“Günəş kraliçası”- Mariya Telkes

13 Baxış

Mariya TelkesSenet.az Aytən Nəsibbəylinin təqdimatında “Dünyanı dəyişən qadınlar” layihəsinin yeddinci yazısını təqdim edir:

Layihənin birinci yazısı - Çıraqlı mələk

Layihənin ikinci yazısı – Kraliça Boudika

Layihənin üçüncü yazısı – Qadınlara kişilər üzərində deyil, öz üzərlərində hakimiyyət arzulayıram

Layihənin dördüncü yazısı- İstedad əngəl tanımır

Layihənin beşinci yazısı- Qadınların işini asanlaşdıran ixtira

Layihənin altıncı yazısı- Milyonlar qazandıran, amma özü heç nə qazana bilməyən ixtiraçı

“Günəş kraliçası”- Mariya Telkes

“Günəş kraliçası”, “Günəş evinin anası”adları ilə tanınan macar əsilli amerikalı alim Dr.Mariya Telkes günəş enerjisindən istifadə etməyin praktiki yolları üzərində təqdiqatlar aparan ilk araşdırmaçılardan idi. O, ömrünün böyük bir hissəsini bu sahədə çalışmaqla keçirərək mühüm ixtiralar etmiş, yeniliklərə imza atmışdır.

Telkes 1900-cü il dekabrın 12-də Macarıstanın paytaxtı Budapeştdə dünyaya gəlib. Aladar və Mariya Laban de Telkes cütlüyün qızı olan Mariya orta məktəbi bitirdikdən sonra Budapeşt Universitetində fiziki-kimya ixtisası üzrə təhsil alır. 1920-ci ildə  magistr, 1925-ci ildə  doktorluq dərəcəsini alaraq elmi karyerasına müəllim kimi Budapeşt Universitetində başlayır. Lakin 1925-ci il Amerika səyahəti Telkesin həyatını tamamilə dəyişir. Ohayo ştatının Klivlend şəhərində səfir olan dayısını ziyarətə edən Mariyaya Klivlend Klinik Fondu tərəfindən biofizik işi təklif edilir və o, işi qəbul edir. On iki il burada Corc Krilin rəhbərliyi altında çalışan Telkesin illəri səmərəsiz keçmir. Mariya Telkes və Kril birlikdə beyin siqnallarını oxuya bilən fotoelektrik mexanizm sistemini yaradırlar. Onlar həmmüəllifi olduqları “Həyatın fenomeni”adlı kitabda bu ixtiranın geniş izahını verirlər.

1937-ci ildə Amerika vətəndaşlığı alan Telkes həmin il Vestinqhaus Elektrikdə tədqiqat mühəndisi olaraq işə başlayır. Lakin Mariyanın elmi karyerası daha çox 1939-cu ildə işə başladığı Massaçusets Texnologiya İnstitutu ilə bağlıdır. Burada o, günəş enerjisi ilə bağlı tədqiqatlarını daha intensiv şəkildə aparmağa başlayır. Nəhayət, Dr. Telkes supervayzeri olduğu “Günəş Enerjisini Çevirmə Layihəsi” ilə adını tarixə yazdıra biləcək yeniliyə əl atır. Telkes və komandası günəş enerjisi ilə isinə bilən növbəti evi  tikmək üçün qrant alırlar.  Ev 1948-ci ildə Bostonun 30 km qərbində tikilir. Həmin ev İkinci Dünya müharibəsi ərəfəsində və müharibədən sonra günəş enerjisi ilə isinə bilən evlər içində ən yaxşısı idi. Evin ənənəvi sobası yox idi, tamamilə Telkes tərəfindən başladılan və kimyəvi maddələrin enerji saxlama qabiliyyətinə əsaslanan innovativ günəş enerjisi isitmə sisteminə əsaslanırdı.

İkinci Dünya Müharibəsi zamanı professor Amerika hökuməti tərəfindən Elmi Tədqiqatların araşdırılması və tətbiqi ofisində müşavir vəzifəsinə dəvət edilir. Telkes burada uzun müddət üzərində çalışdığı günəş distilyatoru proyektini reallaşdıra bilir. Günəş distilyatoru  günəşdən aldığı enerji ilə dəniz suyunu uçməli suya çevirə biləcək  sistem idi. Sistem dəniz suyunu tərkibindəki duz və digər bərk cisimlərdən təmizləyir,  günəşdən gələn istilik suyu buxarlandırırdı.  Buxarlanan su yenidən maye halına düşərək içməyə hazır hala gəlirdi. Distilyator gündə dörddə bir qalon içməli su hazırlaya bilirdi. Telkesin ixtirası çox bəyənilir və İkinci Dünya müharibəsi zamanı amerikalı əsgərlər tərəfindən geniş istifadə edilir.

Bütün bu uğurlara baxmayaraq, günəş enerjisinin verdiyi imkanlardan nə müharibə, nə də müharibədən sonrakı dövrdə geniş istifadə edilir. Mariya Telkes dövrünün məşhur nəşrlərindən birində öngörücülük edərək enerjiyə tələbatın 70-ci illərdən başlayaraq artacağını deyirdi. Lakin Telkes bu sahədə  təqdiqatlarını  ardıcıl olaraq davam etdirir və 1953-cü ildə Nyu York Universitetində günəş enerjisi laboratoriyası yaradır. O burada beş il çalışır, 1958-ci ildə isə Curtis-Rayt  Kompaniyasından gələn Günəş Enerjisi üçün tədqiqatlar şöbəsinin direktoru vəzifəsi təklifini qəbul edir. Burada günəş quruducuları  və su isidicilərinin təkmilləşdirilməsi yönündə araşdırmalar aparır və kosmosda günəş termoelektrik generatorlarının tətbiqi ixtisası üzrə təhsil alır. Eyni zamanda Nyu-Cersi ştatının Prinston şəhərində yerləşən Curtis-Rayta məxsus binada laboratoriya üçün isitmə və enerji toplama sistemini yaradır. 1961-ci ildə Cryo-Termdə temperatura həssas alətləri qorumaq üçün materialların təkmilləşdirilməsi yönündə elmi araşdırmalar edir. 1963-cü ildə Melpar şirkəti, 1969-78-ci illərdə isə Delaver Universitetinin Enerji çevrilmələri institutunda işləyir.

1977-ci ildə  Amerika Günəş Enerjisi Cəmiyyəti tərəfindən Çarlz Qrili Abbot mükafatı ilə təltif edilir. Bir il sonra isə Mariya aktiv elmi fəaliyyətinə son qoyaraq təqaüdə çıxır, lakin 1990-cı ilə qədər yenə də bir çox günəş enerjisi ilə bağlı layihələrin əsas məsləhətçisi olur.

1995-ci il dekabrın 5-də isə  Mariya Telkes Amerikaya köçəndən bəri getmədiyi doğma vətəni Macarıstana  səfəri zamanı vəfat edir.

Günümüzdə günəş enerjisindən tətbiqi sahəsində bir çox yeniliklərə imza atılıb, mühüm ixtiralar edilib, ancaq Telkesin bu sahədəki xidmətlərini unutmaq, əlbəttə ki, qeyri-mümkündür və o, həmişə “Günəş evinin anası” olacaq.