Senet.az Təranə Muradovanın şeirlərini təqdim edir.
Mən səni gözlədim göy qaranlıqkən.
Gecikən səhəri səsləmək üçün
Dünənli, bugünlü ömür yolunda
Sabaha arzular bəsləmək üçün
* * *
Mən səni gözlədim şaxtalı gündə,
Soyuqdan borandan qızınmaq üçün
Şıltaq ürəyimin əyləncəsiylə
Yalnız, yalnız sənə nazlanmaq üçün
* * *
Mən səni gözlədim….ən şad günündə
Sevinclə ömrünü bəzəmək üçün
Gecənin tünd-qara örpəyi altda
Qoşa ulduzlar tək közərmək üçün
* * *
Mən səni gözlədim….ən şətin anda,
Ruhuma güc verib oyatmaq üçün
Ağırlı günümdə, dərdli günümdə
Kədəri qəlbimdən qopartmaq üçün
* * *
Mən səni gözlədim…..qarlı, yağışlı,
Günəşli günümdə nəğmə deməkçün
Bütün ömrüm boyu qoşa yeriyib,
Qoşa sevinməkçün, qəm yeməkçün.
16.2.2002.
Darıxıram…
Ürəyimin hər telində bir əfsun var.
Hər kövrək söz məni duyar, ovsunlar.
Haray kəçib ağlayıram, qovsunlar
Kədərimi ürəyimdən…..Darıxıram.
* * *
Öz baxışım öz qəlbimin yüküdür,
Öz sözlərim öz könlümü hürküdür.
Gah soyuqdur, gah istidir, bürküdür,
Havam çatmır, deyinirəm, darıxıram
* * *
Nə biləydim, könlüm belə boş olarmış
Hərdən dolub, hərdən ki, boşalarmış
Öz xəyalım öz dünyama suç olarmış
Uranıram öz-özümdən, darıxıram….
* * *
Dəniz olmaq istəyirəm, Coşqun dəniz
Aşıb-daşım ömrü boyu sənli-sənsiz
Məni sevən, məni duyan o gözlərsiz
Darıxıram, Darıxıram. Darıxıram!
7.3.2002
O gözlərdə
Bu gün yenə gəldin, gülüm.
Gözlərini mənə dikib, gözlərinlə danışırdın,
Elə bil ki, dilin yoxmuş,
Ürəyində donub qalan sözlərində danışırdın.
* * *
O gözlərdə nələr yoxdu……?
Vardı, gülüm, min bir sual,
Vardı, gülüm, min bir sorğu….
O gözlərdə qəzəb yoxdu,
O gözlərdə bir azacıq kədər vardı, bir də qorxu
* * *
Elə bil ki, dünya durmuş,
Durmuşuq biz, dayanmışıq bir heykəl tək sən də, mən də
Təkcə qəlblər donmayıbdır, bir də gözlər….
Danışanlar bir xəyal tək səndə, məndə….
6.10.2001