazamat olacaq.

 

İstəyir nura bələsin,

Ya da daş-kəsək ələsin.

Şahdı də, neynir eləsin,

Axır özü mat olacaq.

 

Bu da rənglərin ən tündü,

Sümüyə dirənib süngü.

Ürək bəyəm nə üçündü?!

– Uzağı infarkt olacaq.

 

NƏ QƏDƏR BELLƏR ƏYİLİR,

Avropanın başı üstə

Yellənirkən bayrağımız.

Qapımızı dilənçitək

Döyüb keçdi bayramımız.

 

Könlümüzdən keçənə də

Yiyəsiz itlər ulayır.

Kimlərsə “Vətən” sözünü

Sümük yerinə tullayır.

 

Torpaq yaman münbit olub

Alaqları böyütməyə.

Neçə tumun qarışığı,

Calaqları böyütməyə.

 

Yollar yolkəsənlə dolu

Düz elə düzdə qalanmış.

Nə qədər bellər əyilir,

Heç düzəlmir bu talanmış.

 

ÇÖRƏK

Dərdi siqaretsiz çəkirik gedir,

Öyrəşə bilmirik yavan çörəyə.

Nə qədər gözyaşı qatılıb, Allah,

Adamı içindən boğan çörəyə?!

 

Nə çox çörək alıb bizə söz verən,

Kəsib əlimizi sonra duz verən.

Əlimiz bir daha çatarmı görən,

Nənələr yağ-yaxmac yaxan çörəyə?

 

Yenə bu Vətənin göyü var olsun,

Torpağı var olsun, suyu var olsun.

Yaxşısı, yamanı, nəyi var – olsun!

Qurbanam daşından çıxan çörəyə.

 

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10