Göylərə ayaq basanlar – Murad Adcı

8 Baxış

14804983094791223978_1000x669

əvvəli 13-cü sayımızda

Səma altındakı gəminin göyərtəsində

Bizim ekspedisiyanın marşrutu ox kimi Gəmiqayaya – Kiçik Qafqazın ən yüksək dağına tuşlanmışdı. Onun hündürlüyü dörd yüz metrə yaxındır və mən güman edirdim ki, burada qədim türklərin Zaqafqaziyadakı izləri olmalıdır. Onların burada olduqlarını sübut edən nişanələri elə burada axtarmaq lazımdır.

Doğrudur, həmin dağ Azərbaycanın Ermənistanla sərhəddində yerləşdiyi üçün ehtiyat tələb olunurdu, hazırkı hərbi şəraitdə orada ayıq-sayıq olmaq lazım idi. Ekspedisiyamız göründüyü qədər də sadə deyildi. Məskunlaşmamış dağa qalxmaq, relikviyalar tapmaqdan da daha mühümü o idi ki, qarşı yamacda gizlənmiş erməni snayperinin hədəfi olmayasan.  Hər halda cəbhəyanı zonada idik.

Yerlilərin Nuhun gəmisinin Gəmiqayaya “yan aldığına” dair inamı sağlam düşüncəyə zidd deyil, əksinə, ona uyğundur. Dağ üzərində o uzaq dövrlərdə qazılmış şəkillər olan daşlar hələ qalır. Onları alimlər çox yaxınlarda tədqiq etməyə başlayıblar, sovet dövründə isə onları sadəcə “görməyiblər”, ancaq süjetlər damğa kimi öz-özünə danışır.

Doğrudur, o “damğa”nın şifrəli mənasını anlamaqdan ötrü mən əvvəlcə eyni insanlar tərəfindən eyni üsulla icra olunmuş, eynilə buradakılara oxşar petroqliflərin olduğu Altayda, Xakasiyada, Yakutiyada, Qazaxıstanda olmalı idim. Bax, elə bu türk mədəniyyətinin vahidliyinin bir sübutudur. Amma mən o birlikdən danışarkən şəkilləri deyil, vişapları – daşdan yonulmuş balıq, ilan və əjdaha heykəllərini  nəzərdə tuturam. Bunlara mən dağda yox, elə Naxçıvanın özündə – muzey yaxınlığındakı meydançada rast gəldim.

Arxeoloqlar belə heykəlləri yalnız qədim türklərin yaşadığı yerlərdə – Altayda, Xakasiyada, müasir Monqolustanın və Şimali Çinin ərazisində tapıblar. Bu heykəllər barmaq izi kimi, gözün buynuz qişasındakı naxış kimi təkrarolunmazdırlar. Yanız bircə dəfə görmək bəs edir ki, digəri ilə dəyişik salmayasan. Əcdadlarımız kobud görkəmli bu simvolik işarələri “başapa” adlandırırdılar ki, bu da müasir dilə çevirdikdə “başlanğıc” deməkdir. Daha dəqiq desək, “başlanğıcın atası”, “mənbənin atası” və ya “hər şeyin atası”(“vişap” da buradandır). Bu, torpaqları ayıran işarədir, daş payadır.

Qədim türklərin yaşadığı yerlərdə vişaplardan başqa orijinal qoyun heykəllərinə də rast gəlinir. Türklərdə qoyun firavanlıq və rifah rəmzidir. Əcdadımız bu heyvanı əhliləşdirmiş və özünə xidmət etməyə vadar etmişdir. Bunu əminliklə deyirəm, ona görə ki, heyvanı vəhşi halda (Asiya muflonu) yalnız Mərkəzi Asiyada – türklərin yurdunda saxlayırdılar. Atlar kimi qoyunlar da türklərin ilk ev heyvanları idi. Bu səbəbdən də daş qoyun heykəllərinin yan üzlərində nəsil damğası olan totem işarələri asanlıla seçilir. Cürbəcür və eyni zamanda, oxşardırlar, çünki oxşar qayda ilə hazırlanıblar. Petroqliflər kimi. Görünür, onlar otlaqları ayıran işarələr olub.

Digər xalqlar torpağı belə heykəllərlə bəzəmirdilər, onlarda nə qoyun, nə də qranitdən belə bir möcüzə yaratmaq üçün alət yox idi. Ancaq Qafqaz vişapları Altay vişaplarından hər halda fərqlənir: forması ilə deyil, tarixçəsi ilə. Orta Şərqdə (Qafqaz da bura aiddir) onların ortaya çıxması çar Acı-Dahakanın adı ilə bağlıdır, Nuhun kəşf etdiyi torpağı bölərkən belə heykəllər düzəltməyi o, əmr etmişdi!

Gəmiqaya təsvirlərindəki daha bir əfsanə obraz – Əjdaha, İlan da burdan gəlir. Vişaplarda da, qayalarda da ondan var. Az qala, hər beşinci təsvir ona həsr olunub.

Yeddi ildən bir burada – zirvədə sabantuy keçirilirdi. Əfsanəyə görə, Əjdaha obrazlı ekzotik çarın himayə etdiyi insanlar bura cəm olurdular. Məlumdur ki, Altayda İlanı insanların ulu əcdadı hesab edirdilər, o, Vətənin, doğma ocağın nişanəsidir. Naxçıvanın hakimləri nə zamansa özlərini Acı-Dahakanın nəslindən sayır, nəsil şəcərələrini ona yüksəldir və sonra əcdadlarının bu ilan-çarın sarayında xidmət etməsi ilə bağlı əhvalatları nəsildən-nəslə ötürürdülər.

İstisna deyil ki, əfsanə obrazın tamamilə yer prototipi də mövcud idi: Persiyanın banisi çar Böyük Kir və ya daha erkən Peşdadilər sülüləsindən olan kimsə. Hökmdar əsasını iki ilanla bəzəmək ənənəsi o çağlardan qalma deyilmi? Lakin söyləməyə qadir deyiləm, bilmirəm, heç kəsdən də öyrənə bilmərəm.

Əfsus ki, Azərbaycan öz keçmişini alçaldıb. Əsrlərin müstəmləkəçiliyi yaddaşsızlıq doğurub. Hansısa üzdəniraq ağıllıların vişapın içərisində guya qızıl olduğuna dair şayiə yaymaları barədə danışılanları dəhşətlə dinlədim. Asan qazanc axtaran yerli ağıllılar da tapılmışdı ki, ən nadir abidələri axtarıb-tapmağa və dağıtmağa başlamışdılar. Bu yalan kimə sərf edirdi? Mən deyə bilmərəm, ancaq belə hərəkət etməklə biz keçmişi öz nadanlıq və cahilliyimizin bataqlığında itirmişik. Özünü tanımayan insanı isə istənilən alçaqlığa çəkmək mümkündür. Bakıdan olan bəzi alimlərin razılıq əlaməti olan susqunluğunu görən türk dünyası düşmənləri bundan istifadə ediblər. Elə bu səbəbdəndir ki, Azərbaycanın dağlarında vişapa rast gəlinmir. O, nadir şeydir.

Bu dəyərli relikviyaları müasir barbarlardan qorumaqdan ötrü Naxçıvan hakimiyyəti şəhərin mərkəzində açıq səma altında muzey yaradıb. Başqa yol yoxdur. Salamat qalmış heykəllər diyarın uzaq guşələrindən bura gətirilib. Allaha şükür ki, heç olmasa, bir qədəri salamat qalıb.

…Gəmiqayaya biz vezdexodnan qalxdıq, yol imkan verdiyi qədər qalxdıq, Alp çəmənliklərində o qırıldı… Biz düşərgə saldıq və sonra piyada getdik, yaylaq havasının ətrini içimizə çəkə-çəkə irəlilədik. Buranın təbiəti sərtdir, yay çəmi üç-dörd həftə davam edir, hətta iyulda da güclü qar yağması mümkündür. Düzü, burada həmişə qar var, ən qızmar gündə belə yamacların qarı ərimir.

Bir də çiçək dənizi, insanı oyadan qoxuların və təsvirəgəlməz çalarların təlatümü var. Əsrarəngiz yaylanı, füsunkar gözəlliyi unutmaq qeyri-mümkündür. Əcdadlar gözəlliyi və genişliyi bütün cəhətləri ilə qiymətləndirirdilər.

Mən bazalt daşları görəndə bunu anladım. Onların işarə (mesajları) qayaüstü rəsmlər, sirli petroqliflər bu daşlarda mühafizə olunmuşdu. Etiraf edirəm ki, mənə qəfil üz vermiş xoşbəxtlikdən diksindim. Daşa qazılmış Vaxtla üz-üzə idik, onun üstündən adlamaq olardı, amma onu görməmək qeyri-mümkündü. Əlbəttə, belə bir şeyi ilk dəfə görmürdüm və hər dəfə hər rəsmin önündə aldığı oyuncağa sevinən uşaq kimi donub qalırdım. Qədim incəsənət qalereyalarında səssiz qalmaq çətindir… Ürəyi ələ ala bilmirəm.

Bizdən iki min beş yüz il qabaq Gəmiqayaya qalxmış rəssamlar maralları, dağ keçilərini, ilanları, ov səhnələrini təsvir etmiş, hələ tamamilə anlaşılmamış mərasim  simvolları qoyub getmişlər. Min beş yüzə yaxın rəsm tədqiq olunmuş, onlar barədə məqalə və monoqrafiyalar buraxılmışdır. Doğrudur, mən onlarla tanış olarkən Gəmiqayada olan şəxsdə yaranması qeyri-mümkün iki sadə sualla bağlı eyhama belə rast gəlmədim. Birincisi, nə üçün rəssamlar başqa yerə deyil, məhz bura qalxıblar? Bu soyuq, əlçatmaz daşlar onları nə ilə cəlb etmişdi? İkincisi də budur ki, onlar öz qədim sənətlərini necə, hansı alətlə yaradıblar?

Suallar sadə səslənir, amma o qədər də sadə deyil.

Məncə, Gəmiqayada şəhər və ya qala olması ilə bağlı Azərbaycanda dolaşan fikrin heç bir anlamı yoxdur. Əgər bura yol yoxdursa, əgər burda ilin on ayı qış olursa, əgər aşağıda yaşayış üçün zəngin, məhsuldar vadi vardırsa, axı hansı şəhərdən söhbət gedə bilər? Şəhər barədə fikri real həyatdan az xəbərdar, dağlarda olmamış birisi söyləyib.

Gəmiqaya-sərt incəsənət nümunəsidir. Sözlə ifadə etmək çətin olanda ona erhtiyac duyulur, qədim rəsmləri görmək, hiss etmək və anlamaq lazımdır. Türklər “qalereya” olaraq insanın Səmaya, Tenqriyə daha yaxın olduğu uca dağları seçirdilər. Bura özəl zamanlarda, ağ geyimdə gəlirdilər. Nuhun vəsiyyətinə əməl edərək qurban kəsir, dünyasını dəyişmiş yaxınlarını yad edir, onlara yardım göstərir və ya əksinə, onlardan yardım istəyirdilər. O, iki dünyanın – keçmişin və indinin ünsiyyət etdiyi məkan idi.

Rəvayətə görə, türkün ruhu ölümdən sonra ölmür, qar dənəsinə çevrilir, uca dağın zirvəsinə enərək Uca Məhkəməni gözləyir. Əcdadlarımızdakı ağ dəfn rəngi buradandır. O, paklığın və xatirənin rəngidir.

Dağın zirvəsində insanlar Uca Tanrıdan vəfat edənin günahlarını bağışlanmağı və ona qarşı çox sərt davranmamağı istəyirdilər. Sonra daşlardan obo və ya quri düzəldirdilər, yəni, iki-üç daşı bir-birinin üzərinə qoyurdular. Hər ehtimala qarşı, xahişləri və özləri yaddan çıxmasın deyə, onlar belə deyirdilər: “Torpağa tapşırılana qədər heç kəsi xoşbəxt hesab etmək olmaz”. Zirvədə Tenqri adına hünər göstərmiş salehləri dəfn edirdilər. Ekspedisiya məni əmin etdi ki, Gəmiqaya ziyarətgahdır. Müqəddəs məkandır. Bəli, dağ gəmini xatırladır, ancaq o xatirə-gəmidir. Onu görə bilmək üçün təmiz qəlb tələb olunur. Və bir az da təxəyyülə ehtiyac var…

Gecə ay bədrlənəndə dağın zirvəsində qurulmuş çadırdan baxaraq gümüşü işıqda birdən-birə üzə çıxan mənzərənin zabitəsinə ram oldum. Aşağıda sıx buludlar, burulan dumanlar gözə dəyirdi, onlar okeandakı dalğalar kimi ətrafdakı hər şeyi öz ağuşuna almışdı, onlardan yuxarıda isə qara kabus gəmiyə bənzəyən dağ və ətrafda hüdudsuz ulduzlu səma. Başqa heç nə yoxdu. Fantastik bir mənzərə, onun mərkəzində isə əbədiyyət və ilahi gəminin göyərtəsində də sən. Mən özümü göylərə qədəm basmış biri kimi hiss edirdim. Yəqin ki, əcdadlarımız da bunu hiss edirdilər, burada başqa cür hiss etmək sadəcə mümkün deyil.

Əlbəttə, dağ ziyarətə gələnlərə sahilə yan almış bir gəmi kimi görünür, ona görə ki, dağdan üç qaya – elə Obda (Oba), Yeniseydə (Anasu), Lenada (İlin) və Qədim Altayın digər yerlərində olduğu kimi bazalt sütunlar irəli uzanır.

Nuh da gəmisini ona Vətəni xatırladan qayalara doğru “sürüb”. Sonra zəlzələ gəminin yan aldığı yeri dağıdıb, yerində düz silsilə ilə aşağı sürüşən qaya parçaları yığını qalıb. Bu daşlar da yenə də xatirə əlaməti olaraq qədim rəssamların diqqətini özünə cəlb edib! Yalnız qara bazaltların üzərində rəsmlər var. Bu daşlara sanki yağ ya da lak sürtülüb, onlar daha ağırdır və yamacdakı qalan şeylərdən seçilir. Geoloqların qiymətləndirməsinə görə, onlarda çoxlu dəmir və əlvan metallar var…

Mənim ikinci “sadə” sualımın cavabında da zamanın oxunduğu tarixi nüanslar gizlidir. O da Qafqaza türk mədəniyyətinin gəlişi ilə bağlıdır. Bu mədəniyyəti fərqləndirən Tək Allaha inamdan başqa bir  şey də dəmir idi, çünki Nuh özü dəmirçilər nəslindəndi. Kotanı və dəmir orağı ilk dəfə o düzəltmişdi. Bunu da əfsanə bizə xəbər verir. Bunlarsa elə-belə təsadüfi məlumatlar deyil. O dövrdə ”digər dünyanın” əmək alətləri mis və tuncdan düzəldilirdi. Dəmir hər yerdə nadir metal sayılır və qızıldan da yüksək qiymətə malik idi. Təkcə türklər onu adi işçi metal hesab edirdilər. Şübhənizmi var? Onda mis mismarı götürüb onunla bazalt qayanın üzərində bir işarə qazmağa çalışın. İstənilən bir işarə. İz belə aça bilməyəcəksiniz, çünki mis bazaltdan yumşaqdır. Deməli, qədim rəssamları fərqləndirən təkcə zövq deyil, həm də polad alətlərdi. Əks halda, qayaüstü incəsənət qeyri-mümkünə çevrilərdi.

Nuhun əli düşərli oldu, Zaqafqaziya vişaplar “yurdu” və dəmir ölkəsinə çevrildi: arxeoloqlar I minilliyin sonuna doğru yeni erayadəк Parfiya dövlətinin yaranmasını və Altay texnologiyası ilə alınmış dəmir məmulatlardan kütləvi istifadəni müşahidə edirlər… Nə üçün? Bunun cavabı yoxdur və ola da bilməz. Sovet dövründə türklərin tarixi ilə bağlı suallar verilmirdi! İndi başqa zamandır, ancaq Azərbaycanda heç nə dəyişməyib, buradakı elm köhnə vaxtla yaşayır. Heyif…

Bir neçə sual da vermək istərdim. Məsələn, Bibliyadakı Adəm və Həvva adlarının mənası nədir? Və ya nə üçün Adəmin oğulları Habil və Qabil özlərinə peşə olaraq əkinçilik və çobanlığı seçmişdilər? Qeyd edim ki, türklər qədimdə “qoyun otaran” idilər, yalnız onlar torpağı Nuhun ixtira etdiyi dəmir kotanla sürürdülər. Arxeoloqlar bunu təsdiq edir. Onlar Altayda kotanlar, gavahınlar, oraqlar tapmışlar ki, bu da artıq təsadüfi uyğunluq olmayıb, Altay cəmiyyətindəki sosial kateqoriyalar haqda informasiyadır. Burada üzərində baş sındırmalı şey çoxdur. Bu, Əhdi-Ətiqin digər kitabları barədə düşünmək üçün səbəb deyilmi, yəni, əgər onun personajları türklərdən başqa heç kəsin etmədiyini edirlərsə, onda o kitablar hansı sosial mühitdə meydana gəlib?

Eyni şeyi Əhdi-Cədid barədə söyləməyəcəyəm. Onun müəllifləri vergiyığan Matfey, tərcüməçi Mark, həkim Luka, balıqçı İohan olub. Həvarilərdən heç biri “türk peşələri”ni bilmirdi, çünki fərqli sosial mühitdə – qoyun saxlanmayan və kotanla torpaq sürülməyən mühitdə yaşayırdı.

Qabilin nəslindən olanlar “dəmirçi”, yəni, metallurq oldular. Nə oldu, yenə türklər?

Amma yalnız məni və bir də oxucuları maraqlandıran suallar verməyəcəyəm. Anlayıram ki, bunlar postsovet ölkələrinin “müstəqil” elmi üçün maraqlı deyil. SSRİ dağılandan sonra nə yeni ideyalar çoxaldı, nə də təzə baxışlar. Bizim əsla böyük olmayan alimlərimiz yerlərində sayırlar, gələcək barədə düşünməyərək keçmişlə bu gün arasında qalıblar.

Bilirəm ki, qənaətlərim növbəti dəfə əleyhdarların etirazlarına,  yeni xəbərçilik dalğasına səbəb olacaq. Artıq onların narazılığını eşidirəm. Nə olar? Mühasibə edəcəyik ki, birlikdə Həqiqətə doğru gedək.

Həyatımızdakı dəyişiklərin daha bir əlaməti Naxçıvanda gördüyüm məbədlərdir. Onlar xalqların böyük köçünün, Qədim Altayın çizgiləridir. Türklər dinlərinin onları yüksəltdiyi göylərdən hələ enmədiyi o epoxanın gözlə görünən nişanəsidir. Səkkizüzlü divarlar, çadır günbəzlər artıq şəhərin mədəni mənzərəsinin bir hissəsi olub, onlar restavrasiya olunur. Qabaqlar məbəddə tenqri mərasimi icra olunurdu, amma islamın qəbulundan sonra məcsidləri onlara bitişik tikməyə başladılar. Köhnə ilə yeninin qonşuluğu bir-birinə zidd deyildi, islam da Tək Allah ideyasını daşıyırdı. Türklər bu mürəkkəb arxitekturalı tikililəri koşen (qoş-birləşdir sözündən) adlandırır və beləliklə, öz tolerantlıqlarını nəzərə çarpdırırdılar.

Mən Əlincə qalası yaxınlığındakı restavrasiya olunan mənəvi kompleksdə ata və oğulun məhz belə “qonşuluğu” ilə qarşılaşdım. Elə Naxçıvanın özündə də. Artıq ondan söz açan heç nə olmasa da əcdadların qədim dini unudulmayıb… Burada ilk məbədi Allah özü yaradıb. Quranın 18-ci surəsinin ayələri, görünür ki, ona – Əshabi-kəhfə həsr olunub. Simvolikdir ki, surədə dünyəvi bilik əlaməti kimi vişap-balıq (60-61-ci ayələr) çıxış edir, doğrudur, hələ daş olmasa da. Xatırladıram ki, türkcə vişap (başapa) “mənbə atası” deməkdir. Surədə də söhbət elə mənbənin axtarılmasından gedir.

Əshabi-kəhf mağarasının girişini göydən düşən dəmir meteorit göstərmişdi. İndi o, burada girişin önündə, postamentin üzərindədir… Mən ehmalca meteoritə toxundum, ancaq metal soyuqluğu deyil, biz türkləri Göy Tanrının döyüşçüləri edən Tenqriyə, Əbədi Mavi Səmaya tükənməz inamın gücünü hiss etdim.

Mağara dağın arasında gizlənib, onun girişi cənuba tərəfdir. Bəlkə də, elə bununla əcdadların diqqətini çəkib. Aydındır ki, istiqamətilə deyil, zühur günü baş verən möcüzə ilə nəzərləri üzərinə toplaya bilib. Dekabrın 20-dən, Tenqrinin doğum bayramında günorta vaxtı günəş mağaranın ən uzaq zalını işıqlandırır, halbuki, ilin qalan vaxtlarında burada alatoranlıq və sərinlik hökm sürür. Zal səsi gücləndirən günbəzli tavan ilə seçilir. Burada dualar oxunur, moizələr söylənirdi. Məkan bir də onunla maraq doğurur ki, tavandan zaman-zaman bura toplaşanların başlarına kiçik damcılar – mərhəmətli Humayın gözyaşları düşür. İnama görə, başına damcı düşənin qisməti açılır və o, Humayın himayəsində olur.

Mağara Tenqri dini ənənələrinə riayət edən rahiblərin sığınacağı olub. Burada vaxtın necə ötdüyünü hiss etmədən üç yüz ildən artıq yatmış gənclər barədə əfsanə də buna işarədir. Bu əfsanə yəhudilikdə də, xristianlıqda da, islamda da var, təbii ki, heç birində Naxçıvan adı çəkilmir… Lakin xalq eposu elə qurulub ki, açılışa ehtiyacı var.

Bu əfsanənin süjeti dinin Orta və Yaxın Şərqdə yayılma mərhələlərini əks etdirir, bu da araşdırma həvəsi olanlar üçün maraqlı ola bilər. Mən digər maraqlı bir şeyi də E. Gibbonda tapdım. O yazır ki, orta əsrlərin əvvəllərində Qafqazı Altayın bir hissəsi sayırdılar (vahid mənəvi mədəniyyət). Onları hətta bir ümumi ad – Qaf adı birləşdirirdi… Həm orda, həm də burada. Qafqaz toponimi buradan yarana bilməzdimi? Çox həqiqətəuyğundur. Axı həqiqəti yalnız gizlətmək olar, söndürməksə heç zaman mümkün deyil.

Biz eposdan bilirik ki, Altaydan gələn və başında “Şahnamə”də (Şahların kitabı) dolayı xatırlanan çarın dayandığı ordular tək Allah haqqında xəbəri necə yayırdılar… Hadisələr ciddi məntiqəuyğunluqla inkişaf edirdi: hakimlərin biri gedir, onun yerinə digərləri gəlirdi. Mənzərə bütövlükdə belə görünürdü. Persiyanın (Parslar) süqutundan sonra Kuşan və Parfiya çarlıqları Orta Şərqdə türk dininin mərkəzləri oldular. Onları zərdüştiliyin dövlət dini olduğu İran sıxışdırıb aradan çıxardı. Amansız dini müharibələr başlandı. Sonra islam zərdüştiliyə qalib gəldi, təkallahlıq Orta Şərqə geri qayıtdı. Və möcüzə baş verdi! Tenqri ənənələrinə sadiq qalaraq əsrlərlə mağarada yaşayan rahiblər icması aşkar oldu. Əshabi-kəhf mağarasında üç əsrdən çox yatmış gənclər haqda əfsanə yarandı.

Əshabi-kəhf müqəddəs məkandır. O, həmişə zəvvarları özünə cəlb edib. Bura hər gün Türkiyədən, İrandan, Azərbaycanın özündən gələnlər olur. Ata və babaları kimi ailələrlə gəlirlər. Ənənədir! Qonaqlardan qoyun kəsən də, kəsməyən də olur. Amma hamı mağara divarının oyuqlarına obo qoyur. Mənasını bilmədən qədimdən gələn adətə uyaraq belə edirlər. Orada hər yerdə bir-birinin üzərinə qoyulmuş xırda daşlar var… Xalq yaddaşının gücü bundadır. O yalnız unudulur, heç vaxt yox olmur.

Həmişəlik deyil, müvəqqəti olaraq.

Mənbə: “Ustad” jurnalının 14-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10