Görünən əraf – Lalə Məmməd

130 Baxış

sablon ustad paylasim

Cənnət və cəhənnəm bu dünyanın iki üzü, Tanrı sevgisinin başladığı və bitdiyi yerdir. Bəs ərafda olmaq – hara aid olduğunu, nə etməli olduğunu bilməmək?!

 

Uzun illər əvvəl bir qurunun parçası ikən sahilini ərköyün ləpələr yuyar, qağayılarla qol-boyun Xəzərin seyrinə dalardı. İnsanların ayaq səslərinə aşina, onların qayğılarına ortaq olardı.

Lakin bir gün coşqun Xəzər şəhərin böyük bir hissəsini sulara qərq etdi. Kilometrlərcə yol, onlarla tikili balıqlara məskən oldu. O isə artıq sahil yox, ada idi. Bağlandığı hər şeydən göz məsafəsi qədər uzaq quru parçası…

Əvvəlcə səbrsiz külək, sonsuz dalğalar onu döyəcləməyə başladı. Sinəsindəki boz qayalar gündüzlər közərənə qədər qızır, gecə boyunca buz parçasına çevrilirdi. Qağayı səsi ilan fısıltısı ilə əvəzlənmişdi.

Bütün bunlar baş verərkən ada uzaqdan Bakını izləyirdi. Bu mənzərə onun həm kədəri, həm təsəllisi idi. Lakin ən pis xatirələri nə həbs olunduğu dalğalar, nə Günəş, nə külək, nə də fısıltılar imiş. Xəzər bir həmləylə onun sahilini yox, həm də taleyini dəyişmişdi.

Təbiətin çılğınlıqlarının adətkarı insan, onun fəsadları ilə barışmağı da öyrənib. Bir müddət sonra bu quru parçası yenidən kəşf olundu – təbiəti sərt, döşəməsi qayalar, sakinləri ilanlar… Onun barəsində böyük ada mənasını verən “Böyük Zirə” deyə bəhs edirdilər. İnsanla adanın yolları tez-tez kəsişirdi. Bəzən nabələd gəmilər sərt dalğaların cənginə keçir, adanın sahilindəki qayalara çırpılıb suya qərq olurdu. Bir gün xəbər yayıldı ki, qəddar çar buranı Fin körfəzindəki adaya bənzədib onu “Nargin” adlandırıb. Daha sonra gəmilərə yol göstərsin deyə, adada mayak tikdilər. Gecələr yer üzündəki ulduza dönürdü ada. Bu onun tək-tük xoş xatirəsi idi.

* * *

 Tanrı bir məkanı var edəndə onun taleyi aydın olur, buranın soyuq, yoxsa isti, bərəkətli, yoxsa quraq olacağı bilinir. Lakin o məkanda insan varsa, oranın gələcəyi müəmmalıdır.

 

Təbiət və insan… Birinin zəhmətlə, təmkinlə qurub yaratdığını digəri asanlıqla yox edə bilir. İnsanın təbiətə olan ehtiyacı bəllidir. Təbiətin ona zərər verərkən şeirlər, mahnılar həsr edən, istismar edərkən qorumağa çalışan insana bağlılığı isə bir müəmmadır.

Digər canlılar təbiətdən ehtiyacından artıq istifadə etmir, təbii olaraq sağ qalmağa çalışırlar. İnsan isə daha mürəkkəbdir. Onun düşünmək, mühakimə yürütmək və nəticə çıxarmaq, qısaca zəka dediyimiz qabiliyyəti, vicdan və tamah kimi daxili çağırışları, vəsvəsələri var. Və insan zəkası vicdanı əvəzinə tamahı ilə ortaqlıq quranda o, insanlıqdan çıxıb hər şeyə çevrilə bilir. Həmin anda digər canlılardan çox az fərqlənir; hər şeyi sağ qalmaq üçün etdiyini DÜŞÜNÜR. Lakin eyni zamanda təkcə insan məhv etdiyi kimi, qurub yaratmağı da bacarır; quruyan gölü, şoranlaşan torpağı, nəsli kəsilməkdə olan heyvanı, uçuruma addımlayan insanı xilas edə bilir. Məsələ ondadır ki, insan hansını seçir.

İnsan qurub yaratmağı seçdiyi sonuncu ana qədər bu yaradılış üçün həmişə bir ümid var olacaq deməkdir…

* * *

“Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.”

Mövlanə Cəlaləddin Rumi

 

İnsan insandan qorunmaq, daha çox gücə sahib olmaq üçün müxtəlif alətlərdən istifadə etmişdi. Uzun müddətdi ki, kəsici silahı barıt və dəmir ilə əvəzləmişdi. Yeni dövr başlayırdı…

Yeni dövrdə şəhərin bağrında açdıqları dəliklərdən fışqıran, neft adlı tapıntı ilə məşğul idilər. Min əzab-əziyyətlə dartıb çıxarır, arabalara yükləyib səhər-axşam harasa daşıyırdılar. Günbəgün şəhərə gəlib-gedənlərin sayı artırdı. Fərqli üzlərdə fərqli lisanlar eşidilirdi. Əllərində tutduqları kağız parçalarını bir-birilə dəyişib, tez-tez “kültür”, “kultura”, “culture”, “mədəniyyət” deyilən şeydən bəhs edirdilər. İlk motorlu araba şəhərə gələndə adamların yarısı gizlənmiş, yarısı diz çöküb imdad istəmişdi.

Məktəb və mədrəsələrdə nə baş verdiyi barədə qızğın mübahisələr gedirdi. Əvvəllər əsasən dinlə bağlı elmlərin tədris olunduğu bu yerlərdə texniki kəşflərlə birgə təbiət və dəqiq elmlərin tədrisinə maraq yaranmışdı. Qolu çomaqlı mülkədarla yanaşı, onun zülmü altında əzilən sadə insan da yeni yaranan imkanların üfüqündə oğlan uşaqlarını məktəbə göndərirdi.

Şəhərdə ata sənəti bənnalıqdan yorulan bir gənc bir az torpaq sahəsi alıb, neft axtarmağa başlamış, uzun cəhdlərdən sonra istəyinə çatmışdı. Fəvvarə vuran neft ona xeyli pul və hörmət qazandırmış, məmləkətdə söz sahibinə çevirmişdi. Deyilənə görə, kim olduğunu unutmamaq üçün bir cüt başmağını qoşalayıb qapıdan asarmış. Belə görünür ki, bəxti qəflətən üzünə gülən çoxlarından fərqli olaraq keçmişini başmaq edib onunla gələcəyə aparan yolu qarşılamaq niyyətində idi.

Başmaqlı Milyonçunun “mümkünsüzdür” deyiləndə mümkünü görmək qabiliyyəti var idi; öz taleyini dəyişmişdi. Indi isə bir millətin taleyini dəyişirdi. Bu yola çıxanda “bizdə də olsun” – demişdi, – “bizim məmləkətdə də kasıbın güzəranını yaxşılaşdıran müəssisələr, hər dərdin dəvası təhsilli oğullarımız, qızlarımız, üfüqü açıq insanlar və onların qurub yaratdıqları olsun!”

Doğru düşüncə və inam zaman keçdikcə sadalananların hamısını bu məmləkətə qazandırdı. Ancaq Başmaqlı Milyonçunun da dəstəyilə dağlardan uca, dənizlərdən dərin cəhaləti aşan Parlaq Zəkaların yeni “olsun”ları var idi. İstəyirdilər ki, milləti zorbalığın, cəhalətin, işğalın, istismarın əlindən çəkib alan, irəliyə aparan bir dövlət və onun rəsmi sərhədi, dili, bayrağı, himni, ordusu olsun. Bu millətin, məmləkətin sabahı artıq zorbaların, başqa-başqa millətlərin, məmləkətlərin insafına qalmasın! Parlaq Zəkalar bu qayə ətrafında birləşir, düşüncələrini qəzetələrdən, dərgilərdən məmləkətə car çəkirdilər.

O da dağları, dənizləri aşanlardan biri idi. Həkimliyi seçib xəstə canlara çarə olmaq istəsə də, hadisələrin gedişatı ona müəllimlik ünvanını da qazandırmış, ömrü boyu nadanlığın zülmətinə şam olmuşdu. Cəhalətin Qənimi olan bu kəs məmləkətdə ilk kitabxananın əsasını qoyanda uzaqgörənlik edib ən böyük bəlanın elmsizlik olduğunu hayqırmışdı. Bilirdi ki, oxuyan, düşünən insan hər kəsə yararlı olar.

Məmləkətdə bunlar baş verərkən müstəmləkəçilərin müharibələri məhəlli xarakterdən çıxmış, lüğətdəki qarşılığının faciə olduğunu millətlərin simasında ilk dəfə bu qədər aşkar gözlər önünə sərirdi. Qələmin qılıncı kəsib keçdiyi vaxtların yetişməsinə çox az zaman qalırdı. Çarların qan və dəmirdən qurduqları imarətlərin dayaqları çoxdan laxlamışdı, çöküşü uzaq deyildi. Əsir millətlər zəncirləri tutanların nə qədər qorxunc və əzəmətli görünməyə çalışsalar da, vicdanı əvəzinə tamahını seçmiş insanlar olduqlarını dərk etməyə başlamışdılar. Bu həqiqət itirməyə heç nəyi olmayanlara sonsuz cəsarət verirdi. Şəhərlərdə mürəkkəb qoxusu ilə barıt qoxusunun mübarizəsi gedirdi.

* * *

 “Eyni dili danışanlar deyil, eyni duyğunu bölüşənlər bir-birini başa düşə bilərlər.”

Mövlanə Cəlaləddin Rumi

 

Nəvaxtsa dalğaların ortasına düşən ada indi də müharibənin cənginə keçmişdi. Silahlıların ayaq səslərindən ilanlar belə, bezar idi. İnsanlar əsir etdikləri kiçikli-böyüklü, qadınlı-kişili, qocalı-cavanlı başqa insanları gecə-gündüz adaya daşıyır, dəmirdən tikdikləri baraklara doldurur və təbiətin insafına buraxırdılar. Ac, susuz, xəstə canların ardı-arası kəsilməyən fəryadlarını Xəzər əmanət kimi qoynuna alıb, sonra özlərinə qaytarırdı.

Ölümlə həyatın astanasında ilişib qalmış bədənlər… “Ölməkmi, yoxsa yaşamaqmı?” sualına axtarılan sonsuz cavablar… Və eşidilən güllə səsləri… Hər açılan atəşlə daha bir insan adaya çevrilirdi. Təbiətin ona yaşatdığını adanın köksündə insan insana yaşadır vəonu bu günahlara ortaq edirdi. “Cəhənnəm adası”– indi onu belə tanıyırdılar.

Ada tanış lisandakı insanları dinləyə-dinləyə onlarla dərd ortağı olmuşdu. Ara-sıra xəyallardakı keçmişə qayıdır, uzun-uzadı şəhəri izləyirdilər. Burdan şəhər dünyanın başqa üzü kimi görünürdü. O üzdən bu üzə isə ancaq silahlıların yolu düşürdü. Axı harda idi insanların geridə qalanı?!

* * *

Qədim yunan mifologiyasına görə, Olimp dağında oturan Tanrılar odu oğurlayıb insana verdiyi üçün tanrı Prometeyi (insanların hamisi) cəzalandırmaq qərarına gəlirlər. Prometeyin xəbərdarlığına rəğmən, qardaşı Epimetey Pandora ilə evlənir və Tanrıların toy hədiyyəsi kimi göndərdiyi qutunu qəbul edir. Tanrıça marağına yenilib qutunu açdıqda isə bütün pisliklər (bəd xislətlər və xəstəliklər) dünyaya yayılır. Sonda qapaq örtüləndə qutuda yalnız “ümid” qalır. “Ümid” bu bəlalardan xilas yolu olsa da, insan qutunun yenidən açılacağı günə qədər əzablı bir intizara məhkum edilir.

 

Güclərin toqquşduğu qanlı meydanlar bu günə qədər insana itki və fəlakətdən başqa heç nə vəd etməyib. Silahlar çəkilir, torpağa düşən hər cansız bədənlə bir ümid ölür. Silahlı silahsızı bəhanələrə əsir edir.

Bu müharibədə də dəyişən nəsə olmadı. Çarın dəstələri uzaq məmləkətlərdən dəmir vaqonlarla dartıb gətirdiyi əsirləri şəhər sakinlərinin çarəsizliyindən keçirdib qayıqlara mindirdilər. Qandaşlarıyla eyni zənciri daşıyanlar gözləri ilə onları adaya yola saldılar.

Səssiz vidanın üzərindən aylar keçmişdi.

Adaya ərzaq, su aparanların orada görüb-danışdıqlarına şəhər sakinləri laqeyd qala bilmirdi. Əvvəlcə gözlərini dikdikləri Başmaqlı Milyonçuya pənah apardılar. O isə vəziyyəti ağır olan əsirlərin şəhərdəki qismən yaxşı şəraiti olan həbsxanada yerləşdirilməsi üçün çar-üsul idarəsinə müraciət etdi, həm də digər əsirlərə aylıq məvacib kəsdi. Parlaq Zəkalar Qafqaz canişinliyinə məktub ünvanlayıb bu insanlıq faciəsinə laqeyd yanaşılmamasını, əsirlərə kömək etmək üçün lazımi şəraitin yaradılmasını rica etdilər. Qəzetlər xalqı adadakı köməksiz insanlara yardıma səsləyirdi. İnsanlar hər şeyə rəğmən vicdan çağırışlarına cavab verməyə başlamışdılar.

* * *

 Səmavi dinlərdə əraf cənnətlə cəhənnəmin arasındakı yer kimi təsvir edilir. Bura düşən ruhlara əzablarının qarşılığında cənnət üçün bir şans da verilir.

 

Cəhalətin Qənimi bir dəstə adam toplayıb minlərin fəryadının izi ilə adanın yolunu tutdu. Qayıqda dayanıb soyuq xəzri küləyini sinəsinə çəkirdi. Sahildən adaya göz məsafəsi qədər uzaqlıq nədənsə sonsuz görünürdü.

Çox keçmədi ki, qayıq sahilə yan aldı. Uzaqdan səssiz, öz halında görünən ada saniyələr içərisində Tanrının unutduğu yerə çevrildi.

Həkimlik etdiyi uzun illərdə çox ağrı-acıya, kədərə şahidlik etmişdi, lakin adadakı dramın qarşısında təmkinini qoruya bilmədi, acı qarışıq heyrəti duzlu suya çevrilib axıb Xəzərin gözyaşlarına qovuşdu. Bayaq içini donduran külək əlindən çəkib onu sahilə apardı. Bir qayığa minib dünyanın qurtaracağına çatmışdı. Bura insanla təbiətin insafının bitdiyi nöqtə idi, əl-ələ tutub hökm verirdilər: süründürür, öldürür və yaşamağa məhkum edirdilər. Adaya zəncirlənmiş insanlar burdan içində olmadıqları həyatı izləyirdilər. O da dalğın gözlərini şəhərə dikib vicdanının ərafına səfərə çıxdı.

Cəhalətin Qənimi həmişə inandığının ardınca getmişdi, ancaq indi tərəddüd edirdi. Şəhərdəki vəziyyət hər an dəyişirdi. Müstəqil dövlət qurmaq istəyən əqidə yoldaşları ilə yol ayrıcında dayanmışdı. Hər gələnin bir tərəfindən tutub, çəkdiyi məmləkəti bir ovuc adammı qoruyacaqdı?! Ömrü boyu özündən əvvəl başqalarını düşünməli olmuşdu. Qardaşı vəfat edəndə arzularını yarımçıq qoyub varlığını böyük bir ailəyə sipər etmişdi. İndi də inandığı bərabərlik idealı ona bütün insanlığı yüklənməyi diktə edirdi; orada fərdi arzulara, istəklərə və millətlərə yer yox idi. Hər kəs bərabərsizlikdən bezar idi, əl-ələ verib dünyaya ədaləti gətirə bilərdilər. Öz millətinin rifahını bütün millətlərin rifahında görürdü. Əqidə yoldaşlarından ayrılıb bir ümidin arxasınca getməli idimi? Qərar vermək vaxtı idi.

Fikirləri onu yenidən adaya qaytardı. İndi hara getsin, kimin yaxasından yapışsın, burda gördüklərini unudub həyatına davam edə bilərdimi?! Qayığa oturub ordan uzaqlaşanda öz həyatına tələsir, aydın baxışları ilə şəhəri salamlayırdı.

Səhəri gün qəzetdə hər kəsi sarsıdan “Gözyaşı tökdürən Cəzirə” adlı məqalə yayımlandı.

* * *

Qadın və kişi varlığın iki qanadıdır: cüt qanadla yola çıxanlar buludları aşıb keçərlər.

Sona xanım Hacıyevanın yaratdığı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti Sona Tağıyeva, Liza Tuqanova-Muxtarova, Hənifə Zərdabi,  İsmət Aşurbəyli, Məryəm Bayraməlibəyova, Rəhilə Qazıyeva, Sara Vəzirova, Sürəyya Axundova, Pəri Topçubaşova kimi xeyirxah, maarifçi qadınları bir damın altına toplamışdı. Cəmiyyət imkansızlara maddi yardım göstərir, şəhərin zəngin adamlarının cəlb olunduğu xeyriyyə aksiyaları keçirirdilər. Toplanan ianələr hesabına kimsəsiz uşaqlar üçün pulsuz məktəb yaradılmışdı.

Adada yaşanan hadisələr cəmiyyətin toplantılarında tez-tez müzakirə olunur, kömək üçün çarələr axtarılırdı. Şəhər sakinləri qapı-qapı gəzib adadakı kimsəsizlər üçün yardım toplayırdılar. Sona xanım özü də ərzaq, pal-paltar, dərman bağlamaları ilə oradakı insanları görməyə gedir, saatlarla onlara həmsöhbət olurdu. Dəfələrcə nəzarətçiləri dilə tutaraq bir neçə əsiri qayığına mindirib gizlicə şəhərə gətirmişdi. Xeyirxah insanlar əlbir olub qaçırdıqları insanları evlərində gizlədir, daha sonra məmləkətlərinə yola salırdılar. Adadan qurtulan əsgərlər doğma rəftar qarşısında şəhərdə qalıb, məmləkətlərinə qayıtmamışdan əvvəl milli ordusunu qurmağa hazırlaşan qandaşlarına təlim keçməyi özlərinə borc bilirdilər. İnsan insana vicdanının əlini uzadırdı.

* * *

 “Odu sevənlər müxtəlif olur: kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə; kimi öz canını oda yaxmaq üçün, kimi başqalarını yandırmaq üçün.”

Əbu Turxan

Hərdən Xəzərin sahilində dayanıb “Böyük Zirə” adasını seyr edirəm. O an bu millətin min cür əzab-əziyyətdən keçmiş fədakar övladlarının gözündən eyni mənzərəni izləyirmiş kimi hiss edirəm.

Parlaq Zəkalar və Cəhalətin Qənimi eyni niyyətlə, lakin iki fərqli yol seçmişdilər. Parlaq Zəkaların arzusu bu millətin özünüdərki idi. Yekunda bir xalq, bir dövlət olmağı bacara bilsələr də, güclü olanın bərabərlik vədləri tezliklə bu arzuya qıfıl vurdu. Deyilənə görə, indi hər kəs bərabər yaşayıb bərabər öləcəkdi. Ancaq çox keçmədi, bu vədlərin altından qaliblərin tamahı çıxdı. Birgə əkən, becərən, yeyən insanların azad düşüncəsi, fərdi seçimi və inancı əllərindən alındı. İnsan axıra qədər insan ola bilməyən başqa bir insanın qurbanı oldu. Bir ümidin çöküşünü izləyən Parlaq Zəkalar məmləkətdən pərən-pərən salındılar. Ömürlərinin sonuna qədər inancları üçün çalışıb yenidən dirəklərə çəkmək üçün sinələrində gəzdirdikləri üçrəngli bayrağa sarılıb vətən həsrətilə sonsuzluğa qovuşdular. Cəhalətin Qənimi dəyişən şəraitə, insanlara rəğmən heç vaxt inandığı yoldan dönməmişdi. Yenə dönmədi, o yoldaca xainlərlə kəllə-kəlləyə gəlib ruhunu Tanrıya təslim etdi.

Zamanla yarışda qələbə həmişə təbiətindir: bu dünyadan hələ heç kəs sağ çıxmayıb. Dünyanın bu üzündən o üzünə səfər başladıqda isə insan əməllərini özü ilə apardığını düşünür. Lakin insanın bu dünyadan özü ilə apara bilmədiyi və yaxud özündən sonra qoyub gedə bildiyi yeganə şey əməlləridir. Çünki sahib olduğu insanlar, var-dövlət bir zamandan sonra torpağa qarışıb ardınca gəlir, ancaq kim olmağı seçdiyi bəşəriyyət var olduqca xatırlanır.

* * *

Uzun illər günahsız, günahkar minlərlə insana məzar olmuş adanın taleyi isə dəyişməz qalır: zəncirləndiyi yerdən bu həyat üçün son şans olduğunu insanlara xatırladır!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10