Görüş

5 Baxış

ИЛЬГАР_ФАХМИ

İlqar Fəhmi

Əvvəlcə ağzı qurumağa başladı. Yavaş-yavaş dili taxtaya döndü. Udqunmağa çalışdı. İki-üç cəhddən sonra başa düşdü ki, heç nə alınmayacaq. İstədi gedib həyətdəki krandan su içsin. Ayağa qalxa bilmədi. Güclə gözlərini açdı. Gözləriylə ayaqlarını axtardı. Ayaqları gözünə dəymədi. Əlləriylə ayaqlarını yoxlamaq istədi. Bu da alınmadı. Deyəsən əlləridə yox idi. Möhkəm qorxdu. Uşaq vaxtı həmişə dozanqurdunun əl-ayağını qopardıb yerə atırdılar və bir iki saat qarışqalar yazıq qurdu diri-diri yeyib qurtarırdılar. O da uşaqlarla birgə doyunca deyib gülürdü.

İndi də ağlına gəldi ki, bəlkə onun da əl ayağını kəsib atıblar. Canını üşütmə basdı. Yəqin indi qarışqalar gələcək. Birdən yadına bayaq evdə anasının ona dediyi söz yadına düşdü – “Ayaqların it iyi verir, bayıra çıxanda yuyarsan”. Anasının sözü yadına düşən kimi qorxusu keçdi, fikirləşdi ki, yəqin ki, yəqin əlləri ayaqlarını yumağa aparıb. Dodağı qaçdı. Əcəb qanacaqlı əlləri var.
Sonra bir də cırıldadı. Elə bildi ki, kimsə kamança çalır. Cırıltı getdikcə güclənməyə başladı. Qulaqları ağrıdı. Ürəyində söyməyə başladı: – “Bu zəhrimar kamançanı çala bilmirsən, niyə cırıldadıb başımızı xarab eləyirsən. Heyvanın biri heyvan”. Düzü heç özü də bilmədi ki, kimi söyür. Cırıltı bir az da gücləndi. Qeyri-ixtiyari qulaqlarını tutdu. Başa düşdü ki, artıq əlləri qayıdıb. Əlləriylə ayaqlarını yoxladı. Ayaqları da yerindəydi. Sakitləşdi. Yenə kürəyini divara söykədi. Cırıltı səsi asta-asta azan səsinə keçdi. Məscid yaxınlıqdaydı. Birtəhər başını qaldırıb məscidə baxdı. Məscid adama oxşayırdı. Gümbəz başı, pəncərələr gözləri. İki minarə də əlləridi. Elə bil əllərini göyə qaldırıb allahdan nəsə istəyirdi. Birdən ağlına gəldi ki, azançıya tapşırmaq lazımdı minarəyə çıxanda məhəccərdən bərk-bərk tutsun. Çünki işdi-şayəddi məscidin başı qaşınsa, əlini atıb başını qaşıyan zaman azançı yaxınlaşıb ölər, yazıqdı axı. Bir sürü külfəti var.
Azan səsi kəsildi. Hava qaralmışdı. Küçənin o başından gələn səs onu diksindirdi, sınıq salxaq bir «Zapı» tırıldaya-tırıldaya gəlib onun qabağından keçib tini döndü. Tırıltı yavaş-yavaş azaldı, nəhayət kəsildi. Zapıya yazığı gəldi. Fikirləşdi ki, əgər bu yazıq maşının dili olsaydı, o əclaf şoferə deyərdi ki, insafın olsun, bəsdi mindin məni, görmürsən tökülürəm. Qoy çıxsın pensiyaya, bir az dincəlim. Gözünün qabağına gəldi ki, «zapı» poçtda. «Zapını» fikirləşə- fikirləşə atası yadına düşdü. Başa düşdü ki, bayaqdan nəyə görə zapıya yazığı gəlirdi. Atası da o köhnə zaporojets kimiydi. Qocalıb əldən düşsə də, birtəhər işə gedib gəlirdi. Təqaüdə çıxmırdı. Yazıq neyləsin?! Ailəni dolandırmaq lazım idi. Demişdi ki, qızları ərə verim, sonra çıxaram təqaüdə. Ailə yadına düşən kimi dilxor oldu. Yenə də gözlərini yumdu. Hər şeyi unutmağa çalışdı. Bir az beləcə oturdu. Tıqqıltı eşitdi. Deyəsən ayaq səsləriydi. Kimsə ona salam verdi. Birtəhər gözlərini açdı ki, görsün kimdi. Heç kimi görmədi. Fikirləşdi ki, yəqin hansısa qonşudur, artıq həyətə girib. Heç yaxşı düşmədi. Deyəcəklər ki, heç kimi saymır, qudurub. Məhəllə camaatı korlanıb. Hər xırda şeydən söz düzəldirlər. Təki danışmağa söz olsun.
Kimsə küçədəki lampanı yandırdı. Lampa ondan 15-20 metr aralıda olsa da işıq gözünü qamaşdırdı. Qeyri ixtiyari gözlərini yumdu. Hiss elədi ki, burnu qaşınır. Yenə birtəhər gözünü açdı. Diksindi. Burnunun üstündə iri bir milçək oturmuşdu, diqqətlə onun gözünün içinə baxırdı. Bir az onun gözünün içinə baxandan sonra milçək başladı əlləriylə üzünü silməyə. Milçək üzünü silə-silə arabir ona baxırdı. Milçəyə baxa-baxa son iş yerindəki müdiri yadına düşdü. Milçəkdən də murdar insan olarmış, İlahi. Yaxşı ki, orda çox işləmədi. Qaçdı. Atası artıq neçənci dəfəydi ki, yalvar-yaxarla onu işə düzəldirdi. O isə bir-iki ay işləyib qaçırdı. Yola getmirdi.
Birdən burnu böyüməyə başladı. Burnuyla bir yerdə milçək də böyüməyə başladı. Toyuq boyda oldu. Burnunun ağırlığına dözməyib başını aşağı əydi. Böyümüş milçək ona baxa-baxa dilini çıxartdı. Fikirləşdi ki, gör nə günə qalmışam, milçək də məni ələ salır. Yenə milçəyin gözünün içinə baxdı. Birdən milçəyin gözləri ona çox doğma və əziz göründü. Hə, onun gözləridir, əlbəttə, gözlərinə inanmadı. Hə. Odur, özüdür ki var. Ömründə bircə dəfə bütün varlığıyla sevdiyi o qız. Yavaş-yavaş qızın üzünün cizgiləri də aydınlaşdı. Nədənsə təəccüblənmədi. Elə bil ki qızın gələcəyini qabaqcadan bilirdi. Qız onun qarşısında dayansa o hələ heç nə dərk edə bilmirdi. Bir də gözünü qırpdı. Yox, qız heç yerə getməmişdi, sakitcə durub ona baxırdı. Nəhayət, hiss eləməyə başladı ki, həqiqətən odur. Altı il əvvəl uğrunda həyatını belə verməyə hazır olduğu və bu altı il ərzində hər gün görməyi arzuladığı o qız. Bunu hiss elədikcə, bütün bədəni titrəməyə başladı. Özünü ələ almağa çalışdı. Divara sıxılmaq istədi ki, titrəməsin. Amma birdən ağlına gəldi ki, titrəyə-titrəyə divara söykənsə, divarı uçurdar, özü də daşların altında qalıb ölər. Ayaga qalxıb yavaş-yavaş qıza tərəf getməyə başladı. Qız isə tərpənmirdi. Əllərini yuxarı qaldırıb sakitcə ona baxırdı. Elə bil ki, təslim olduğunu bildirirdi. O gəlib qızın bir addımlığında dayandı. Əllərini qızın bədəninə toxundurmaq istədi. Qorxdu. Qorxdu ki, altı il əvvəllər olduğu kimi qız yenə onu söyüb biabır edəcək. Amma qızın baxışlarındakı sakitlikdən başa düşdü ki, yox, bu dəfə ona nə ağır sözlər deyiləcək, nə də sillə vurulacaq. Ürəyi əsə-əsə əlini qaldırdı, qızın üzünə toxundurdu. Qız dinmədi. Yavaş-yavaş yaxın gəldi. Artıq qızın nəfəsini də hiss edirdi. Qızın belini qucaqladı. Sakitcə başını çiyninə qoydu. Gözlərini yumdu və beləcə bir qədər səssiz-səmirsiz dayandı. Amma birdən elə bil içində nə isə partladı. Bayaqdan qurumuş ağzı sulandı, dili açıldı. Qışqıra-qışqıra danışmağa başladı:
-Hə, nədi, niyə gəlmisən, yoxsa bezmisən? İndi yadına düşmüşəm? Yoxsa qovub səni evdən? Bəs nə bilmişdin. Pula görə ərə gedəndə bəs bilmirdin axırı necə olacaq. Gərək öldürəydi səni. Onda ağlın başına gələrdi. Məni bəyənmədin. Pullusunu seçdin. Elə bilirdin ki, xoşbəxt edəcək səni. Ay elədi ya. Gözlə. Nə oldu? İl yarımdan sonra atasını tutdular. Sənin evinə qədər satıb atasını türmədən qurtardılar. İndi 6 nəfər adam iki otaqda qalırsınız. Əcəb oldu. Ürəyimdən tikan çıxdı o vaxt. Mənim ahım tutdu səni. İndi də kasıbçılıqdan bezib mənim üstümə gəlmisən? Elə bilirsən qəbul edəcəm səni? Yox, heç vaxt, sən adam deyilsən, qancıqsan, fahişəsən.
Birdən səsi qırıldı. Qəhərləndi, qızı qucaqlayıb hönkürtüylə ağlmağa başladı.
-Axı mən səni həyatımdan çox sevirdim, bütün varlığımı sənə qurban etməyə hazır idim, axı niyə mənimlə qalmadın, niyə, axı sən onu da sevmirdin. Heç o da səni sevmirdi. Heç bu cürə də evlənmək olar. Eh,mənim bütün həyatım da səninlə getdi. Sənin ərə getməyindən neçə il keçsə də, yenə hər gün səni fikirləşirəm, hər gün yuxuda görürəm səni. Məndə olan yeganə şəklini öpürəm, öpürəm.
O danışır, gözünün yaşı isə axırdı.
-Sən gedəndən sonra söz verdim ki, heç vaxt evlənməyəcəyəm. Sözümün üstündə dururam. Çünki mən səndən başqa heç kimi sevə bilmərəm. Özümdən asılı deyil, bacarmıram. Neçə dəfə özümü öldürmək istəmişəm. Atamla, anama yazığım gəlib. Dərdimi heç kimə deyə bilmirəm. Altı il yığılıb qalmışdı içimdə. Nə yaxşı ki gəldin, ürəyimi boşaltdım. Qurban olum, daha heç yerə getmə, tək qoyma məni, yalvarıram….
İki qadın söhbət edə-edə həyətə girdilər. Qadınlardan biri o birsinin sözünü kəsib dedi.- Görürsən bu oğlanı, qonşunun oğludur. Elə yaxşı ailələri var. Özü isə avara çıxdı. Hər gün nəşə çəkib həyətdə sarsaqlayır. Heyif, gül kimi oğlandı, amma avara!
Oğlan isə həyətin ortasındakı tut ağacını qucaqlayıb hönkürtü ilə ağlayırdı.

Bölmə : Nəsr, Ədəbiyyat