Günəşin doğduğu yerə gedəcəyəm – Orxan Vəlinin şeirləri

17 Baxış

1586780281847_LHUx6CbN

Senet.az Orxan Vəlinin seçmə şeirlərini təqdim edir.

Müftə

Müftə yaşayırıq, müftə;
Hava müftə, bulud müftə;
Dərə-təpə müftə;
Yağış müftə, palçıq müftə;
Avtomobillərin
içi yox, çölü müftə;
Kinoteatrların
içi yox, çölü müftə;
Mağazaların
vitrinləri müftə;
Pendir, çörək deyil,
acı su müftə;
Azadlıq baş bahasına,
əsirlik müftə;
Müftə yaşayırıq, müftə.

 

 

 
Maqqaşlı şeir

Nə atom bombası,
Nə London konfransı;
Bir əlində maqqaş,
Bir əlində ayna -
Vecinə də deyil dünya.

Bizim kimi

Əcaba,
bir tank
nə görür yuxusunda

və bir təyyarə
nə düşünür

tək qaldığı zaman?
Həp bir ağızdan
türkü oxumağı
sevməzmi qaz maskaları
Ay işığında?

Və tüfənglərin
mərhəməti yoxdurmu,
heç olmasa, biz insanlar qədər?
Deyil

Bilmirəm ki, necə anladım,
Necə, necə, sizə dərdimi.
Bir dərd ki, ürəklər acısı,
Bir dərd ki,

düşmən başına da gəlməsin.
Eşq yarası desəm, deyil,
Çörək parası desəm, deyil.
Bir dərd ki…
Bir illət ki…
Bir mirət ki…
Tab gətirmək mümkün deyil.

Dedi-qodu

Kim dilə-dişə salmış məni -
Süleyhaya vurulmuşam deyə?
Kim görmüş, kim,
Elifi öpdüyümü,
Yol kənarında

günün günorta çağı?
Əvvəl Məlahəti almışam,
Sonra da Tükəzbanı, eləmi?
Kimin qolunu
çimdikləmişəm tramvayda?
Hə, bir də, guya,
Qalata körpüsünə dadanmışam,
Axşam-səhər demədən ordayam…
Çək,

atam, anam,
bunların üstündən
bir qələm çək…
Bir gün
Nihalı bir qayığa mindirib,
Türkü söyləyə-söyləyə
Günəşin doğduğu
yerə gedəcəyəm…

Qüssələnirəm

Məktub alıram – qüssələnirəm;
Mey içirəm – qüssələnirəm;
Üsküdarda
“Kazımın türküsü”nü oxuyarlar -

qüssələnirəm.
Nə olacaq bunun axırı?
Bilmirəm… Bilmirəm… Bilmirəm…
Gözəl havalar

Məni bu gözəl havalar məhv etdi,
Belə havada
ərizə yazdım,
çıxdım işdən,
Belə havada alışdım
siqaret çəkməyə.
Belə havada aşiq oldum.
Belə havada unutdum

evə duz-çörək aparmağı.
Belə havada şiddətləndi

şeiryazma xəstəliyim.

Qərəz,
bu gözəl havalar
məhv etdi məni.

Hürriyyətə doğru

Gün doğmamışdan,
Dəniz hələ masmaviykən

çıxacaqsan yola,
Əllərində kürəkdən
bərk-bərk yapışmaq ehtirası,
İçində bir iş görməyin sevinci,

Gedəcəksən,
Suların çalxalandığı yerdə
Balıqlar çıxacaq qarşına,
Sevinəcəksən.
Toru silkələdikcə,
Dəniz gələcək əlinə, pul-pul.
Birdən üfüqdə -
qağayıların ruhlarının

susduğu yerdə

qiyamət qopacaq!
Dəniz qızımı deyirsən,

su pərisimi deyirsən,
Bayramlarmı,
Seyranlarmı deyirsən,
Tellərmi,
Duvaqlarmı deyirsən,
Eheyyy?
Düşünmə ki,

arxada gözləyənin var -
At özünü dənizə!
Dörd yanın hürriyyət!
Qayıq ol, yelkən ol,

balıq ol, su ol,
Get
gedə bildiyin yerə!
Birdən-birə

Hər şey birdən-birə oldu:
Göy üzü birdən-birə,
gün işığı birdən-birə,
qırmızı birdən-birə,
mavi birdən-birə.

Hər şey birdən-birə oldu:
Burdən-birə

qalxmağa başladı
duman torpaqdan.

Hər şey birdən-birə oldu:
düymə birdən-birə,
tumurcuq birdən-birə,
meyvə birdən-birə.

Hər şey birdən-birə oldu:
oğlan birdən-birə,
qız birdən-birə,
yollar birdən-birə,
səhralar birdən-birə,
pişiklər birdən-birə,
İnsanlar birdən-birə…
Eşq birdən-birə oldu,
Sevinc birdən-birə.
Romantika

Ağlasam, səsimi duyarmısınız
misralarımda?
Toxuna bilərsinizmi göz yaşlarıma
əllərinizlə?

Bilməzdim türkülərin
bu qədər gözəl,
sözlərin bu qədər

gücsüz olduğunu,
bu dərdə

düşməmişdən əvvəl.
Bir yer var, bilirəm,

Orda,
Hər şeyi demək mümkün.
Yaxınlaşıram, yaxınlaşıram…
Amma deyə bilmirəm.

Orhan Veli Kanık - İki Dört Altı Sekiz 2468

Bölmə : Poeziya, Ədəbiyyat