Gülümsəyən qız

54 Baxış

Aslan QuliyevSenet.az “Ustad” jurnalının ilk sayında “Yazıçı sözü” bölməsində dərc olunan hekayəni təqdim edir.

Aslan Quliyev

Gülümsəyən qız

(hekayə)

Başdaşlarının arasına çökən bürkü onu əldən salır, istidən öləzimiş yovşanların tünd, acı  qoxusu başını gicəlləndirirdi, yovşanların belə tünd qoxuyacaqlarını təsəvvür eləməzdi. Balıqqulağı, göbələk bitirmiş, yağışdan, günəşdən bozarmış daş hasar günəşin yandırıcı şüalarından qorumasaydı, ayaq üstə qala bilməz, yıxılardı.

Etinasız baxışlarla ətrafı nəzərdən keçirirdi, bir az aralıdakı qara mərmərdən yonulmuş başdaşının üzərindən cavan qız şəkli boylanırdı. Qız olduqca gözəl idi, baxışlarından  fani dünyanın iztirabları, həsrəti yağırdı.  Belə gözəl qızın dünyasını tez dəyişməsinə heyfsləndi, görəsən nəymiş ölümünün səbəbi. Bir vaxtlar gəzirmiş, gülürmüş, dünyaya gözəllik, fərəh səpirmiş. İndisə bürküdən boğulan qəbiristanlıqda uyuyurdu.

Birdən başında tüklərinin biz-biz durduğunu hiss elədi, qız ona gülümsəyirdi. Gözlərinə inanmadı, başını silkələyir, özünü ələ almağa çalışırdı, yox, səhv görməmişdi, qız gözlərini süzdürərək gülümsəyirdi. Sanki başdaşı üzərindəki şəkil yox, canlı insan idi. Cansız sükutla uyuyan qızın şəkli gülümsəyə bilməzdi, sadəcə onu isti vurmuşdu.

Molla adamları getməyə çağıranda dirçəldi, əməllicə sevindi. Getməmişdən əvvəl bir də dönüb geri baxdı, özüydüki vardı,  qız  gülümsəyirdi. Adamların arasından keçib, günəşin yandırdığı, yerdən-göydən alov ələnən meydançaya çıxdı, istidən az qala huşunu itirəcəkdi. Maşınına keçib matoru işə salan kimi də sərinkeşi qoşdu, günün altında qızmış maşın hələm-hələm soyumurdu. Dostu da gəlib çıxdı, istidən şikayətlənirdi.

Yerini dəyişib dostuna dedi ki, maşını sür, mən özümü yaxşı hiss eləmirəm. Dostu da, – “Hamısı istidəndir, – dedi, – rəng-ruhun ağarıb, istiyə dözümün yoxdusa, gərək çölə çıxmazdın”. “Əlbəttə, çıxmamalıydım, – hirslə cavab verdi, – əl çəkmədin,  qonşuluq borcunu verməsəymişəm, dünya dağılacaqmış, bu qocanı qəbrə qoyub üstünü torpaqlaya bilməyəcəklərmiş”. Dostu  maşını yerindən tərpətdi, şəhərə doğru istiqamət götürdü. Maşın gur axına qarışandan sonra istəməsə də, fikirlərini  bölüşməyə ehtiyac duydu.

– Bilirsən, orda, qəbiristanlıqda…

– Nə olub? – dostu sözünü axıra kimi deməyə imkan vermədi.

– Qız mənə gülümsəyirdi.

– Harda, qəbiristanlıqda?

– Dənizdə! – hirslə qışqırdı.

Dostu bir şey başa düşə bilməyib, başını yırğaladı, o isə qızğınlıqla inandırmağa çalışırdı: “Orda, başdaşının üzərində cavan bir qız şəkli vardı, qız mənə gülümsəyirdi. Əvvəlcə inanmadım, elə bildim məni qara basır, şəkil gülümsəyə bilməzdi. Dəfələrlə baxdım, amma yanılmırdım, qız doğrudan da gülümsəyirdi. Hətta qəbiristanlıqdan çıxanda belə geri boylanıb baxdım, yanılmamışdım”. Dostu inanmırdı, – “Hamısı istidəndir, – deyirdi, – gün vurub səni”.

“Döndər maşını geri, – dedi, – gedib baxaq, görək mən deyəndir, ya yox? Öz gözlərimlə gördüyümü deyirəm, sənsə istidən dəm vurursan!”

Dostu qayıtmaq istəmirdi, məcbur elədi, geri qayıtdılar. Alov püskürən həmən meydanda maşını saxlayıb düşdülər, yerdən-göydən ələnən istidən başı hərləndi, istidə çox qalmamaq üçün iti addımlarla qəbiristanlığa getdilər, hələ uzaqdan yovşan qoxusu vurdu onu. Hər nəydisə bu gün yovşan qoxusuna dözə bilmirdi, həm də dözülməz istidə yovşan  çox tünd qoxuyurdu.

Başdaşlarının arasından keçib onun dediyi qəbirə yaxınlaşdılar. Üzərində gözəl qızın şəkli əks olunmuş başdaşının qarşısında dayanmışdılar, qız gülümsəyib eləmirdi, baxışlarından kədər  yağırdı.

– Gülümsəyir? – dostu istehza ilə soruşdu.

– Yox, – istəməsə də, təsdiq eləməli oldu.

– Mən deyəndi, səni qara basıb.

– İnan, gülümsəyirdi.

– İndiki kimi?

– Yaxşı, gedək, – mübahisə eləmək fikrində deyildi.

Geri qayıtdılar, qəbiristanlıq qapısından çıxanda geri boylandı. Yenə başında tükləri biz-biz durdu, qız bu dəfə də ona gülümsəyirdi, ancaq bu acı gülüş idi, istehza, kinayə var idi bu solğun gülüşdə. Daha dostuna heç nə demədi, qorxdu deyə, – “bax, qız gülümsəyir”, – dostu da baxanda qız gülümsəyib eləməyə.

Evə qayıtdı, fikri-zikri qəbiristanlıqdaydı. Mərmər başdaşının üzərində gülümsəyən qız varlığına hakim kəsilmişdi, ona rahatlıq vermirdi. Özünü tamam unutmuşdu, neylədiyinin fərqində deyildi, bircə anın içindəcə hissiz, duyğusuz, etinasız  adama çevrilmişdi. Yuxulu  aləmdə yaşayırdı, solğun gülüşlə gülümsəyən qız gözləri önündən getmir, qarşısıalınmaz bir maraqla bu sirri açmaq istəyirdi.  Başdaşı üzərindəki şəkil necə gülümsəyə bilərdi, həm də niyə ancaq ona gülümsəyirdi?

Açarı burub motoru söndürdü, başını qaldırıb ətrafa baxanda gözlərinə inanmadı, qəbiristanlıq qapısının qabağındakı günəşin yandırıb qarsadığı balaca meydançada dayanmışdı. Nə vaxt dostu düşmüş, özü sükan arxasına keçib maşını bura sürmüşdü, xəbəri olmamışdı. Maşından düşdü, getmək istəmirdi, ancaq iradəsinin əleyhinə olaraq ayaqları onu irəli aparırdı. Acı yovşan qoxusunu ciyərlərinə çəkib  rütubət, yanıq qoxusu verən başdaşlarının arasından keçib, qızın şəkli olan başdaşına yaxınlaşdı. Qız gülümsəyirdi, ancaq getdikcə bu gülüş daha kinayəli, istehzalı olurdu. Bir az aralıda  qoca kişi cığırlarda bitmiş dəvətikanlarını, qanqalları bellədib dən vurub bir yerə yığırdı. Səslədi, qoca dikəlib başını yuxarı qaldıranda, – “bura gəl”, –deyə əliylə işarə elədi. Qoca bir söz demədən ona yaxınlaşdı, baxışlarında sual, maraq var idi. Başdaşını qocaya göstərib, üzərindəki şəklə baxmağı xahiş elədi.

– Baxdım, nə olub?

– Bir şey hiss eləmirsən?

– Yox, – qoca başını yırğaladı, – şəkildi də.

– Gülümsəyir, görmürsən? – səsini  qaldırdı.

– Neyləyir?

– Gülür!

– Sən dəlixanaya get,  yerin oradı. Burda  ölülər yox,  dirilər də gülmürlər.

– Qoca sarsaq! – nifrətlə dedi.

– Necə dedin?!

Qoca hərləyib beli onun başına vurmaq istədi, vaxtında geri sıçramasaydı, bel başını iki yerə böləcəkdi. Qocanın əl çəkmək fikri yox idi, arxasınca düşmüşdü, hərləyir, fırlayır, bellə tutuzdurmaq istəyirdi. Bel torpağa, daşa dəyir, cingildəyirdi. Birtəhər canını qurtara bildi, qaçıb küçəyə çıxcaq  taksi saxladı, oturan kimi də sürücüyə sürməsini tapşırdı. Yalnız taksi yerindən tərpənib on-on beş addım aralanandan sonra öz maşınının arxada qaldığı yadına düşdü. Taksini saxlatdırıb geri boylandı, güzgüdə əlində bel olan qocanın maşının yanında dayandığını gördü, qayıda bilməzdi, hirsli qoca beli ilə axırına çıxardı. Yalnız o çıxıb gedəndən sonra taksini geri sürdürdü, maşınına minənə kimi qorxu hissi onu tərk eləmədi, qocanın indicə hardansa çıxıb beli başına vuracağını gözləyirdi. Maşını yerindən tərpətdi. Sərinkeş işləyir, soyuq hava axını onu ağuşuna alır, ancaq qəlbini didən fikirlərdən yaxa qurtara bilmirdi. Nə qədər çox düşünürdüsə, bir o qədər labirintə düşür, dalana dirənirdi. Nahaq gəldi. Nəyisə aydınlaşdıra bilmədi, ondan başqa kimsə qızın gülümsədiyini görə bilmirdi.  Ən qəribəsi də getdikcə bu gülüş acı, kinayəli olurdu.

Bu sirrə aydınlıq gətirmək üçün dəfələrlə, həm də günün müxtəlif vaxtlarında qəbiristanlığa gedir, başdaşının üzərindəki şəklə baxır, hər dəfə də yanılmadığını görürdü, qız istehzalı, kinayəli  təbəssümlə gülümsəyirdi. Xoşbəxtlikdən bircə dəfə də olsa hirsli qoca ilə rastlaşmırdı. Qəbiristanlıqda o qədər vaxt keçirirdi ki, yovşanın kəsif qoxusu üst-başına, paltarlarına hopurdu.

Dostu onun qəbiristanlıqdakı şəkillə maraqlanmasından hansı yollasa xəbər tutmuşdu. Bir gün işdən qayıdanda  dedi, – “Gəl gedək qəbiristanlığa, görüm səni ora çəkən nədir”. Dostu psixoloqdu, deyirdi, insanda bu kimi hallar olur, kişinin fotoşəkillərlə, ikonlarla, heykəllərlə cinsi istək arzusunda olması piqmalionizm adlanır. Başdaşının üzərindəki şəklə vurulmaq isə kişilərdəki psixipozğunluğun başqa təzahürüdü, bu daha çox şizofrenik əlamətdir. Hirsləndi, – “Özündən nələr uydurursan, mən  o qıza, ya da onun şəklinə vurulmamışam. Mən adi bir sirri açmaq istəyirəm, niyə   bu qızın şəkli mənə gülümsəyir, ən çox da təklikdə olanda”.

Maşına oturub birlikdə qəbiristanlığa getdilər, dostu yaxınlaşıb qızın şəklinə əlini sürtdü, bilmək olmurdu nəyi aydınlaşdırmaq istəyir, sonra da fotoaparatını çıxarıb daşın şəklini çəkdi. Geri qayıdanda ondan soruşdu: “Sən qızlarla qeyri-adi hadisələr yaşamayıbsan ki?” “Yox, – dedi, – həyatda qeyri-adi hadisələr yaşadığım olub,  qızlara gələndə isə, onlarla bir qayda olaraq adidən adi hadisələr yaşamışam. Üç dost idik,  kafe işlədirdik, içəridə beş-altı yataq otağı var idi. Hər yerdən qızlar gəlir, orda müştərilərlə görüşürdülər. Yazırlar e, guya qızları zorla bu işlərə cəlb eləyirlər, şəxsən mənə təsadüf eləməyib. Kimsəni ora zorla gətirmirdik, əksinə, on dörd, on beş yaşlı qızları ordan qovduğum çox olub. Yalvarır, yaxarır, əl çəkmir, onlara müştəri tapmağı xahiş eləyirdilər. Atasından küsən, ailəsindən inciyən, dolanmaq, yemək üçün pul tapa bilməyənlər, aldananlar, sevgililərindən ayrılanlar, boşanmış ailələrdə yaşayanlar bizə gəlirdilər. Aralarında hər cür qızlar olurdu, hansını istəyirdim, onunla da vaxt keçirirdim. Nəyə görə də qeyri-adi hadisə yaşamalıydım?”

Yalnız həyətdə nəyisə xatırlayıb dostuna, – “Qeyri-adi hadisə olub, – dedi, – amma  qızlarla bağlı deyildi. Təxminən üç ay bundan əvvəl birdən hiss elədim ki, daha o kafeyə getmək istəmirəm. Neylədimsə, özümü orda işləməyə məcbur eləyə bilmədim, öz payımı dostlarıma satıb, ordan getdim və bir daha ora qayıtmadım”.

– Hər şeyi  orda axtarmaq lazımdı! – dostu dedi.

– Yəni harda?

– O qızın nə vaxt öldüyünü bilirsənmi?

– Hə, başdaşının üzərində ölüm tarixi yazılıb. Bu ilin aprel ayında.

– Yəni üç ay bundan əvvəl, – dostu mənalı tərzə dedi.

Lənət şeytana, psixoloq nə demək istəyirdi? Hər halda, qəribə bir uyğunluq var idi, düz üç ay bundan əvvəl kafeni satmış, ordan getmişdi. Qızda üç ay bundan əvvəl ölmüşdü. Bu tarixlər arasında nə əlaqə ola bilərdi?

Dostu, –  “Belə olmayacaq, – deyirdi, – özün heç, məni də işə salıbsan, ancaq bu haqda fikirləşirəm. Ağlı başında olan, sağlam bir adam niyə belə cəfəngiyat danışmalıdı? Gecə gedək qəbiristanlığa, qəbri qazıb, qızı çıxaraq, onda bir çox suallara cavab taparıq”. “Necə? – qışqırırdı. – Yoxsa qızın alnına yazılıb niyə və nədən ölməsi, niyə mənə gülümsəməsi? Ya bəlkə qədimilərdə olduğu kimi qızın həyatını daş, gil lövhələrə yazıb, özüylə birlikdə basdırıblar?” Dostu əl çəkmirdi, – “Nə sirr varsa,o qəbirdədir, – deyirdi, – qazıb meyiti çıxarandan sonra hər şey aydınlaşacaq”.

Məcbur qalıb dostunu qovdu,  yatmamışdan qabaq Allaha dua  elədi: “İlahi,  məni psixoloqlardan qoru!”

Səhər anası onu oyatdı, dostu ölmüşdü, meyitini qəbiristanlığın qapısı ağzında tapmışdılar. Geyinib küçədəki uşaqların yanına getdi, məlum oldu ki, psixoloq nədən ötrüsə ling, bel götürüb gecə qəbiristanlığa gedib, üç ay bundan əvvəl ölmüş bir qızın qəbirini qazmaq istəyib, linglə bir-iki daşı yerindən tərpədib, amma nə baş veribsə lingi, beli orda ataraq geri qaçıb. Necə qorxubsa, özünü ancaq qəbiristanlığın qapısına qədər çatdıra bilib, orda isə bağrı çatlayıb ölüb. Hər şey ona aydın oldu, dostu qəbri qazıb qızın meyitini çıxarmaq istəyirmiş, ancaq birdən necə olubsa, qızın şəklinə baxıb və qız da yəqin ki, ona gülümsəyib. O da qorxub qaçıb, amma ürəyi dözməyib, gecə yarısı qəbiristanlıqda belə mənzərə ilə rastlaşmaq hər bir adamı vahiməyə salardı. Adam dəliymiş, vəssəlam, sənin gecə qəbiristanlıqda nə işin vardı, qızın meyitini çıxarıb neyləmək istəyirdin?

Xəstə olduğunu bəhanə gətirib dostunun dəfninə getmədi, böyük qardaşı deyəndə ki, belə omaz, gedək, qonşuluq borcunu verək, etiraz elədi. “Sən get, ver borcunu, mən isə vermək istəmirəm, qonşuluq borcunu vermək mənə baha başa gəlir”, – dedi. Bir şey başa düşməyən qardaşı da başını yırğalayaraq getdi.

İki-üç gündən sonra təzədən maşına oturub qəbiristanlığa sürdü, giriş qapısının ağzında saxlayıb düşdü, həmən başdaşının yanına getdi. Qız şəkildən yenə də  kinayə ilə gülümsəyirdi, açıq-aşkar, bu boyda illüziya, qarabasma ola bilməzdi. Yaxınlaşıb bir daha başdaşının üzərindəki yazıları oxudu. “Ağayeva Gülarə Çapar qızı”. Aşağıdan  olum-ölüm tarixləri də yazılmışdı. “13/lV-1989, 18/lV-2007”. Düşünmədən birbaşa qəbiristanlıq müdiriyyətinin yanına getdi, müdir yerində idi. Onu yaxşı qarşıladı, suallarına da həvəslə cavab verdi. Müdir qızın dəfn gününü olduğu kimi xatırlayırdı, çünki qızı zorlayıb öldürmüşdülər, qohumları, qonşular hirsliymişlər, ata-anası isə özlərini  öldürürmüşlər. Müdir bununla da kifayətlənmədi, qızın ünvanını da ona verdi, burda basdırılanların ünvanlarını da yazırmışlar.

Müdirin yanından çıxanda bir az da heyrətlənmişdi, demək, qız öz əcəliylə ölməyibmiş, zorlayıb, işgəncə ilə öldürmüşdülər. Elə isə faciəli taleyi olan bu qız şəkildən ona niyə gülümsəyirdi? Niyə məhz ona?

Maşına oturandan sonra motoru işə salıb, bir müddət fikirli halda qaldı.  Hədsiz yorulmuşdu, başı ağrıyır, gicgahları zoqquldayırdı. Maşını yerindən tərpədib müdirin verdiyi ünvanı axtarmağa yollandı. Verilən ünvanı tapmaq çətin olmadı. Qız yaxınlıqdakı qəsəbədə olurmuş. Maşını xaki rəngli qoşa lay qapının ağzında saxlayıb düşdü. Qapının zəngini basanda həyəcandan əlləri titrəyirdi, yaxşı, atası, ya da anası çıxdı, nə deyəcəkdi? Deməyəcəkdilərmi sənə nə lazımdı? Olmaya onlara deyəcəkdi, bəs üç ay bundan əvvəl ölmüş qızınızın başdaşındakı şəkli mənə niyə gülümsəyir? Azından soruşacaqdılar ki, sənə nə lazımdı, nə istəyirsən, niyə gəlibsən?

Nəhayət, qapı açıldı və başında tükləri biz-biz durdu. Qapını açan həmən qız idi, başdaşının üzərində şəkli olan, dizdən cins şalvar, nazik qırmızı parçadan kofta geymişdi, gur saçları çiyinlərinə səpələnmişdi.

– Gülarə? – heyrətlə soruşdu.

– Hə, – qız başı ilə təsdiq elədi.

– Ağayeva?

– Aha!

– Siz sağsız?

– Necə yəni? – qız qaşlarını çatdı.

– Ölübsüz axı!

– Başın xarabdı?

Qız dedi və onun nə deyəcəyini gözləmədən qapını çəkib bağladı. Qapının ağzındaca donub qalmışdı, özünü ələ ala bilmirdi. Nələr baş verirdi, bu yuxuydu, ya reallıqdı? Qızın qəbri qəbiristanlıqdaydı, ölmüşdü. Özü də müdirin dediyinə görə, onu faciəli surətdə, zorlayıb öldürmüşdülər. Bu günsə özü qapını onun üzünə açdı. Maraq hər şeyə üstün gəldi, təzədən qapının düyməsini basdı, bu dəfə də qapını qız açdı,  hirsliydi.

– Yenə nə lazımdı?

– Bağışlayın, inanmayacaqsız, amma qəbiristanlıqda sizin qəbiriniz var. Başdaşının üzərində  öldüyünüz yazılıb. Ünvanınızı müdirdən alıb bura gəlmişəm.

– Nağıl danışırsan? – qız ona inanmırdı.

– İnanmırsan?

– Sən olsan inanarsan?

– İnanmırsan,  gedək baxaq. Burdan on dəqiqəlik yoldu.

– Gedək, – heç gözləmədiyi halda qız  razılıq verdi.

Qız onun maşınına əyləşdi,  bu təklifi qəbul eləməyəcəyini gözləyirdi, qızın isə indiyə kimi tanımadığı, bilmədiyi birinin maşınına fikirləşmədən minməsi onu çaşdırsa da, sevindirdi. Bəlkə elə qız öz qəbirinə baxandan sonra hər şey aydınlaşacaqdı. Hər halda, bu sirrə qəbir sahibindən daha yaxşı aydınlıq gətirəcək birisini tapmaq olmazdı. Qəbiristanlığa kimi dinib danışmadılar, qız fikirli idi, pəncərədən çölə baxır, heç nə soruşmurdu.

Yalnız öz qəbirinin qarşısında qız canlandı, əvvəlcə gülürdü, ancaq yaxınlaşıb başdaşına baxandan sonra həyəcanlandı, nəsə demək istəyir, ancaq dili söz tutmurdu. Birdən dönüb ona baxdı və sapsarı saraldı, tir-tir əsirdi, gözləri alacalanmışdı.

– Sənə bir şeymi oldu? – qızın qolundan yapışmaq istədi.

– Yaxın gəlmə! – qız qışqırıb geri çəkildi.

– Nə olub axı?

– Qatil! Əclaf!

Qızın qolundan yapışdı, heç nə başa düşə bilmirdi, birdən-birə buna nə oldu? Niyə ona qatil deyirdi, qızın çiyinlərindən yapışıb silkələyir, ancaq qız özünə gələ bilmirdi. Tora düşmüş quş kimi titrəyir, əlindən qurtarmaq istəyir, çabalayırdı. Qızı bir təhər dilə tutub maşına gətirdi, soyuducudan su şüşəsini götürüb üz-gözünə soyuq su çilədi.  Qız özünə gəlsə də, dili söz tutmurdu, nəhayət özünü ələ alıb danışmağa başladı. “Mən başdaşına, sonra da sənə baxan kimi hər şeyi xatırladım. Yağışlı bir axşam ad günündən çıxmışdım, küçənin işıqları sönmüşdü, avtobus da yox idi. Bir maşının gəldiyini görüb, taksi olduğunu zənn eləyərək əl elədim, maşın saxladı və mən də mindim. Həmən bu maşın idi, səndən başqa iki nəfər də var idi.  Biri uzun, arıq, daz, o birisi də ortaboylu idi, gözləri işıldayırdı. Düşmək istədim, qolumdan yapışıb qoymadınız, qışqırmayım deyə ağzımı tutdunuz. Sən deyirdin, buraxaq getsin, orda bəs qədər qız var, dostların isə razılaşmırdılar, – “Nə danışırsan, birinci dəfədi belə gözəl qız görürük. Öz xoşuyla minib, zorla mindirməmişik ki?” – deyirdilər. Nə qədər çalışdım, çabaladımsa, onların əlindən qurtara bilmədim, məni bir kafeyə gətirib, orda  növbə ilə zorladız”.

Lənət şeytana, qız doğrudan da dostlarını görübmüş kimi danışırdı, dediyi əlamətlər eynən dostlarına uyğun gəlirdi. Onun təkidi ilə qız yenidən danışmağa başladı: “Uzun dedi ki, bunu belə buraxmaq olmaz, yerimizi-yurdumuzu bildi, bizi tanıdı, gedib satacaq. Öldürməkdən başqa çarəmiz yoxdu. Ortaboylu oğlanla sən  məni boğub  öldürdüz. Uzun sənə dedi ki, basdırmaq qaldı sənin boynunda, aparıb xarabalıq bir yerdə basdırarsan”.

“Sən bunları yuxuda görübsən, – qızı inandırmağa cəhd eləyirdi, – yaxşı, biz səni zorlayıb öldürmüşüksə, sən necə sağ-salamat ola bilərsən? Olmaya öləndən sonra dirildin? Ölmüşdünsə, bizim danışdıqlarımızı necə eşidirdin? Amma bu qəbir məsələsi məni də çaşdırır, ölməyinə ölməyibsən, bəs bu qəbir kimindi? Kim səninlə belə zarafat eləmək fikrinə düşüb? Nəyə görə başdaşının üzərindəki şəklin mənə gülümsəyirdi? Bu suallara cavab tapmaq istəyirdim, tapa bilmədim, kələf bir az da dolaşdı”.

Bir qədər  özünə gələn qız da çaşıb qalmışdı, sağ-salamatdısa, demək, kimsə onu öldürməmişdi, bayaq danışdıqlarını da yuxuda görmüşdü. Yuxuda niyə məhz onları görməsi, həm də olduğu kimi, qızın özünə də qəribə gəlirdi.

“Gedək səni aparım evinizdə qoyum, – qıza dedi, – unudaq bütün bunları. Bu dolaşıq işlərdən onsuz da bir şey başa düşmədim”.

Qızı qapılarının qabağında düşürtdü.

– Yenə görüşəkmi? – qızdan soruşdu, əslində isə bir daha bu qızla görüşmək istəmirdi.

– Yox! – qız hirslə deyib, qapını açaraq içəri keçdi, arxaya belə baxmadan çəkib bağladı.

Bir müddət də dayanıb gözlədi, heç nə başa düşə bilmirdi. Soyuducudan soyuq su götürüb içdi, qərara aldı ki, işlərini qaydaya salıb, ucqar bir yerə çıxıb getsin, paytaxtın səs-küyündən uzaq bir yerdə heç olmaya beş-on gün dincəlsin. Əsəbləri qaydasında deyildi, bu son hadisə isə onu büsbütün yordu, əldən saldı.

***

Bu hadisədən bir həftə keçmişdi, artıq işlərini qaydaya salmışdı, istirahətə yola düşmək üçün hazırlıq görürdü. İşdən qayıdıb evə gedəndə maşınını polislər saxladı, özünə gəlməyə imkan vermədən qollarını qandallayıb şöbəyə apardılar. Onu burda dindirən müstəntiq dedi ki, Ağayeva Gülarə Çapar qızı bir həftə bundan əvvəl yoxa çıxıb. Onu son dəfə sənin  maşınına minən görüblər, gedib və bir daha qayıtmayıb.

– Qayıdıb! – inamla dedi.

– Hara?

– Evlərinə. Mən onu gətirib qapılarının ağzında maşından düşürtmüşəm.

– Bəs sən onu hara aparmışdın?

– Qəbiristanlığa.

– Ora niyə? – müstəntiq inamsızlıqla səsləndi.

– Qəbirini göstərməyə.

– Göstərdinmi? – müstəntiq istehza ilə gülümsəyirdi.

– Göstərdim!

Başına gələnlərin hamısını, o cümlədən qızın ona dediklərini də müstəntiqə danışır, müstəntiq isə inamsızlıqla qulaq asırdı. Qızın hansı qəbiristanlıqda dəfn edildiyini öyrənib getdi və axşam təzədən onu yanına çağırdı. “Sən danışanda mən inanmamışdım, amma doğrudan da qəbiristanlıqda qızın qəbri var idi. Birinci dəfəydi hansısa manyakın zorlayıb öldürdüyü qızı belə təntənə ilə dəfn eləməsinin şahidi oluruq. Qəbiri açdıq. Qızın meyiti ordaydı,  ilkin ekspertiza təsdiq elədi ki, qız doğrudan da zorlanıb, sonra da boğularaq öldürülüb. Dostlarını da həbs elədik, bu qızı tanımadıqlarını, indiyə kimi haqqında belə eşitmədiklərini deyirlər, amma ortalıqda təkzibedilməz fakt var. Yeri gəlmişkən, dostların bu qızdan əlavə də xeyli qızı aldadıb, yoldan çıxararaq öz kafelərinə aparıb, orda zorlayıb, sonra da digər müştərilərə xidmət göstərməyə məcbur eləyirmişlər. Onları polislə hədələyən iki qızı  öldürüb  yarımçıq bir tikintinin həyətində basdırıblar. Meyitləri də çıxarmışıq, şahidlər bu faktı təsdiq eləyiblər, ən qəribəsi isə dostların hər şeyi boyunlarına alsalar da, bu qızı tanımadıqlarını, öldürmədiklərini inadla deyirlər. Halbuki bir meyitin az, ya çox olması onların vəziyyətini dəyişdirməz. Bu işdə başqa qəribəliklər də çoxdu. Ekspertiza qızın üç ay bundan əvvəl öldüyünü deyir, qəbiristanlığın müdiriyyəti də bu faktı təsdiq eləyir. Di gəl qızın valideynləri qızlarının bu üç ayı onlarla birgə yaşadığını, bir həftə bundan əvvəl yoxa çıxdığını deyirlər. Qızlarını basdırmadıqlarını, bu məqsədlə qəbiristanlığa getmədiklərini desələr də, gözətçi də, qəbiristanlığın müdiri də üzləşmədə dəfnə gələnlərin çoxunu tanıdı. Biz bu gün axtarıb başdaşının hansı emalatxanada hazırlandığını öyrənmişik, üzləşmə keçirəcəyik, əgər daşı sifariş verənlərin qızın atası, qohumları olduğu təsdiq olunarsa, sənə kömək eləyəcəyəm”.

– Demək, qız qəbirdəydi? – heyrətlə soruşdu.

– Hə.

– Həm də üç ay bundan əvvəl öldürülüb?

– Elədi.

– Onda mənimlə bir həftə bundan əvvəl qəbiristanlığa gedən qız kim imiş?

– Səninlə qəbiristanlığa gedən elə həmən qız imiş. Bir həftə bundan əvvəl onu sənin maşınına minən görüblər.

– Bəs onda üç ay bundan əvvəl öldürülən qız kimdi? İndi bu qızların hansının ölümünü mənə sırıyırsız?

– Bu qızların yox, bir qızın. Sadəcə, nəyə görəsə şahidlər, xüsusi ilə də qızın ata-anası tarixlərdə dolaşıqlığa yol verirlər.

Müstəntiq dediyi kimi də elədi, bir azdan onu geniş bir otağa apardılar, ondan başqa da burda on beş-iyirmi adam var idi. Müstəntiq daşyonanın gətirilməsinə göstəriş verdi. Qapqara şəvə saqqalı olan, sağlambədənli cavan oğlan içəri girəndə sanki çiyinlərindən yük götürüldü. Bu oğlanı tanımırdı, ilk dəfəydi görürdü, demək, oğlan da onu tanıya bilməzdi. Oğlan isə içəri girib adamları nəzərdən keçirən kimi gəlib onun qarşısında dayandı.

– Buydu! – inamla dedi.

– Səhv eləmirsən ki?

– Yox, – oğlan başını yırğaladı, – pulumu  qabaqcadan verdi, başdaşını da gəlib vaxtında apardı. Təzə model “BMW”-si var idi.

Polislər onu güclə qızın qohumlarının əlindən ala bildilər, qəzəblənmiş adamlar onu didib parçalamaq, öldürmək istəyirdilər. Saçını yolur, paltarlarını cırıb dağıdır, harası gəldi təpik-yumruq ilişdirirdilər. Kameraya gətiriləndən sonra belə bir müddət özünə gələ bilmədi, bu adamlar ondan nə istəyirdilər, axı bu cinayətdən  xəbəri yox idi. Di gəl buna kimisə inandıra bilmir, yanıb yaxılırdı.

Onu qəbirin üstünü götürən usta, orda işləyən fəhlələrlə də üzləşdirdilər, hamısı birağızdan işi onun gördürdüyünü deyirdilər. Hətta usta bir xeyli də razılıq elədi, guya haqlarını artıqlaması ilə veribmiş, elə buna görə də istəsə belə, onu unuda bilməzmiş. O isə bu adamları həyatında ilk dəfəydi görürdü.

Sonra onu xəstəxanaya tibbi müayinəyə göndərdilər, müstəntiq ağlının, şüurunun qaydada olmadığı qənaətinə gəlmişdi. Həkimlər isə hərtərəfli müayinədən sonra tamamilə sağlam, normal adam olduğunu dedilər. Həkimlər haqlı idilər, indiyə kimi xəstələnməmiş, nə vaxtsa həkimə müraciət eləməmişdi.

Müstəntiq onu yanına çağırdı, – “Sənə  köməyim dəyməyəcək, – dedi. – Fakt ortalıqdadı, deyək ki, qızı sən öldürməyibsən, bəs öldürmədiyin qız üçün niyə başdaşı sifariş verirdin? Nəyə görə tanımadığın, bilmədiyin qızı dəfn eləməliydin? Qaldı tarixlərdəki dolaşıqlığa, qəbri satan işçilərin dedikləri ilə qızın qohumlarının, qonum-qonşularının dediklərinin üst-üstə düşməməsinə, belə düşünürəm, biz bu məsələləri heç vaxt sona qədər aydınlaşdıra bilməyəcəyik, onu da düşünürəm ki, heç lazım da deyil. Ortalıqda cinayət və qatillər var, cinayət açılıb, qatillər həbs olunub. Bunları aydınlaşdırmışıq kifayətdir. Sənə yalnız bir köməyim dəyə bilər, tapşıraram, nə lazımsa, versinlər”.

Müstəntiq  gedəndən sonra acı-acı düşünürdü: “Mənə nə lazım olacaq, verələr, ya verməyələr. İşləmədiyim bir cinayətdən ötrü ittiham olunuram, məni öldürmək istəyirlər. Yaxşısı həmən gün dəfnə getməmək idi, getməsəydim, qızın şəklini görməsəydim, ağılsızlıq eləyib qızı axtarmasaydım, indi burda deyildim”.

Böyük qardaşı onunla görüşə gəldi, ona bir bağlama  verdi.

– Çörəyin arasında lezva var, – pıçıltı ilə dedi.

– Nə? – inamsızlıqla soruşdu.

– Lezva.

– Nəyimə lazımdı, olmaya boğazımı kəsməliyəm?

– Boğazını yox, ay qoyun, venanı!

– Niyə, nədən ötrü?

– Niyəsini bilmirsən?

– Bilmirəm! – səsi gəldikcə qışqırırdı.

Qardaşı nifrətlə başını yırğalayırdı, – “Camaatın qızını zorlayırsan, öldürüb basdırırsan, amma niyəsini bilmirsən, hələ bir böyürürsən də. Bu maddə ilə türməyə düşəndə bilirsənmi neyləyəcəklər? Alçaldıb, işgəncə verə-verə öldürəcəklər. Orda yatanların anaları, bacıları, qızları çöldədi, sənin kimi manyakı bağışlamazlar. Sağ olsun müstəntiq, bizi ikinci rüsvayçılıqan qurtardı”.

Qardaşına qulaq asır, başa düşürdü ki, taleyi artıq həll olunub, kimsənin ona köməyi dəyə bilməz. Yer üzündə onu qurtaracaq, xilas eləyəcək qüvvə yoxdu. Əslində qardaşı ağıllı təklif eləyirdi.

– Sənə bir şey lazım olacaq? – qardaşı soruşdu.

– Hə, – dedi.

– Nə?

– Araq və yovşan.

– Gətirərəm, – qardaşı söz verdi.

– Qəbiristanlıq yovşanı olmasın, – arxadan qışqırdı, – amma, deyəsən,  qardaşı onu eşitmədi.