Gün işığı

31 Baxış

Vaqif Behmenli

Vaqif Bəhmənli

 

Elə bir üzünü yuyur yağışlar,

Elə bir üzündə şaxıyır günəş

Elə bir üzünü şillələyir qar,

Elə bir üzünü yandırır atəş

Çıxart ürəyini gün işığına…

 

Çıxart ürəyini gün işığına,

Qoy düşsün ürəyin gün yağışına

Necə ki, bir zaman qovuşanda qış,

Necə ki, bir zaman ağbirçək nənən,

Novruz bayramına beş-on gün qalmış,

Həyəti-bacanı yüz yol dolanıb,

Döşəkdən-qabacan evdə olanı,

Necə ki, düzərdi günün altına,

Çıxart ürəyini gün işiğına…

 

Qoy yusun içini duru yağışlar,

Odun parçasına döndərib səni,

Laqeyd baxışlar, quru baxışlar,

Çıxart ürəyini gün işığına…

 

İçini tərsinə çevir utanma,

Adamlar tərsliyi sevir utanma.

Sənin yarandığın o böyük gündən

Milyon illər keçir insan balası,

Heç kəs girə bilmir sənin içinə.

Sən cadu yuvası, sən sirr qalası,

Çıxart ürəyini gün işığına…

 

Gün suyu axmasa damarlarından,

Yağış süzülməsə dabanınacan,

Hopmasa ruhuna qar təmizliyi,

Səni bu görkəmlə, bu nimdaş üzlə,

Oxşamaq çətindir, sevmək çətindir,

Çıxart ürəyini gün işığına…

Qalsın əvvəlki tək gözlərin təkcə,

Özünə yaxşı bax gün işığında…

Bölmə : Poeziya, Ədəbiyyat