Gözə görünməyən adamlar

120 Baxış

Vusal-HaciVüsal Hacı

Bütün reklamlarda təbliğ olunan  xoşbəxt həyat səhnələri sizin də televizorda göstərirsə və hələ də təbəssümün  diş məcunundan asılı olduğunu düşünürsünüzsə, sevgiliniz olmadığına görə hamamdakı adı güclə oxunan şampunu günahlandırırsınızsa, üzünüz qaş-qabaqlı ola-ola whatsappda “gülər üzlər” göndərirsinizsə “İndi həmin adamın üzünü gözünüzün qabağına gətirin”.

Fikir kimi qırılan yolların ağ xəttlərinin kənarı ilə gedəndə özünüzü başlı başına buraxılan səki kimi hesab edirsinizsə, avtobusda camaatla birgə yırğalananda, tutacaqdan sallanan yaşlı xanıma gec yer verdiyinizə görə oturmaqdan imtina edirsə  və oturacağın boş olduğu halda heç bir sərnişin oturmağa cəsarət etmirsə, elə bu vaxta nagahan qəzada öldüyü ehtimal olunan adamlar görürsünüzsə indi avtobusun pəncərəsindən  çölə baxan həmin adamların üzünügözünüzün qabağına gətirin.

Ziyafətə gedəsən, orda bir qız bəyənəsən, yaxınlaşmaq barədə  planlar qurasan  üç-dörd cürə beynində romantik salamlaşma variantları uydurasan, tam cəsarətini toplayıb yaxınlaşmaq istəyəndə səndən əvvəl  yaşlı bir kişinin artıq ünsiyyətə keçdiyini görəsən, elə bil aparıcı reklam fasiləsinə görə danışmağa  başlayan kimi sənin sözünü  kəsir. İndi həmin  adamın üzünü gözünüzün qabağına gətirin.

TV-lərimizdə müğənnilərin bağ evlərindən çəkilən verilişlərə, avtobuslarda darıxmamaq üçün təkrar-təkrar  oxuduğumuz  “siqaret çəkmək qadağandır” , “gediş haqqı 20 qepikdi” cümləsi kimi baxırıqsa, aparıcıların, müştərisi çox olan mağazaların vergidən qaçan, yad adam görəndə isə kassanın kalvişini həyacanla takkıldadan satıcıları kimi arabir reytinqli veriliş apardıqlarını qeyd edirsə, elə bil günorta saatlarında öz işlərini bacarıqsız şagirdinə tapşırmış ustanın bərbərxanasına gedirsiniz. İndi zəhmət olmasa həmin  adamın üzünü gözünüzün qabağına gətirin.

Kirayə evdə kitabların arasında tənhalığı eynəyini axtaran adam kimi gəzirsinizsə, havanın dəyişməsi canınızı paltarının bir hissəsi metro qapıları arasında qalan adam kimi sıxırsa, yazdığınız yazını su butulkalarının üstünü oxuyacaq adamlar qədər oxunmasını ehtimal edirsinizsə, külək açıq qoyduğunuz pəncərəni canı ağrıyan adam kimi arabir inildədirsə, indi bu şəraitdə yaşayan adamın üzünü gözünüzün qabağına gətirin.

Bu  sifətlər   könüllülər qədər gözə dəyməsə də  bilin ki, şəhərimizdə gözümüzün qabağına gəlməyən adamlar da yaşayır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10