Görüşmək üçün vaxt təyin edən ər-arvad

122 Baxış

mircelal

Senet.az Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsini təqdim edir:

 

KƏMTƏROVLAR AİLƏSİ

Hörmətli ədibimiz Ə.Haqvərdiyevə

 

- Yallah, yallah! Haradasan? Kefin necədir?

- Sən nə təhərsən? – Göz dəyməsin, qıvraqlaşmısan, rəngin açılıb.

- Bir qıvraqlığım yoxdu. İşdən baş açıram ki.

- Neyləyək ki, bir görüşək? – Bu vıxodnoy zanitəm. Gələn vıxodnoy bəlkə…

- Sən evdə olacaqsan?

- Söz versən, gözlərəm.

- Gözlə, birtəhər eləyib gələrəm.

Bir-birinin əlini hərarətlə sıxan, əhvallaşan bu əziz dostlar görəsən kimdir?

Desəm onların ikisi də bir şəhərdə yaşayır, inanmayacaqsınız… Desəm onlar bir evdə yaşayırlar, heç inanmayacaqsınız. “Necə ola bilər ki, bir yerdə yaşayasan, bir-birindən xəbərsiz olasan?” – deyəcəksiniz. Desəm onlar ər-arvaddırlar, təəccüb edib, deyəcəksiniz: “Nə danışır bu!”

Nəyə deyirsiniz and içim ki, belədir: Qulam Kəmtərovla arvadı Leylanın həyatı belədir. Deyəcəksiniz yəqin Kəmtərovla Leyla keçmişdə, bir zaman ər-arvad olublar, sonradan xasiyyətləri tutmayıb ayrılıblar, bir yerdə yaşamaları da mənzilsizlik bəlasıdır. Xeyr, sizin bu gümanınız da düz deyil. Nə Kəmtərov Leylanı boşayıb, nə Leyla Kəmtərovdan boşanıb. Əgər günü bu gün mənzil idarəsinin müdiri Kəmtərovu, ya Leylanı çağırıb, üçüncü qatda dörd otaqdan ibarət bir qurulu mənzilin açarını verə, təklif edə ki, biriniz köhnə mənzildə qalın, biriniz köçün, heç biri köçməz. Birbaş qayıdıb, öz evlərinə gələrlər. Mənzil idarəsinin də zəhməti hədər gedər.

Məsələ bunda deyil.

Bəs nədədir?

Kəmtərovu sizə tanıtmaq üçün gərək bir az vaxtınızı alam. Kəmtərov Qulamla Leyla, bayaq dediyim kimi, ər-arvaddırlar. Özü də “xala-xatirin qalmasın” yox. Lap istəkli, şairlər demişkən, aşiq-məşuqdurlar. Cəmi iki il olmaz ki, toy ediblər. Asanlıqla da toy etməyiblər. Leyla Qulamın ucundan bir il ata-anası ilə küsülü qalıb.

Qulam Leylanın uğrunda İçərişəhərdə bıçaqlanıb, qulağının dibində yaranın yeri indi də durur və ölənəcən duracaq.

Qış da onları bir-birindən soyuda bilməz. Qulamın şorgöz oğlanlardan acığı gəlir. Leyla da könlü-gözü tox qızdır. Yer üzündə Qulamdan başqa kişi olduğuna inanmaz.

Bəs bu istəklilər niyə belə çətin görüşür, az-az görüşürlər? Mümkün deyil ki, ər-arvad olasan, istəkli olasan, bir evdə yaşayasan, həftə ilə görüşməyəsən.

Ürəyinizə şübhə gələ bilər: “Bəlkə açıq deyilməsi ayıb olan səbəblər üçün görüşınəyə ehtiyac duymurlar”. Yox, heç yox! Onu da bilin ki, nə Qulamın, nə Leylanın qulluğu uzaq – kənar-guşə yerdə və ya namünasib qulluq deyil. İkisi də şəhərdə çalışır. Onların qulluğunda olan minlərlə qız, oğlan, ər, arvad, qəşəngcə yaşayır, günün çoxunu evdə öz külfətləri ilə olurlar. Bəs bizim qəhrəmanların azarı nədir? Bu, bir az köhnədən qalma azardır. Başdan danışaq.

Deyə bilərəm dünyada beş nəfər arvadını sevən varsa, biri Qulam Kəmtərovdur. Kəmtərovun nə eşqlə, nə sevda, nə həvəslə toy edib, Leylanı evinə gətirdiyini qələm yazmaqdan acizdir. Ona elə gəlirdi ki, dünyanın bütün naz-neməti, kef və ləzzəti Leylanın üzündə cəmlənmişdir. Leylanı alsa, həyatda bir arzu-kamı qalmayacaq, tamam xoşbəxt olacaq. Kəmtərov düşünürdü ki: “Bu mənim ən ağır və ən son çətinliyimdir. Toy dəsgahını tamam-kamal düzəldib, xeyir işimi başa versəm, daha ömür-billah arxayın olaram. Sonra bir tikə yavan çörək də tapsam, sevgilimlə qabaqqabağa əyləşib, ağız ləzzəti, iştaha ilə yeyərəm”.

Ancaq, necə deyərlər, insanın gözünü torpaqdan savay heç nə doyurmaz. Kəmtərov xeyir işini bitirəndən, dünyada ən böyük arzusuna çatandan sonra bir də gördü ki, xeyr indi də ürəyi yeni-yeni şeylər istəyir. Könlü min bir eşqə düşür. Hardansa, baharda bitki kimi göyərib baş verən arzu və ehtiyaclar kişini məşğul etməyə başladı.

Dünya gör-götür dünyasıdır. Leyla görürdü ki, artist Əyyubun arvadı barmağında cüt-cüt brilyant üzük, qulağında bahalı sırğa qırğı kimi gəzir. Görürdü ki, qıyıq Ələkbərin üçmərtəbə evinə hamballar piano çıxarır; qoz ağacından düzəlmə mebel daşınır; bədənnüma güzgü, Varşava çarpayısı, Quba xalçası gəlir.

Leyla bunların hamısını görürdü və Kəmtərova danışırdı. Kəmtərov qaşlarını çatır, başını tərpədib arvadını inandırırdı:

- Bilirsən nə var, Leyla can, biz gərək işləyək! İşləyək. Lap möhkəmcə işləyək! Mənim də qeyrətim qəbul eləməz. Qıyıq Ələkbərin nəyi məndən artıqdır? Özümüzü oda-közə vursaq da, gərək bir dəsgahlı ev-eşik düzəldək. Qonşular baxsın, yana-yana qalsın. Leyla ərinin məsləhətindən çıxan deyildi. Təki pul olsun… Kəmtərov əvvəlcə Leylaya bir iş soraqlaşdı. Leyla qızlığında maşinistkalıq etmişdi. Bu sənəti pis bilmirdi. Kəmtərov arvadına iki yerdə iş tapdı: Azərittifaqda və Ünvanlar bürosunda. Bir çox götür-qoydan sonra hələlik, rast gəlmişkən, hər iki yeri əldə saxlamağı məsləhət bildilər. Azərittifaqda iş səhər səkkizdən dördə qədər, Ünvanlar bürosunda axşam saat beşdən on birə qədər idi. Leyla iki növbə ilə işləməyə razı oldu. Kəmtərov, onu ev işindən, sil-süpürdən tamam azad etdi.

Leyladan arxayın olandan sonra Kəmtərov özünün boş vaxtlarını “doldurmağa” başladı. Kəmtərov zirək və savadlı adam idi. İş tapmaq onun üçün su içmək kimi asan bir şey idi. Özü nəşriyyatda tərcüməçi idi. Səhər saat ondan gedib, altıda çıxırdı. Bir saat dincini alandan sonra, yəni saat səkkizdən on ikiyədək layihə idarəsində olurdu. Fikirləşib gördü ki, iki növbədə işləsə də, arada yenə boş vaxtı var: “Səhər saat onadək yatmaq bu zəmanənin adamına, xüsusən “roskoşni” güzəran qurmaq istəyən bir abırlı kişiyə heç yaraşmaz. Yarım, ya bir növbə işi rahat apara bilərəm. Beş-altı yüz manat alsam, əlimi qaraltmaz ki…”

Kəmtərov daha bir yeni iş tapdı. Gecə saat on ikidən dördədək “İşıq” mətbəəsində korrektor vəzifəsi var idi. Ayın səkkizindən Qulam mətbəədə yeni əlavə qulluğa düzəldi. Bu gün Kəmtərov toy gecəsindəkindən az sevinməmişdi.

Haqq-hesaba vurub görürdü ki, özünün üç qulluğunu, Leylanın iki qulluğunu, bir az da “o yan-bu yandan” gələn əl xərcliyini yığıb-yığışdıranda bir neçə minə çıxır. İki-üç il belə getsə, çervonu yığıb-yığışdırmaq olmaz. Di qoy Ələkbər gəlsin, qıyıq gözü ilə gətir-götürümüzə baxsın!

Payızın soyuq günlərində ağzından buğ çıxa-çıxa Kommunist küçəsilə başıaşağı yeyin gedən boz paltolu adamı kim görməmişdir? Onun üzündən, gözündən, baxışından, yerişindən tələsmək yağır. Elə gedir ki, deyərsən: yerə dəysə, min parça olar. Sürtülməkdən rəngi dəyişmiş köhnə və “hamilə” portfelini bu qoltuğundan o birinə verir; gah əlini cibinə qoyur, gah damağındakı papirosu barmaqları arasına alıb sıxır, gah çəkməsinin sallanan bağına baxır, məna vermir, daha da yeyinləyir. Bəzən görürsən Kəmtərov qopdu, nə qopdu! Tramvay sürətlə ötdüyü halda quş kimi atılıb minir, milis ağzını açmamış çıxardıb bir üçlük verir, qəbz almaq istəmir. Uzaq tanışlarına bir işarə ilə salam verir. Yaxın tanışlarını görür, görməzliyə vurur. “Müftə yerə niyə vaxt itsin?”

Vaxt alan hər bir əyləncə Kəmtərovun düşmənidir. Onu ictimai yerlərdə görməzsən. İş yerində ancaq vacib, ad yoxlanan iclaslara gələr, adını qeyd etdirib, xəyal kimi gözdən itər. Teatr, kinolar barədə yoldaşlardan eşitdiyilə kifayətlənər. Bəzi yazıçılarla şəxsən tanış olduğundan, əsər oxumağa ehtiyac duymaz. Qohum-əqrəbası rayondadır. Buradakılar isə Kəmtərovun ünvanını ələ keçirə bilmirlər. Kəmtərovun şəxsi, ictimai həyatı beləcə öz qaydasındadır.

O, ailədə daha ciddi, daha səliqəlidir. Bir adam onun evindən səs-küy, qalmaqal eşitməyib. Qapı açıq olanda olur, olmayanda girvənkəlik qıfıl qarovul çəkir, evə quş səkmir. Kəmtərov səhər saat onda yuxudan qalxır. Deyəcəksiniz, onda işə gedən adam heç olmasa bir saat tez durmalıdır. Doğrudur, durmalıdır, amma unutmayın ki, yazıq Qulam mətbəədən, təshih işindən tez qayıdanda gecə saat dörddə, beşin yarısında qayıdır. Necə qayıtdığından özünün də xəbəri olmur. Qəzetin axır səhifələrini mürgüləyə- mürgüləyə, alnı tıqqıltı ilə stola dəyə-dəyə oxuyur. Birtəhər özünü evə salır, çul kimi düşür.

Qulam olmasın, siz olun, saat doqquzda dura bilərsinizmi? Kəmtərovun səslənən bir stol saatı var. Qulağının dibində qoyur. Vaxta on dəqiqə qalmış saat qışqırır. Kəmtərov dəli kimi yuxudan qalxır, tələmtələsik geyinir, qapını bağlayıb qaçır. Leylanın da işi Qulamınkından əskik deyildi. Atalar deyib: “Arvad ərinə oxşayar”. Xülasə, baş elə qarışmışdı ki, Qulamın Leyladan, Leylanın Qulamdan xəbəri olmurdu. Qulam gecə mətbəədən qayıdanda sevgilisini yatmış görürdü. Leyla səhər işə gedəndə Qulamı şirin yuxuda qoyub gedirdi. Vacib sözü olanda balaca kağız yazıb, stolun üstünə qoyurdu: “Qulam, qayğanaq bişirəsi olsan, yumurta bufetin alt gözündədir, yağ da taxçada”.

Qulam da gedəndə Leyla üçün kağız qoyub gedirdi. Onların arasında əməlli-başlı bir məktublaşma var idi. Ancaq markasız, poçtalyonsuz ötüşürdülər.  Leylanın məktubları bu məzmunda idi: “Dəyişiklərini tiyanın içinə tulla, paltaryuyana göndərəcəyəm!” “Açarı asma. Çarhovuzun üstündəki kərpicin altına qoy, görən olmasın”. “Redaksiyadan dalınca gəlmişdilər, zəng vur”. Qulamın məktublarından ələ keçən bunlardır: “Qadası, mənim soyuz kitabçamı görməmisən? Tapsan, stolun yeşiyinə qoy”. “Maşinkada yazmağa vaxtın olsa, bizim idarədə xaltura var, gətirim”, “Adama cavab niyə yazmırsan? Dediyim məsələ necə oldu?” Bu qısa və gündəlik məktublar Kəmtərovlar ailəsində yeganə və əsas münasibət idi. Qulamla Leylanın sevgi və məhəbbəti bu məktubların qara, dolaşıq, tələsik xətlərindən keçirdi. İnsan hər şeyə alışarmış!

Bu sevgili ər-arvad qurduqları yeni yaşayışa elə öyrənmişdilər ki, “köhnə” həyatı tamam unutmuşdular. Onlar indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası belədir ki, var. Doğrudur, Leyla yazırdı ki: “Açarı kərpicin altına qoy, görən olmasın”, Qulam da çalışırdı ki, istəklisinin tapşırığını yerinə yetirsin; amma olacağa çarə yoxdur, açarı görən olmuşdu… Bir Sarıköynək qadının hər gün saat ondan, Qulam gedəndən sonra gəlib, qayda ilə kərpicin altından açarı götürdüyünü, öz evi kimi Kəmtərovların otağını açdığını və tər-təmiz silib-süpürdükdən sonra çıxıb getdiyini qonşular görmüşdülər. Onları şübhədən çıxarmaq üçün Sarı- köynək qadın deyirdi: “Mənə özləri tapşırıb, bacılar, ürəyinizə bir şey gəlməsin”. Dili dinc durmayan qonşu qadınlardan biri Sarıköynək qadının gəlibgetdiyini Qulama dedi. Qulam güman etdi ki, Leylanın gətirdiyi qulluqçu qadın olacaq. Leyla da düşünürdü ki, Sarıköynək qadını Qulam çağırıb, səliqə-sahman üçün çağırıb. Eşidən kimi qonşuya sualı bu oldu: – Cavandı, ya qoca? – Ahıl adamdır, bir nazik… Leyla Qulamm pis niyyətə düşmədiyini bilib, arxayın oldu. Daha bu barədə söhbəti artıq sayıb, qapıdan çıxdı. Bu günlərdə belə məktublar yazılırdı: “Mənim ipək paltarımı hara qoymusan?”. “Zayomları tapa bilmədim. Çıxart yoxlayaq, yenə uduş var”. “Gümüş qaşıqlar haradadır?”, “Dünən bir qadının başında, lap səninkinə oxşar bir şal gördüm. Az qalmışdım səni dəyişik salam”. Sarıköynək qadın isə öz işində idi. Hər gün gəlib evi süpürür, zəhmət haqqı üçün də ağlı kəsən, evdə gözə dəyən şeylərdən birini sarı köynəyinin altına vurub, soldat bazarına aparırdı. O, Qulamın da, Leylanın da iş- peşəsini, üst-alt paltarlarını, qulluq vaxtlarını yaxşıca öyrənmişdi.

Odur ki, evə çox arxayın gəlib-gedirdi. Hətta bir dəfə “köhnə paltar alan” pullu müştərilərdən bir-ikisini özü ilə lap evə gətirmişdi. Qulamın bufetindəki şüşələrdən pivə töküb, bir-birinin sağlığına və bu pivəni bazardan alıb gətirənin sağlığına içmişdilər. Sonra yük yerindən yorğanlardan soyduqları ipəyi, çarpayı xalçasını, sandıq şeylərindən dəyərlisini ortaya töküb sövdələşmişdilər. Pullu müştərilərlə yollaşandan, çervonları alıb yerbəyer edəndən sonra Sarıköynək qadın Qulamın məscidə dönmüş evinə baxıb, ürəyində demişdi: “Yox, balam, daha mən bir də bura nə üzlə gələ bilərəm!.. Həmişəlik xudahafiz!” 3 – De görüm, bir korrektor kimi səhifəni oxuyub, qol çəkmisən, ya yox? – Bu nə sözdü, yoldaş redaktor? Siz məni o qədər məsuliyyətsiz sayırsınız ki, guya oxumamış da qol çəkərəm? – Demək, oxumusunuz? – Əlbəttə, özü də kəlmə-kəlmə! – Bəs bu nədir: “işləyirlər” əvəzinə “dişləyirlər” gedib? Qulam qəzetin o yerinə diqqətlə baxdı. Ciddi vəziyyətini pozub dedi: – Bu heç, buna səhv deməzlər! Gözdən qaçıb, yoldaş redaktor. Bir də, işləyib, dişləyib, ikisi də bir sözdür. Yəni düz gəlir. Bizim qaydamıza lap tuş gəlir ki, işləyən dişləyər, işləməyən dişləməz! Redaktor qəzeti çəkib, Qulamın əlindən aldı: – Neçə yerdə işləyirsən? – Qulam dik-dik baxdı: – Bunun məsələyə nə dəxli var? – Soruşuram, neçə yerdə işləyirsən? – Cəmisi bir-iki… – Nəşriyyatda çalışırsan? – O heç… səhərdi o. 66 – Layihə idarəsi necə? – Cəmisi bir altı saat. – Zaqotzernoda necə? – Yoldaş redaktor, o zdelnidir! Redaktor hirsləndi: – Yaraşarmı sizə, yaraşarmı bu qədər yerdə… – Yaraşımasın o adamlara ki, işləmirlər. Biz ki gecə-gündüz çalışırıq, tər tökürük, bu da mükafatımızdırmı? Redaktor ayağa qalxdı: – Sizin bugünkü səhvinizin üstündən keçmək olar. Saydığım yerlərdən azad olunmasanız, sabah işə buraxılmayacaqsınız. Yorğun başla, üzgün zehinlə mətbuat işinə xeyir vermək olmaz!

Qulam qalxıb ətəklərini tovlaya-tovlaya, fıkir içində yeni və pullu qulluq xəyalı ilə evə gəldi. O axşam Leylanın da gözünə yuxu getmədi. Pambıq kimi atım-atım edilmiş evdə, əli qoynunda oturub Qulamı gözlədi. Ürəyinə min cür fikir gəlirdi: “Bu nə işdir! Yoxsa Qulam özgə bir arvad alıb, mənə kələk gəlmək istəyir? Yoxsa şeyləri yan bölüb, öz payını aparmaq istəyir? Bəlkə də heç bu zalım oğlu işləmir, bəlkə də vaxtını restoranlarda keçirir? Var-yoxunu şəraba, qumara qoyur?.. İnsanı nə tanımaq olar!” Gecə də orucluq ayı kimi uzanırdı. Leyla gah durub yük yerini töküşdürür, anasının cehiz verdiyi ipək yorğanı, xalçanı axtarır, şaraqqıltı ilə bufetin gözlərini açıb, örtür, işıldayan hər şeyi götürüb diqqətlə baxır, gümüş qaşıqların itdiyinə inana bilmirdi. Aləm yıxılıb yatdı. Radio susdu. Tramvaylar dayandı. Xoruzlar bir ağız səsləndi. Haçandan-haçana birdən həyətdə ayaq səsi eşidildi. Qulam içəri girib, Leylanı əli qoynunda, məyus oturmuş görəndə, əvvəl bir duruxdu, soruşmaq istədi ki: “Əzizim, niyə bu zamanacan yatmamısan?” Gözü evin ortasına tökülmüş şeylərə sataşdı. Leyla macal vermədən. Sökülmüş pərdələri, tökülmüş yükü iki əli ilə göstərib dedi:

-Bu nədir? Bu nə hərrac bazarıdır? Qulamın dili dolaşdı: – Necə bəyəm, nə gedib? – Mənim cer-cehizim hanı? Hanı mənim ev-eşiyim, paltarlarım, ata-ana yadigarlarım?.. Bunu deyib Leyla hönkür-hönkür ağladı. Qulamın rəngi saraldı. – Bəs kim açıb bu qapını? – deyə təəccüblə soruşdu. Onların səsinə qonşular çıxdılar. Sarıköynək qadından kim nə bilirdisə dedi. Leyla bir tərəfdə yıxılıb, hissiz qaldı. Qulam qonşulardan iki nəfər şahid götürüb, milis idarəsinə yollandı. O, sinəsindən ah qopa-qopa, ürəyində peşmançılıq qaynaya-qaynaya gedirdi. Ancaq bilmirdi kimdən şikayət etsin. Sarıköynək qadındanmı, qonşularındanmı, yoxsa özünün dəm-dəsgah hərisliyindənmi?!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10