Gülnar Salmanovanın xatirəsinə həsr edilən tamaşa nümayiş olunub

59 Baxış

salmanovaOktyabrın 24-ü dünyasını dəyişən Azərbaycan Resrublikasının Əməkdar artisti, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanovanın xatirəsi Musiqili Teatrda yad edilib. Dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasının budəfəki nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub. Tamaşada rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa ediblər. 
Fatma Mahmudova tamaşa haqqında təəsüratlarını bölüşüb: “Tamaşamızın budəfəki nümayişini sənət dostumuz Gülnar Salmanovanın xatirəsinə həsr etdik. Bu barədə tamaşadan əvvəl elan olundu. Bu bizi daha da yaxşı, daha da ilhamla oynamağa sövq etdi. Tamaşa boyu elə bilirdik ki, uzun illər səhnəni bölüşdüyümüz aktrisamızın ruhu da bizimlə burda – bu səhnədə, bu zaldadır”,
“Ölüm haqdır, hamımız bu dünyadan bir gün köçüb gedəcəyik. Amma gələcək nəsillərə bizdən yadigar yaradıcılığımız qalacaq. Allah dünyasını dəyişmiş bütün sənətkarlarımıza rəhmət eləsin. Gülnar xanımın əziz xatirəsi daima qəlbimizdə yaşayacaq”, – deyə mərhum aktrisanın digər sənət dostu Möylə Mirzəliyev söyləyib.
Qeyd edək ki, Gülnar Salmanova 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun “Musiqili komediya aktyorluğu” fakultəsini bitirib. 1981-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Aparıcı səhnə ustası olub. Güclü və soprano səsə malik idi. Əsasən “Subretka” ampluasında çıxış edirdi. Aktrisanın “50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beş manatlıq gəlin”də Naznaz, “Özümüz bilərik”də Ceyran, “Subaylarınızdan görəsiniz”də Çarliston, “Bankir adaxlı”da Maral, “Məhəbbət oyunu”nda Ceyran, “Aldın payını, çağır dayını” tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib. Gülnar Salmanova 2001-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısı idi.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10