Gülünc və zərərli təqlidlər…

7 Baxış

Ağ zanbaqlar ölkəsiSenet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından yeddinci hissəni təqdim edir. 

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Üçüncü hissə- Suominin tarixi

Dördüncü hissə- Snellman

Beşinci hissə- Təlimçi məmurlar

Hərbi hissə-xalq məktəbi

Futbol

Napaleonun Fransada taxta çıxmasından sonra Avropada müharibələr dayanmamışdı. Napaleon bir çox Avropa ölkəsi ilə müharibələr aparır, daha çox istədiyi isə İngiltərəni məğlub etmək idi. Digər tərəfdən İngiltərə də Napaleonu taxtdan salmaq üçün bütün vasitələrə əl atırdı.

Napaleon Rusiyanı müharibə ilə təhdid edirdi. Rusiya Fransa ilə müharibə ehtimalını nəzərə alaraq 1808-ci ildə İsveçlə müharibəni dayandırdı. Rusiyanın ehtimalı özünü doğrultdu. Fransa ilə həmin məşhur dəhşətli müharibə başladı. Napaleon 20 millətin nümayəndəsindən təşkil olunmuş ordusu ilə Rusiyaya hücum etdi. Moskvaya qədər irəlilədi. Ancaq burada təxribata məruz qaldı və Rusiyadan geri çəkilməyə məcbur oldu.

Napaleon gücü tükənmiş və çarəsiz bir halda Fransaya qayıtdı. Bir müddət müharibələrə ara verərək əvvəlki qüdrətini və ehtişamını özünə qaytarmağa çalışdı. Lakin bu dəfə də İngiltərə bütün Avropanı Napaleona qarşı ayağa qaldırdı və onun bütün gücünü sarsıtdılar.

İngilislərə əsir düşən Napaleon Müqəddəs Yelena adasına sürgün olunur.

Belə bir nəticəni Napaleonun ardı-arası kəsilməyən müharibələrindən bezmiş Avropa ölkələri də məmnunluqla qarşıladılar və İngiltərənin məğlubedilməzlik qüdrətinə heyran oldular. Bütün Avropa İngiltərəni təqlid etməyə başladı. İngiltərənin hər şeyi artıq dəbə çevrilmişdi.

Ancaq uşaqlar, həddi-buluğa çatmamış gənclər və orta yaşlı insanların ən çox təqlid etdikləri siqaret çəkmək, içki içmək, kobud danışmaq oldu. Hələ mədəniyyət sahəsində o qədər də inkişaf edə bilməyən millətlər ingilislərin gülünc və zərərli davranışlarını mənimsəyir, ingilislərin pis yönlərinin yeni surətləri kimi formalaşırdılar.

Varlılar və maddi vəziyyətləri yaxşı olanlar ingilislər kimi at yarışlarına külli miqdarda pul xərcləməyə, viski içməyə, ingilis dəbi ilə geyinməyə və saçlarını onlar kimi kəsdirməyə başladılar. Gənclər isə özlərini İngiltərə idman növlərinə və ən pisi isə futbola həsr etməyə başlamışdılar. Təhsillərini hələ başa vurmamış Avropa gəncləri arasında futbol sanki bir inanc yerinə çevrilmişdi. Digər ölkələrin gəncləri də bundan təsirlənərək futbolu bir ibadət halına gətirdilər. Bundan daha çox zövq alanlar futbolu bir elm və sənət sahəsi kimi görməyə başladılar.

Küçədəki insanları həyəcanlandırmaqla dolanan bəzi başıboş və cahil jurnalistlər gənclərin bu marağını sanki daha da artırır, onları ruhlandırırdılar. Futbola aid xüsusi köşə yazıları yazmaq, güclü ayaqların üstünlüklərindən uzun-uzadı danışmaq artıq jurnalistlərin əsas işlərinə çevrilmişdi.

Snellmanın zamanında Finlandiyada da eyni vəziyyət hökm sürürdü. O zamanlar Fin gəncləri də ciddi düşünə bilmirdilər. Ciddi qəbul edilə bilən hər hansı fikir, maraq və istehsal yox idi. Finlandiya Rusiyaya ilhaq edildikdən sonra isveçlərə qarşı kin saxlamaq, onlarla mübarizə aparmaq əzmi kimi milli duyğular da artıq korlaşmışdı. Boş beyinləri və vaxtları olan Fin gəncləri üçün də futbol ən ciddi, hətta inanclı bir məşğuliyyətə çevrilmişdi.

Yoluxucu epidemiya, xəstəlik kimi futbol yalnız şəhər gənclərini öz təsiri altına salmamışdı. Onun təsiri kəndlərdə yaşayan çoxsaylı əhalini belə əhatə etmişdi.

Futbol bütöv bir nəslin düşüncəsini və hislərini öz təsiri altına salan xəstəliyə (maneəyə) çevrilmişdi. Futbol klubları və federasiyalarının sayı zəifləmiş bir bədəndə çoxalan sızanaqlar və ya bataqlıq ağcaqanadları kimi durmadan artırdı.

“Camış ayağı kimi güclü ayaq” o dövrdə bir iftixar simvoluna çevrilmişdi.

Snellman və dostları gənclərdə bilikli, zəkalı beyinlər əvəzində güclü ayaqların formalaşması ilə razılaşmadılar. Bütöv bir nəslin düşüncə cəhətdən çılpaq qalmasına dözmədilər. Finləri ruhən oyandırmaq və mədəni səviyyələrini yüksəltmək istəyən bu vətənpərvərlər “Qolları və ayaqları qayış kimi sərtləşən, güclənən bu qəhrəmanlardan(!) nə yetişəcək? Ölkənin inkişafı üçün onların nə faydası olacaq? ” -deyə bir-birindən soruşur və problemdən çıxış yolları axtarırdılar.

Snellman əvvəllər İspaniyada bir qrup insanın əfsanəvi cəngavər hekayələri ilə beyinlərə təsir edib, cəngavərləri təqlid etməyə başlamaqla necə gülünc vəziyyətə düşdüklərini məşhur “Don Kixot” romanında Servantesin daha gülməli şəkildə danışmağa çalışdığını hər kəsə xatırlatdı. Snellman və dostları eyni fikirdə idilər:

Gənclərin belə ağılsızlıqla yazılmış mənasız əsərlərə aludə olmaları o qədər də laqeydliklə qarşılanacaq bir şey deyil. Bu səbəbdəndir ki,  İspaniyanın ən böyük dahilərindən biri romanında bu mövzuya toxunub və bu epidemiya ilə mübarizə aparmaq məcburiyyətində qalıb.

Servantes belə macəra romanlarına aludəçiliyin zehni tənbəllikdən qaynaqlandığını göstərmişdir. O zamanlar ispaniyalılar geri qalmış ölkələrini inkişaf etdirmək, sosial vəziyyətlərini yaxşılaşdırmaq, milləti iqtisadi, sosial və mədəniyyət sahəsində yüksəltmək üçün ciddi yollar axtarmırdılar.

Bu məsələlərdə tamamilə məlumatsız idilər. Çünki onlar bu mövzularda nə bir fikrə, nə bir hissə, nə də bir məqsədə sahib idilər, sahib olmaq belə istəmirdilər.

İnsanlar vaxtlarının çox hissəsini əfsanə xarakterli macəra romanları oxumaqla ilə keçirirdilər. Bu cür davranmaqda özləri-özlərini haqlı hesab edir, nə isə etdiklərini düşünürdülər.

Ölkədə mədəniyyətlə məşğul olan sənətkarlar yox idi. Cəmiyyət düşüncə cəhətdən sanki yuxuda idi; cəhalət isə zirvələri fəth edirdi. Bununla yanaşı əhalinin sayı artır, bu da öz növbəsində yoxsulluq səviyyəsini artırırdı. Dövlətin gücü zəifləyir, əxlaq, düşüncə baxımından geriləyir, ticarət isə məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Xalqı oyandırmağa qadir olanlar və az da olsa təhsil alan şəxslər dedektiv romanları oxumaqdan zövq alırdılar. Snellman belə düşünürdü:

Dahi yazarların əhəmiyyətlərini, və ya necə böyük şəxsiyyət olduqlarını bizim cəmiyyət hələ başa düşə bilməz. Belə bir vaxtda bizdə də həyatın gülünc tərəflərini ustalıqla təsvir edən bir Servantes, alçaqboylu insanlardən bəhs edən bir Svift yetişməlidir. Zəif ruhlu cırtdan insanların bəsit siyasət qeybətlərini, dar düşüncələrini açıb göstərə bilən biri gəlməlidir.

Snellman və dostları Servantes kimi bir yazıçıya sahib olmadıqlarına görə təəssüflənir və onun etdiklərini özlərinin etməli olduqlarını düşünürdülər. Futbol mikrobu ilə mübarizə eyni ilə vəba, xolera, yüksək qızdırma yaradan mikroblarla mübarizə aparmağa bənzəyirdi. Cəmiyyətə və millətə yoluxan mənəvi mikroblar onlardan da təhlükəli idilər.

Finlandiyada bataqlıqlar çox olduğundan qızdırma və vərəm xəstəliyi geniş yayılmışdı. Əhali qızdırmadan şikayət edirdi; vərəmdən isə demək olar ki əksəriyyət ölmüşdü.

Snellman bu mikroblarla mübarizəyə başlamışdı. Bu mübarizəyə həmçinin insanları, cəmiyyəti məhv edən mikroblarla mübarizə də əlavə edilmişdi.

Snellman yenə çıxış yolu göstərən ilk şəxs oldu:

İndi bir də düşüncə xəstəliyi, iradə vərəmi, ruh qızdırması xəstəlikləri peyda olub. İnsanların mənəviyyatlarının korlanması- xəstələnməsi demək olar ki, bütün gəncliyi əhatə edib. Gələcəkdə cəmiyyətə faydalı işlər gördürmək üçün həyata atılan gənclərimizin mənəvi cəhətdən xəstələnərək məhv olmalarına göz yuma bilmərik. Mübarizə aparmaq lazımdır.

Bir gün futbolçular böyük bir əyləncə təşkil etmişdilər. Məşhur və böyük bir futbol klubunun qurulmasının onuncu ildönümü qeyd edilirdi. Bu münasibətlə milli matç oynanılacaqdı. Çıxışlarla başlayan əyləncə tədbiri xüsusi mərasimlə yekunlaşırdı. Əyləncəyə müxtəlif idman növlərinin təmsilçiləri qatılmışdı. Snellman da dostları ilə birlikdə orda idi. Əslində özü də ən böyük idman klublarından birinin fəxri rəhbəri idi. Tədbirdə o da çıxış etdi:

Fin gənclərinin idmanla məşğul olduqlarını görüb çox sevinirəm. Ağıllı şəkildə edilən bədən hərəkətlərinin faydası çoxdur. Fəlsəfə sahəsində daha çox inkişaf edən yunanlar gimnastikanı, güləşi, idman yarışlarını müəyyən bir səviyyəyə təsadüfən gətirib çıxarmayıblar. Fiziki məşqlər bədəni çevikləşdirir və gücləndirir. Məşqlər sayəsində bədənin xarici görünüşü də düzəlir, yeriş və hərəkətlər gözəlləşir.

Şəhərlilərin üfunətli evlərdə yaşadıqları həyat, bədəni zəiflədir, əzələləri gücdən salır, qanda zəhərlənmələrə gətirib çıxarır və insanları acizləşdirir. Buna bir də illərlə uzanan və araşdırmalara əsaslanmayan sxolastik üsulların tətbiq edildiyi təhsil müddətini də əlavə edin. Müəyyən bir müddət çərçivəsində uşaqlarımızın beyni tarix, şəxs adları, ölçü vahidləri, prinsiplər və cansız qaydalar məzarlığına çevrilir.

Almaniyada şagirdlərin çoxu eynəkdən istifadə edir, çünki gözləri zəifləyib. Kürəkləri donqarlaşan, sümükləri əyilən, ayaqları incələşən, qolları zəifləyən, üzləri işıqdan məhrum bitkilər kimi solğunlaşan insanlara kəndlərdə deyil, şəhərlərdə rast gəlinir. Adam belələrini əllərindən tutub şəhərətrafı ərazilərə aparmaq, çəmənlərdə qaçıraraq təmiz hava ilə dərindən nəfəs aldırmaq istəyir.

Qədim yunanlar da belə edirdilər. İndi biz də onlar kimi edirik. Lakin Sokratın, Fidinin və Periklin müasirləri həyatın təməli kimi bu fikirləri irəli sürüblər: “Heç nədə həddini aşmaq olmaz! Heç nə tək tərəfli olmamalıdır. Hər işdə orta yol gözlənilməlidir. Hər şey vaxtında və yerində edilməlidir.”

Sokratın və Esxilin müasiri olan Aristofan hakimlərin fiziki zəiflikləri və solğunluqlarına tənəli yanaşardı.

“Axmaqlığın təriflənməsi” adlı satirik üslubu ilə beyinləri məlumatlarla dolu olan ikiayaqlı varlıqları ələ salırdı.

Qulliveri yazan Svift qurbağalar kimi şişib böyük adam olmaq istəyən cırtdan insanları (Liliputlar) ifşa etmişdir. Bundan başqa laputları (Quliverin səfər etdiyi başqa bir məkan- uçan adadakı Laputa ölkəsində yaşayan, geyimləri bədənlərinə uyğun olmayan və evləri tərsinə olan insanlar. Laputlar sadəcə riyaziyyat və musiqi ilə maraqlanan insanlardır. Bu cəmiyyətdə real həyatda istifadə edilməyən və ya insan həyatı ilə əlaqəsi olmayan nəzəri biliklər alleqorik bir şəkildə ifşa edilmişdir.) da satirik şəkildə tənqid etmişdir. Onlar iri və qabarıq başları, incə boyunları və kiçik çiyinləri olan anormal varlıqlardır. Onların bütün həyatları kitablarda göstərilən qaydalar və həndəsi şəkillərlə nizamlanır. Yəni həyatları da bədənləri kimi ölçüsüzdür və xoş olmayan təəssürat yaradır.

Snellman sözlərinə davam edərək belə deyirdi:

Şəxsən mənim və dostlarımın bu qədər böyük məhəbbətlə sevdiyimiz Suominin laputların ölkəsinə oxşamasını heç vaxt arzulamarıq. Bizə nə liliputlar, nə də laputlar lazım deyil.

Ancaq biz finlərin ayaqlarının güclü, ağıllarının isə zəif olmasını da istəmirik. Ayaqları öküz qıçları kimi güclü, amma beyinləri qoyun beyni kimi zəif insanlar bizim idealımız deyil. Belə insan bizim kiçik millətimiz üçün bir nümunə ola bilməz.

Siz futbolun Finlandiyada inkişafını görüb həyəcanlanırsınız. “Qüvvətli ayaq” adlı futbol komandası qonşularımız isveç, norveç və danimarkalılarla qarşılaşanda, hətta Macarıstanda qalib gələndə siz çox sevinirsiniz. Amma mən sizin sevincinizi paylaşmıram.

Mən arzu edirəm ki, bizim sevimli Suomimizdə bu adları daşıyan təşkilatlar, dərnəklər yaradılsın: Güclü düşüncə, yüksək işlər, sağlam heyvandarlıq, böyük cəhdlər, ən yaxşı kənd təsərrüfatı, keyfiyyətli parça, təmiz vicdan, yeni fikirlər, texnikada uğur, firavan millət!

Mən istəyirəm ki, siz gənc finlər yalnız macarları deyil, fransızları və ingilisləri də məğlub edəsiniz. Ancaq yalnız ayaqlarınızın gücü ilə deyil, yalnız vurulan qol hesabları ilə deyil; elm, texnologiya, sənətkarlıq, ticarət, sənaye sahələrində, hüquqi cəmiyyət qurmaqda, ölkənin inkişaf etdirməkdə onlara qalib gələsiniz.

Əgər bu çətin mübarizədə yalnız futbolçuların güclü qol və ayaqlarına güvənmək istəsəniz çox da irəli gedə bilməzsiniz. Qarşıdan gələn topa vurmaq üçün sağlam baş da lazımdır. Ancaq bilin ki, ən sağlam baş qoçundur.

Mən qoç başının Fin gəncləri üçün iftixaredici bir şey olduğunu düşünmürəm. Sokratın və məşhur Heraklın şəkillərini tapıb, müqayisə edin.

Sokratın büstündə filosof başı diqqət çəkir. Böyük bir alın. Ora ağılın yeridir. Sanki Sokratın ağlı başına sığmayıb çölə çıxacaq kimi təəssüratınız yaranacaq. Baxın, Sokratın ağlı və başı bu formadadır. Bir də Heraklın heykəlinə baxın. Antik yunan əfsanələrinin qəhrəmanının güclü əzələləri sizi heyrətə salır. Sütun kimi güclü ayaqların üstündə cüssəli bir bədən yüksəlir. Qollarının əzələləri, qabarıq sinəsi, öküz boynu qədər qalın boynu. Başı isə bədəninə nisbətən kiçik, alnı isə dardır.

Bütün bunlar böyük bir bədənin gücünün göstəricisidir. Amma bu qəhrəman ağıl cəhətdən çox zəifdir, gücsüzdür. Möhkəm bədənli, sərt duruşlu, güclü əzələli bir adamdır, amma ağlı və zəkası azdır. Düşüncə və mənəviyyat qəhrəmanı deyil.

Mən sizə Sokratın və ya Heraklın başlarına üstünlük verin demirəm. Demək istədiyim budur ki, öküzün ayaqlarını düşünüb, Sokratın başını unutmayın. Qaya kimi sərt, ancaq qoyun başlı olmayın.

Bu qaydanı heç vaxt unutmayın: “Hər işi vaxtında görmək lazımdır. Əyləncə vaxtı əylənlmək lazımdır!” Finlandiyanın yalnız top oynatmağı bilən insanlara ehtiyacı yoxdur. Bizə Fin millətini iqtisadi, sosial, əxlaqi və düşüncə baxımından irəliyə apara biləcək insanlar lazımdır.

Mədəniyyət, düşüncə sarıdan geri qalmış və qədim sivilizasiyanı tərsinə öyrənməyə çalışan millətləri təqlid etməyin.

Parisə gedənlər içki kazinolarını (kafeşantanları) öyrənirlər. Almaniyaya gedənlər pivəxanalara alışırlar. İngiltərəyə gedənlər də futbol öyrənirlər. Siz təhsilə daha yüksəkdən baxın. Avropanın elm və təhsil məbədlərinə gedin. Minlərlə alman gəncinin mənsub olduğu Tugenlbundu, yəni Fəzilət Birliyini nümunə götürün. Bu qaydanı daim yadınızda saxlayın:

“Sağlam bədəndə sağlam ruh olar!”

Ey Fin gəncləri! Sizin vəzifəniz topu böyük sürətlə yüksəyə qaldırmaq deyil, Fin millətinin şərəfini yüksəltməkdir. Sizin vəzifəniz sevimli yurdumuzu hər sahədə irəli aparmağa, hər yerdə sağlam rifahı artırmaq üçün səy göstərməkdir.

Türkcədən Azərbaycan dilinə uyğunlaşdıran- Gülşən Aslanova