Günəşi görmək – Taleh Eminoğlu

21 Baxış

052-Book-Novel-Mockup-5x8-COVERVAULT copy

Senet.az oxucularına “Ustad” jurnalının 17-ci sayından Taleh Eminoğlunun “”Nodar Dumbadzenin “Mən günəşi görürəm” romanı üzərinə” yazısını təqdim edir.

Adını unutduğum bir insan deyib ki, “Müharibə bir-birini yaxşı tanıyan iki nəfərə görə, bir-birini tanımayan milyonların ölməsidir”. Bu həqiqətənmi belədi, bugünə qədər olan müharibələrdə ölənlər canını hədərmi verib? Axı hər kəsin qorxduğu bu müharibə nədir, ondan qaçmaq olarmı?

Buna cavab tapmaq çətindi. Bu haqda cild-cild kitablar yazılıb, filmlər çəkilib. Onlar sadəcə bizdə müvəqqəti məyusluq, əzab hissi, peşmançılıq yaradıb. Çox az qismi sözün əsil mənasında bizi silkələməyi bacarıb – pafosdan, döyüş səhnələrindən uzaq olanlar, heç kimin müharibə qarşısında qəhrəman olmadığı, “anti-qəhrəmanlara” belə söz haqqının verildiyi əsər və filmlər.

Gürcü yazıçısı Nodar Dumbadzenin “Mən günəşi görürəm” romanı da insanı yaxasından tutub silkələyir. Bu roman qəhrəmanlardan bəhs etmir. Siz onda şüuraltınıza yeridilmiş müharibə qəhrəmanlarının obrazını tapa bilməzsiniz. Bu əsərdə müharibə bir gürcü kəndinin, onun sakinlərinin ümumiləşmiş obrazında verilir. Hər bir oxucu onda öz qəhrəmanını tapa bilər – Sosoya, kor olmuş Xatia, Sosonun bibisi, kəndin ətrafında yaralı halda tapılmış rus əsgəri, kəndin dəlisi Bejan və başqaları. Amma inanmıram ki, içinizdən kimsə briqadir Datikonu qəhrəman adlandırsın. Axı o, müharibədən qaçıb. Başqalarının evinə qara kağız gəldiyi, sağ-salamat kənddən yola salınan kişilərin döyüşlərdən əlsiz-ayaqsız qayıtdığı, alman qoşunlarının Moskvaya çatdığı bir zamanda, o, öz silahını da götürüb doğma kəndinə, öz meşəsinə, sevdiyini insan(lar)ın (axı o Sosoyanın bibisini sevirdi) yanına qayıtmışdı.

Deyəsən, onu qəhrəman adlandıran təkcə mənəm. Axı həyatı, yaşamağı bu qədər sevən birini necə qəhrəman hesab etməyəsən? Bəziləri vətəni, bəzilərisə həyatı sevir. Vətəni sevənlər qanlı müharibələrdə ya şəhid olur, ya da qazi. Amma həyatı sevənlərə, yaşamaq istəyənlərə fərari, qorxaq deyilir. Bəlkə də insanlıq tarixində mövcud olan ən böyük ironiya elə budur. Düşünün; bütün insanlar həyatı, yaşamağı bu qədər sevsəydi nə baş verərdi? Dünyanın hər yerində fərari, qorxaq adlandırılan bu insanlar silahlarını yerə qoyar, döyüşmək yox, yaşamaq istədiklərini deyər, müharibələrə birdəfəlik son qoyular və bu söz uzaq keçmiş kimi yada düşərdi. Heç kim bir gün quruyacaq çay, bir gün kəsiləcək ağac üçün ölməz, əksinə, onları qurumağa, kəsilməyə qoymamaq üçün yaşayardı.

Briqadir Datiko da yaşamaq istədiyi üçün qaçmışdı, amma kənddə onu qorxaq adlandırırdılar. Heç kim ondan niyə geri qayıtdığını soruşmurdı. Bəli, o qorxurdu, amma müharibədən yox. Onun qorxduğu ölüm də deyildi. Bunun bir adı vardı – yaşamaq istəyi. Bu müharibəni o başlatmamışdı və bitirməyə də gücü çatmazdı. Ya iki məngənə arasında əzilməli, Sosoyanın Xatia ilə birgə atasından yadigar qalan tüfəngi və çəkmələri qarğıdalıya dəyişmək üçün getdikləri qonşu kənddə evində qonaq olduqları Babilonun oğlu kimi səssiz-soraqsız yoxa çıxmalı, ya da başqalarına nisbətən daha çox yaşamalı idi. O, elə belə də etdi.

Nodar Dumbadzenin bu romanda toxunduğu paradoksal məsələdən biri də işçi qüvvəsinin çatışmazlığından yaranan torpaqların baxımsız, bəhrəsiz qalmasıdı. Müharibəyə başlayan tərəf bu torpaqlara sahib olmağa, o biri tərəfsə onu qorumağa çalışır. Hər iki cəbhədəki insanlar bu torpaqlar üçün ölür, amma onların başlatdığı bu müharibə uğrunda döyüşdükləri torpağı əldən salır. Bu mənzərə gürcü kinemataqrafiyasının şah əsərlərindən biri olan “Əsgər atası” filmindən bir epizodu yadıma saldı – Maxaraşvili tankın qarşısını kəsir, axı onun maşinisti uğrunda döyüşdüyü bu torpağın məhsulunu əzirdi. Ümumilikdə torpaq sevgisi gürcü xalqında tamamilə başqadı. Pafosdan, səs-küydən uzaq və çox səmimidi. Elə buna görədir ki, Dumbadzenin bu əsəri müharibədən bəhs edən onlarla klassik əsərlə yanaşı durur.

Amma onlardan fərqlənir. Dumbadze bu romanında “müəllim” deyil. Sizə nəyin düz, nəyin səhv olduğunu öyrətmir, sadəcə deyir, anlamaq, seçim etmək sizin ixtiyarınızdadı. O, yalnız bunları deyir: “İnsan ömrünü zülmə, pisliyə bulaşdırmadan yaşaya bilər, amma bu pisliyə, zülmə qarşı çıxmaq şərəflidir.”

Bu romanın obrazları əliaçıq, mehriban, sadə, qayğıkeşdir. Onlar bir gün bu müharibənin bitəcəyini bilir. Bəli, müharibə bitəcək, bəs həyatları qaldıqları yerdən davam edəcəkmi? Bu müharibədə “yoxluq” çox olub. Onların yerini isə bir şeylə doldurmaq olar – heç nə olmamış kimi yaşamaqla, Datikonun əvvəldə etdiyini sonda həyata keçirməklə.

Əsas məsələ bütün bu qarışıqlıq, kədər, korluq içində günəşi görməkdi. Günəşi görmək isə yaşamaqdı, kimdənsə azacıq az, kimdənsə azacıq çox.