Gözəl ölüm  

198 Baxış

Belə bir ifadə var: Bir dəfə ölmək üçün hər gün yaşayırıq.

Həyat ardıcıl hadisələrdir. Bu hadisələr istər-istəməz acılı-şirinli xatirələr yaradır. Yaşamaq üçün bütün mübarizələr qısa nəticələrlə bitir. Ən böyük nəticə ölümdür. Hamı yaşayır. Hamı ölür. Hamı eyni cür yaşamır. Hamı eyni cür ölmür. Bəziləri ölür, sonra cismani yaşadığı ömürdən daha çox yaşayır. Elə insanlar var ki, ölümləri ilə ölümü cəlbedici edirlər.

İlk dəfə ölümün cəlb ediciliyini İsa Muğannanın vəfatında hiss etdim. Muğanna haqqında onu tanıyanların xatirəsi məni aldı apardı. Təsəvvür edin, göz yaşları var, həyəcan var, ölüm var. Bununla bərabər fəxarət var, qürur var. Keçmişlə üzləşmək var burda.  Məni alıb aparan xəyallar İsa Muğannanın dəfnində sazın sədaları altında geri qayıtdı. İsa Muğanna sazın səsi ilə bu dünyadan getdi. Mən o səslərdən bir cümlə eşitdim. Ölmək də gözəl imiş.

Üstündən günlər keçdi. Sonra günlər ilə döndü. Ədəbiyyatımız İsa Muğannadan sonra fəxri vida mərasimi keçirilən ikinci qayasını itirdi. Beləliklə,  İsa Muğannadan sonra ilk vida mərasimi keçirildi. Vida mərasimin səbəbkarı bir zamanlar belə demişdi:

Doğuldum 1939-da, 
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm

bir qış gecəsi.
Dondu balıqlar…
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm.

Bu misraları Vaqif Səmədoğlu yazmışdı. Budur, Vaqif Səmədoğlu əlvida deyir. Televiziyalar, qəzetlər, saytlar Vaqif Səmədoğludan yazmağa başladı. Vaqif Səmədoğlu şeirləri yenidən axtarıldı. Və yenidən Vaqif Səmədoğlu sevildi. Həmin gün Vaqif Səmədoğlu bütün bunlardan xəbərsiz idi.

Və mən həmin gün ölkəmizdəki son vida mərasimində iştirak edirəm. Akademik Dram Teatrının içi və çölü insanla doludur. Mən bir anlıq yenə əvvəlki düşüncəyə qapıldım. Ölümün ətrafında insanlar yığılmışdı. Ədəbiyyatımız orada idi. Yenə göz yaşı var, yenə həyəcan var, yenə ölüm var.  Amma yenə də fəxarət var, qürur var. Ədəbiyyatdan bir qaya da qopdu. Vaqif Səmədoğlu getdi. Bu dəfə mən içimdəki səsi dostuma dedim. Burada ölüm də cəlbedici görünür.

Son gecədir bu gün yenə, 
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər…

Bölmə : Elxan Nəcəfov
KÖŞƏ YAZARLARI
TOP 10