Görkəmli yazıçı Əlisa Nicatın doğum günüdür

69 Baxış

elisanicat25

Avqustun 10-u yazıçı, filosof Əlisa Nicatın 79 yaşı tamam olur. Doğum günündə Senet.az-a açıqlama verən Əlisa Nicat bu günü dostları ilə birlikdə keçirdiyini deyib: “Biz dünən dostlarla birlikdə doğum günümü qeyd etdik. Hazırda özümü yaxşı hiss edirəm. Bundan sonra da 79 ildir məşğul olduğum işlə fəaliyyətimə davam edəcəyəm. Qəzetdə məqalələr yazacaq, romanlarımla bağlı qeydlər aparacağam. Bildiyiniz kimi, külliyyatımın üstündə işləyirəm. Artıq 50 cildliyimin 13-cü cildini çap etdirmişəm. Növbəti illərdə də digər cildlərin çapını planlaşdırıram”.

Qeyd edək ki, Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində doğulub. 1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olub, Həmin ildən etibarən ədəbi yaradıcılığa başlayıb. 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr edilib. 1967-1969-cu illərdə Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərib. 1973-1983-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alıb, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyn əldə edilməsindən sonra 1993-1994-cü illərdə “Turan” jurnalını nəşr etdirib. Müstəqillik dövründə “Nağıllara dönən tarix” (1993), “Ruhların söhbəti” (1994), “Dünya sərkərdələri” (1995), “Dünya filosofları” (1995), “Kədər şərabı” (1997), “Dünya tarixçiləri” (1998), “Yüz böyük Azərbaycanlı” (1999), “Karvan” (2000), “Tarixin qürubu” (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb. 1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə fəlsəfə elmləri üzrə fəxri doktor adı verilib.

KÖŞƏ YAZARLARI
TOP 10